«65 il neçə keçdi, bilmədim»
Vaqif Yusifli: «28 yaşıma qədər
də şeir yazmışam. Sonra gördüm ki, mən
bu dünyada Əli Kərimin bir misrasını da yaza bilməyəcəm»
Vaqif
Əziz oğlu Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan
kəndində anadan olub. Orta məktəbi həmin kənddə
bitirib ADU-nun filologiya fakültəsində təhsil
alıb.1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun əyani
aspiranturasına daxil olub. 1979-cu ilin oktyabr ayında “Müasir
Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda
namizədlik dissertasiyası müdafiə edib. Həmin ilin
dekabr ayından «Azərbaycan» jurnalının tənqid və ədəbiyyatşünaslıq
şöbəsinin müdiri kimi fəaliyyətə
başlayıb. 2011-ci ildə “Müasir Azərbaycan
poeziyasında ənənə və novatorluq” mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Respublikanın Əməkdar Mədəniyyət
işçisi fəxri adına layiq görülüb. Beynəlxalq
Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi
mükafatı laureatıdır. Qeyd edim ki, yaxın günlərdə
Vaqif müəllimin 65 yaşı tamam olur. Bu münasibətlə
biz onu təbrik edirik.
–
Vaqif müəllim, bugünkü ədəbi tənqid daha
çox tanınmış imzaların əsərlərinə
müraciət edir. Amma siz həm də “Ucqar imzaları”ədəbi
gündəmə gətirirsiniz. Sizcə, ədəbi tənqid
nəyə görə daha çox üzdə olan imzalardan
yazırlar?
– Əvvəlcə
tənqiddən danışmaq istəyirəm. Mən söhbətə
tənqidin mahiyyətindən başlamaq fikrindəyəm.
Bildiyiniz kimi, Belinski dünya ədəbi tənqidinin
sütunlarından biri sayılır. O ədəbiyyata
şeir yazmaqla başlayıb. Şeirləri çox zəif
olub. Sonra keçib tənqidi məqalələr yazmağa və
özünü ədəbi tənqiddə tapıb. Onun ədəbiyyata
verdiyi qiymət əsərləri ardıcıl olaraq izləməsi,
obyektiv mənalandırılması sonrakı tənqidçilər
üçün də örnək olub. Görün o nə
deyir: “tənqidçinin istedadı nadir istedaddır, ona
görə yüksək qiymətləndirilməlidir. Tənqidçiliyi
asan, az-çox hamının əlindən gələn bir
iş hesab edənlər yanılırlar. Tənqidçinin
istedadı nadir istedaddır. Bu istedadda nə qədər
xüsusiyyət birləşir: Dərin zəka, sənətə
qarşı alovlu məhəbbət, əsəri ciddi və hərtərəfli
tədqiq etmək, qərəzsiz olmaq üçün
mühakimə obyektivliyi və hissə qapılmamaq
bacarığı”. Bu Belinsikinin tənqidə verdiyi yüksək
qiymət idi. İndi deyin görüm, bu tərifi
bütünlüklə özündə etiva edən tənqidçimiz
varmı bu gün? Yəni, elə bir tənqidçi
ki, o Belinskinin dediyi normalara cavab versin.
Bir neçə dəfə müsahibələrimin
birində demişdim ki, Azərbaycan torpağı hər
gün olmasa da, hər ayda bir gözəl şair yetişdirməyə
qadirdir. Amma 3-4 ildən, lap 10 ildən bir də qüdrətli
tənqidçi yetişmir. Hələ
Sovet dövründən bəri ədəbiyyat nə zaman
geriləyibsə, bunun səbəbini ədəbi tənqiddə
axtarıblar. Deyiblər ki, tənqid
güclü olsaydı ədəbiyyat belə geriləməzdi.
Azərbaycanda bu gün peşəkar mənada 10-12 peşəkar
tənqidçi var. Nərgiz Cabbarlı, Cavanşir Yusifli,
Rüstəm Kamal, Əsəd Cahangir, Elnarə Akimova, Bəsti
Əlibəyli, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev,
Tehran Əlişanoğlu və s.
Tanınmamış imzalar haqqında yazmağıma gəldikdə
isə bunu mənə bir irad kimi də deyirlər ki, V.Yusifli
hər kəsdən yazır. Mən tənqidçiyəm,
tənqidçi ədəbi prosesi küllən izləməlidir.
Mən 70-ci illərdə yeganə tənqidçi
idim ki, bütün jurnal və qəzetləri oxuyardım,
kitabların heç birini buraxmazdım. Mənə
Yazıçılar Birliyində “təcili yardım” deyirdilər.
