Qızaran üfüqlərin şairi 

 

Cəmi 53 il ömür sürmüş ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mikayıl Rəfili görkəmli pedaqoq, tərcüməçi, tənqidçi, şair və sənətşünas idi. Adətən onun haqqında yazanlar Mikayıl Rəfilini ədəbiyyatşünas alim kimi təqdim edirlər. Çoxşaxəli yaradıcılıqla məşğul olan Mikayıl Rəfili həm də mükəmməl mətbuat xadimi, böyük jurnalist, sənətşünas idi. Müxtəlif qəzet və jurnallarda çalışan bu istedadlı qələm sahibinin mətbuatdakı fəaliyyəti təəssüf ki, ətraflı araşdırılmayıb. Teatr və tamaşalarla bağlı yazdıqları təhlilə çəkilməyib.

Qısa ömründə elə böyük yaradıcılıq uğurlarına imza atıb ki, bu gün onun yaşadığı dövrə, üzləşdiyi çətinliklərə, mübarizə ilə dolu həyatına boylananda heyrətlənməyə bilmirsən. Mikayıl Rəfili Azərbaycan ədəbiyyat tarixinin, milli mədəniyyətin, ictimai, ədəbi-bədii fikrin çox maraqlı nümayəndələrindən biri olub. Onu təkcə doğma vətənində deyil, keçmiş sovetlər birliyinin çox yerlərində də dərin elmi təfəkkürə malik alim kimi tanıyırdılar. Böyük istedad sahibi olan Mikayıl Rəfili dövrünün bəlalarını çəkmiş, təzyiqlərə, repressiyalara, təqiblərə, işdən çıxarılmalara, qarayaxmalara məruz qalmışdır. Bununla yanaşı dəfələrlə təriflər eşidən, qoldantutmalar görən, xeyirxahlıqlarla üzləşən insan olmuşdur. Bir tərəfdən ziddiyyətli fikirlər, münasibətlər, ağır hökmlər üstünə hücum çəkib, digər tərəfdən də böyük nailiyyətlər qazanıb.

Öz təmkini, ağlı, düşüncəsi, ədəbi axtarışları, mülahizələri, habelə müəllimlik fəaliyyəti, alimlik qabiliyyəti, yaradıcılıq ənənələri ilə mənəvi dəyərlərin ucalığında dayana bilməsi ona imkan yaradıb ki, ən ağır böhtanların hədəfində də öz üstünlüyünü, ləyaqətini saxlaya bilsin. Azərbaycan poeziyasında sərbəst şeirin banisi sayılan Mikayıl Rəfili əbəs yerə yazmırdı: “qızaran üfüqlərin mən ilk şairiyəm”. Onun yeniliyə can atması, ədəbi fikirlərdəki özgünlüyü, milli düşüncəyə bağlılığı heç də həmişə rəğbətlə qarşılanmırdı. O tənqid selinin qarşısında dağlar kimi dayanmışdı. İşıqlı təfəkkürü ilə həmkarlarının çoxundan seçilən Mikayıl Rəfili necə uzaqgörənliklə yazırdı: “Bu gün sevməsələr də, yarın sevərlər məni...” Mikayıl Rəfili nə və niyə yazdığını yaxşı bilirdi. Keçirdiyi xiffətlər, üzləşdiyi ağır məqamlar, pərişan ovqatı şeirlərində də görünür: “Bir müsavat əsgəri deyə-deyə yordular məni”. Bu həqiqət idi. Amma içindəki nəciblik şeirlərinə əbədilik libası geyindirməkdə idi. Əslində Tanrı ona qeyri-adi bir istedad bəxş etmişdi. Bu mənada özünün bir etirafı da maraqlıdır: “Tanrı məni şair yaratmışdı, tale məni alim etdi”.

