“Xarakterimin zəifliyi ucbatından ailə saxlayan bir insan da olmamışam” 

 

“Sənət paltar geyinib səhnədə doğuma hazırlaşan qadın kimi özünü göstərmək qədər cılız deyil”

 

Bu dəfəki müsahibim uzun müddətdir ki, sənət aləmindən kənar düşən, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qaraciyər xəstəliyindən müalicə alan respublikanın əməkdar artisti Tofiq Qarayevdir. Bizimlə söhbətə başlamazdan Tofoq müəllim, öncə ona sual ünvanlamağımızı istəmədi və şablon suallar eşitməkdən artıq yorulduğunu söylədi. Aktyorun simasında yorğunluq, qəm-kədər, əziyyətin ən dərin qatlarına vardığı duyulurdu. Qarşılaşdığımız mənzərə heç də ürəkaçıcı deyildi. Bizi xəstəxananın mətbəxinə çay stoluna dəvət edən T.Qarayev jurnalistlərə və televiziya kanallarına küskün olduğunu bildirdi. Söhbətimizə qatılan xəstəxananın həkimi hazırda aktyorun evinin olmağından, Sulutəpədə yarı ac, baxımsız kirayədə yaşamasının onun səhhətinə həddindən artıq ziyan gətirdiyini dilə gətirdi. Həkim bizə Fatma Mehrəliyevanın həyatını nümunə göstərdi. Belə ki, onu vaxtında heç kimin qiymətləndirmədiyini, ölümündən sonra da şəninə məqalələr, verilişlər həsr olunduğunu söylədi: “Aktrisa Fatma Mehrəliyeva xəstə olanda onu heç kim axtarmırdı. Fatma xanım Qubadakı evinə gedib, özünə qapıldı. Həyatının son günlərini yaşadığı zaman sənət dostları onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına dedi ki, “Siz mənə hansı qapını açdınız ki, bu gün mən də sizin üzünüzə qapı açım?”. Sənətkara ölümündən sonra qiymət verməyin”. Həkimin bu sözlərindən sonra T.Qarayev Fatma xanımın taleyinin də ona bənzədiyini söylədi. Gördüyümüz qədəri ilə aktyorun deməyə sözü çox idi. Ancaq problemlərinə çarə tapılmayacağını özü dilə gətirirdi. Mikrofonu ona tərəf uzatdıqda isə mikrofona çıxış etməyə etiraz etsə də, sonradan könlünü ala bildik.

 

Yaşamaq istəmirəm

 

- ...Respublikanın əməkdar artisti adını alanda 27 yaşım var idi. Əməkdar artist adını ulu öndərimiz Heydər Əliyevin özü mənə təqdim edib. Bu adı mənə məhz o layiq görüb. Hazırda xəstəxanada yaşayıram. Burada işləyən həkimlər mənə dayaq durub, qayğıma qalırlar. Sulutəpədə bir ev kirayə götürmüşəm, 120 manat hər ay oraya kirayə haqqı verirəm. İndi başımı komanın içərisindən içəri salmağa evim yoxdur. Evlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim, dedilər ki, ev məsələlərinin həll olunmasına biz baxmırıq. Hər yerə müraciət etmişəm, hətta Prezident Aparatına da. Onlar da deyirlər ev məsələsi bizim səlahiyyətimizdə deyil.

- Tofiq müəllim, Ağdamda nələri itirdiniz?

- Ağdam möhtəşəm bir şəhər idi. Bütün həyatım Ağdamın işğalı ilə bitdi. 1993-cü ildən Ağdam ermənilərə veriləndən sonra mən buz kimi əridim. Gərək Lev Tolstoy “Canlı meyid” əsərində əsas qəhrəmanın adını Tofiq Qarayev yazardı. L.Tolstoy zamanında mənim kimi sənətkarları görüb ki, o əsəri yazıb. Həmin dövrün sənətkarları ona görə klassik sənətkar adlanır ki, onların yazdığı əsərlər daima öz aktuallığını qoruyub saxlayır. Baxmayaraq ki, onlar XVIII, XIX əsrlərdə yaşayıblar. Həmin yazıçıların əsərləri bizdən sonra da oxunacaq. Deyirlər XXI əsr kompüter əsridir, evimdə işığım, suyum gəlmirsə, bu gün rahat yaşaya bilmirəmsə, neyləyirəm XXI əsrdə yaşamağı?

- Teatra axırıncı dəfə nə zaman getmisiniz?

