Əsas məqsəd tarixin səhvlərindən nəticə çıxarmaqdır

 

Bakıda “Şah Xətai yoxsa Sultan Səlim “mövzusunda beynəlxalq simpozium keçirilir

   

Bakıda mövzusunda beynəlxalq simpozium keçirilir

 

Dünən Bakıda Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə “Şah Xətai – Sultan Səlim” mövzusunda iki gün davam edəcək beynəlxalq simpoziuma start verilib. Tədbiri giriş sözü ilə Azəri-Türk Qadınlar Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı simpoziumun mahiyyəti barədə məlumat verərək bildirib ki, toplantı çərçivəsində Türk millətinin tarixində çox önəmli rolu olan Şah İsmayıl Xətai və Sultan Səlimin fəaliyyəti, iki böyük türk qəhrəmanın şəxsiyyəti ilə bağlı məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. T.Rüstəmxanlı düşüncə tərzindən və mövqeyindən asılı olmayaraq, tədbir zamanı edilən çıxışların sonradan bir araya gətirilərək kitab halında dərc ediləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, gələcək nəsillər bu kitaba dəyər verəcək, ondan qaynaq-mənbə kimi yararlanacaqlar: “Bu tədbirin Azərbaycanda keçirilməsinin ən böyük önəmi ondan ibarətdir ki, son bir neçə ildə Şah İsmayıl Xətai və Sultan Səlim haqqında, “Çaldıran” döyüşü barəsində bəzi tarixçilər, yazarlar tarixi həqiqətləri özündə əks etdirməyən yazılar ərsəyə gətiriblər. Tarixi gerçəkliyi saxtalaşdıraraq, təhrif edərək cəmiyyətə çatdırmağa cəhd ediblər. Bir türk olaraq bu vəziyyət bizləri narahat etməyə bilməzdi. Ona görə də Həm Türkiyə, həm də Azərbaycan tarixçi alimlərinin iştirakı ilə beynəlxalq simpozium keçirmək, bu barədə fikir mübadiləsi etmək qərarına gəldik. Elə etməliyik ki, gələcək nəsillər bizim ortaya qoyduğumuz elmi araşdırmalardan tarixi gerçəkliyi olduğu kimi öyrənsinlər, öz keçmişləri, şanlı tarixi və qəhrəmanları ilə qürur duysunlar”.

Əsas məruzəçi qismində çıxış edən AMEA-nın müxbir üzvü, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov tədbiri öz həyatındakı ən önəmli günlərdən biri kimi qələmə verib. O, Səfəvi-Osmanlı münasibətlərindən söhbət açaraq, türkiyəli həmkarları ilə birlikdə yenidən “Çubuqdərə”, “Çaldıran”, “Malatya” savaşı açmağa lüzum olmadığını dilə gətirib. Deyib ki, hazırda tarixçi-alimlərin əsas vəzifələrindən biri də yaşadığımız mürəkkəb zamanı qiymətləndirməkdən ibarətdir: “Hər bir türk sevinərək deyir ki, XXI əsr bizim yüzilliyimizdir. Amma heç də hamımız qiymətləndirmə aparmırıq. Fərqinə varmırıq ki, türk ayılanda, inkişaf etmək istəyəndə, onun ümumi düşmənləri daha çox ayılırlar. Elə planlar işləyib hazırlayır, elə addımlar atırlar ki, türkün ayılmasının qarşısını alsınlar, onu bir daha ayağa durmağa qoymasınlar. Bu məqsədlə onlar ötən yüzilliklər ərzində Atillanın, Sultan Səlim Yavuzun, Fateh Sultan Mehmetin, Şah İsmayıl Xətainin, Əmir Teymurun da qisasını alıblar. Hətta səlib yürüşlərindən sonra da bu qisasalma kampaniyası başqa formada davam etdirilib. İndi də türkün ayılmağından, ona məxsus dövlətlərin inkişaf etməsindən narahat olan qüvvələr var. Ona görə də biz türk tarixçi-alimləri təhlükəni duyaraq, bu vəziyyətdən çıxmağı və birləşməyi bacarmalıyıq. Bunun üçün isə ilk öncə tarixdəki ixtilafları təmizləməliyik. Yolumuz üzərində yaradılmış bu maneələr təmizlənməsə, eyni cür düşünməyi və düşündürməyi bacarmasaq, üzərimizə düşən məsuliyyətin altından çıxa, taleyüklü məsələləri həll edə bilməyəcəyik. Mən ümid edirəm ki, simpozium çərçivəsində, eləcə də bu tədbirdən sonra söylənilən istiqamətdə əməli işlər görəcəyik. Hər birimiz böyük türk dünyasına vahid ailə kimi baxmağı bacarmalıyıq”.

