Böyük gülüş ustası
Görkəmli gülüş ustası, Azərbaycanını xalq artisti Əliağa Ağayevin adı gələndə istər-istəməz gözümüz önündə bir anlığa əvvəlcə aktyorun gülümsər çöhrəsi, sonra da onun yaratdığı qəhrəmanların obrazları bir-bir gəlib keçir. Əmək fəaliyyətinə çilingər kimi başlayan bu gəncin sonralar tanınmış aktyor olmasına, fitri istedadı, aktyorluq məharəti, səyi, qabiliyyət və bacarığı sayəsində ustad sənətkara çevrilməsinə heyran qalırsan.
Əliağa
Ağayev böyük gülüş ustası olana qədər
çətin bir həyat yolu keçib. O, 1913-cü il
martın 22-də Bakıda dünyaya göz
açmış, erkən yaşlarında valideynlərini
itirmişdir. Əliağagil üç qardaş idi. Qəribə
də olsa qardaşlar 70-71 yaşlarında rəhmətə
gediblər. Hətta qardaşlardan biri M.C.Bağırovun
vaxtında Sibirə sürgün olunmuşdur.
Mənim
Ağayevlər ailəsi ilə ilk
tanışlığım 50-ci illərin əvvəllərinə
təsadüf edir. O vaxtlar mən Əliağa müəllimin
oğlu Vaqiflə birgə 44 nömrəli orta məktəbdə
oxuyurduq. Hətta bir parta arxasında otururduq. Çox vaxt dərslərə
də Vaqifgildə birlikdə hazırlaşırdıq. Bəzən
Əliağa müəllim bizim yanımıza gələr,
maraqlı söhbətlər edərdi.
Çox-çox
sonralar mən “Kino” qəzeti və “Film” jurnalının
baş redaktoru olanda o, bir neçə dəfə
redaksiyamıza da baş çəkmişdi. Səfərlərinin
birində bizə olub keçənlərdən, sənətə
necə gəlməyindən maraqlı söhbətlər
etmişdi.
Əliağa
müəllimin dediyinə görə, səhnəyə
uşaqlıqdan həvəs göstərirdi. Amma yeddinci sinfi
bitirdikdən sonra Bakıdakı Paris Komunası adına Gəmi
Təmiri zavodu nəzdindəki sənət məktəbində
oxuyub. Sənət məktəbini bitirdikdən sonra həmin
zavodda gəmi çilingəri işləməyə
başlayır. Eyni zamanda burada su nəqliyyatı
işçilərinin dram dərnəyinə də
yazılır. Hər dəfə Dövlət Dram Teatrında
A.M.Şərifzadənin, Ülvi Rəcəbin,
M.Davudovanın, M.A. Əliyevin, S.Ruhullanın, İ.Hidayətzadənin
ifasında tamaşalara baxanda gənc Əliağanın
aktyorluq sənətinə olan həvəsi daha da
artırdı. Məhz elə o vaxtdan o, həyatını
teatra, aktyor sənətinə bağlamağı qərara
alır.
Həvəskar
aktyor kimi özfəaliyyət səhnəsində M.F.Axundzadənin
“Hacı Qara” tamaşasında eyni adlı rolu ifa edən Ə.Ağayev
tezliklə peşəkar səhnəyə gəlir. 1936-cı
ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc
Tamaşaçlar Teatrı adlandırıldı) fəaliyyətini
davam etdirir. Bu teatrın səhnəsində ilk rolu “Kapitan
Qrantın uşaqları” tamaşasında Dik olur. Bundan sonra gənc
aktyor teatrın səhnəsində öz bacarığı,
istedadı, zəhməti sayəsində bir çox
tamaşalarda müxtəlif çeşidli aparıcı
rollar oynayır. Ə.Ağayev həyat yoldaşı Cəvahir
xanımı da burada görür və evlənirlər.
Cəvahir
xanımın müsahibəsindən: “Əliağa heç
bir institut qurtarmamışdı. Acılı-şirinli həyat
məktəbi keçmişdi. O dövr başqa idi. Sənətə
istedadlar gəlirdi. Elə aktyorlar var idi ki, onları heç
bir vasitə ilə sənətdən uzaqlaşdırmaq
mümkün deyildi.
