Antimilli qüvvələrin əsas məqsədi gənclərdə dövlətə qarşı inamsızlıq yaratmaqdır” 

 

Gülnarə Bağırova: “Dövlət bütün sahələrdə gənclərə öz diqqət və qayğısını göstərir”

 

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədr müavini, Gənclər Təşkilatları Milli Şurasının Büro üzvü Gülnarə Bağırovanın qəzetimizə müsahibəsini təqdim edirik.

-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Onu qeyd edim ki, dövlət gənclər siyasəti bu gün ən yüksək səviyyəsinə çatıb. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu prioritet istiqamətləri cəmiyyətin bütün sferalarında olan gəncləri əhatə etməkdədir. Hökumət strukturları tərəfindən gənclər siyasətinin hüquqi-qanunvericilik bazası tam formalaşıb, hər il artan maliyyə-resurs imkanları genişlənib, gənclərin öz bilik, bacarıq və vərdişlərini üzə çıxarması və inkişaf etdirməsinə zəruri şərait yaradılıb.

- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?

- Dövlət gənclər siyasəti haqqında qanun və digər hüquqi-normativ sənədlər bütün gənclərə öz potensiallarını üzə çıxarmağa və inkişaf etdirməyə hərtərəfli zəmin yaradır. Bu işdə əsas dəstəkverici qurum yenə də gənclərin daimi güvən yeri olan Gənclər və İdman Nazirliyidir. GİN həm yaradıcı, istedadlı gənclərin, həm də digər sahələrdə olan gənclərin öz potensiallarını üzə çıxarmaqda, bilik və bacarıqlarını tətbiq etməkdə maliyyə, təşkilati-metodik imkanlar yaratmaqdadır. Bu işdə “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramı xətti ilə yeni imkanresurslar yaranıb ki, bütün gənclər təbəqələri, o cümlədən region gəncləri bunlardan səmərəli şəkildə faydalanırlar. Azərbaycan Gənclər Fondunun son 1 ildəki uğurlu dəstək və imkan siyasəti də bu sırada gənclərə həm ölkə daxilində, həm də xaricdə öz potensiallarından maksimum yararlanmağa şərait yaradır.

- Gənclər ictimai-siyasi işlərdə hansı fəallıq göstərirlər?

- Gənclərin ictimai-siyasi proseslərdə fəallığı da son illər artmaqdadır. Bu özünü son vaxtlar gənclər təşkilatlarının sayının artaraq 300-ə yaxın olmasında, regionlarda gənclərin QHT fəaliyyətinə aktiv qoşulmasında, cəmiyyətin inkişafına yönələn ictimai təşəbbüslərlə, qanunvericilk təklifləri ilə çıxış etməsində, hökumətin müxtəlif proqramlarında fəal iştirakında, ölkənin taleyüklü məsələlərində, dövlətimizin haqq işinin tanıdılmasında rolunun artması ilə bariz göstərməkdədir. Gənclər bu gün dövlət siyasətinin həyata keçirilməsində yalnız iştirakçı kimi çıxış etmir, eyni zamanda fəal tərəfdaş, təşəbbüskar və idarəedici kimirolunu göstərməkdədir.

- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?

- Seçki ili olduğundan bəzi müxalif siyasi qüvvələr gənclərin bir qismini öz tərəflərinə çəkmək, onları ölkədə ictimai-siyasi sabitliyi pozan hərəkətlərə vadar etmək istiqamətində çalışırlar. Lakin bu effekt verməyən “fəaliyyətlər” sağlam gənclikdə bu antimilli qüvvələrə qarşı antipatiya yaradır və onların dövlətçiliyə sadiq gəncliyi “öz sıralarına daxil etmək” arzularını puça çıxarır. Xarici havadarların, Azərbaycanı sevməyən beynəlxalq QHT-lərin maliyyə dəstəyi verdiyi bəzi antimilli qüvvələrin əsas məqsədi gənclər arasında dövlətə, hakimiyyətə qarşı inamsızlıq və etiraz hissləri yaratmaqdır.

Lakin bu qüvvələrin düzgün yolda olmadığını izah edərək, dövlətin bütün sahələrdə apardığı uğurlu islahatları onlara anlatmaq, dövlətin gənclərə yönəlik inkişaf proqramlarından onların da istifadə etmək imkanlarının olduğunu çatdırmaq lazımdır. Təbii ki, düzgün informasiya və izahlı çatdırılma bu tipli gənclərin fikirlərində dəyişikliyə səbəb olacaq.