Xalq yazıçısı Anar “Xoşbəxt adam” adlı məqaləsində yazırdı: “Rəfili üslub ustası idi, parlaq təhkiyə sahibi idi. Onun sırf elmi yazılarında da poetik qələm, şairlik damarı duyulur. Bəlkə ona görə ki, şairlik yalnız sənət deyil, həm də təbiətdir. İnsan təbiətidir. Xislətində şairlik olan adam hansı sahədə çalışırsa, bu fitri vergini gizlədə bilmir”.

Ötən əsrin 30-cu illərində tüğyan edən repressiyanın iti caynaqları onu Sibir düzlərinə, Orta Asiyanın ilan mələyən çöllərinə aparmasa da, Bakıda - doğma vətəndə çəkdikləri, üzləşdikləri əsl zindan əzabı idi. “Mən nə Sanılıyam, nə də Cavad” deyənlər, Hüseyn Cavidi “xalq düşməni” adlandıranlar, türkə qənim kəsilən şaumyanlara mədhiyyə yazanlar, satqınlığı özü üçün ədəbi vərdişə çevirənlər erməni dəyirmanına su tökməkdən əl çəkmirdilər. Mikayıl Rəfiliyə atılan çamurlar isə bu vətən oğlunun təkcə arzularını, niyyətini deyil, ömrünü-gününü də baltalamaqda davam edirdi. Xeyirlə-şərin qovğasında çırpınan Mikayıl Rəfili əslində kim idi? Bioqrafiyasından çəkilən ləçəklərə diqqət yetirək.

O, 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində varlı kəndli ailəsində anadan olub. Gəncədə klassik gimnaziyada təhsil alıb. Hələ erkən çağlarından bədii yaradıcılıqla məşğul olaraq “Mikayıl Rəfizadə” imzası ilə mətbuatda şeirlərini dərc etdirirdi. Orta təhsilini tamamladıqdan sonra Bakıda Politexnik İnstitutuna daxil olub, Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsinin məşğələlərində əvvəlcə dinləyici, sonra isə müdavim kimi iştirak edib. Eyni zamanda “Maarif və mədəniyyət” jurnalı redaksiyasında da işləyib. 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alan Mikayıl Rəfili o dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib. 1929-cu ildə Moskvada keçirilən I ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilib.

