“Fətəli xan”ın
acı taleyi - fotolar
Kino tariximizdən
1941-1945-ci illər Böyük Vətən müharibəsi
faşist Almaniyası üzərində Qələbə ilə
başa çatandan sonra Sovet İttifaqı dinc həyata
qayıtdı, faşistlər tərəfindən
dağıdılmış və yerlə-yeksan edilmiş
şəhər və kəndləri, xalq təsərrüfatını
bərpa etməyə başladı. Ölkənin
bütün kinostudiyaları öz işlərini yenidən
qurmaqla məşğul oldular. Lakin filmlər
çəkmək üçün kinolent
çatışmırdı. Müharibə
illərində olduğu kimi, müharibədən sonra da
kinoplyonka qıtlığı özünü göstərirdi.
Ona görə də kinostudiyalarda bədii filmlər
nadir hallarda istehsal olunurdu. Sənədli filmlər az da olsa çəkilirdi. Beləliklə,
kinematoqrafçılarımızın əvvəlcədən
nəzərdə tutulmuş yaradıcılıq planları həyata
keçməmiş qaldı. Belə bir vəziyyət
isə kinomuzun inkişafını xeyli ləngitdi.
Müharibə qurtarandan sonrakı on il ərzində
Bakı kinostudiyasında iki bədii və bir bədii-sənədli
film istehsal olundu.
Hələ 1942-ci ildə Azərbaycan KP MK “Azərbaycanın
istedadlı və tanınmış ədəbiyyat və incəsənət
xadimlərini görkəmli dövlət xadimləri
haqqında yüksək bədii səviyyəli əsərlər
yaratmağa çağırmışdı.” Bu
çağırışa cavab olaraq yazıçı Ə.Məmmədxanlı
“Fətəli xan” bədii filminin ədəbi ssenarisini
yazıb kinostudiyaya təhvil verdi. Bundan sonra ssenari müzakirə olunarkən bir
sıra dəyişikliklərə məruz qaldı. Digər tərəfdən də, rejissorların və
aktyorların təyin olunub, sonra yeniləri ilə əvəz
olunması işin gedişatına mənfi təsir göstərdi.
1942-ci ildə görkəmli sənətkar, novator
şair, bacarıqlı istehsalat təşkilatçısı
Rəsul Rza kinostudiyaya direktor təyin olundu. O, ilk gündən
kinostudiyadakı çətin vəziyyətin aradan
qaldırılması, iş şəraitinin
yaxşılaşdırılması üçün yollar
arayır, konkret olaraq əməli tədbirlər həyata
keçirirdi. Belə ki, 1943-cü il
oktyabrın 21-də Bakı kinostudiyasında keçirilən
istehsalat müşavirəsində 1943-1944-cü illər
üçün istehsalat planı müzakirə olunarkən
direktor geniş şəkildə çıxış edib
demişdi: “İrəlidə bizi böyük işlər
gözləyir. “Arşın mal alan”, “Qubalı Fətəli
xan” və “Robinzon Kruzo” bədii filmlərinin istehsal planı
artıq təsdiq olunmuşdur... “Qubalı Fətəli
xan” iri həcmli tarixi film olacaq. Bu film kino
sənətinin bütün gücünü göstərməli,
bizim bayrağımıza çevrilməlidir. Məhz bu filmlə biz sovet kinematoqrafiyasının
ön cərgəsinə çıxmalıyıq. Ssenari öz poetikliyi, mənalı məzmunu, fəlsəfi
ümumiləşdirmələri, xalqımızın tarixi
keçmişini göstərməsi ilə fərqlənir.
Bizim milli yazıçılarımız tərəfindən
yazılmış bu ssenari Komitədə (SSRİ Dövlət
Kinematoqrafiya Nazirliyi – A.K.) razılıqla qarşılandı
və çox kiçik düzəlişlərlə qəbul
olundu. “Robinzon Kruzo”nu “Mosfilm”lə birgə
çəkəcəyik. Bu, ilk stereoskopik
kino olacaqdır. Çəkiliş qrupları artıq məlumdur...