Kim hansı əsər haqqında nəsə
bilmək istəyirdisə, məndən soruşurdu. Bütün əsərləri oxumaq lazımdır
ki, müqayisə etmək, düzgün dəyərləndirmək
imkanı olsun. Tənqidçi nəsri
nasir qədər, şeiri şair qədər bilməlidir.
Əgər mən əruz vəznindən xəbərsizəmsə,
klassik janrlarda yazan şairi necə qiymətləndirə bilərəm?
Əgər sərbəst şeirin
ritmikasını, poetikasını bilmirəmsə, bu gün
sərbəst şeirlər yazan şairlərin əsərlərini
necə təhlil edə bilərəm? Eləcə
də dünya ədəbiyyatını tənqidçi
yaxşı bilməlidir. Ədəbiyyat haqqında mən
heç vaxt bədbin fikirdə ola bilmərəm.
O yazdığım yazıların çoxunu “Ədalət”
qəzetinin şənbə nömrəsində çap
etdirirəm. Ola bilər ki, o yazıların
hansındasa haqqında söz açdığım şair
kiminsə nəzərində ortabab bir şair olsun. Amma mən düşünərəm ki, bir
kitabın içində 2-3 yaxşı şeir varsa, o kitab
haqda yazmağa dəyər. Birdə ki,
60-cı illərdə Azərbaycanda indiki qədər
istedadlı şair yox idi. İndi
poeziyamız çox güclüdür. Poetik
səviyyə çox yüksəlib. Ədəbiyyatda
rəngarənglik əmələ gəlib. Sovet dövründə belə deyildi. İndi isə ədəbiyyatı izləmək
çox çətindir. Saysız-hesabsız
saytlar, qəzetlər var.
Tənqidin əsas missiyası yazara vaxtında qiymət
verməkdir. Hamı vaxtında qiymətləndirilmək istəyir.
Hər bir nasirin və şairin arzusu budur ki,
onun əsəri haqqında məqalələr yazılsın.
Bu mənada mən sifarişləri də qəbul
edirəm. Məsələn, kimsə kitab
bağışlayıb xahiş edir ki, Vaqif müəllim
çox istəyərdim ki, bu kitab haqqında siz
yazasınız. Bəzən bir kitabda 3
gözəl şeir rastıma çıxır ki, mən o 3
şeirə görə məqalə yazıram.
– Vaqif
müəllim, onlarla yaxşı olmayan şeirin üstündən
3 şeirə görə necə keçirsiniz?
– Mən
3 gözəl şeirə görə kitabı ona görə
qiymətləndirirəm ki, o üç şeirin gələcək
kitablarda sayının artacağına inanıram. Amma elə olur ki, tamamilə qrafoman əsərlər
keçir əlimə, onda o kitab barədə yazmıram.
Yəni yaradıcılığında
işıq ucu görmədiyim müəllifləri heç
vaxt qiymətləndirmirəm.
– Uzun illər
ardıcıl mütaliədən sonra kitablardan sıravi oxucu
ləzzəti ala bilirsinizmi?
–
Oxuduğum əsərlərə iki meyarlarla yanaşıram. Birincisi, tənqidçi kimi oxumalı olduğum əsərlər,
ikincisi isə sadəcə oxucu kimi sevdiyim əsərlər.
Məsələn, Yusif Səmədoğlunun “Qətl
günü” romanının 15 dəfə oxumuşam. Məncə, bu roman Azərbaycan ədəbiyyatında
dünya romanistikasına qoşula bilən yeganə əsərdir.
Başqa müəlliflərin əsərlərinin
məziyyətlərini aşağı salmadan deyə bilərəm
ki, “Qətl günü” romanı dünya ədəbiyyatının
incisidir. Yaxud dünya ədəbiyyatının
ən çox sevdiyim şair Füzulidir. Mən
hər gün Füzulinin qəzəllərini oxuyuram, əzbərləyirəm.
Yaxud da müasir şairlərdən – Ramiz
Rövşən, Əli Kərim, Məmməd Araz haqqında
da bu sözləri deyə bilərəm. Hər
birindən də ayrı cür ləzzət alıram. Məsələn, Ramiz Rövşənin şeirlərində
sadə sözlərlə dərin fəlsəfi ifadəlilik,
Əli Kərimin şeirlərində sözün ehya edilməsi,
dirilməsi məni valeh edir. 2011-ci ildə
doktorluq dissertasiymın bir yarım fəsil Ə.Kərimin
poeziyasına aid idi. Həmin fəslin
adı belə idi – Müasir poeziyamızda Ə.Kərim poetik
mərhələsi. Mənə rəy
yazan müəlliflərin çoxu iradını
bildirmişdi ki, niyə məhz, Ə.Kərim mərhələsi.
