“Teatrın ölməməyi üçün əlimizdən gələni edirik 

 

“Artıq ikinci dəfə Heydər Əliyevin obrazını canlandıracağam”

 

Ötən ay sizə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyəyə qastrol səfərinə yollandığını xəbər vermişdik. Türkiyənin İğdır, Qars, Manisa, Quşadası və Uşak şəhərlərində səfərdə olan yaradıcı kollektiv İftixar Piriyevin “Soyqırım tarixinin dastanı” tamaşanı nümayiş etdirib. Səfərdən xoş xəbərlərlə dönən teatrın direktoru İftixar Piriyev öz təəssüratlarını bizimlə bölüşdü.

Teatrın direktoru layihənin açılışını əslində fevralın 25-də Bakıda “Xocalı faciəsi” günü qeyd etdiklərini bildirdi: “Martın 20-si Türkiyəyə yola düşdük, ayın 21-i Qarsda Heydər Əliyevin abidəsini ziyarət etməklə tamaşalarımızın Türkiyədə nümayişinə start verdik. Martın 28-i Uşak şəhərində səfərimiz yekunlaşdı. Orada möhtəşəm bir bağlanış mərasimi gerçəkləşdi. Azərbaycana geri döndükdən sonra “Soyqırım tarixinin dastanı” tamaşasını Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayonunda yerləşən hərbi hissəsində nümayiş etdirdik. Beləliklə, layihəmiz Bakıda başladı, Türkiyədə davam etdi və Bakıda da bitdi”.

Türkiyədə nümayiş olunan tamaşanın məzmunu haqqında bizi bilgiləndirən İftixar Piriyev əsərdə ermənilərin azərbaycanlılar və bütün türk dünyasının başına gətirdikləri hadisələrdən bəhs etdiyi üçün bu qədər maraqla qarşılandığını qeyd etdi: “Bu əsər ermənilərin türklərə qarşı soyqırımını da təsdiqləyir. Əsərdə ermənilərin azərbaycanlılara qarşı mübarizəyə hazırlanmaları, partiyalanması, təşkilatlanması, 12 yaşına çatmamış uşaqlara and içdirib orduya cəlb etmələri kimi səhnələr öz əksini tapıb. Azərbaycanlıları məscidlərə doldurub necə yandırması, aşıq Nəcəfin kürəyinə qaynar samovarın bağladılıb döyərək saz çaldırılması səhnələri tamaşada nümayiş olunub. Əsərdə əks olunan hadisələr əsl həqiqəti ortaya qoyur. Bu tamaşa Xocalı həqiqətlərini, soyqırım hadisələrini bütün çılpaqlığı, faktları ilə tarixi həqiqətləri üzə çıxartmağa çalışdı. Tamaşanın sonuna yaxın aktyor “Qalx ayağa Azərbaycan” deyə salona müraciət edir və Azərbaycan Marşı səslənir. Aktyorun bu çağırışından sonra bütün zal ayağa qalxdı. Həmin çağırışdan sonra 20 dəqiqə davam edən tamaşanı ayaq üstə, alqış sədaları ilə müşayiət edən tamaşaçılar sona qədər ayaq üstə qaldılar ki, bu da tamaşanın təsirinin göstəricisidir. Salonda əyləşənlərin sırasında azərbaycanlıların başına gətirilən o hadisələri izlədikdə göz yaşlarına boğulanlar da az deyildi”.

Teatrın direktoru bu səfərin təkcə qastrol səfəri kimi deyil həm də siyasi, diplomatik əhəmiyyətə malik olduğunu da diqqətə çatdırdı: “1882-ci ildə İrəvanda fəaliyyətə başlamış İrəvan Teatrı deportasiya həyatı yaşayır və mübarizə mövqeyində fəaliyyət göstərir. İrəvan Teatrı öz yurduna geri dönmək və İrəvanda fəaliyyətini davam etdirməyə nail olmaq istəyir. Bu gün hazırladığı əsərlərlə öz mübarizəsini aparır, Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışmaqla həm də öz torpaqlarının həqiqətlərini dünyaya nümayiş etdirməyə çalışır”.

İ.Piriyevin sözlərinə görə bu tamaşa Avropadakı azərbaycanlıların da diqqətini cəlb edib: “Nümayiş etdirdiyimiz tamaşa Türkiyə mətbuatında işıqlandırıldı, televiziyalarda nümayiş olundu, saytlarda yayıldı. Sevindirici haldır ki, televiziyadan məlumatlanan Avropada yaşayan türklər və azərbaycanlılar bu tamaşanın Avropada da təqdim olunmasını arzulayıblar. Almaniyadan, İsveçdən, Hollandiyadan tamaşamızı izləmək istədiklərini internet vasitəsi ilə bizə bildirblər. Səfərdə olarkən Türkiyənin tamaşa göstərdiyimiz hər bir şəhərində həmin şəhərlərin rəhbərləri tərəfindən mükafatlandırıldıq. Səfərdən 10 mükafat ilə vətənə geri döndük və birinci dərəcəli mükafatlarla təltif olunduq”.