Sonralar Bakıya qayıdan Mikayıl Rəfili Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışıb. Eyni zamanda “Bakinski raboçi” qəzetində, “Hücum”, “Qabaqcıl” jurnallarında çalışıb. Bir sıra jurnalların da redaksiya heyətinin üzvü olub. Həm jurnalistlik fəaliyyəti, həm də tərcümə ilə məşğul olan Mikayıl Rəfili bu illərdə ədəbi axtarışlarını da mükəmməl davam etdirib. Onun Azərbaycan ədəbiyyatı tarixinə göstərdiyi xidmətin analoqu yoxdur. O, bir tərəfdən klassik ədəbiyyatımızı araşdırıb bu yöndə dissertasiyalar müdafiə edib, 1938-ci ildən ömrünün sonuna kimi ADU-nun, Azərbaycan Pedaqoji, İncəsənət və Xarici Dillər institutlarının professoru (arada müəyyən fasilələrlə) olub, İkinci Dünya müharibəsində hərbi xəstəxanalarda, radioda, müxtəlif görüşlərdə odlu-alovlu çıxışlar edərək insanları qələbəyə ruhlandırıb. Azərbaycan oxucusu Viktor Hüqo, A.S.Puşkin, L.N.Tolstoy, O.Balzak yaradıcılığı ilə məhz Mikayıl Rəfili vasitəsilə tanış olub. Müxtəlif illərdə çap edilən “Səfillər”, “Gülən adam”, “Paris Nortdam kilsəsi” (V.Hüqo) kimi məşhur və möhtəşəm əsərləri məhz Mikayıl Rəfili tərcümə edib. Mikayıl Rəfilinin tərcüməçilik fəaliyyəti bir elmi institutun görəcəyi sanballı işlərlə ölçülə bilər. Sovet dövründə onun haqqında əslində elə çox yazılmayıb. Vaxtilə Mikayıl Rəfilinin tələbəsi olmuş əməkdar incəsənət xadimi, professor Paşa Əfəndiyev böyük alimin 100 illik yubileyi ilə bağlı qələmə aldığı xatirələrində yazırdı: “Onu tanıyanlar yaxşı bilir ki, professor Mikayıl Rəfili həddindən artıq zəhmətsevər bir alim idi. O həmişə narahat idi. Daim axtarır, yazır, tərcümə edirdi”. Bəs nə baş vermişdi? Niyə Mikayıl Rəfilidən əl çəkmirdilər? Mikayıl Rəfilinin ən obyektiv tədqiqatçılarından sayılan Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabında bu unudulmuş unudulmazın başına gələnlər, eləcə də yaşadığı faciəvi məqamları doğuran səbəblər dəqiq və məharətlə qələmə alınıb, şərh edilib. Bəllidir ki, Mikayıl Rəfilinin bütün fəaliyyəti Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi illərinə təsadüf edib. Aparılan tədqiqatlar, şahidlərin xatirələri və arxiv materialları göstərir ki, Mikayıl Rəfilini repressiya adlı ölümün caynaqlarından, ən ağır məqamlardan xilas edən məhz Mir Cəfər Bağırov özü olub. Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində 1936-1938-ci illəri əhatə edən iki qovluq saxlanılır. Bunların birində həmin dövrdə Azərbaycan KP MK bürosunun protokolları, digərində isə Mir Cəfər Bağırovun adına göndərilmiş məktublar, ərizələr və s. materiallar. 1936-cı ildə Azərbaycan ziyalılarının böyük bir dəstəsi xalq düşməni adı ilə həbsə alındı: Ruhulla Axundov (Mikayıl Rəfilinin yaxın dostu), Hənifə Zeynallı, Bəkir Çobanzadə, Tağı Şahbazi, Vəli Xuluflu, Böyükağa Talıblı, Mikayıl Hüseynov, Əli Nazim... Tədqiqatçı Teyyub Qurban yazır: “istintaq materiallarında... millətçi qrupun üzvü kimi Mikayıl Rəfilinin də adı çəkilirdi. Bakıda olsaydı sözsüz ki, o da dərhal həbs ediləcəkdi”.

