Canlı əfsanə
Şəfiqə Məmmədova… Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, saysız-hesabsız təltiflərin, ödüllərin sahibi və ən başlıcası mənsub olduğu Xalqın sevimlisi, təkrarolunmaz sənətkarı…
Mart ayının son günlərində doğum
günü qeyd olunan Şəfiqə Məmmədova Azərbaycan
teatr və kino mədəniyyətində
yaşayıb-yaratdığı obrazlarla,
rollarla canlı sənətkar nümunəsinə
çevrilib.
Beləliklə…
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə
Dağıstanın Dərbənd şəhərində
doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr
İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini
bitirib.
Akademik Milli
Dram Teatrının truppasına
1968-ci ildə qəbul
olunub. Və...
1968-ci il,
Vilyam Şekspir
“Hamlet”...
Akademik teatrın
səhnəsində 30 illik
fasilədən sonra müraciət edilən
“Hamlet” tamaşasında Hamlet rolu otuz yaşın
içində olan Həsən Turabova, Hamletin anası Hertruda isə iyirmi üç yaşlı Şəfiqə
Məmmədovaya tapşırılmışdı. Məhz bu
hadisə Şəfiqə
Məmmədovanı bir
aktrisa kimi kəşf olunmasına səbəb oldu. İstər həmkarları, istər teatr ictimaiyyəti bu ismi tanıdılar.
Onu izləməyə...
dinləməyə... məhz
ona baxmağa məcbur oldular... Çünki xanım aktrisa
sənətə həqiqi
bağlılığı, səhnəyə yaraşan
görünüşü, təkrarolunmaz istedadı ilə hamını özünə sienergetik mərkəz kimi cəm etməyi bacarırdı. Və onun
olduğu səhnədən
enerji püskürürdü...
insanlar bu enerjinin, bu aşıb-daşan
müsbət qüvvənin
təsirinə düşməyə
bilmirdilər.
Bu silsilə davam edir: “Nakam
qız”-Sona...
Tamaşada parlaq aktyor oyunları
Səməndər Rzayevlə
Şəfiqə xanımın
dramatik faciə üslublu ifaları idi. Ş.Məmmədovanın dolğun ifa
tərzi gənc aktrisanın yaxın zamanlarda böyük uğur qazanacağından
xəbər verirdi.
Bu o zamanlar idi
ki, neçə illərdi Akademik teatrın səhnəsinə
hərəkətlərində çevik, qamətli, həzin səsli, daxili ehtiraslı, yeniyetmə aktrisa gəlmirdi. Aktrisa bir-birinin ardınca
oynadığı Maşa
(“Canlı meyit”), Sevda (“Xəyyam”), Anjel (“Məhv olmuş gündəliklər”)...
rolları ilə qüdrətli sənətkarlıq
nümunələri yaratdı.
1970-ci il
“Xəyyam”-Sevda
Şəfiqə Məmmədovanın coşqun ehtirasla, şövqlə, səhnəyə
“sığmayan”, aşıb-daşan
çılğınlıqla, yumşaq plastik vasitələrlə oynadığı
Maşa öz lirizmi ilə bütün ifaçılara
meydan oxusa da, dərinlikdə, ikinci planda rejissorun
fəlsəfi romantizminə
xidmətə bağlanırdı.
Sevdanın çılğın təbiəti, bütün
vücudunun musiqi ilə yoğrulması, səmimiyyəti, sözündə-söhbətində
açıq-saçıqlığı
Şəfiqə Məmmədovanın
oyununda bütün parlaqlığı ilə
ifadələnərək, gənc
aktrisaya böyük şöhrət qazandırdı.
Hertrudadan (“Hamlet”) və Sonadan
(“Nakam qız”) sonra Şəfiqə Məmmədova zəngin ifadə vasitələrinə,
böyük texniki imkanlar, güclü plastikaya malik olduğunu daha geniş, daha bədii estetik şəkildə təstiqlədi.
Klassik irsimizin daha bir nümunəsi: C.Cabbarlı “Aydın”-Gültəkin
Rejissor Tofiq Kazımovun quruluşunda C.Cabbarlının “Aydın”
əsəri əsasında
qoyulan tamaşada da Şəfiqə Məmmədovanın yüksək
peşəkarlıqla ifa
etdiyi Gültəkin rolu rejissorun məram-məqsədilə üstə-üstə
düşürdü. Aktrisanın ümumi
ifa kompozisiyasına uyğun olaraq oyununda coşğunluq, ehtiras, daxili qüvvət, təravət
və həyat eşqi vardı.
Aktrisa eləcə də, Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun
"Ana torpağı" (Cenşengülün arvadı),
Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı"
(Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi
Milford), Yucin O Nilin
"Qızıl" (Süzen)
faciələrində, İlyas
Əfəndiyevin "Bağlardan
gələn səs"
(Gülcan), "Mənim
günahım" (Nurcahan),
"Məhv olmuş gündəliklər" (Anjel),
Bəxtiyar Vahabzadənin
"Yağışdan sonra"
(Nihal), İmran Qasımovun "Nağıl
başlananda" (Tahirə)
lirik-psixoloji dramlarında,
Mirzə İbrahimovun
"Bəşərin komediyası
və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar"
(Yelena Nikolayevna), Səməd
Vurğunun "İnsan"
(Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana),
Cəfər Cabbarlının
"Aydın" (Gültəkin),
Nikolay Poqodinin "Zamanın hökmü"
(İrina), Əkrəm
Əylislinin "Yastı
təpə" (Bəyaz)
pyeslərində maraqlı
və yaddaqalan səhnə obrazları yaradıb.
Müəyyən
zaman, bu, aktrisanın yaradıcılığının parlaq
dövrünə təsadüf edirdi, 1980-ci ildə aktrisa ailə
qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetində
pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədovanın
ifasında kino sənətimizin incə nümunələri...
Şəfiqə
Məmmədova "Qaraca Qız" (Qız), "Dədə
Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim
Cəbiş müəllim" (Cəbişin arvadı),
"Ad günü" (Fəridə),
"Çarvadarların izi ilə" (Səriyyə) bədii
filmlərinə çəkilib. Bu filmlərdə
yaratdığı qəhrəmanlar təkcə kino sənətimizin
deyil, bütövlükdə Azərbaycan xalqının nəsil-nəsil
ötürülən, yaddaşlarda kök salan sənət
oyunçusu estafetidir. Bu estafeti daşıyan sənətkar hər
zaman yüksək əhval-ruhiyyə ilə, heç zaman
usanmadan baxdığımız milli kino sənətimizə də
öz imzasını atıb. Bu filmlərdə onun işlətdiyi
kəlmələr bu gün də adi insanların dilində,
gündəlik məişət danışıqlarında
öz işləkliyini itirmir.
Sənətkara verilən dəyər...
Canlı əfsanə, Anarın
"Şəhərin yay günləri"
pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycanın Dövlət
mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq"
filmindəki müstəntiqin arvadı obrazına görə
isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Görkəmli aktrisa, 1974-cü ildə Azərbaycanın
əməkdar artisti, 1982-ci ildə isə
Azərbaycanın xalq artisti
fəxri adları ilə təltiflənib.
Sənətkarın
ictimai fəaliyyəti...
Şəfiqə Məmmədova 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Hazırda 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyət göstərir.
Aygün Süleymanova
teatrşünas
kaspi.-2013.-6-8
aprel.-S.10.