Səfərə yalnız tamaşa nümayiş etdirmək üçün yollandıqlarını söyləyən İ.Piriyev orada Novruz bayramı tədbirinə qatıldıqlarını və Azərbaycanın novruz kimi adətlərini orada təbliğ etdiklərini vurğuladı: “Bizim Türkiyəyə səfərimiz soyqırımla bağlı idi, ancaq biz Türkiyədə Novruz bayramı ərəfəsində olduğumizdan bayram şənliyində də iştirak etdik. Qarsda cəmi 3 dəfə Novruz bayramı keçirilib. 1905-ci ildə, 1950-ci və 2013-cü ildə. Biz də orada milli paltarlar tapıb, Novruzun atributları sayılan Kosa, Keçəl, Bahar qız obrazlarını yaratdıq. Truppamızdakı aktyorların böyük səs imkanı olduğuna görə həm də onlara böyük bir konsert təqdim etdik. Qarsda bir tədbirə qatıldıq və orada yeni insanlarla tanış olduq. Belə ki, Cümhuriyyət dövründə Gəncə şəhərində Səttar Güldür adlı bir gənc kiçik teatr truppası yaradaraq Cümhuriyyətin təbliği ilə məşğul olurmuş. Sovet hökuməti qurulduqdan sonra bu truppa 18 nəfər aktyorla Qarsa mühacirətə gedib. İlk dəfə olaraq Qarsda Azərbaycan teatrı fəaliyyət göstərməyə başlayıb. Biz həmin insanın nəvələri ilə görüşdük. Mustafa Kamal Atatürk şəxsən Səttarı dəvət edib, ondan xahiş edib ki, “Arşın Mal Alan” tamaşasını hazırlasınlar. Nəhayət Səttarın iştirakı ilə Atatürk həmin tamaşanı izləyib. Bundan əlavə Səttar Türkiyədə çəkilən ilk türk filmlərindən birində də iştirak edib. Düşünürəm ki, bu teatr aləmi üçün yeni xəbərdir. Biz səfərdə olarkən Səttarın nəvələri ilə bir oteldə qalırdıq. Orada bir neçə saatın içində “Arşın mal alan” tamaşasından parçalar hazırladıq. Səttar Güldürü xatırlamaq üçün “Arşın Mal alan”dan 4 parça oynadıq. Səttar orada dövlət məmuru kimi siyahıya düşüb və ömrünün sonuna qədər orada yaşayıb. İndiyə kimi Azərbaycan Teatrının Aşqabadda, Dərbənddə, Tiflisdə olması teatr tariximizə bəlli idi, ancaq Azərbaycan Teatrının Qarsda fəaliyyətdə olması heç kəsə bəlli olmayan hadisə idi. Bunu mən aşkarladım”.

İrəvan Teatrının təmirsiz binada yerləşməsinə baxmayaraq yeni tamaşalar üzərində hazırlıqlar getdiyini bildirən İftixar Piriyev şəraitsizliyin tamaşanın hazırlanmasına heç bir problem yaratmadığını qeyd etdi: “Teatrın təmiri üçün cənab prezidentim sərəncamı var. Nə zaman təmirə dayanacağını bilmirik, hələ ki, gözləmə mövqeyindəyik. Ancaq buna baxmayaraq fəaliyyətimizi davam etdiririk. Həm bölgələrdə, həm də xarici səfərlərdə iştirak edirik. Təmir problemi bizdə heç də ruh düşkünlüyü yaratmır. Teatrın ölməməyi üçün əlimizdən gələni edirik. Teatrda Oruc Qurbanovun quruluşunda Ejen İoneskonun “Stullar” əsəri üzərində dövlət sifarişi əsasında tamaşa hazırlanır. Bununla bərabər Binəqədi rayonu İcra hakimiyyətinin xahişi ilə yazılmış, mənim müəllifi olduğum “Ulu öndər, qurtuluş dastanı” adlı əsərə də Oruc Qurbanov quruluş verir. Hazırda bu tamaşa üzərində qızğın məşqlər gedir. May 6-sı və 7-də həmin tamaşa izləyicilərə təqdim olunacaq.

Mən bu tamaşada artıq ikinci dəfə Heydər Əliyevin obrazını canlandıracağam. İlk dəfə Aqşin Babayevin “Xilakar” əsərində Heydər Əliyevin obrazını yaratmışdım”.

 

 

Xəyalə Rəis

 

 Kaspi.-2013.-6-8 aprel.-S.11.