Mikayıl Rəfili Bakıya 1937-ci ilin martında qayıdıb. Bir ay keçməmiş aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclası keçirilib. İclasın gündəliyindəki məsələ belə olub: “Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə”. Təsəvvürə gətirirsinizmi, bu nə deməkdir? İttifaq miqyasında tanınan, “Azərbaycan və rus ədəbiyyatı” mövzusunda dissertasiya müdafiəsinə hazırlaşan 32 yaşlı bir alimi, şairi doktoranturadan (o vaxtkı Leninqrad şəhərindən) xaric edərək şərlə yükləyəsən və onu hədəfə tuşlamaq üçün ağlagəlməz iftaralarla ləkələyəsən. Bolşevik cildində görünən daşnak Levon Arustamov adlı birisi (onun daşnak olduğunu Mikayıl Rəfili gözəl bilirdi) məlumat verib ki, Mikayıl Rəfili Leninqraddan qayıtdıqdan sonra... xuliqanlıqla məşğuldur. Yalançı şahidlər də hazır olub: Ovanesov, Stroqanov, Karapetyan və başqaları. Guya Mikayıl Rəfili Tatyana Medvedeva adlı birisinin mənzilini əlindən almaq üçün ona hücum çəkib. Halbuki sənədlər təsdiqləyib ki, o bir otaqlı mənzil qanunla Mikayıl Rəfiliyə verilib. Medvedevlər ailəsinə isə başqa yerdə çoxotaqlı mənzil ayrılıb. Rəfili bu sübutları ortaya qoyaraq şahidləri susdurmağı bacaranda Arustamov dözməyərək bağırıb: “Orderi sənə xalq düşməni Axundovun məktubu əsasında veriblər. O hardadır, sənin də yerin ordadır”. Məlumat üçün deyək ki, Ruhulla Axundov o vaxt incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışıb. Onu haqsız yerə işdən uzaqlaşdıraraq həbs etdikdən sonra həmin idarəyə daşnak Levon Arustamov göndərilib. Həmin iclasın materialları ilə tanış olduqca erməni riyakarlığının bir daha şahidi olursan. Əlləri heç hara çatmayan daşnaklar şahidlik edərək bildiriblər ki, əgər onlar gec gəlsəydilər, Mikayıl Rəfili Tatyana Medvedevanın başına daha ədəbsiz işlər gətirəcəkmiş. Məqsəd bəlli idi. Mikayıl Rəfili kimi bir ziyalının üstünə şər atmaq, onu bu adla rüsvay edərək mənən öldürmək. O dövrdə repressiyanın caynaqlarından qurtulan yazıçı və şairlərin müəyyən bir qismi də Mikayıl Rəfilini müdafiə etmək əvəzinə erməni dəyirmanına su tökdülər. Ermənilərin Mikayıl Rəfiliyə bəslədiyi düşmən mövqe aydın idi. Amma öz millətinin ziyalısına, böyük oğluna şər atan, qara yaxan yazıçı və şairlərin bu xəyanətini heç cür başa düşmək olmur. Hər bəlanı dövrün adına bağlaya da bilmirsən. İndi onlar haqq dünyasındadırlar. Bu səbəbdən də adlarını çəkmirik. Nəticədə o zaman Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan, dərs dediyi Pedaqoji İnstitutdan xaric edildi. Paşa Əfəndiyev yazırdı: “Elə bu arada professor Mikayıl Rəfili yıxılıb sol qolunu sındırdı, qolunu cunadan asıb gəzirdi. Həmin məşhur iclasdan sonra “Kirpi” jurnalının növbəti nömrəsində Mikayıl Rəfili haqqında karikatura dərc edildi. Mikayıl Rəfili qoltuğunda böyük və qırmızı bir xoruzla iri addımlarla yeriyirdi. Kənarda dayanmış bir neçə nəfər “xoruzunu qoltuğuna verdilər” deyirdi”.

Bütün bunlardan sonra yenə də Mikayıl Rəfilidən əl çəkmirdilər. O dövrdə “Ədəbiyyat qəzeti”ndə Mikayıl Rəfili haqqında qurama, saxta ittihamlar ara vermədən dərc edilirdi. Gah onu “mülkədar oğlu” kimi təqdim edir, gah da “sovet yazıçıları sırasına soxulmuş bir adam”, “ictimai mənsubiyyətcə yabançı”, “əksinqilabi bir təşkilatın üzvü” kimi qaralayırdılar. Ölkəni bürümüş repressiyaların qızğın çağında Rəfiliyə belə çamurların atılması çox ağır idi. Həmin qara tufanın dalğası Mikayıldan yan ötdü, amma qardaşı Rəfi həbs edildi.