“Fətəli xan” rejissorlardan Adil İsgəndərov,
Mikayıl Mikayılov və operator Əsgər
İsmayılova tapşırılmışdır. Digər
operator isə dəvət olunacaqdır... Rəssam Nüsrət
Fətullayevdir.”
1944-cü
il avqustun 18-də kinostudiyanın bədii
şurasında filmin rejissor ssenarisi müzakirə zamanı tənqid
olunur. Rejissorlara düzəlişlər aparmaq
tövsiyə edilir. Yalnız bundan sonra
filmin çəkilişinə icazə verilir. Baş rollara aktyorlardan Rza Əfqanlı (Fətəli
xan) və Mirvarid Novruzova (Tuti Bikə) və başqaları təsdiq
edilir. Bununla bağlı “Vışka” qəzetində dərc
olunmuş “Bakı kinostudiyasında” məqaləsində
deyilir: “Bakı kinostudiyasının pavilyonunda... böyük
tarixi “Fətəli xan” filminin çəkilişləri
başlandı. Filmin qurluşçusu... A.İsgəndərov,
rejissoru A.Naroditskidir (O, M.Mikayılovla əvəz olundu – A.K.).
Filmi baş operator Ə.İsmayılov və operator A.Nərimanbəyov
çəkirlər...”
Çəkilişlər
başlananda kinostudiyada keçirilən iclasların birində
aktyor İsmayıl Əfəndiyev çıxış edərkən
belə bir söz işlədir: “Mən çox ciddi şəkildə
bildirirəm ki, biz öz rejissor gücümüzlə “Fətəli
xan” kimi filmin öhdəsindən gələ bilmərik. Təhmasib,
Mikayılov, Quliyev yoldaşlar və başqaları qoy məndən
inciməsinlər, onlar bu filmi üzə çıxara bilməzlər...”
Zaman İ.Əfəndiyevin haqlı olduğunu təsdiqlədi. Filmin istehsalı prosesində
çəkilmiş materiallar sənətkarlıq
baxımından mərkəzin kino rəhbərlətini qane
etmədiyi üçün SSRİ Kinematoqrafiya Nazirinin əmri
ilə film 1946-cı ilin may ayında istehsalatdan
çıxarıldı və bütün xərclər
hesabdan silindi.
İkinci dəfə “Fətəli xan” bədii filminin
çəkilişlərinə 1947-ci ilin mart ayında
başlandı və filmin istehsalı həmin ilin sonunda
başa çatdırıldı. Ssenarini iki
yazıçı – Mehdi Hüseyn və Ənvər Məmmədxanlı
birgə yazmışdılar. Bu dəfə
quruluşçu rejissor Yefim Dziqan təyin olundu. SSRİ xalq artisti, SSRİ Dövlət
mükafatı laureatı Y.Dziqan o vaxta kimi “Biz
Kronştatdanıq” tarixi-inqilabi filmini çəkmiş və
məşhurlaşmışdı. Sonralar
“Dəmir axın” epik bədii filminə quruluş vermişdi.
“Fətəli xan” kinostudiyanın pavilyonunda və həyətində,
qala divarları qarşısında baş verən hadisələr
isə Buzovnada lentə alınırdı. Əlbəttə,
bu cür tarixi mövzuda, iri epik əsəri keyfiyyətlə
çəkib ekrana çıxarmaq heç də asan məsələ
deyildi. Xüsusilə müharibə
dövründə və maddi-texniki təchizatı zəif
olan Bakı kinostudiyası üçün. Amma
yaradıcı qrupun bütün üzvləri, o cümlədən
baş operator Əlisəttar Atakişiyev, II operator Arif Nərimanbəyov,
II rejissor Zeynəb Kazımova, rəssam Yuri Şvets, II rəssam
Ağamehdi Qumriyev, bəstəkar Niyazi böyük həvəslə,
böyük şövqlə işləyirdilər. Filmin direktoru D.Yevdayevin kinostudiyanın direktoru
Nüsrət Vəzirova yazdığı məktubdan da bunu
aydın görmək olar. Məktubda deyilir:
“İşıq şəraitinin pis olması, yəni günəşin
olmaması ilə əlaqədar iki böyük natura
dekorasiyasının – Dərbənd qalasının xarici
görünüşünün (Buzovnada) və həmin
qalanın iç tərəfinin (kinostudiyanın həyətində)
çəkilişlərini günəşli hava bərpa
olana qədər saxlamaq lazım idi. Halbuki çox çətinliklə
böyük sayda insan və atlı
toplanmışdı.