- Sonuncu dəfə Pantomima Teatrında Bəxtiyar Xanızadənin hazırladığı tamaşaya baxmışam. Ümumiyyətlə, Azərbaycanda Bəxtiyar Xanızadə kimi teatrı anlayan rejissor tanımıram. Çünki o, musiqi duyumu ilə insan mənəviyyatına, onun daxili aləminə vara bilir. Mən teatr sənətini və musiqini gözəl bildiyim üçün yaxşı tamaşanı pis tamaşadan seçə bilirəm. Bəxtiyar Xanızadə mənə söyləmişdi ki, mənim ən böyük arzum səninlə maraqlı bir monumental tamaşa hazırlamaqdır. Onun sözlərinə görə, hazırlayacağımız tamaşa bütün dünyaya səs salacaqdı. Bu sənətin yaşadığını insanlara sübut edəcəyini söyləmişdi. Sənət paltar geyinib səhnədə doğuma hazırlaşan qadın kimi özünü göstərmək qədər cılız deyil. Sözüm isə özlərini aktyor adlandıran Rafael və Coşqunadır. Hər şeyin öz yeri var. Qadınlarımızı az məsxərəyə qoyun! O qədər gözəl parodiyalar var ki. Başqa üslublara müraciət etsinlər. Bu aktyora yaraşmaz.

 

46 manat 50 qəpiklə dolanıram

 

- Tofiq Qarayevin simasında Azərbaycan nəyi qazana bilərdi, nəyi itirdi?

- Nəyi qazanmışam ki, nəyi də itirim? Teatr kimə lazımdır axı? Zamanında Qədir Rüstəmov haqqında çox söz-söhbətlər gəzirdi. Həmin ərəfələrdə maestro Niyazi öz yazısında qeyd etmişdi ki, “Qədir Rüstəmovun sənətini anlamaq üçün gərək iki insan ömrü yaşayasan. Bəlkə onda başa düşəsiniz ki, sənət nədir”. Demək ki, onun yaradıcılığını anlamaq üçün insana 150 il vaxt lazımdır. İndi hər kəsi pul maraqlandırır. Karl Marks deyir ki, “Əgər mən pulu gözlərimlə görməsəydim, deyərdim ki, o, Allahdır”. İnsanlar da bu gün o əqidə ilə yaşayır. Bu gün dostlarım sayəsində yaşayıram. Hazırda dövlətin mənə heç bir yardımı toxunmur. Respublikanın əməkdar artisti adına görə dövlət mənə ayda 30 manat pul verir. 16 manat 50 qəpik də çörəkpulu verir. Ayda 46 manat 50 qəpiklə və heç bir teatrda da işləməməklə necə dolana bilərəm? Bu gün sənətə verilən hansı qiymətdən danışım? Ağdamda işlədiyim zamanlar ən çox qazanan aktyorlardan sayılırdım. Çoxlarına əl tutub çörək vermişəm. Xarakterimin zəifliyi ucbatından ailə saxlayan insan da olmamışam. Hər kəsin ailəsi var deyə istəmişəm ki, mənim də ailəm olsun. Ancaq bəxtim bu tərəfdən də üzümə gülmədi. Həyatda iki dəfə evlənmişəm. Evləndiyim qadınlarla mənim tələblərim üst-üstə düşməyib. Ona görə də xoşbəxt ola bilmədim.

- Simuzər xanımı indi necə xatırlayırsınız?

- Simuzər xanım mənim birinci həyat yoldaşım idi. O barədə danışmaq istəmirəm. Danışdıqca xatirələr gözümün qarşısında canlanır. Özümü yaxşı hiss etmirəm. Ondan sonra ikinci dəfə Fatma xanımla evləndim və 18 ildir ki, ayrılmışıq. Bilirsiniz, insan çiy süd əmib. Bir insanı ki, çirkabın içərisindən çıxardıb evinin xanımı edəsən, o da sonunda səni bəyənməyə. Neynirəm belə həyat yoldaşını? Sənət aləmində işləyən qadınlarla ailə həyatı qurmaq çox çətindir. İstər teatr, istər musiqi sənəti ilə məşğul olan qadınların həyatı çox çətindir. Çünki o, insanların xarakterləri çox dalğın olur. İndi iki qızım var. Kiçik qızım Nigar Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Anası ilə birgə “Bacanaqlar” serialında iştirak edir. Qızım həmin serialda Sevda obrazını canlandırır. Nigar kimi mahnı oxuyan, gözəl səsə malik ifaçı çox az tapılar. Teymur Əmrah ona musiqi dərsi keçir. O da Nigardan çox razılıq edir. Böyük qızım İntizar isə Ankarada yaşayır, evlidir. Onun oxuduğu ariaları Fidan və Xuraman Qasımova bacıları çox bəyənir. Bu bacarıq isə onlara qandan keçib.

- Deyirlər dost dar gündə tanınar. Siz dar gündə hansı sənət dostlarınızı tanıdınız?