Yazılanlardan bəlli olur ki, 1937-ci ilin payızında Mikayıl Rəfili M.C.Bağırova məktub göndərib (bir səhifəlik məktub adını çəkdiyimiz qovluqda durur - F.X.). Rus dilində yazılmış bu məktubda Mikayıl Rəfili üzləşdiyi haqsızlıqdan söz açaraq öz daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən qısaca söz açaraq yazırdı: “Qabiliyyətim daxilində ölkəmin xeyrinə yorulmadan fədakarlıqla işləmək, yazmaq, zəhmət çəkmək istəyirəm. Fəqət məni bu daimi, faydalı işdən neçə aydır ki, məhrum etmişlər. Mən bir daha Sizə, MK-ya müraciət edirəm. Xahişim budur ki, mənim biliyimdən və qabiliyyətimdən istifadə edəsiniz. Mən susa bilmirəm, əminəm ki, elm üçün faydalı ola bilərəm”. Məktubla tanış olan Mir Cəfər Bağırov şikayət ərizəsinə baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərib. Oradan alınan cavab isə yenə də mənfi münasibətdən yoğrulub. Köhnə bayatılar çağırılıb, əlavə olaraq da bildirilib: “Mikayıl Rəfili məşhur mülkədar 1921-ci ildə müsavatçıların Gəncə üsyanının başçılarından biri olan Hacı Həsən Rəfiyevin oğludur.” Nəhayət, 1937-ci ilin dekabrın son günündə Mikayıl Rəfili Mir Cəfər Bağırova ikinci məktubunu yazmaq məcburiyyətində qalıb. Arxiv materiallarından bəlli olur ki, Mir Cəfər Bağırov “mülkədar oğlu” tənəsi ilə üzləşmiş Mikayıl Rəfilini sonda məharətlə xilas edib. 1938-ci ilin yayında Mikayıl Rəfili öz işinə bərpa edildi. Teyyub Qurban yazır: “Mir Cəfər Bağırovun qayğısı nəticəsində Mikayıl Rəfili 1938-1947-ci illərdə respublikada Nizami Gəncəvi ilə bağlı tədbirlərin həyata keçirilməsinin baş icraçısı olmuş, ictimai xadim kimi tanınmışdır”. Bəllidir ki, Mikayıl Rəfili Azərbaycan ədəbiyyatının klassiklərini tədqiq edən çox qüdrətli bir alimdir. O, Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəfbəy Vəzirov, Abasqulu Ağa Bakıxanov və başqaları haqqında mükəmməl tədqiqatlar aparıb. Bununla bahəm yeri düşəndə müasirləri haqqında da fikir söyləyirdi. Məsələn, 1938-ci ildə Mirzə İbrahimov haqqında yazırdı: “Bir sıra da talantlı adamlar var: onlar parlaq bir ulduz, bir meteor kimi ədəbiyyat səmalarında görünər, gözləri bir günəş kimi qamaşdırar, heyrət oyadar, lakin necə parlarsa, elə də sönüb gedərlər. İbrahimov Mirzə bunların heç birinə bənzəmir. O ədəbiyyata böyük təvazökarlıqla daxil oldu, kimsənin yerini tutmadı və kimsəni yerindən itələmədi”. Zaman alimin bu uzaqgörənliklə söylədiyi fikirləri təsdiqlədi.

Maraqlıdır ki, öz işi ilə məşğul olan Mikayıl Rəfilidən qətiyyən əl çəkmirdilər. Necə olursa-olsun bu görkəmli şəxsiyyəti yox etmək üçün hər cür üsula əl atılırdı. 1948-ci ildə Azərbaycan KP MK-da Mir Cəfər Bağırovun yanında Azərbaycan yazıçılarının ədəbiyyat məsələlərinə həsr edilmiş ikigünlük müşavirə keçirilib. Yenə də hədəfdə Mikayıl Rəfili dayanıb. Bu dəfə onu ittihama çəkiblər ki, “yoldaş Rəfili yalnız ölən yazıçılar haqqında yazır” (Bu ittihamda məntiq budur ki, deməli, Mikayıl Rəfili sovet ədəbiyyatını bəyənmir - F.X). Mir Cəfər Bağırovun səslənən ittihamlara sakitcə qulaq asdığını görən yazıçılar bir-birinə aman vermədən Mikayl Rəfilinin, eləcə də Ənvər Məmmədxanlının və başqalarının ünvanına o ki, var döşəyiblər. Əsas sözü isə təbii ki, Mir Cəfər Bağırov söyləyib. Özü də üzünü bir məşhur şairə tutaraq qətiyyətlə deyib: “Nə faydası var, 25 il bundan qabaq olan səhvi ortalığa gətirirsən? Yoxsa bununla başqalarını tərbiyələndirmək istəyirsən. Mən bunun gözünün içinə deyirəm ki, nə qədər səhvlər vardır. Yoldaş savadlı adamdır, öz adamımızdır. Bilik səviyyəsinə görə də bir çoxlarından bir neçə dəfə yüksəkdir. Onun təcrübəsini və biliyini isbat etməkdənsə, elə Rəfili, Rəfili deyirsən. Məsələ burasındadır. Qabaq qoçular var idi, bu ədəbi terrordur. Əgər bu yoldaşın sənin işinə maneçiliyi yoxdursa, nə üçün adını hər dəfə çəkirsən? Belə edəndə, o da ruhdan düşər”.