Baş operator Ə.S.Atakişiyev və operator A.Nərimanbəyov
çəkilişlərin saxlanmasının mümkün
olmadığını başa düşərək, bu
obyektləri tutqun və günəşli havada çəkməyi
üstün tutdular. Bundan ötrü çoxlu sayda hərbi
projektorlardan bacarıqla istifadə etdilər. Bunu elə şəkildə gördülər ki,
işıq fərqi hiss olunmasın. Əsas
çətinlik səmanın müxtəlif tonda olmasında
idi. Onun sıxlığını müxtəlif
filtirlərlə tənzimləmək lazım gəlirdi.
Bundan başqa operatorlar studiyanın həyətində
olan böyük dekorasiyanın da gecə çəkilişlərini
həmin üsulla aparmalı olmuşlar. Beləliklə,
operatorların bacarığı sayəsində biz qısa
müddət ərzində bu obyektləri çəkib
başa çatdırdıq. Əks halda
filmin vaxtında çəkilib qurtarması təhlükə
altında qalacaqdı.”
Rəsul Rza artıq Azərbaycan Kinematoqrafiya naziri vəzifəsində
çalışırdı. İşinin çox
olmasına baxmayaraq o, “Fətəli xan” filminin
istehsalını xüsusi nəzarət altında
saxlayırdı. Nazir “Fətəli xan” filminin uğurlu
olacağına, “Arşın mal alan”
musiqili kinokomediyasından sonra bu kino əsərinin də
Bakı kinostudiyasına şöhrət gətirəcəyinə
nəinki ümid bəsləyirdi, hətta əmin idi. Ona görə də bu filmin istehsalı ilə
bağlı hətta kiçik bir məsələ də
nazirsiz həll olunmurdu.
1947-ci il dekabrın 30-da “Fətəli xan” filminin Azərbaycan
variantı studiyaya verildi. Film ideoloji təbliğat
əsəri kimi yaradılmışdı. Yəni burada
SSRİ kino rəhbərlərinin təkidi və tələbi
ilə Azərbaycanın Rusiya ilə birləşdirilməsi,
bununla da ölkənin “İran və Türkiyənin təcavüzündən”
birdəfəlik xilas olması ideyası ön plana çəkilmişdi.
Buna baxmayaraq müəlliflər müəyyən
dərəcədə əsas ideyadan uzaqlaşdıqlarına
görə, eyni zamanda Cənubi Azərbaycanda milli – azadlıq
hərəkatının yatırıldığı, Azərbaycan
milli hökümətinin devrildiyi bir vaxtda Fətəli
xanın ekrandan gur səslə “...Azərbaycan vahid
olmalıdır. Əgər birləşməsək,
İran bizə qalib gələcək. Vətən – Ərdəbil,
Təbriz dərd içindədir... Toya
bütün xanları dəvət edəcəyəm. Həmin gün ittifaq barədə məsələ
qaldıracağam. And içirəm ki, mənim həyatım
sənə həsr olunub, Azərbaycan!” deməsi və ya film
boyu buna bənzər fikirlərin səslənməsi qətiyyən
mərkəzi razı sala bilməzdi. Ona görə də Azərbaycan
Kinematoqrafiya naziri R.Rza Moskvadan bədii filmlər üzrə
Baş İdarənin rəis müavini Babindən 14 noyabr
1947-ci il tarixdə yazılmış
qısa bir məktub alır. Məktubda deyilirdi: “Azərbaycan
SSR Kinematoqrafiya naziri, yoldaş Rəsul Rzaya. “Fətəli
xan” filminin vaxtında başa çatdırılması məqsədilə
Baş İdarənin təklif etdiyi surətin SSRİ
Kinematoqrafiya naziri İ.Bolşakov tərəfindən təsdiq
olunmuş rejissor ssenarisində ixtisarlar aparasınız.”