Evdə
çox ciddi olsa da, zarafatından, deyib gülməyindən də
qalmazdı...”
Rejissor
T.Tağızadənin dediklərindən: “Görüş” bədii
filmi yadımıza çox şey salır. Çünki
Moskvada ali kino institutunu bitirib Bakıya qayıdandan sonra
kinostudiyada çəkdiyim ilk film “Görüş” olub.
Janrına görə bu kinokomediya idi. Burada komik aktyorların
olması vacib idi. Ona görə də hələ o vaxt cavan
olan Əliağa Ağayevi Şıxəli roluna dəvət
etmişdik.
Ə.Ağayev
kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş
meydançasına dəfələrlə
çıxmışdı, özünü elə sərbəst
aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa
düzəliş verməyə ehtiyac qalmırdı.
O,
işə çox ciddi yanaşırdı, rola elə girirdi
ki, həyatda da özünü Şıxəli kimi hiss
edirdi.
“Görüş”
filmi ilə bağlı Əliağa müəllimin oğlu
Vaqifdən aldığım müsahibədən:
“Görüş” filmində Şıxəlinin çaya
düşməsi səhnəsinin çəkiliş
günü mənim heç yadımdan çıxmaz.
Bir
gün axşam o, evə elə vəziyyətdə gəldi
ki, onu tanımadıq. Anam bərk qorxdu. “Xəstələnib
eləməmisən ki” − deyib onu yorğan-döşəyə
saldı. Birdən atam dedi ki, çaya düşmüşəm.,
soyuq məni götürüb. Əvvəlcə biz heç nə
başa düşmədik. Sonra özü başa saldı ki,
filmdə Şıxəli çaya düşməli idi.
Həmin
axşam səhərə kimi atam qızdırmadan yandı. Axır
ki, dava-dərmanla səhər o özünə gəldi. Anama
da ilk sözü bu oldu ki, incəsənət qurban tələb
edir. Mən dura-dura mənim yerimə başqası suya
düşməyəcəkdi ki.
Rejissor
T.Tağızadənin dediklərindən: “Həmin səhnə
payız fəslində çəkilib. Doğrudan da hava soyuq
idi. Həmin epizodu bir neçə dəfə çəkməli
olduq. Hər dəfə də suya girib çıxanda
soruşurdum ki, Əliağa, dözə bilirsənmi?
Cavabında deyirdi: “Çoxdandı ki, belə çayda
çimməmişdim.”
Görkəmli
sənətkarımız Əliağa Ağayevi tanımayan,
onu sevməyən bir azərbaycanlı tapmaq
qeyri-mümkündür. Onun iştirakı ilə çəkilmiş
filmlərə baxdıqca baxmaq istəyirsən.
Gəlin
bu böyük ustadın ekran qəhrəmanlarını
bir-bir xatırlayaq: “O olmasın, bu olsun” kinokomediyasında Məşədi
İbad, “Qara Daşlar” bədii filmində mühəndis, “Bir
məhəlləli iki nəfər”də Feyzi, “Telefonçu
qız”da fəhlə, “Koroğlu” kino-dastanında dəmirçi
Süleyman, “Axırıncı dyum” (“Lenfilm” – Fransa, 1958)
filmində epizod, “Kazbek” qutusu” kinokomediyasında Məmişov
və s. rollar yaddaşlara həmişəlik həkk olunub.
İncə
yumor və danışıq, mənalı gülüş
Ağayev yaradıcılığı üçün səciyyəvidir.
Bunu görkəmli sənətkarın istər səhnə, istərsə
də ekran qəhrəmanlarının, o cümlədən Məşədi
İbadın simasında aydın görmək olar.
“O
olmasın, bu olsun” musiqili kinokomediyasında böyük
ustalıqla və inandırıcı boyalarla
yaratdığı məşhur Məşədi İbad
obrazı aktyora geniş şöhrət
qazandırmışdır.