Bütün bu yüksək münasibətlərə baxmayaraq Mikayıl Rəfilidən əl çəkmirdilər. Hər dəfə onun ünvanına daş atmaqda davam edirdilər. Hətta 1948-ci ilin avqust ayında hazırlanmış “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarın mətnində belə bir cümlə var idi: “Bir çox tənqidçilər (H.Əfəndiyev, M.Rzaquluzadə, M.Rəfili, C.Cəfərov və başqaları) müasir sovet ədəbiyyatından uzaqlaşaraq onun vacib məsələlərinə laqeyd baxırlar”. Bundan başqa Mikayıl Rəfilinin yazdığı dissertasiyaları təftiş edərək əyintilər axtarırdılar. Onun haqqında verilən arayışlarda heç bir vicdana, insanlığa sığmayan ifadələr də yazırdılar: “Mikayıl Rəfili heç bir zaman səhvlərini dərk edərək həqiqi sovet ədibinə və aliminə layiq addım atmamışdır”.

1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında Mikayıl Rəfilinin sovet ədəbiyyatı ilə bağlı bir məqaləsi çap edilib. Bununla da özü haqqında yeni bir qara piyarın başlamasına rəvac verib. Əllərinə fürsət düşmüş həmkarları Mikayıl Rəfilini yenidən didməyə başladılar. O dövrün yazıçıları, tənqidçiləri Mikayıl Rəfilini az qala dar ağacına çəkirdilər ki, sənin bütün fikirlərin zərərli cəbhədən qaynaqlanır. Məsələn, “Mikayıl Rəfili heç bir əsas olmadan C.Məmmədquluzadə və Sabirin inqilabçı demokrat olduğunu inkar edir”. Yaxud da “M.Rəfilinin “Molla Nəsrəddin” jurnalının 1905-ci il inqilabi hadisələrindən ilham almadığını iddia edən fikirləri də kökündən yanlışdır”. Bütün bu söz döyüşünün bir nəqarəti var idi: “Mikayıl Rəfili ədəbiyyatşünaslığa Marksizm, Leninizm nöqteyi-nəzərindən yanaşmır” Yenidən Mikayıl Rəfili “sovet aliminə yaraşmayan hərəkətlər” etdiyinə, “müntəzəm səhvlər buraxdığına” görə Nizami adına Ədəbiyyat və Dil İnstitutundan xaric edildi.

Aparılan tədqiqatlar göstərir ki, düşmənləri onu ləkələməkdən yorulmadıqları halda, hər dəfə də başına gələn faciələrdən sonra Mikayıl Rəfili yazılı surətdə Mir Cəfər Bağırova müraciət etməkdən təngə gəlirdi. Lakin çıxılmaz vəziyyət onu beşinci dəfə Mir Cəfər Bağırova məktub yazmağa məcbur edib.

