Kral öldü,
pərdə qapandı
86 yaşlı Nodar
Şaşıqoğlu onu sevən
tamaşaçılarına həmişəlik vida etdi
Uzun illər
yaşadığı Sankt-Peterburqdan və
15 il işlədiyi “İmperator”
teatrındakı fəaliyyətindən bezdiyindənmi,
yorulduğundanmı yenidən Bakıya dönəndə görüşmüşdüm onunla. Bir neçə ilin söhbətidir. Kinomuzun
doğma və tanış siması - Nodar Şaşıqoğlu onda
köhnə "İnturist"
mehmanxanasında yaşayırdı. Deyirdi
ki, yaxınlarda hökumət ona ev verəcək. Verdilər
də.
Heç
nəyə rəhm etməyən zaman öz işini
görmüşdü - seyrəkləşən saçı
bəm-bəyaz, üzündə dərin qırışlar,
baxışları dalğın və kədərli idi. Sanki
illərin uzaqlığında qalan məşhurluğunun,
coşqun gəncliyinin həsrətini çəkən
siması vardı. Amma danışdıqca yalnız ekrandan
tanıdığım qəhrəmanımızın
heç kəsə açıqlamadığı keyfiyyətlərini
tanıdım, heç kəsə səslənməyən
etiraflarını eşitdim. İstənilən adamı və
yeri asanlıqla tərk edən, səadətə də, əzaba
da tez öyrəşən, heç nəyə görə
nostalji hisslər keçirməyi sevməyən və ən
pis anlarda yalnız fantaziyalarının onu xilas edəcəyinə
inanan bir insan kəşf etdim özümçün! “Daha bura
həmişəlik gəlmişəm. Sankt-Peterburqdakı
karyeramı bitirmişəm. Əvvəla, nəsillər dəyişib.
Mənim səhnə yaşıdlarımın hamısı
dünyadan köçüb. İndi ora tamam başqa
teatrdır. Ölçülər dəyişib, yeni artistlər
gəlib. İndi o artistlərdir ki, onların səsini
heç üçüncü sırada da eşitmirlər.
Adlarını da müasir aktyorlar qoyublar”- deyə sakitcə
gileyləndi.
Kino
planları yox idi. Kino artıq onu maraqlandırmırdı.
Kino onun üçün keçmişdə
qalmışdı, tarixə dönmüşdü. Amma bekar
oturmaq həvəsində də deyildi. “Onsuz da faktiki olaraq nə
kino var, nə də kinoteatrlar işləyir. Olsa da gedib qəpik-quruş
alacağam. Bir çəkiliş üçün 50 dollar
ve-rirlər. Halbuki mən bu sahənin peşəkarıyam.
Tamaşada oynamaq lazımdır” dedi.
Onda
Rus Dram Teatrında “Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə
başlayacaqdı. Tamaşa səhnəyə qoyuldu. O da Kral
Lir obrazı ilə səhnəyə çıxdı.
Özünün dediyi kimi: bu, “qu quşunun son nəğməsi”
kimi onun vida tamaşası oldu.
Nodar
Şaşıqoğlunun Azərbaycanla qohumluq əlaqələri
vardı. Azərbaycan dramasının
yaradıcılarından biri - Ülvi Rəcəb əmisi
idi. “Qanımda çox qarışıqlar var - türk, Azərbaycan,
rus. Anam isə gürcüdür. Mən Türkiyə ilə
sərhəd olan Acarıstanda doğulmuşam.
Acarıstandakılar elə türklərdir. Onların dili də
türk dilidir. Amma o vaxt türkləri düşmən
sayırdılar. Atam yarı türk, yarı azərbaycanlı
idi. İndi anlayıblar ki, onlar eyni millətdir. Film
olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm
olmayacaqdı” etirafından da çəkinmədi.
Nodar
Şaşıqoğlu ilk növbədə teatr aktyoru idi. Fikri
bu idi ki, teatrda çalışmaq kinoda çəkilməkdən
daha çətindir. “Teatr tamam başqa aləmdir. O qədər
məşhur kino aktyorları var ki, onlar teatrda oynaya bilmirlər,
ya səsləri çatmır, ya da açıq səhnədə
təbii oynamağı bacarmırlar. Kinoda elə-belə rol
oynamaq pul qazanmağın ən asan yoludur. Ancaq aktyora ciddi rol
düşübsə, onda yaxşı filmin alınması
üçün xeyli zəhmət çəkməli olursan”
deyirdi.