Böyük
Üzeyir bəyin məşhur “O olmasın, bu olsun” əsəri
əsasında ekranlaşdırılmış eyni adlı
kinokomediya bir çox ölkələrin ekranlarını gəzib,
hər yerdə də böyük müvəffəqiyyət
qazanıb. Əlbəttə, bu uğurun qazanılmasında Ə.Ağayevin
də əməyi böyükdür. Onun oynadığı baqqal
Məşədi İbad çox duzlu və milli koloritə
malik bir surətdir. Aktyor filmin bütün
epizodlarında özünə sadiq qalır.
Vaxtilə
Ə.Ağayevdən aldığım müsahibədən:
“Bakı kinostudiyasında “O olmasın, bu olsun”
kinokomediyasının çəkilişinə hazırlıq
işləri aparılırdı. Günlərin birində
filmin baş operatoru Ə.S.Atakişiyev mənim işlədiyim
M.Qorki adına Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrına gəldi. Həmin axşam
“Yağışdan çıxdıq, yağmura
düşdük” tamaşasında Hacı Qəmbər rolunda
çıxış edirdim, nökəri isə artist Əhməd
Əhmədov oynayırdı. Filmdə hambal roluna namizəd
tapılmamışdı. Elə tamaşadan sonra Ə.Atakişiyev
Əhmədin hambal roluna ən yaxşı namizəd
olduğunu söylədi və onu kinostudiyaya dəvət etdi.
Bir
neçə gündən sonra məni də Ə.S.Atakişiyevin
məsləhəti ilə kinostudiyaya, Məşədi
İbad rolunda sınaq çəkilişlərinə
çağırdılar. Məşədi İbad qiyafəsində
pavilyona girəndə aktrisa M.Kələntərli gözlənilmədən
qışqırdı: “Budur, Məşədi İbad gəldi!”
Beləliklə,
mən filmdə çəkilməyə başladım.”
Xalq
artisti L.Bədirbəylinin müsahibələrindən:
“Yəqin
çoxları bunu bilmir ki, Əliağa Ağayev
yaradıcılığa başlayarkən ona xeyir –duanı
verən görkəmli aktyorumuz Mirzəağa Əliyev olub.
Şagird də müəlliminin tövsiyyələrinə əməl
edib, onun ümidlərini doğruldub. M.A.Əliyev məktəbinin
layiqli davamçısı olub. O, Gənc
Tamaşaçılar Teatrında uzun illər işlədi.
Burada Hacı Qəmbər, Əmirqulu, bələdiyyə rəisi,
Şpibelberq kimi obrazlar yaratdı.
1961-ci
ildə o, Azərbayacn Dövlət Akademik Dram Teatrında fəaliyyətə
başladı. Bu teatrda o, Mehdi Məmmədov, Tofiq Kazımov, Ələsgər
Şərifov, Əşrəf Quliyev və başqa
rejissorların verdiyi quruluşlarda yaddaqalan surətlər
yaratdı. Teatrda “Toy”dan başlayaraq çox tamaşalarda
onunla tərəf-müqabil olmuşam.
Filmlərdə
isə Əliağa ilə iki dəfə çəkiliş
meydançasına çıxmışıq:
“Görüş”də və “Koroğlu”da.”
“Koroğlu”
filmini görənlər Ə.Ağayevin epizodik, lakin koloritli
rolunu yəqin ki, xatırlayırlar. Dəmirçi
Süleyman xalq qəhrəmanı Koroğlunun igid dəliləri
üçün qılınc hazırlayır. Aktyor bu
kiçik rolu səmimi və təbii oynayır. Qəhrəmanının
xalq işi uğrunda yenilməz qüvvəyə nalik
olduğunu incə ştrixlərlə açıb göstərir.
Ə.
Ağayev təkcə bu filmlərlə yox, ümumiyyətlə
bütün yaradıcılığı boyu nə iş
görübsə samballı, bütöv iş görüb. Onun
yarımçıq işlə heç arası yox idi. Nə
özünə rəva bilirdi, nə də başqalarına.