Xatirələrdən, arxiv materiallarından, tədqiqatçıların apardığı araşdırmalardan bəlli olur ki, həyatının ən çətin məqamlarında Mir Cəfər Bağırov Mikayıl Rəfilinin dadına yetirmiş. Dövrün və quruluşun qurbanı olan bu ziddiyyətli insanın həbsindən sonra Mikayıl Rəfilinin növbəti əziyyətləri başladı. Teyyub Qurbanın kitabında oxuyuruq: “1954-cü il aprel ayının 15-də Azərbaycan sovet yazıçılarının II qurultayı öz işinə başladı... Şərqşünas alim M.Ə. xitabət kürsüsündən üzünü Mikayıl Rəfiliyə tutdu: “Yazıçıları tanımamış sən onlardan doktorluq dissertasiyası yazmısan. Bizə bu gün müharibə hazırlayan Köprülüzadəyə əsərində 27 dəfə diz çökmüsən. Sən sovet şərqşünaslığını dırnaqarası şərqşünaslıq adlandırırsan. Altı yerdə Türkiyə məcmuəsindən sitat gətirmisən... Məlumatınız olsun ki, Azərbaycanda dörd alim Rəfilinin dissertasiyasına mənfi rəy vermişdi. Nəhayət, Rəfili Tiflisdə müdafiə etdi. Çünki o, Bağırova müraciət etdi və Bağırov da alimlik dərəcəsinə layiq olmayan bir adamı doktor etdi. Beləliklə, Rəfili doktorluq kağızını alıb cibinə qoydu, arxasını da quldurlar kimi Bağırova bağladı...”.

Maraqlıdır, Ruhulla Axundov həbs ediləndə erməni Levon Arustamov deyirdi ki, əgər R.Axundov tutulubsa, mütləq Mikayıl Rəfili də onun ardınca aparılmalıdır. M.C.Bağırovdan sonra isə M.Ə. buyururdu: “Mikayıl Rəfili məhv edilməlidir”.

Əslində ardıcıl surətdə baş verən haqsızlıqlar Mikayıl Rəfilini için-için yeyirdi. O, bütün varlığı ilə millətinə, torpağına bağlı şəxsiyyət idi. Xalqının işıqlı gələcəyi üçün əlindən gələni əsirgəmirdi. Tələbələri də bunu təsdiqləyir, ondan yadigar qalan ədəbi irsi də, tərcümələri də, şeirləri də, publisistikası da. Bəlkə də bu taleyin bir amansızlığı idi ki, ondan əl çəkmirdilər. Nə qədər mübariz, nikbin olmağa çalışsa da, ürəyi üzülürdü. Anadan olduğu gündə dünyasını dəyişməyini, cəmi 53 il ömür sürməyini qədərə bağlasaq da, bu yarımçıq həyat çəkdiklərinin əks-sədası idi.

Moskvada oxuduğu illərdə Nazim Hikmətlə tanış olan Mikayıl Rəfili onun poeziyasını çox sevərdi. Hətta bir dəfə Nazim Hikmət Bakıda olarkən Mikayıl Rəfili onu mühazirə oxuduğu ali məktəbə dəvət edərək tələbələrlə görüşdürüb. Mikayılın ölüm xəbəri Nazim Hikmətə ağır təsir edib. O, hisslərini belə bildirib:

 

Nəslimin yarpaq tökümü başladı,

Çoxumuz qışa qalmayacağıq.

Dəliyə döndüm, Rəfili,

Ölüm xəbərini alanda.

 

Tələbələri danışırlar ki, bu qədər ona zülm edib, əziyyət verən adamların heç biri haqqında mənfi rəy söyləməzdi. Həmişə iclaslarda, büro və müşavirələrdə Mikayıl Rəfilinin əleyhinə “qan qoxulu” fikirlər söyləyən məşhur bir şairin ölümqabağı yubileyini keçirərək onun haqqında yüksək fikirlər söyləməsi o dövrün görkəmli yazıçı və şairlərini heyrətə gətirdi. Deyilənə görə, yubileydən sonra Mikayıl Rəfili rahat nəfəs alaraq söyləyib ki, illər boyu məni incidən ağrılardan xilas oldum. Böyüklük odur ki, pisliyə yaxşılıqla cavab verəsən.