Həmin
məktubun üzərindəki dərkənarda
yazılmışdır: “Yoldaş Vəzirov! Heç
bir dəyişiklik etməyin. Bu məsələ
ilə əlaqədar yoldaş Bolşakova məktub
yazılmışdır. Bağırzadə.
22 noyabr 1947-ci il.”
Bağırzadə nazir müavini idi. Bolşakova isə
cavab məktubunu Rəsul Rza yazmışdı. Filmin rejissor assistenti Məmməd Əlili söyləyirdi
ki, məktubda cavab çox sərt yazılmışdı.
Burada deyilirdi ki, “Fətəli xan” tarixi filmdir.
O ixtisarları ki Baş idarə təklif edir, buna yol vermək
olmaz. Çünki tarixi faktları ümumi sözlərlə
əvəz etməklə biz tarixi janrda çəkilmiş
filmi təhrif etmiş oluruq...
Bundan sonra “Fətəli xan” üzərində tamamlama
işləri başa çatdı. Filmi aparıb Moskvada təhvil
verərkən ortaya bir sıra problemlər çıxdı.
Problemlərlə bağlı filmin direktoru D.Yevdayev 1948-ci il mayın 20-də Bakı
kinostudiyasının direktoru N.Vəzirova məktub yazır. Məktubda
yazılmışdı: “Yoldaş Vəzirov! Nəzərinizə
çatdırmaq istəyirəm ki, SSRİ Kinematoqrafiya
Nazirliyi “Fətəli xan” filminin qəbulunu ləngitdiyi
üçün yaradıcı qrup neqativ və lavandanı
Moskvada NİKFİİ və “Mosfilm”də (filmin ekranlara
buraxılması məsələsi həll olunana qədər)
qoyub Bakıya qayıtmışdır. O vaxtdan ay
yarım keçmişdir. Filmin
buraxılışı isə Sizə məlum olan səbəblərə
görə hələ həll olunmamışdır.
Bu materialların bundan sonra Moskvada saxlanılması məqsədəuyğun
deyil.
Çünki bu çox pis nəticələr verə bilər
(belə ki, itə bilər, xarab ola bilər
və s.), film ekrana çıxmaq imkanından ümumiyyətlə
məhrum ola bilər. Ona görə də filmin
prokata və digər texniki təşkilatlara təhvil verməsi
məsələsini təcili həll etmək lazımdır.
Heç olmazsa bu materialları kinostudiyada
saxlamaq üçün Bakıya gətirmək lazımdır.”
“Fətəli
xan” filmi ilə bağlı məktubları oxuyarkən ortaya
bir sual çıxır: görəsən Baş idarə
filmdən hansı epizodları çıxarmaq istəyirmiş?
Bəs filmin direktoru D.Yevdayevin Bakı kinostudiyasının
direktoruna yazdığı “filmin buraxılması isə Sizə
məlum olan səbəblərə görə hələ həll
olunmamışdır” sözlərinin arxasında nələr
durur? Bu sualların cavabını düz
yarım əsrdən sonra, filmin ixtisar edilməmiş yeganə
surəti kinostudiyanın bazasından tapılandan sonra öyrənmək
mümkün olmuşdur.