Bu baxımdan aktyorun 1958-ci ildə istehsal olunan “Kazbek” qutusu”
satirik komediyasında yaratdığı Məmişov
obrazı maraqlı alınmışdır. Film
qısametrajlı olsa da mənzil-istismar idarəsinin rəisi
Məmişov-Ə.Ağayev hərəkətlərində
çox sərbəstdir, danışığı da
şirindir, cəlbedicidir. O, şikayətçiləri qəbul
edərkən və ya özündən vəzifədə
böyük şəxslə telefonda danışarkən
obrazın xarakterini ustalıqla açır, sifətinin cizgiləri
ilə, jestlərlə hər bir kəsə olan münasibətini
açıq-aydın büruzə verə bilir.
Teatrda
olduğu kimi, kinoda da Ə.Ağayev öz dəst-xəttinə,
fərdi oyun üslubuna sadiq qalmışdır. Kinoda da öz
oyunundakı sadəliyinə, ifa etdiyi obrazın daxili aləminə
nüfuz edib, onu duymaq bacarığına görə fərqlənirdi.
Ona tapşırılan rollar üçün aktyor qabarıq cizgilər,
aydın ştrixlər axtarıb tapırdı.
Rejissor
Ə.S.Astakişiyevin çəkdiyi “Sehrli xalat” bədii
filmindəki “keçmişdən gəlmiş” Məmmədhüseyn
Xan obrazı Ə.Ağayev tərəfindən başqa formada
yaradılmışdır. Bu film-nağılda aktyor fantastika
üslubunu çox gözəl göstərir. Onun oyunu
nağılvari olsa da təbiidir, inandırıcıdır.
Ona görə də kino tamaşaçılarının, ilk
növbədə uşaqların hafizəsində həmişəlik
həkk olunub.
“Sehirli
xalat” film-nağılından söhbət düşəndə
erməni tamaşaçılarından birinin “Azərbaycanfilm”
kinostudiyasının rəhbərliyinə göndərdiyi məktubu
xatırlayıram. “Sehirli xalat” filmi ümumittifaq ekranlarına
yenicə buraxılmışdı. Bu film barədə ölkənin
müxtəlif yerlərindən artıq xoş xəbərlər
gəlirdi.
Bir
gün Əlisəttar müəllim mənə zəng vurub
kinostudiyaya gəlməyimi xahiş etdi. Ertəsi günü
kinostudiyada görüşərkən o, xoş əhval-ruhiyyədə
idi. Fikirləşdim ki,yəqin nəsə təzə xəbər
var. Bu vaxt Əlisəttar müəllim cibindən bir məktub
çıxarıb mənə tərəf uzatdı və
dedi: “Al, oxu. Ermənistandan göndəriblər”. Məktub
“Sehirli xalat” filminin rejissoru Ə.S.Atakişiyevə
ünvanlanmışdı. Bir erməni
tamaşaçısı filmdə səslənən sözə
münasibətini, daha doğrusu etirazını bildirmişdi.
Filmdə
belə bir səhnə var: Rəşid xanın sarayına
düşəndən sonra xanı da götürüb geri
qayıtmaq istəyir. Bunun üçün onların hər
ikisi xalata bürünəndən sonra aralarında belə bir
dialoq olur.
Rəşid:
- Çitrakuta, çitrakuta, işvara!
Xan:
– Çitraxuda, çitraxuda, işvərə!
Rəşid:
– Ayravana...
Xan: –
İrəvana gedirik?
Rəşid:
– Yox ey!...
Sən demə, xanın pionerdən “İrəvana
gedirik?” soruşması erməninin şəstinə
toxunubmuş.
Məktubda yazılmışdı: “Siz nəyə görə
filmdə Yerevanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var? Məgər ayrı şəhərin adını
çəkə bilməzdinizmi? Elə Azərbaycanın
özündə o qədər şəhər var ki...”
Ə.S.Atakişiyev
bir an susub, sonra dedi: “İstəyirəm bu
tamaşaçıya bir tutarlı cavab yazam.” Onun iş
otağında oturub erməni tamaşaçısına
tutarlı bir cavab yazdıq. Yazdıq ki, ermənilər
sonradan İrəvan xanlığına, Qarabağa
köçüb bu yerlərdə yurd salıblar. Lap sonralar sovet hökumətinin
başçıları tərəfindən Zəngəzur,
Göyçə də onlara verilib. Halbuki
bu torpaqlar əzəldən Azərbaycanın olub. Filmə
gəldikdə deməliyəm ki, burada heç də İrəvandan
söhbət getmir, xan sadəcə olaraq “Ayravana”
sözünü “İrəvan” kimi başa düşüb...
o cümlədən siz də...”
