Bakıda V Beynəlxalq Təhsil Sərgisi
keçirildi
Sərgidə 8 ölkəni təmsil
edən 14 müxtəlif universitet və təhsil müəssisəsi
təmsil olunurdu
Azərbaycanda
xaricdə təhsil sərgilərini beynəlxalq səviyyədə
təşkil edən Kaspi Təhsil Mərkəzi aprelin 6-da Hyatt Regency otelində V
Beynəlxalq Təhsil Sərgisini keçirdi. Sərgidə 8
ölkəni təmsil edən 14 müxtəlif universitet və
təhsil müəssisəsi təmsil olunurdu. Bu il
keçirilən V Beynəlxalq Təhsil Sərgisində
müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və
magistr proqramları ilə Böyük Britaniyanın ilk
onluğunda olan universitetləri, Polşa, Avstraliya, Kipr,
İsveçrənin dünyaca məşhur universitetləri
təmsil olunurdu.
İştirakçılar
arasında dünyanın ən yaxşı 150 universiteti
siyahısında olan Qlazqo universiteti, Aston Universiteti, Reading
Universiteti və müxtəlif təqaüd
proqramlarının təmsilçiləri öz stendləri
ilə tələbələri və şagirdlərə məlumatlar
verirdilər. Sərgiyə maraq olduqca böyük idi. Belə
ki, müxtəlif məktəblərdə və universitetlərdə
təhsil alan gənclər əcnəbi universitetlərin
nümayəndələri ilə birbaşa ünsiyyət
quraraq suallarına cavab tapmaq üçün stendlərin
qarşısına yığılmışdılar. Sərgi
ziyarətçiləri iştirakçılar tərəfindən
yerindəcə məlumatlandırılaraq, universitet və digər
ölkələrin təhsil sistemi ilə yaxından
tanışlıq imkanı qazanmaqla yanaşı, təhsilini
xaricdə davam etdirmək istəyən gənclərin yerli və
xarici mütəxəssislərdən məsləhətlər
almasına şərait yaradırdı. Tələbələr
xarici universitetlərə müraciət formaları, ərizələrin
doldurulması qaydaları, müxtəlif pillələr
üzrə təhsil formaları və digər məsələlərlə
bağlı ətraflı məlumat alırdılar. Sərgidə
iştirak edən gənclər nüfuzlu universitetlərdə
təhsil imkanları almaq, xaricdə yay məktəbinə
qatılmaq, müəyyən bakalavr və magistr proqramları
ilə tanış oldular.
Xaricdə təhsil almaq imkanı
Kaspi
Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva
bildirdi ki, artıq beşinci dəfə keçirilən Beynəlxalq
Təhsil sərgisində əsas məqsəd tələbə
və gəncləri xarici mütəxəssislərin
iştirakı ilə dünyanın öncül universitetlərindəki
təhsil imkanları barədə maarifləndirmək və
Kaspi Təhsil Mərkəzinin köməyi ilə həmin
universitetlərə çıxışlarını təmin
etməkdir.
Ölkəmizdə
keçirilən V Beynəlxalq Təhsil Sərgisini Təhsil
Nazirinin müavini Qulu Novruzov açdı. Sərgidə
çıxış edən nazirlik rəsmisi Kaspi təhsil mərkəzinin
ölkədə yaşayan gənclərin yüksək səviyyəli
təhsil alması üçün göstərdiyi xidmətlərdən
danışdı və o bildirdi ki, beynəlxalq təhsil sərgilərinin
keçirilməsi Azərbaycanda artıq ənənə
halını alıb. Q.Novruzov çıxışında
vurğuladı ki, bu ənənənin təməli Azərbaycanda
ilk dəfə Kaspi Təhsil Mərkəzi tərəfindən
qoyulub: "Artıq yeddinci ildir ki, təhsil sahəsində
uğurla addımlayan, beynəlxalq təhsil mərkəzləri
və dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq
edən Kaspi Təhsil Mərkəzinin fəaliyyətinin əsas
istiqamətlərindən biri tələbələrin və
şagirdlərin xaricdə təhsil almaq imkanını təmin
etməkdir. Bu baxımdan ölkəmizdə keçirilən
beynəlxalq təhsil sərgiləri artıq ənənə
halını alıb və bu ənənənin təməli
məhz Kaspi Təhsil Mərkəzi tərəfindən
qoyulub".