Mən də onlara Ə.Kərimin şeirlərinin
poeziyamızda yeni mərhələ olduğunu sübut etdim.
Habil Əliyev haqqında yazılmış
dörd şeir oxudum onlara. Axırda da Ə.Kərimin
Habil haqqındakı şeirini oxudum. Heyrət
etdilər. Heç kəs Ə.Kərim qədər
öz fikrini gözəl ifadə edə bilməmişdi
– Ə.Kərimin
poeziyasını mərhələ kimi qəbul etməyənlərin
arqumenti nə idi?
–
Poeziyanın ümumi axarında hər şairin öz yeri var.
Tutaq ki, Məmməd Arazın vətəndaşlıq
poeziyası, Nəriman Həsənzadə həzin lirikası,
Fikrət Qoca gözlənilməzliyi, qəfilliyi, Ramiz
Rövşənin sadəliyində dərinlik… bütün
bunlar yüksək qiymətləndirilir. Amma mərhələ
ayrı şeydir. Tutaq ki, 60-cı illərdə
Rəsul Rza rənglər silsiləsini yazmaqla Vaqif Səmədoğlunun,
İsa İsmayılzadənin, Ələkbər Salahzadənin,
Fikrət Qocanın poetik boy artımını sürətləndirdi.
O dövrdə R.Rza poeziyası moderzmə açılan pəncərə
idi. Sonralar eyni şeyi Ə.Kərim etdi. 50-ci ilin ortalarında Ə.Kərimin “Qaytar ana
borcunu” kimi sadə bir şeiri dillər əzbəri oldu.
Ə.Kərim onlarla ədəbi mövzunu
diriltmək baxımından böyük şairdir. Bu fikri Cavanşir Yusifli də yazıb. Əli Kərim həm sözü, həm mövzunu
dirildirdi. Elə şair var ki, bir
mövzuda 10 şeir yazır. Ə.Kərimin
isə hər şeiri bir mövzudadır. Poeziyamızda obrazlılığın ən
yüksək səviyyəsi Füzuli ilə
ölçülür. Bu mənada ona
yaxınlaşan yeganə şair Ə.Kərimdir.
– Ədəbi tənqiddə
ən çox icmal yazılar yazan sizsiniz. O yazılarda adı çəkilməyən müəlliflərlə
sizin aranızda narazılıq yaranırmı?
– Sovet
dövründə Ədəbiyyat İnstitutunda hər ilin
yekunlarıyla bağlı məruzələr olurdu. Məsələn, ədəbi proses – 1978, ədəbi
proses – 1979 və s. O dövrdə mənim bu cür icmal
yazılarım çap olunurdu. Daha sonra
“Azərbaycan romanı dünən və bu gün” adlı məruzəm
1987-ci ildə çap olunub. Həmin məruzəmdə
Azərbaycan romanının keçdiyi 100 illik mərhələ
göstərilmişdi. Daha sonra “Nəsr 2001”, “Nəsr
2003”, “Nəsr 2004” və 2006-cı ildə isə həmin ilin
poeziyası haqqında “Poeziya və zaman” adlı icmal
yazılarım olub. Bu cür yazıları
oxuyandan sonra bəzi adamlar irad bildirirlər ki, nəyə
görə bizim adımız o yazılarda yoxdur. Amma, əslində, bu cür şeylər xəstəlik
kimi bir şeydir. Anormal haldır. İcmal yazılarımda çalışıram
ki, adlar çox sadalanmasın. Bir il ərzində
30 roman yazılırsa, mən onların 30-u haqqında da
danışmaq məcburiyyətində deyiləm. Onların əksəriyyəti konyuktura havasına
yazılmış əsərlərdir. Sovet
dövründə də mənim yazılarıma qarşı
narazılıqlar olub. Məsələn, Ələviyyə
Babayevanın, Bayram Bayramovun, Əmir Mustafayevin, Gəray Fəzlinin
romanlarını tənqid etmişdim. O dövrdə həmin
müəlliflərin tənələrini və təhqirlərini
qəbul edirdim. Amma düşünmürdüm
ki, bu əsərlər haqqında heç danışmaq
lazım deyil. Bu şeylər sonralar mənə
dərs oldu. İndi elə əsərlərdən
yazıram ki, onlar bizim gerçəkliyimizin məna və
mahiyyətini ifadə edir. Stendalın belə bir sözü
var: “Ədəbiyyat həyatın güzgüsüdür”. Bu mənada, tənqid də ədəbiyyatın
güzgüsüdür. O güzgüdə hər
şeyi göstərmək olmaz. Azərbaycan
Yazıçılar Birliyinin 1700 üzvü var. Onların da
1200-ü şairdir. Poeziya haqqında
danışanda bəyəm mən onların hər birinin
adını çəkməliyəm? Absurddur.