İstedalı
aktyor sonrakı illərdə “Əhməd haradadır?”
kinokomediyasında çal bığlı xəzinədar,
“Qanun naminə” kinopovestində Məmmədxan, “Bizim Cəbiş
müəllim” filmində Əbülfəz, “Dəli Kür”də
kəndli, “Bizim küçənin oğlanları” televiziya filmində
Mehdi, “Evlənmək istəyirəm” kinokomediyasında Kərbəlayi
Zal, “777 nömrəli iş” satirik-yumoristik filmində
rüşvətxor rəis rollarında çəkilmişdir.
Vaqif
Ağayevin dediklərindən: “Atam çox gözəl sənətkarlarla
tərəf-müqabil olub. İstər teatrda,
istərsə də kinoda. Bir dəfə
aktyor İlham Namiq Kamalla köhnə “İnturist”in yanında
idik. Burada rejissor A.İsgəndərovla
rastlaşdıq. Adil müəllim dedi ki, atan evdədirsə,
zəng elə, tez bura gəlsin. Onunla işim
var.
Zəng etdim. Atam gəldi. Atamın
Adil müəllimə çox böyük hörməti
vardı. A.İsgəndərov dedi: “Əliağa, qadam,
“Əhməd haradadır?” filmini çəkirəm. İstəyirəm ki, bir balaca epizodda səni çəkəm.
Bircə günlük işdir...”
Sonralar Adil müəllim mənə
danışırdı ki, çəkilişə
hazırlaşırdıq. Bir də gördüm
ki, Əliağa gəlir. Başı
keçəl, çiynində də pencək. Özü ilə yekə bığ da gətirib.
Soruşdum ki, qadam, bu nədir belə.
Cavab verdi ki, indi görəcəksən.
Sonra da tapşırdı ki, ona bir qoyun gətirsinlər. Qoyunu çoban özü gətirdi
və dedi: “Əliağa müəllim, qoyun sizə
qurbandır.” Əliağa üzünü kino işçilərinə
tutub: “İç-ciyər mənim, qalanı sizin” – dedi. Qadınlara iç-ciyəri bişirtdirdi və
xörəyi götürüb girdi kassaya. Sonra
üzünü A.İsgəndərova tutub dedi: “Adil müəllim,
indi çəkə bilərəsən.”
Mən mat-məhəttəl qaldım. Mən beş-on dəqiqəlik
iş bilirdim bunu. Amma Əliağa əməlli-başlı
dəstgah açmışdı. Bu kiçicik xəzinədar
rolunu da elə oynadı ki.... Filmin digər
personajları ilə birgə xəzinədar da yaddaşlarda
qaldı.
Moskvada filmi təhvil verərkən məhz Əliağanın
xəzinədarı kino mütəxəssislərinin çox
xoşuna gəlmişdi.”
Rejissor Muxtar Dadaşov yazıçı S.Rəhimovun
“Mehman” povestinin motivləri əsasında “Qanun naminə” bədii
filminə quruluş verərkən Məmmədxan roluna Ə.Ağayevi
dəvət etmişdi. Aktyor hələ ssenari ilə tanış
olarkən demişdi ki, bu Məmmədxan yaman ürəyimə
yatır.
Filmə çəkiləndən sonra bu obraz haqqında
ürəkdolusu danışar və deyərdi ki, Məmmədxan
yaradıcılığımda xüsusi yer tutacaq. Çünki mən bu
personaj vasitəsilə ekranda yeni ampluada-dramatik rolda öz
qüvvəmi sınamışam...
Olduqca qorxaq və eyni zamanda dövlət malını
talayan Məmmədxan əmisi Qaloşun fitvasına getdiyi
üçün çıxılmaz vəziyyətə
düşür. O, cinayət törədir, özü də qətlə
yetirilir. Ə.Ağayev komik xarakterli aktyor olsa da
Məmmədxanın dramatizmini onun düşüncəsində
və təbiətində göstərməyə müvəffəq
olmuşdur.