Q.Novruzov
qeyd edib ki, təşkil olunan sərgilərdən sonra xaricdə
təhsil alan gənclərin sayında artım müşahidə
olunur: "Bu gün burada dünyanın müxtəlif ölkələrindən
çoxsaylı universitetlər, təhsil mərkəzləri
və müxtəlif universitetləri birləşdirən
şəbəkələr iştirak edirlər. Təhsil sərgilərində
iştirak edən gənclərin xaricdə təhsil almaq
arzularını reallaşdırmaq üçün bilavasitə
təhsil verənlərlə, xarici təhsil institutları ilə
birbaşa ünsiyyət imkanları olur və hər dəfə
ölkədə keçirilən təhsil sərgilərdən
sonra biz çoxsaylı tələbələrimizin sərgilərdə
iştirak edən universitetlərə qəbul olunması
faktını aşkar edirik. Çünki, bu cür sərgilər
Azərbaycan gənclərinin daha yaxşı təhsil
alması üçün dünyanın ən qabaqcıl
universitetlərinin proqramlarından bəhrələnmək
imkanını ortaya qoyur".
Xaricə birbaşa sənəd
vermək imkanı
Kaspi
Təhsil Mərkəzinin direktor müavini Emin Əmrullayev
bildirdi ki, keçirdikləri bütün sərgilərə
rekord sayda tələbə və şagirdlər cəlb
edilib: "Bu gün burda iştirak edən tələbələr,
şagirdlər və digər iştirakçılar 14-15
universitetlə birbaşa ünsiyyət qurmaq imkanını əldə
edirlər. Bundan əlavə, Kaspi Təhsil Mərkəzinin əməkdaşlıq
etdiyi 70-ə qədər universitetlə tanış olurlar. Təbii
ki, tələbələr və şagirdlər
üçün daha çox universitetlər tanımaq və
onlarla birbaşa ünsiyyətə girmək gələcəkdə
onların sərgidə iştirak edən universitetlərə
qəbul olunmasını asanlaşdırır. E.Əmrullayevin
sözlərinə görə, bəzi universitetlər tələbələrin
birbaşa qəbul sənədlərini sərgidə qəbul
edirlər: "Düşünürəm ki, sərgi
iştirakçıları üçün müxtəlif məlumatlar
əldə etmək və qəbul prosesini sürətləndirmək
baxımından sərgi çox maraqlı olacaq. Sərgi
bitdikdən sonra da tələbələrə imkan
yaratmışıq ki, universitetlərlə təkbətək
ünsiyyət qursun və özlərinin fərdi ehtiyaclar ilə
bağlı universitetlərə sual ünvanlaya bilsinlər".
Açılış
mərasimi bitikdən sərgi iştirakçıları sərgi
ilə tanış oldular. Hər vaxt olduğu kimi V Beynəlxalq
Təhsil Sərginin ziyarətçilərini əsasən məktəblilər
və tələbələr təşkil edirdi. Gənclər
maraqla stendlərə yaxınlaşır, universitetlər
haqqında məlumat toplayır və onları maraqlandıran
suallara cavab tapmağa çalışırdılar.
Sərgi ilə bağlı təəssüratlar
Sərgi
iştirakçılarından sərgi ilə bağlı təəssüratlarını
öyrənmək üçün onların bir neçəsi
ilə söhbətləşdik. Turizm Universitetinin tələbələri
Gülnar Yaqubova və Əhməd Əkbərli bu sərgidən
çox razı qaldıqlarını bildirdilər. Onlar xaricdə
magistr təhsili almaq üçün universitet təmsilçiləri
ilə söhbət edərək suallarına cavab tapmağa
çalışırdılar.
Qafqaz
Universitetinin üçüncü kurs tələbəsi
Ofeliya Rzayeva bizimlə söhbətində sərgidə onu
maraqlandıran bütün suallara cavab tapdığını
bildirdi: "Kaspi Təhsil Mərkəzi tərəfindən
keçirilən V Beynəlxalq təhsil sərgisi mənim
çox xoşuma gəldi. Mən hazırda bakalavr olduğum
üçün xaricdə magistratura təhsili ilə
maraqlanıram. Burada çox yaxşı universitetlər var və
üstəlik təhsil haqları da bizim üçün
münasibdir. Universitet təmsilçiləri bizə kifayət
qədər geniş məlumat verir, hətta yataqxana xərclərinə
qədər biz informasiya alırıq".