Unudulmaz Mikayıl Rəfilinin poeziyasından çəkilən bir ləçəkdə deyilir: “Sükutun sonu varsa, ümidin sonu yoxdur”. Və bu ümid dolu səhərlər onu əbədiyyətə qovuşdurdu. Mikayıl Rəfili unudulmaz şairimiz Rəsul Rzanın söylədiyi kimi, ədəbiyyatımızda, mədəniyyət tariximizdə bu gün də var, yarın da...

Mikayıl Rəfilinin 20 mart 1945-ci il tarixdə «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş üç şeirini «Kaspi»nin oxucularına təqdim edirik. Məlumat üçün bildirək ki, bu şeir işıq üzü görəndən üç gün sonra elə həmin qəzetin özündə və bir ay sonra isə «Kommunist» qəzetində müəllifi amansız şəkildə tənqid ediblər. Onu sovet quruluşunu sevməyən, köhnəliyə meyl edən əcaib-qəraib şeirlər yazan imza sahibi kimi hədəfə alıblar. Hətta o şeirləri «xəstə bir ruhun çox ziyanlı ixtirası» adlandırıblar. Onun düşüncələrini, duyğularını fitnəkar sözü kimi yozublar. Şeirindəki «tutqun günəş», «gizli həsrət» kimi ifadələrini sovet quruluşunun qələbələrini dərk edə bilməyən bir qızdırmalının sayıqlaması kimi qələmə veriblər. İmzalı və imzasız olan bu yazılar əslində Mikayıl Rəfilini yıxmağa yönəlmişdi. Həmin şeirləri olduğu kimi təqdim edirik.

 

Mikayıl RƏFİLİ

 

Göy maşın

 

Sərin yaz axşamı yola düşərkən,

Durmuşduq səninlə platformada.

Son dəfə mənimlə sən görüşərkən,

O uzaq sevgimiz düşmüşdü yada.

 

Sən mənim ilk sevgim, göyərçinimdin,

Əcaib əllərə mən verdim səni.

Bir kərrə demədim, deyirəm indi,

Mən ey tutqun günəş sevirdim səni.

 

Bir sönən baxışla baxdın üzümə,

Nə yəs, nə təəssüf, nə gizli həsrət.

Vida edərkən sən qaçan ömrümə,

Tərpəndi göy maşın, etdi hərəkət.

 

 

Şopeni dinlərkən

 

Gecə ruzgarından sarsılan fanarın

İşığı düşdükcə bu qarlı küçəyə.

Gecikmiş yolçudur boz qaranlıqların

Keçir arasından – minmiş sürüncəyə.

 

Qoca bir bəstəkar ayrılıq yaşında

Bir pəri sevərək son nəğmə bəstələr…

Təbiət qanunudur dayanmış qarşımda

Bir an içində həm ölər, həm törər.

 

Nə qərib teyf keçdi səni dinlədikcə,

An üçün unutdum gəliş-gedişləri.

Özün də duymadan məni şad elədin,

Oyatdın, ey gözəl, yatan klavişləri.

 

 

Qarlı gəlin

 

Kollara sığınan ürkmüş bir turac

Ovçu vursun deyə düz şuma çıxdı.

Gümüş qar papağı geymiş bir gözəl

Əski xatirə tək qarsıma çıxdı.

 

Yada düşdü yenə qeyb olan xəyal,

Alışan günlərim, cavanlıq vaxtı.

Könlümə sığmadı gördüyün cəlal,

Oxşadım gurlayan qarlı paytaxtı.

 

Sən məni sevərdin, ey qarlı gəlin,

Dağlar ətəyində, aran düzündə…

İndi görmür məni ala gözlərin

Çırağban şəhərin gündüzündə.

 

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

 

Kaspi.-2013.-6-8 aprel.-s.16-17.