Ankara Qazi Universitetinin professoru, tarixçi-alim Tufan Gündüz “Şah İsmayılın kimliyi: Rum ilə Turan Arasında Sıkışan Dini və Siyasi tanımlamalar” mövzusunda məruzə edib. O, Səfəvi müridlərinin türk dilində danışmasına, Şah İsmayıl Xətai tərəfdarlarının, onu dəstəkləyənlərin türk olmasına da diqqət çəkib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tarix üzrə fəlsəfə doktoru Etibar Məmmədov “Səfəvi-Osmanlı münasibətlərinin müasir dövr tələbləri baxımından siyasi dəyərləndirilməsi” mövzusunda çıxış edib. Bildirib ki, tarixən bir-birinə düşmən olan, bir-birini qəbul etməyən, ölənə kimi bir-birilə vuruşan iki şəxsiyyətin 500 ildən sonra şəklinin qarşı-qarşıya qoyulması, onları barışdırmaq cəhdi təqdir olunandır: “500 il bundan əvvəl baş verən savaş iki sülalə arasındakı düşmənçiliyin göstəricisi idi. Bu düşmənçiliyin əsasında hər iki türk sərkərdəsinin bütövlükdə Türk-İslam dünyasına hakimlik etmək iddiası dayanırdı. Ona görə hər iki dövlət başçısı biri digərini özünə rəqib görürdü. Bütün bu iddialar isə onları savaşa sürüklədi. Tarixə “Çaldıran” döyüşü kimi düşmüş bu hadisədə ölən də, öldürən də, məğlub olan və itirən da türk oldu. Təəssüf ki, türkü zəiflətmək, onun inkişafını əngəlləmək üçün bu mübarizə uzun illər davam etdirildi. Bu səbəbdən hazırda tarixçi-alimlərin qarşısında dayanan əsas vəzifə sözügedən mübarizənin aradan qalxması, obyektiv tarixi gerçəkliyi özündə əks etdirən əsərlərin, hər iki sərkərdənin Türk-İslam dünyası qarşısında xidmətlərini əks etdirən araşdırmaların meydana gəlməsi istiqamətində iş aparmaqdır”.

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Simpoziuma ictimai baxış” mövzusunda məruzə edib. O, təşkil olunmuş elmi simpoziumun çox böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Deyib ki, bu, təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, eyni zamanda bütün türkdilli xalqlar, onların birləşməsi, yollarının aydan olması, gələcək proqramlarının, birgə fəaliyyətin təşkili üçün onəmlidir, dəyəri yüksək qiymətləndirilməlidir:

“Azərbaycana, Türkiyəyə, okeanın o tərəfindən yönələn münasibətin, həmçinin Avropanın münasibətlərini nəzərə alsaq, bunun siyasi əhəmiyyətinin də böyük olduğunu düşünürəm. Burada alimlər, tədqiqatçılar, tarixçilər söz deyir, dünyaya böyük bir mesaj ünvanlayır ki, bizim birliyimizi heç kim poza bilməz. Bu tarixə qayıdış, tarixi bir daha təhlil etmək bütövlükdə bir amaca yönəlib ki, tarixin dərslərindən bugünümüz və gələcəyimiz üçün nəticə çıxarmalıyıq. Beləliklə də bu, elmi simpoziumun həm elmi əhəmiyyəti, həm də siyasi əhəmiyyətini ortaya qoymuş olacağıq. Bu gün hər iki böyük tarixi şəxsiyyətə həqarətlər yağdırılır. Mətbuatda onlar barəsində hədyanlar baş alıb gedir. Hesab edirəm ki, bu sipoziumdan sonra həmin mətbuatda bu iki böyük tarixi şəxsiyyət haqqında ən yaxşı məqalələr, tarixi araşdırmalar təşkil olunacaq. Və sonluqda yenə də birliyimizə dair dünyaya birgə mesaj ünvanlanacaq. Hər iki böyük tarixi şəxsiyyət bizimdir. Amma bunların ikisindən nədənsə ən çox haqsızlığa məruz qalanı Şah İsmayıl Xətaidir. Onun türklüyünə, şairliyinə, tarixi xidmətlərinə xələl gəlib. Biz bunlara elmi cavablar verməliyik. Şah İsmayılın 13-15 yaş arasında vahid Azərbaycan dövləti ideyasını ortaya qoymaq, dövlət quruculuğu təfəkkürü ilə məsələlərə yanaşmaq, böyük siyasi kamillik, müdriklik nümayiş etdirmək, dövlətin sərhədlərini genişləndirmək kimi əməllərini təbliğ etməliyik. Yoxsa, yazırlar ki, Şah İsmayıl sünniləri kütləvi şəkildə qırdırıb. Mən inanmıram ki, o şeiriyyatın sahibi bunları etsin. Bunlar həqarətdir, bunlar olmamış bir şeydir”.

