Lənkəranın Şəkər şairi
Altmışınçı
illər ədəbiyyatının görkəmli nümayəndələrindən
biri sayılan Şəkər Aslan bu gün də
aktuallığını itirməyən bədii
yaradıcılığı ilə tanınan və qiymətləndirilən
şairlərdəndir. O, ədəbi fəaliyyətə erkən
yaşlarında Lənkəran rayon qəzetində çap
etdirdiyi şeirləri ilə başlamışdı.
Respublika mətbuatında ilk dəfə 1960-cı ildə xalq
şairi Nəbi Xəzrinin uğurlu sözü ilə “Azərbaycan”
jurnalında çap olunmuşdu. 1964-cü ildə isə
“Bahar yağışı” adlı ilk kitabı Şəkər
Aslanı şeir aləmində tanıtdı:
Oxşayır
könlümü nərgiz, yasəmən,
Çıxmaz
xəyalımdan o məxmər çəmən.
Şəkərəm,
bir şəkər balanızam mən,
Analar, analar
gözləyin məni...
Onun ürəyə yatımlı yaradıcılığı tezliklə hamının diqqətini cəlb etdi. Az keçmədi sevimli şairlərimiz Əli Kərim və Cabir Novruzun zəmanəti ilə Yazıçılar İttifaqına üzv seçildi. Əyalətdə yaşayıb yaratmasına baxmayaraq paytaxtda özünə xeyli dostlar qazanmışdı. Rəsul Rza, Mirzə İbrahimov, Anar, Əkrəm Əylisli, Məmməd Aslan, Musa Yaqub, Nəriman Həsənzadə - onlarca başqa sənət adamları Şəkəri çox sevirdilər. Onun ölkə xaricində, Moskvada da xeyli dostları vardı. Şəkər Aslan bu dostlarının əksəriyyəti ilə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində qiyabi təhsil alarkən əlaqələr qura bilmişdi. Dostları Şəkərlə birgə Lənkəranı da sevirdilər. Çünki, Lənkəran onlar üçün elə Şəkər Aslan demək idi.
Şair doğma
torpağının gözəlliklərini tərənnüm
etməkdən doymurdu. Şeirlərində
insan münasibətlərində görmək
istədiyi yaxşı cəhətləri təbliğ edirdi. Nəcib, kövrək, lirik
poeziyası olan Şəkər Aslan yaradıcılığı boyu hər şeydə işıq axtaran, yaxşı tərəfini görən,
təbiətin, işığın vurğunu
idi:
Səni
sevən saf ürəkdir,
Pərim,
gəl apar, gəl apar!
Sənə şehli gül
gərəkdir,
Dərim
gəl apar, gəl apar!
Cənub
bölgəsinin bütün
gözəllikləri, özünəməxsusluğu
Şəkərin şeirlərindən
dünyaya boylandı.`Şair Lənkəranı
gözəlləri, sadə
zəhmət adamları,
limon bağları, çay plantasiyaları ilə oxucularının yaddaşına köçürdü.
Onu görənlər
Şəkərin xasiyyətinin
də şeirləri kimi həlim və səmimi olduğunu qeyd edirlər. Təvözəkar,
gülərüz, mehriban,
dostluqdan qeyri heç nəyə iddiası olmayan insan olub Şəkər
Aslan:
Sinəmdə döyünən çılğın
ürəkdir,
Çırpınır ömrümü
fəda etməyə,
Kim bu dünyada lap çox gərəkdir,
Onun qorxusu var lap tez getməyə!
Rayon qəzetində əvvəlcə
ədəbi işçi,
sonra isə uzun illər baş redaktor işləyərək Lənkəran
ədəbi mühitini
öz ətrafında
toplamışdı. Mətbuat sahəsində
məhsuldar fəaliyyətinə
görə 1978-ci ildə
“Qızıl qələm”
mükafatına layiq görülmüşdü.
Şəkər Aslan yaradıcılığında
dramaturgiyaya da müraciət etmişdir. “Sən kimsən, Ata?”
(1982), “Birtərəfli hərəkət” (1987) pyesləri
Lənkəran Dövlət
Dram Teatrında tamaşaya
qoyulmuşdur.
O, həm də Azərbaycan Yazıçılar
Birliyi Lənkəran zona şöbəsinin sədri idi. Şairin sağlığında on bir
kitabı Bakıda, iki kitabı isə Moskvada nəşr olunub. İyirmiyə yaxın şeirinə tanınmış
bəstəkarlardan Tofiq
Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi və başqaları mahnılar
bəstələyib. Bu mahnıları müğənnilərdən
Şövkət Ələkbərova,
Mirzə Babayev, Hüseynağa Hadiyev, böyük əksəriyyətini
isə Yalçın
Rzazadə ifa etmişlər.
Şəkər Aslan
1995-ci ildə 60 yaşı tamam olmağa üç ay qalmış vəfat etmişdir.
Ötən illər ərzində mütəmadi olaraq Lənkəran ədəbi ictimaiyyəti
tərəfindən onun doğum
və anım günləri kütləvi tədbirlərlə
yad edilir, xatirəsi əziz
tutulur. Şairin ədəbi
xidmətlərindən biri də
1993-cü ilin martından “Söz”
adlı müstəqil ədəbi jurnalı yaratması, və
jurnalın ilk baş redaktoru olmasıdır. O, “Söz”
ü nəşr etməklə Azərbaycan
ədəbiyyatında onlarla imzanın
tanınmasına kömək etdi. Gənclərə
həmişə bir tövsiyəsi
vardı: “Yazın”... Nə yaxşı ki,
bu jurnal hələ də
fəaliyyətini davam etdirir
və özü ilə Şəkərin
ruhunu da
yaşadır.
Bu dünyanın mərəzi var,
Bir ovçudur, bərəsi var,
Dəqiq mizan tərəzi var –
Bir gün
qoyar bizə qiymət...
Şəkər Aslan ömrünün sonunadək şeirə, bədii yaradıcılığa sədaqətli qaldı, heç vaxt ötəri hiss hesab etmədi. Onun həyata, hadisələrə, insanlara məhəbbət dolu baxışı, öz inamı vardı. Və bu inamı ömrünün son gününədək özündə yaşatdı.
“Lənkəranın Şəkər şairi”, - o insan haqqında çox vaxt belə deyirlər. Mən isə xalq şairi Məmməd Arazın ona yazdığı məktubların birində olan sözləri xatırlayıram: “Sən bölgə şairi yox, ölkə şairisən”...
Rövşən Yerfi
İddiasızlar...
Kaspi.-2013.-6-8 aprel.-S.23.