Vaqif
Ağayevin dediklərindən: “Əvvəla onu deyim ki, atam
qaraqabaq adam olub. Bəzən
mənə deyirdilər ki, Ağayevlər ailəsinin
günü gülüş içərisində keçir.
Onun adi danışığı belə adamda
gülüş doğurur. Amma biz bunu evdə hiss etmirdik.
Atam çox ciddi və tələbkar idi.
Şit zarafatlardan xoşu gəlməzdi. Həmişə
deyərdi ki, aktyor istər səhnədə, istərsə də
ekranda gərək təlxəklik eləməsin. Komik aktyorun ciddi oyun tərzində gülüş
öz əksini tapmalıdır.
“Bizim Cəbiş müəllim” filmindəki maraqlı
personajlardan birini - Əbülfəzi yəqin ki,
xatırlayırsınız. Atam bu surət
haqqında çox danışırdı. Əbülfəz onun sevdiyi personajlardan biri idi.
O öz ifası ilə tamaşaçıda Əbülfəzə
qarşı nifrət hissini oyada bilmişdi.”
Qəribə
də olsa biz mənfi tip olan Əbülfəzə o qədər
də nifrət bəsləmirik. Onun
davranışına, hərəkətlərinə,
danışığına gülürük. Bu, filmdə aktyorun oyunundakı sadəliyindən, təbiiliyindən,
yaratdığı surətin daxili aləminə nüfuz etmək
və onu duymaq bacarığından irəli gəlir. Ona görə də Ə.Ağayevin
yaratdığı qəhrəmanlar çox təbii
alınır, yapışıqlı, ifadəli təsir
bağışlayır. Onun personajları
şarjdan, karikaturaçılıqdan, şablonçuluqdan
uzaq olur.
Filmdə bazar səhnəsini xatırlayaq. Alverçi Əbülfəz
hinduşkanı satmaq üçün bazara
çıxarıb. Bu vaxt Kubinkada tutatut
başlayır. Əbülfəz
hinduşkanı atıb aradan çıxmaq istəyir. Onun milislə dialoqu da maraqlıdır.
Milis: – Vətəndaş,
bu hinduşka sizindir?
Əbülfəz:
– Xeyir. Sənin canunçun mənim degil. Mənimki olseydi, gələrdi yanıma.
Sonra Əbülfəz
milisə sənədlərini bir-bir təqdim edib deyir:
“Bu mənim azad olmaq haqqında arayış, öd kisəmdə
daş, qripki.
Yəni göbələk, bu da sidik kisəmdə daş...”
Aktyor bütün bu sənədləri elə şəkildə
təqdim edir ki, elə onun danışığı artıq
tamaşaçıda gülüş doğurur.
Baxmayaraq ki, Ə.Ağayev artıq 30 ildir ki, aramızda
yoxdur.
Tamaşaçı onun vaxtilə kinoda yaratdığı hər
bir surətin yolunu intizarla gözləyir və bu sənətkarla
hər dəfə ekranda görüşəndə
istedalı aktyorun yaradıcılığının yeni-yeni
cəhətləri ilə tanış
olur.
Elə götürək “Evlənmək istəyirəm”
kinokomediyasındakı qarodovoy Kərbalayi Zalı. Ə.Ağayevin
ifasında bu surət nə qədər təbii və səmimidir.
Əliağa müəllim klassik yazıçmız Ə.B.Haqverdiyevin
əsərlərini çox sevirdi. “Bomba” hekayəsi
dilinin əzbəri idi. O, həmişə deyərdi: “Əgər
Azərbaycan kinematoqrafçıları heç uzağa getməyib
elə öz klassiklərimizin əsərlərini
ekranlaşdırsalar, elə gözəl filmlər meydana
çıxar ki...
Rejissor C.Mehdiyev “Evlənmək istəyirəm”
kinomediyasında qarodovoy Kərbalayi Zal rolunu Ə.Ağayevə
tapşıranda uşaq kimi sevinmişdi. Hər gün
çəkilişdən evə qayıdanda film haqqında,
rolu barədə ailə üzvlərinə mütləq
söhbət açardı.