- Dövlətin gənclərə diqqət və qayğısından razısınızmı?

- Dövlət bütün sahələrdə gənclərə öz diqqət və qayğısını göstərir və bu proses ilbəil artmaqdadır. Həm gənclərin fərdi inkişafı, həm onların yaradıcılıq və potensialının inkişaf etdirilməsi, həm də onların birləşdiyi müxtəlif gənclər təşkilatlarının ayaqda durmaları üçün dövlət strukturları çoxsaylı maliyyə-təşkilati dəstəyini əsirgəmir. Bu isə gənclərdə yeni-yeni təşəbbüslərə rəvac verməklə onların daha inamlı şəkildə çalışmalarını stimullaşdırır. Dövlətin gənclərə qayğı və diqqətinə bütün strukturlar cəlb olunsa da, bu işdə ən önəmli yeri Gənclər və İdman Nazirliyi tutur. Həm GİN, həm də ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramı xətti ilə bütün sahələrdə gənclərə və onların birləşdiyi təşkilatlara hərtərəfli maliyyə dəstəyi, qayğı və diqqət göstərilir. Yeni yaranan Azərbaycan Gənclər Fondu da öz uğurlu fəaliyyəti ilə gənclərə yönəlik qayğı və diqqəti daha da artırmaqdadır.

-Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Azərbaycan gəncliyi, sağlam gənclik daim ölkəni siyasiiqtisadi inkişafa aparan, onu dünyanın nüfuzlu dövlətlərindən birinə çevirən və regionun güc mərkəzi kimi formalaşdıran ölkə Prezidenti cənab İlham Əliyevin yanındadır. Məhz ölkə Prezidentinin 10 illik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada özünəməxsus söz sahibi olan, dünya miqyaslı tədbirlərə ev sahibliyi edən etibarlı tərəfdaş statusu qazanıb, iqtisadi inkişaf tempinə görə önəmli reytinq qazanıb. İlham Əliyevin diplomatik uğurları nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilib, beynəlxalq əhəmiyyətli idman, mədəniyyət siyasiiqtisadi tədbir və toplantıları təşkil edibbu inamlı addımlar davam etməkdədir. Azərbaycan gənclərinin dövlət vəsaiti hesabına xarici ölkələrdə təhsil almasına dəstək proqramı da uğurla həyata keçirilir ki, bütün bu sadalanan amillərə görə gənclik ölkə Prezidentinin ətrafında sıx birləşib.

- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Xüsusilə, geniş profilli PR işi aparılmalı, TV və radioda ictimai maarifləndirmə proqramları yayımlanmalı, sosial xarakterli reklamlar hazırlanmalı, informasiya-kommunikasiya texnologiyaları imkanlarından geniş istifadə edilməli və sosial şəbəkələrdə gənclərin fəallığı artırılmalıdır. Regionlarda gənclər birbaşa təlim və seminarlara cəlb edilməli, zəngin informasiya materialları ilə təmin olunmalıdırlar.

-Sizin rəhbəri olduğunuz təşkilat bu istiqamətdə hansı işlər görür?

- 18 ildir gənclər sahəsində uğurlu fəaliyyəti ilə seçilən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) öz işini əsasən regionlarda qurur. Çünki regionlarda gənclərin maariflənməsi, hüquqi biliklərinin artırılması, təhsil, sosial problemlərin həllinə ictimai vəkillik sahəsində görüləsi işlərə böyük ehtiyac var. ADTGT bu baxımdan regionlarda gənclər üçün silsilə, maarifləndirici təlim, seminarinformasiya sessiyaları keçirir, yerli TV və radiolarda ictimai debat proqramları təşkil edir, informasiya texnologiyalarından, sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsini stimullaşdıran proqramlar həyata keçirir və gənclərin şəbəkələşməsinə geniş dəstək verir. Eyni zamanda region gənclərinin beynəlxalq təcrübə qazanmaları üçün onları mübadilə proqramlarına cəlb edir. ADTGT eyni zamanda xarici tərəfdaşlarını ölkəmizdəki inkişaf və tərəqqi ilə yaxından tanış etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, inteqrasiya proseslərinə gəncləri cəlb etmək istiqamətində də uğurlu layihələr icra edir, regional şəbəkələr yaradaraq Azərbaycan gənclərini onun işində fəallığa stimullaşdırır. ADTGT regionlarda qeyri-formal tədris və peşə-ixtisas kurslarının inkişafına dəstək verən layihələri də uğurla həyata keçirməkdədir.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-6 aprel.-S.10.