Onu
Azərbaycana tanıdan və sevdirən "Uzaq sahillər"də
filmindən məhəbbətlə danışırdı. Bu
filmə yol təsadüfdən yaranıb. Filmin ikinci rejissoru
Rəşid Atamalıbəyov bir gün onun “Taqanka”da
oynadığı tamaşaya baxıb. Sonra Mehdi Hüseynzadə
roluna aktyor axtardıqlarını bildirib. O vaxt adı
afişalarda Nodar Şaşıq kimi yazılsa da, Atamalıbəyovla
tanış olanda təsadüfən özünü Nodar
Şaşıqoğlu kimi təqdim edib. Elə o vaxtdan da bu
soyadla tanınıb. Tofiq Tağızadə ilə
tanışlıqdan və sınaq çəkilişlərində
iştirakdan sonra Mixaylo roluna təsdiq olunub. “Mən "Uzaq
sahillərdə" filmində çox böyük zəhmət
çəkmişdim. Bu film bir neçə nəsli tərbiyə
edib. Elə indi də. Özümü tərifləmirəm,
cavan bir oğlanın ağır bir rolu peşəkarcasına
necə oynadığına həmişə təəccüblənirdim.
Bu film Azərbaycan kinosu tarixində tamamilə başqa səhifədir
və artıq kulta çevrilib”- deyə qürurunu gizlətmirdi.
Film ona doğrudan
da olmazın şöhrət gətirmişdi. Mehdinin obrazı
onunla eyniləşmişdi.
“Hamı əmin
idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim.
Düzdür, mən haradasa
mövcud şəraitdə
özümü oynayırdım”.
Filmin "Nizami"
kinoteatrında keçirilən
premyerasından sonra qazandığı şöhrəti
də unuda bilmirdi: “Biz o filmlə Daşkəndə festivala
getdik. Film göstəriləndən
sonra insanlar üstümə tökülüşdü.
Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi,
maşını qaldırıb
apardı. İnanırsınız?
Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam
əlindən yer olmurdu. Çox çətin idi”.
“Uzaq sahillərdə”
onun Azərbaycan kinosuna vizit kartı olub. Sonradan dalbadal "Əsl
dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim
küçə", "Leyli və Məcnun"
filmlərinə çəkilib.
Aktyor kimi isə daha
çox "Leyli və Məcnun" filmindəki rolunu xoşlayırdı. “Leyli və Məcnun"da
daha çox əmək sərf elədim. Orada klassika, Füzuli,
qəzəllər vardı.
Faktiki olaraq bütün film boyu monoloqlarla danışmışam. Məcnunu bir
də ona görə sevirdim ki, film rus dilində
də səsləndirildi
və mən səsləndirmədə öz
səsimlə danışdım.
Təbii
ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə
effekt daha yaxşı alınır”.
Marağımı boğa bilməyib keçmişdə qalan sevgiləri haqqında da soruşmuşdum. Filmlərdəki qəşəng tərəf
müqabilləri, onlarla
münasibətləri ilə
maraqlanmışdım. “Hə, bilirəm
nəyə işarə
vurursunuz...” - deyə köksünü ötürdü.
Sonra dalğın-dalğın,
bir daha əlinin çatmayacağı
o illərə boylandı:
“Özümə qəti
qadağa qoymuşdum
- heç bir tərəf müqabilimlə
heç bir əlaqəyə girməməliyəm.
Demirəm ki, müqəddəs
idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin
yaranması nəyimə
lazım idi? Düzdür,
hər gün bir təzə qızla görüşürdüm,
amma onların heç biri tərəf-müqabilim olmayıb.
Qalmaqalsız daha yaxşı
idi. Anjelika da qəşəng
qız idi. Amma özümü saxladım.
Hər tərəf gözəl qızla dolu idi”. Rəsmən üç dəfə
evli olduğunu da gizlətmədi.
Qəribəsi bu idi ki,
heç nəyin həsrətini çəkmirdi. “ Deyirlər ki, səhvlərdən öyrənirlər.
Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri edərdim”
- dedi.
İndi budur... etiraflarla, sevgilərlə, səhvlərlə,
ehtirasla, həyata və sənətə məhəbbətlə dolu
həyat sona çatdı. Lap teatrdakı
kimi – pərdə qapandı. Həyatı
olduğu kimi yaşayan 86 yaşlı Nodar Şaşıqoğlu
onu sevən tamaşaçılarına həmişəlik
vida etdi. Özünün dediyi kimi, heç nəyə gözü qalmadı...
Təranə Məhərrəmova
Kaspi.-2013.-13-15 aprel.-S.8.