S.Vəliyeva böyük tarixi şəxsiyyət Şah İsmayıl Xətainin Azərbaycan dilinin inkişafı ilə bağlı xidmətlərindən də söz açıb: “Xüsusilə mən dilin üzərinə gəlmək istəyirəm. O, deyirdi, - “Dilimizi, vicdanımızı və dövlətimizi sizə əmanət qoyuram”. Vəsiyyətində bu idi. Dil məsələsi burda önəmlidir. Bax indi burda türk qardaşlarımız danışır, tərcüməyə ehtiyac yoxdur. Çünki kökdən, soydan eyni dilli millətin övladlarıyıq. Tarix səhvlər edənləri bağışlamır. Bəlkə də hər iki böyük tarixi şəxsiyyət iki böyük türk dövlətinin yaranması xidmətində dursaydılar və Avropa dövlətlərinin araqızışdırıcılığına fikir yönəltməsəydilər o siyasi müdrikliyi nümayiş etdirsəydilər, sonradan Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” şüarı o vaxtdan öz təsdiqini tapardı, bu qan-qadalara yol verilməzdi”.

Çıxışının sonunda S.Vəliyeva bir daha simpoziumun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, hazırkı tədbirlə sübut olundu ki, Azərbaycan türkçülyün əsl mərkəzidir və bütün dünya türklərini həmişə türkçülük ideyaları uğrunda birləşdirməyə hazırdır. O, bu yolda konfrans iştirakçılarına uğurlar arzulayıb. Arzu edib ki, bu simpozium bütövlükdə türkçülüyün birliyinin simvolu olaraq gələcək proqramlarımızın, birliyimizin proqramına çevrilsin.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı simpoziumun mövzusunu Azərbaycan və Türkiyə tarixi, bu günümüz, gələcəyimiz baxımından son dərəcə önəmli hadisə kimi qiymətləndirib. O, “Türk tarixinin bəzi sorunları” mövzusunda məruzə edib: “Son iki min il ərzində Çindən başlamış İspaniyaya qədər ərazini əhatə edən Avrasiya məkanında yaşayan millətlərin tarixinə baxanda, bunların hamısının qafasını məşğul edən bir böyük sorunun olduğunu görürük. Bu, Türk məsələsi, Türkün varlığıdır. Bu məsələ Çini, Rusiyanı, Hindistanı, farsı, eləcə də Avropanı daim narahat edib. Türk daim savaşda, mübarizədə olduğu üçün onun tarixini başqaları yazıb. Çox təəssüf ki, bu gün bizim tariximiz başqalarının yazdığı həmin tarix üzərində qurulur. İndi də başlayıblar türk düşmənçiliyini davam etdirəcək tarixi romanlar yazdırmağa. Tarixi mənbələrə istinad etmədən, tarixi gerçəkliyi əhatəli şəkildə dərk etmədən, hadisələrə o dövrün gözü ilə baxmadan yazılan belə romanlar türk dünyasında çaşqınlığa səbəb olur. Belə hallara son qoyulmalıdır”.

Tarix elmləri doktoru, professor Cəmil Həsənli simpoziumda müzakirə edilən məsələlərə fikir yönəldərək deyib ki, bu müzakirələr ortaq tariximizin çox önəmli bir dövrünü əhatə edir. O, konfransın son zamanlar ictimai fikirdə müşahidə etdiyimiz neqativ halların aradan qaldırılmasında əhəmiyyətli addım olacağına əminliyini vurğulayıb: “Tarixin həmin zamanlarında eyni dinə, eyni etnik mənşəyə malik olan kiçik dövlət qurumları da bir-birinə qarşı vuruşublar. Ona görə də bundan böyük bir problem yaratmağa ehtiyac yoxdur. Həmin məsələlərə öz zamanının şərtləri daxilində yanaşılmalıdır. Əgər belə olsa, gerçək bir tarixin ortaya qoyulmasının şahidi olarıq. Biz isə istəyirik ki, 500 il bundan əvvəlki tarixi bu gün arzuladığımız kimi təqdim edək. Bu, yolverilməzdir. Tarix mənbələrə, yazılı qaynaqlara söykənməlidir. Şah İsmayıl da, Sultan Səlim də türk tarixinin çox önəmli şəxsiyyətləridir. Onlar bir-biri ilə vuruşan zaman Fransada qırğınlar, Rusiyada knyazların savaşı var idi. Ondan sonrakı dövrdə Azərbaycan xanlıqları, o cümlədən Quba və Şirvan xanlıqları arasında müharibələr olurdu. Halbuki, artıq burda məzhəb bölgüsü də yox idi. Ona görə də tarixə diletantcasına yanaşmaq olmaz”.

Simpoziumda tanınmış sənətçi Əhməd Şəfəq, müstəqil araşdırmaçı Tofiq Türkel, həmçinin Türkiyədən gəlmiş tarixçi-alimlər də çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Sonda tədbir iştirakçılarına üzərində simpoziumun rəmzləri olan xatirə hədiyyələri təqdim olunub.

Simpozium aprelin 6-da da işini davam etdirdi.

 

 

Rufik İSMAYILOV

 

kaspi.-2013.-6-8 aprel.-S.8.