Buna qədər
isə R.Rza “Fətəli xan” kinolentini qayçılamağa
icazə vermədiyinə görə Moskva filmi geri
qaytarmış və o vaxtlar Azərbaycan Kommunist Bolşeviklər
Partiyasının I katibi olan Mir Cəfər Bağırov filmə
baxandan sonra onun bir kəlmə “ubrat” (yəni, “rədd eləyin”)
deməsi ilə bu məsələnin üstünə bir daha
qayıdılmamışdır. M.C.Bağırov vəzifəsindən
azad ediləndən bir neçə il sonra, yəni 1958-ci ildə
“Fətəli xan” filminin Azərbaycan variantı, 1959-cu ildə
isə rus variantı ekranlara buraxıldı, amma hər iki
variantdan bir neçə hissə kəsilib atılandan sonra! Xoşbəxtlikdən “Fətəli xan” filminin
qayçılanmamış rus variantından bir surət
kinostudiyanın bazasında qalıbmış. Hazırda həmin yeganə surət tapılıb Azərbaycan
Dövlət Film Fondunda saxlanılır.
Azərbaycan və rus variantlarını müqayisə
edərkən burada biz Cənubi Azərbaycan faktoru ilə
qarşılaşırıq. Filmin ekrana
çıxarılmaması və sonradan ayrı-ayrı səhnələrin
kəsilib götürülməsi və hətta sözlərin
dəyişdirilməsi məhz bu problemlə
bağlıdır.
Ümumiyyətlə, Azərbaycan iki yerə
parçalandığı gündən Şimal və Cənub
problemi ölkənin həm Şimalında, həm də Cənubunda
insanları həmişə
düşündürmüşdür. Böyük Vətən
müharibəsi başlanandan sonra sovet qoşunlarının
müvəqqəti olaraq İrana gəlməsi qonşu
ölkənin, xüsusilə Cənubi Azərbaycanın
ictimai-siyasi həyatında dirçəlişə səbəb
oldu. Sovet İttifaqının Hitler
faşizmi üzərində qələbəsindən sonra bir
çox ölkələrdə olduğu kimi, İranda da
milli-demokratik hərəkat genişlənməyə
başladı. Beləliklə, 1945-ci il
dekabrın 12-də Cənubi Azərbaycanda demokratik milli
hökumət yarandı.
Şimali Azərbaycanda bütün bu tarixi proseslər
kontekstində “Fətəli xan” bədii filmi istehsal olundu. Lakin ABŞ və
İngiltərənin hakim dairələrinin köməkliyi ilə
İranda şah başda olmaqla qatı irticaçı
qüvvələr xalqın azadlıq uğrunda hərəkatını
boğmaq üçün şiddətli hücuma keçdilər.
Bununla da Cənubi Azərbaycanda demokratik milli
hökümət süqut etdi.
Məhz
bundan sonra sovet hökimətinin İranla bağlı siyasətində
müəyyən dəyişikliklər baş verdi.
SSRİ Kinematoqrafiya Nazirliyi Bakı
kinostudiyasından “Fətəli xan” filmindən İranla
bağlı epizodların çıxarılmasını və
ayrı-ayrı sözlərin dəyişdirilməsini tələb
etdi. Misal üçün, filmin I hissəsində
aparılan dəyişikliklərə diqqət yetirək.
Hər
iki variantda:
... Azərbaycan, 18-ci əsr. Ölkə
xanlıqlara parçalanıb. Bir tərəfdən də
xarici düşmənlər torpaqlarımızı
parçalayır...
Ekranda ucsuz-bucaqsız yol boyu insan axışı
görünür, yorulmuş, əldən
düşmüş, ac-yalavac insan axını. Fətəli
xan öz adamları ilə onların qarşısına
çıxır. Xan soruşur:
– Siz
kimsiniz, hardan gəlib, hara gedirsiniz?
Heç kim dinmir. Fətəli xan yenidən soruşur:
– Sizdən
soruşuram, niyə dinmirsiniz?
Kəndli:
–
Onların dillərini kəsiblər.
Digər
kəndli:
– Cəlladlar
onlara aman vermədilər.