- Sənət dostlarımın demək olar ki, əksəriyyətindən incimişəm. Misal üçün Aydın Dadaşov məni çoxdandır axtarmır. Neçə illərdir ki, xəstəyəm. Məni bir dəfə də olsun axtarıb, aramayıb. İnsan uman yerdən küsər. Hər yerdə məni tərifləyir, ancaq telefonu əlinə alıb mənə zəng vurub halımı soruşmur. Mən çəkdiyimi artıq çəkmişəm. Mənə sual verib, cavab almağınızın nə mənası var ki? Teatr aləmində son 20 ildə təmiz bir insan görmədim. Hər kəs özünə dayaq axtarır ki, ona rol versinlər, vəzifəsinə toxunmasınlar.

-Xəstəxanadan çıxdıqdan sonra sizi teatra dəvət etsələr gedərsinizmi?

- Hansı teatra?

- Ümumiyyətlə.

-Məsələn?

- Akademik Milli Dram Teatrına.

- Açığı orada oynamağı istəmərəm. Hərdən yolum “beşmərtəbə”nin yanından keçdikdə o binada keçirdiyim xatirələr yadıma düşür. O binanın yanında “Fərhad” kafesi var idi. Ora biz hər zaman içməyə gedirdik. Hər dəfə ordan yolum düşdükdə Azərbaycanın böyük sənətkarları yadıma düşür. Tofiq Tağızadə “O dünyadan gələn səs” filmini çəkərkən Kefli İsgəndər obrazını mənə həvalə etmişdi. Hər kəs Tağızadəyə söyləyirdi ki, Tofiq bu obrazın öhdəsindən layiqincə gələcək. Sonra Türkiyədən bir aktyor gəldi, o da mənim üstümdən xətt çəkdi. Həmin dövrlər Leyla xanım Bədəlbəyli mənə daha əziz idi. Ondan anamın qoxusu gəlirdi. Anamın, nənəmin və Leyla Bədəlbəylinin qoxusunda sanki qayğı var idi.

- Buradan çıxdıqdan sonra nə etməyi fikirləşirsiniz?

- Bayaq dedim, Sulutəpədə kirayə ev tutmuşam. Yəqin ki, ruhsuz cəsədimi o evdən götürəcəklər. İyul ayının 2-də 60 yaşım tamam olacaq. Əvvəllər toylara gedirdim. İndi xəstəliyimlə əlaqədar gedə bilmirəm. May ayının 13-nə kimi evin kirayəpulunu vermişəm. İncəsənət qurban tələb edir. Mən bu yolu öncədən seçmişdim, ancaq sonunun belə olcağını heç zaman düşünməzdim.

- Yəqin ki, teatrın və sizin yubileyinizlə əlaqədar bu il sizə təqaüd də verilər.

- Teatrın 140 deyil, 240 yaşı olsa belə bu gündən sonra mənə teatr lazım deyil. 45 illik teatr mənə nə verdi ki? 140 illik teatr da nə versin. Gözümü açandan bu sənətdəyəm. Axı bu sənət mənə nə verdi? Özümü bəzən Rəmişin həyatına bənzədirəm. O da mənim kimi dəfələrlə çirkaba düşüb, özü-özünü həmin çirkabdan çıxarıb.

- Rəmiş indi fəaliyyətdədir!

- Çünki Rəmişin yanında Güllüsü var. O, Rəmişə həyan olur. Mənim isə heç bir həyanım yoxdur.

- Tofiq Qarayev bu gün öz tamaşaçıları tərəfindən unudulubmu?

- Öz dövrünün tamaşaçıları tərəfindən Tofiq Qarayev heç bir zaman unudula bilməz. Ancaq yeni nəslin aktyorları məni çətin ki, tanısınlar. Son 17-20 il ərzində fəaliyyətə başlayan gənc nəsl məni tanımır. Onlara da ağsaqqallar və sənətin qədrini bilən insanlar mənim haqqımda danışıblar. İndi teatr sahəsində hər şey dəyişib. Bu gün tamaşaçıların səviyyəsi də başqalaşıb. Tamaşaçılar teatra deyil, Elza Seyidcahana və onun kimilərinə meyilləniblər. “Ay Zaur” kimi verilişə baxan tamaşaçıdan bu gün mən nə gözləyim? Bəzən televiziyada görürəm ki, Əli Mirəliyev təkbaşına Elza kimi müğənnilərlə mübarizə aparır. Əli Mirəliyev çox enerjili və səbrlidir. Əli Mirəliyev özündə məktəb gəzdirir. Mən televiziyalardan və qəzetlərdən böyük küskünlüyüm var. Qoy onlar da məndən bəhs etməsinlər. Onsuz da bilirəm ki, sizin mənim haqqımda yazdığınız məqalələrin və məlumatların heç kimə bir xeyri olmayacaq. Bu nifrəti onlar özləri qazanıblar. Bu günə kimi media nümayəndələri harada ididlər? İyirmi ildə çox şeyi anladım. İnsanların sənətə münasibəti demək olar ki, qalmayıb. Məgər insan yıxılanda onu bu qədər məhv edərlər?

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-13-15 aprel.-S.11.