Aktyor bu surəti ekranda xüsusi ilhamla və ehtirasla
yaratmışdı. “Evlənmək istəyirəm”
kinokomediyası Ə.Ağayevin kinoda çəkildiyi son film
oldu. Həyat yoldaşı Cəvahir
xanımın dediyinə görə, bu filmin çəkilişlərinə
xəstə olduğu halda da gedirdi. Onu evdə
saxlaya bilmirdik. “Siz nə
danışırsınız, mən Kərbalayi Zalın
yolunu görün neçə illərdir ki, gözləyirəm.
İndi deyirsiniz ki, işlərimi
yarımçıq qoyum” – deyirdi.
Film maraqlı alınmışdı. Ə.Ağayevin oyununa isə
söz ola bilməzdi: Kərbəlayi
Zalın daxili aləmi ilə xarici əlamətləri biri-digərini
tamamlayır, bunlar isə aktyorun ifası ilə birləşərək
gülüşə səbəb olur.
Kinorejissor
Tofiq İsmayılovun 1973-cü ildə quruluş verdiyi “Bizim
küçənin oğlanları” televiziya bədii filmi bir kəndin
ayrı-ayrı küçələrinin özünəməxsus
məhəlli adət-ənənələrindən,
yaşayış tərzindən, eyni küçədə,
eyni şəraitdə böyüyən məhəllə
uşaqlarının gələcək talelərindən, kimin
hansı mənsəbə çata biləcəyi
ehtimalından söhbət açır. Burada
orta məktəbi bitirib, həyatda öz yerini tapmağa
çalışan kənd cavanlarından söhbət gedir.
Burada eyni
zamanda övladlarının ali məktəbə
hazırlaşması üçün hər cür şərait
yaratmağa çalışan valideynlərdən də danışılır.
Filmdə belə valideynlərdən
birinin-qayğıkeş ata Mehdi kişinin surətini aktyor Ə.Ağayev
yaratmışdır.
Xalq artisti Ə.Ağayev 60-cı illərin sonunda həmkarları
Bəşir Səfəroğlu, Müxlis Cənizadə və
Ofelya Məmmədzadə ilə birgə Azərbaycan Dövlət
Filarmoniyası nəzdində “Gəlməli, görməli,
gülməli” Miniatür satirik Teatrını
yaratmışdılar. Onlar müxtəlif kiçik
tamaşalarla respublikamızın şəhər və
rayonlarında çıxışlar edirdilər.
Görkəmli aktyor nikbin əhval-ruhiyyəli bir insan
idi. O. Teatrda
tamaşalarda oynayır, filmlərə, o cümlədən
“Mozalan” satirik kinojurnalının süjetlərinə çəkilir,
televiziya və radio ilə tez-tez çıxış edirdi.
1992-ci ildə “Mozalan” studiyasında C.Mirzəyevin
rejissorluğu ilə “777 nömrəli iş” satirik-yumoristik
film yaradılır. Bu, “Mozalan” satirik kinojurnalında çəkilmiş
bir sıra maraqlı süjetlərdən istifadə olunaraq
lentə alınan tammetrajlı bədii səpgili filmdir.
Filmin qəhrəmanları “Mozalan”da olduğu
kimi, yenə də maymaqlar, rüşvətxorlar,
bürokratlar, fırıldaçılar və
başqalarıdır.
Bu filmdə Ə.Ağayevin yaratdığı personaj
bürokratdır. O, süründürməçiliklə məşğul
olduğu üçün müştəri tərəfindən
cəzalandırılır.
Böyük
sənətkar, gülüş ustası, məşhur komik Əliağa
Ağayev bahar bayramı günündə dünyaya göz
açsa da, 1983-cü ilin payız günlərinin birində,
noyabrın 13-də həmkarları ilə birgə kafelərin
birində yeyib içdiyi, deyib güldüyü yerdə qəflətən
dünyasını dəyişir.
Bu gün sevimli sənətkarımız Əliağa
Ağayev aramızda olmasa da öz əvəzsiz rolları ilə
həmişə xatırlanacaq və böyük hörmətlə
yad ediləcəkdir.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Kaspi.-2013.-13-15 aprel.-S.22-23.