Rus
variantında:
Kəndli:
– Təbrizdənik.
İran ordusu şəhəri qarət etdi.
Hər
iki variantda:
Fətəli
xan:
– İndi hara gedirsiniz?
Kəndli:
–
Dünyanın axırına.
Cavan kəndli:
– Sənə
nə borc.
Fətəli
xan:
– Sən
kiminlə danışdığını bilirsənmi?
Kəndli:
–
Bağışla onu, xan, başını itirib. Ona görə də sənə cavab qaytardı.
Başqa yolu yoxdur.
Rus
variantında:
Fətəli
xan:
–
Qoçaq oğlansan, sənin yolun vardır. Sənin
yolun döyüşçü yoludur. Sən
cəsursan, cavan oğlan. Azərbaycan vahid
olmalıdır. Əgər birləşməsək
İran bizi istila edəcək.
Azərbaycan
variantında:
Fətəli
xan:
–
Qoçaq oğlansan, arxamca gəl. Kim cəsurdur, kim xalqını sevirsə, düşmən əsarətindən
qurtarmaq istəyirsə arxamca gəlsin. Əgər
Azərbaycan vahid olmasa, əgər biz birləşməsək,
düşmən bizi məhv edəcək.
Başqa bir misal. Rus variantında:
İllər keçdi, Fətəli xan Azərbaycan
divanını yaratdı.
İran səfiri şahın məktubunu Fətəli
xana verir. Məktubda
yazılmışdır: “Mən İran şahı Sizə
Rusiya ilə dostluğu pozmağı, mənim himayəm
altına keçməyi təklif edirəm. Əgər
sən cəsarət edib mənim sözümün əksinə
getsən, sənin torpaqlarını alt-üst edəcəyəm.”
Fətəli
xan:
– Azərbaycan
dövləti heç vaxt təslim olmayacaq.
İran səfiri:
– Azərbaycanın
adı yalnız kağız üzərindədir. Azərbaycan xanlıqlardan ibarətdir. Elə deyilmi?
Fətəli
xan:
– Siz
düşmənin söhbətini aparırsınız.
Görək divan nə deyir... Get İran şahına de ki,
biz onun təklifini qəbul etmirik...
Azərbaycan
variantında:
İllər keçdi. Fətəli xan öz
mübarizəsi nəticəsində Azərbaycan dövləti
yaratdı.
Fətəli xan İran şahının məktubunu
oxuyur.
Fətəli
xan:
– Möhtərəm
elçi, görəsən gözlərim məni aldatmır
ki. Azərbaycan Dövlət Divanı görək nə fikirdədir...
Divan İranın təklifini rədd edir...
Məqalədən
göründüyü kimi, kinematoqrafçılarımız
böyük həvəs və ruh yüksəkliyi ilə “Fətəli
xan” filmini çəkib ekranlara çıxarmağa
hazırlaşdıqları zaman filmin başına nə kimi oyunlar
gəldi, daha doğrusu nə oyunlar gətirildi, Siz oxucular,
bunun şahidi oldunuz düz 66 ildən sonra.
Bəli, sovet dövründə hər hansı bir film və
ya başqa bir əsər senzuranın sənətkarlar
qarşısında qoyduğu tələblər çərçivəsindən
kənara çıxırdısa o filmə və ya digər əsərə
qadağalar qoyulurdu. “Fətəli xan” bədii filmi kimi. Ən yaxşı halda həmin filmdən dövlət
üçün sərfəli olmayan epizodlar əvvəlcədən
kəsilib atılırdı. Biz bunu “Dəli
Kür” və “Axırıncı aşırım” bədii
filmlərində gördük. Bununla əlaqədar
“Fətəli xan” filmindən daha bir epizod.