Azərbaycan
Dillər Universitetini birinci kurs tələbəsi Əsgərli
İlham bizimlə söhbətində əsasən Avstraliya və
Böyük Britaniya universitetləri ilə
maraqlandığını bildirdi: "Sərgidən
çox razı qaldım. Çünki, burada dünyaca məşhur
bir çox universitetlərin nümayəndələri var ki,
onlarla birbaşa ünsiyyət qura bilirik. Bəzi məlumatları
internetdən də araşdırmaq mümkündür amma
birbaşa ünsiyyət qurmaq bizə daha çox informasiya
almaq imkanı verir. Mən həmçinin xarici universitetlərdə
təqaüd proqramları haqqında geniş məlumat
aldım".
Qafqaz
Universitetinin birinci kurs tələbəsi Ağazadə Emin isə
öz yoldaşları ilə birlikdə xaricdə yay məktəbi
ilə maraqlanır: "Sərgi ilə bağlı təəssüratların
çox yaxşıdır. Çünki, bizə burada
dünyanın tanınmış universitetlərinin əməkdaşları
ilə canlı ünsiyyət qurmaq imkanı yaradılıb.
Biz əsasən Böyük Britaniya və Avstraliyanın yay məktəbləri
ilə maraqlanırıq və bütün suallarımıza
səlis məlumat verilir. Jurnallar vasitəsilə isə xaricdə
təhsillə əyani şəkildə tanış ola
bilirik. Həmçinin sərgidə iştirak etdikdən
sonra bizə məlum oldu ki, əslində xaricdə təhsil
almaq düşündüyümüz qədər çətin
və imkansız deyilmiş".
Bakı
Dövlət Universitetinin üçüncü kurs tələbəsi
Qəhrəmanova Dürdanə bizimlə söhbətində
sərginin yüksək səviyyədə keçirildiyini
bildirdi: "Mən əsasən dövlət yolu ilə xaricdə
təhsil almaq haqqında məlumat aldım. Təəssüratlarım
çox yaxşıdır, çünki, bu qədər tələbə
olmasına baxmayaraq hər kəsə yorulmadan geniş
informasiya verilir. Həmçinin təhsil haqları da məni
qane etdi. Universiteti bitirdikdən sonra Böyük Britaniyada təhsil
almağı düşünürəm".
Təkbətək ünsiyyət
imkanı
Məlumat
üçün bildirək ki, xaricdə təhsilə
maraqlı olan gənclərin universitetlərin nümayəndələri
ilə daha effektiv və təkbətək görüşmələri
və birbaşa konsultasiya olunmaları üçün Aprelin
7-də Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi
seminarları da təşkil edilib.
Qeyd
edək ki, Kaspi Təhsil Mərkəzi 2007-ci ildən fəaliyyətə
başlayaraq qısa müddət ərzində ölkə vətəndaşlarına
xarici dillərin tədrisi, universitet hazırlığı, məktəbəqədər
hazırlıq və xaricdə təhsil imkanları üzrə
yüksək keyfiyyətli xidmət göstərməkdədir.
Kaspi Təhsil Mərkəzinin fəaliyyəti nəticəsində
minlərlə insan xarici dil biliklərinə yiyələnmiş,
500-ə qədər vətəndaş ölkə universitetlərinə
qəbul olmuş, yüzlərlə gənc isə əcnəbi
universitetlərdə təhsil almaq imkanı əldə
etmişdir.
2009-cu
ildən fəaliyyətə başlayan Kaspi Qlobal - Xaricdə
Təhsil Xidmətləri dünyanın bir sıra nüfuzlu
universitetləri ilə əməkdaşlıq əlaqələri
qurmuş və bu universitetlərin Azərbaycanda qəbul
prosesini həyata keçirməkdədir. 2009-cu ilin noyabr
ayından başlayaraq Kaspi Təhsil Mərkəzi ənənəvi
olaraq Beynəlxalq Təhsil Sərgiləri təşkil edir. Sərgilərin
keçirilməsində əsas məqsəd yerli auditoriya ilə
əcnəbi universitetlər arasında birbaşa ünsiyyətin
qurulması və xaricdə təhsilin təşviqidir.
Aygün Cəfərli
Kaspi.-2013.-9 aprel.-S.9.