– Yaşar Qarayevdən sonra ədəbi
tənqiddə məktəb yarada biləcək hansısa tənqidçi
yetişmədi. Sizcə, bunun
əsas səbəbi nədir?
– Azərbaycan
ədəbi tənqidində Məmməd Arif məktəbi
olub. Bu ən güclü məktəb
sayılır. Məktəb təkcə
yetişdirmək mənasında deyil, söhbət
yazıların, mühitin, şəxsiyyətin yetişdirdiyi
sistemdən gedir. Məsələn, M.Arif
sistem yaratmışdır. Tənqid məktəbi
yaratmaq üçün o məktəbi yaradanın tənqidçi
şəxsiyyəti olmalıdır. M.Arif
tənqidçi şəxsiyyətinə malik müdrik insan
idi. Yol göstərən idi. M.Arifin ölümündən sonra onun əsasını
qoyduğu məktəb davam etdi. Kamal
Talıbzadə, Əziz Mirəhmədov, Pənah Xəlilov və
s. O xətti yaşatdılar.
Sonra Y.Qarayev meydana çıxdı, o, şəxsiyyət
kimi də böyük insan idi. Onun
yaradıcılığından, sistemindən çox adam bəhrələnirdi. Y.Qarayev
tənqiddə M.Arif yolunu davam etdirdi. Eyni
zamanda o ədəbi tənqidə psixoloji dərinlik, fəlsəfilik,
emosionallıq və bədiilik gətirdi. O klassikləri
sanki yenidən diriltdi. Xüsusən, Mirzə Ələkbər
Sabir, Mirzə Cəlil, Hüseyn Cavid və Füzuli
haqqında yazdığı məqalələr haqqında da
bu sözü deyə bilərəm.
– 2000-ci ildən bəri ədəbiyyata
gələn nəsillərin öz tənqidçisi
yetişmir. Ədəbiyyata gələn yeni nəslin öz nəsildaş
tənqidçilərinin olmamasının “fəsadlı” cəhəti
nə ola bilər?
– 60-cı
illərdə də belə olub. Yaxşı
şairlər, yazıçılar yetişib, həmin nəslin
tənqidçiləri bir müddət sonra ədəbiyyata gəliblər.
Yəni, darıxmağa dəyməz. Sizin
nəsildən də yaxşı şairlər və nasirlər
var. Yaxşı şairlər və yazıçılar
çox olanda həmin dövrdə yaxşı tənqidçilər
az olur.
– Bir neçə gün sonra 65
yaşınız tamam olur. Yubiley münasibəti
ilə sizi təbrik edirik. 65 yaşdan əvvələ
və ya sonraya boylananda nə görürsünüz?
– Fərid,
mən bu 65 ilin necə gəlib keçdiyini indi dərk edirəm
və bu mənə bir qədər çöçün gəlir.
65 il neçə keçdi, bilmədim. Məktəbə getməyim yadımdadır,
universitet illərim də. Yaxşı
oxuyurdum, ən yüksək təqaüdü alırdım.
Günüm Mirzə Fətəli Axundov adına
Milli Kitabxanada keçirdi. Universiteti bitirəndən sonra
üç il kənd məktəbində
müəllim işlədim. Sonra “Azərbaycan”
jurnalının tənqid şöbəsinin müdiri oldum.
Birdən-birə ədəbi prosesin içinə
düşdüm. Doktorluq müdafiəsi də
yaddan çıxdı. Başım
yazmağa qarışdı. Bir sözlə,
ömür elə gəlib keçdi ki, çox şey mənim
də yadımdan çıxdı. Amma bir
də dünyaya gəlsəydim, yenə tənqidçi olmaq
istərdim.
28 yaşıma qədər də şeir
yazmışam. Sonra gördüm ki, mən bu dünyada Ə.Kərimin
bir misrasını da yaza bilməyəcəm. Ona görə şeir yazmaqdan uzaqlaşdım.
Maddi mənada tənqid mənə demək olar
ki, heç nə vermədi. 1987-ci ildə
Yazıçılar Birliyi tərəfindən mənə
verdiyi evdə qalıram. Ailəmdən,
uşaqlarımdan çox razıyam. Nəvələrimlə
çox xoşbəxtəm.
Ömrün ən böyük rəhimsizliyisə xəbərsiz
ötməsidir.
Fərid Hüseyn
Kaspi.-2013.-6-8 aprel.-S.15.