... Fətəli xana xəbər verirlər ki, İran
şahının fitvası ilə Şirvan xanı
Ağası xan ona xəyanət edib. Xəyanət
edəni isə cəzalandırırlar. Ona
görə də Fətəli xan Şəki xanı –
Hüseyn xanla ittifaq bağlayıb, Şirvan xanını məğlub
edirlər. Qanlı döyüşdən
sonra xanı tutub gətirirlər. Əsas
mətləb də elə burdan başlayır.
Hüseyn
xan deyir: “Fətəli xan, Şirvanı məğlub
etmişik. Onu yarı bölməliyik. Mənim qılıncımın payını ver.”
Fətəli
xan əsəbi halda cavabında: “Hüseyn xan, biz torpaqları
parçalamaq yox, birləşdirməliyik.”
Bundan sonra Hüseyn xan Fətəli xana düşmən
kəsilir. Bu, rus variantı idi.
Azərbaycan
variantında isə Fətəli xanın Hüseyn xana
cavabı belə olur: “Bizim aramızda artıq ittifaq yoxdur.” Sonra Hüseyn xan Fətəli xana xəyanət edir.
O, Ağası xanın gözlərini
çıxartdırıb, bunun Fətəli xan tərəfindən
törədildiyini bildirir...
***
Biz XX əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycanda təxminən bu hadisələrin təkrarını
gördük.
SSRİ dağılandan sonra naşı
adamların əlində qalmış Azərbaycan
Respublikası okeanda üzən, idarə olunmaz gəmiyə bənzəyirdi.
O, əldən-ələ düşür, hakimiyyəti ələ
keçirmək, mütləq hakim olmaq istəyənlər
özlərinə silahlı dəstələr
yaradırdılar. Bir dəstə
başçısının sözü o birisinə xoş gəlməyəndə
müxtəlif yollarla xəyanətə əl
atırdılar. Bundan məharətlə
istifadə edən Ermənistan, havadarlarının köməkliyi
ilə torpaqlarımızı hissə-hissə zəbt etdi,
şəhər və kəndlərimizi xarabazara çevirdi.
Əsrin faciəsi olan Xocalı faciəsini
törətdi.
Bu elə
bir dövr idi ki, br tərəfdən “Sadval” deyilən təxribatçı
qrup, digər tərəfdən özünü
Talış-Muğan respublikası elan etmiş bir qrup
qaraguruhçu yığnağı, başqa bir tərəfdən
də ağzında şirə qalmış erməni
faşistləri Azərbaycanda ağalıq etmək,
torpaqlarımızı dədə malı kimi öz
aralarında bölmək xülyasına
düşmüşdülər. Ancaq Ulu Öndər
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı bütün bu hərc-mərcliklərin,
xaosun qarşısını aldı. Ölkədə
sabitlik yarandı. Ermənistanın Azərbaycana
qarşı apardığı işğalçılıq
müharibəsində atəşkəsə nail olundu, Azərbaycanda
dövlətçiliyin əsası qoyuldu. Azərbaycan Ermənistanın
işğalçı olduğunu, Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğunu bütün dünyaya sübut etdi, ölkəmiz
iqtisadi inkişaf yoluna çıxdı, Azərbaycan
dünyanın ən ali məclislərində
öz sözünü deməyə başladı.
Belə bir vaxtda Azərbaycan kinematoqrafçıları
da gözləmə mövqeyində dayanmadılar,
bütün bu illər ərzində baş verən hadisələrə
öz münasibətlərini ekran vasitəsilə bildirməyə
çalışdılar. Onlar “Cavad xan”,
“Hökmdarın taleyi”, “Dolu”, “Qala” kimi filmlər yaratdılar.
“Fətəli xan”dan fərqli olaraq bu filmlər
Azərbaycanın tarixi keçmişini olduğu kimi ekranda təcəssüm
etdirdi.
Müstəqil Azərbaycan kinosunun səsi bu gün beynəlxalq
kinofestivallardan gəlir, filmlərimiz Azərbaycanın həqiqətlərini
dünyaya çatdırır.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi,
kino tədqiqatçısı
Kaspi.-2013.-6-8 aprel.-S.21-22.