Ümummilli lider Heydər
Əliyev türkdilli xalqların ədəbiyyatı
və mədəniyyətinin ən böyük
hamisi kimi
Türkdilli
xalqlar ən qədim zamanlardan Avrasiya məkanının
çox böyük hissəsində yaşayaraq bəşər
mədəniyyətinə misilsiz töhfələr vermiş,
onu daim zənginləşdirmişlər. Tarix boyu türk
xalqları təcavüzlərlə, bəzən
varlıqlarını təhlükə altına alan
müharibələrlə qarşılaşmışlar.
Lakin xalqlarımızın dərin qədim tarixi köklərlə,
mənəvi tellərlə bir-birinə
bağlılığı onları zamanın bütün
sınaqlarından qalibiyyətlə çıxarmışdır.
Çoxəsrlik
tariximizdə türkdilli xalqları yaşadan, türk
dünyası vəhdətini qoruyub saxlayan ən əsas
bağlar ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır
desək, yanılmarıq. Çünki türkdilli xalqlar
tarix boyu insan fəaliyyətinin bütün sahələrində
öz istedadlarını, biliklərini, bacarıqlarını
göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq
nümunələri, tarixi-memarlıq abidələri, bədii
əsərləri, musiqiləri ilə bəşər tarixinə
parlaq səhifələr yazmışlar. Bu tarixi uğurlarda
türk xalqlarının şairlərinin və
yazıçılarının xidməti çox
böyükdür.
Digər
tərəfdən, artıq bəşər tarixi sübut
etmişdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini,
mədəniyyətini yaşadan, inkişaf etdirən onun
dilidir. Türk xalqlarının əvəzsiz mənəvi sərvəti
olan ortaq dilimizi isə yaşadan və inkişaf etdirən
şairlərimiz, yazıçılarımızdır. Təsadüfi
deyildir ki, biz türkdilli xalqların böyük mədəniyyəti
haqqında danışarkən ilk növbədə onların
yaratdıqları bədii əsərlərə istinad edir,
nümunələr gətirir və təbliğ edirik.
“Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu”
dastanları, dahi Nizami Gəncəvi, Yunus İmrə, Əlişir
Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay Kunanbayev və
s. kimi söz sərraflarının əsərləri
türkdilli xalqları dünyada tanıtmış və
onların yaratdıqları sənət inciləri nəsildən-nəslə
türk övladını milli-mənəvi, həmçinin
ümumbəşəri dəyərlər əsasında tərbiyə
etmiş, vətənpərvərlik hisslərini daim gücləndirmişdir.
Məlumdur
ki, artıq bizi 13 illik zaman məsafəsi ayıran XX əsr
bütövlükdə dünya tarixində çox mürəkkəb,
ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Əsrin
ictimai-siyasi hadisələri, o cümlədən xalqların həyatında
ictimai oyanış, ABŞ-ın və Avropanın iri dövlətlərinin
Avrasiya məkanı üzrə siyasəti, Birinci Dünya
müharibəsi, qırmızı Sovet imperiyası, bu
imperiyanın kütləvi həbslər, sürgünlərlə
müşayiət edilən repressiyaları, soyuq müharibə
illəri, SSRİ-nin dağılması türk
dünyasına təsirsiz ötməmişdir.
Bu
arada bir maraqlı məqamı-türk dünyasının
ötən əsrdə yetişdirib tarix səhnəsinə
çıxardığı dahi şəxsiyyətlər -
Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin
hadisələrin gedişinə əhəmiyyətli dərəcədə
təsir göstərə bilmək bacarıqlarını,
dünya tarixinə yeni parlaq səhifələri yazmaq
istedadlarını xüsusi qeyd etmək yerinə düşər.
Uca
Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində
ümummilli liderimiz Heydər Əliyev tarixi hadisələrin
gedişini irəlicədən görə bilmiş, olduqca
böyük əhəmiyyət daşıyan qərarlar qəbul
edilən anda əsl vətənpərvərlik mövqeyi
nümayiş etdirmişdir. Türk xalqlarının birliyini
möhkəmləndirmək, mənəvi körpüləri
qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi
birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin
əsas məqsədlərindən olmuşdur. Ulu öndər
belə bir müqəddəs məramını həyata
keçirməkdə şairlərin və
yazıçıların rolunu xüsusi qiymətləndirmişdir.
Təsadüfi deyildir ki, o, türk xalqları
yazıçılarının 1996-cı ildə Bakıda
keçirilən qurultayında demişdir: “Ancaq mənim
tövsiyəm ondan ibarət olardı ki, bizim
xalqlarımızın bir-biri ilə daha da
yaxınlaşması üçün, bir-birini bilavasitə
daha da anlaşması üçün, dillərimizin inkişaf
etməsi üçün və bir kökdən olan dillərimizin
bir-birinə daha da yaxınlaşması üçün
yazıçılar öz xidmətlərini göstərsinlər.
Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi
anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri
mənim özbək, qırğız, qazax qardaşlarım
da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu
qurultayda Başqırdıstandan, Qırğızıstandan
olan yazıçıların
çıxışlarını bizim azərbaycanlılar da
tamam anlaya bilsinlər”.
İstər
sovet, istərsə də müstəqillik dövründə
Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər
Heydər Əliyev türkdilli xalqlar arasında ədəbi-mədəni
əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi
sahəsində əvəzsiz xidmətlər göstərmişdir.
Ağır sovet sistemi şəraitində işləməsinə
baxmayaraq ümummilli liderin fəaliyyətində türk
dünyası ilə əlaqələrin qurulması və
genişləndirilməsi mühüm yet tutmuşdur. Bu fəaliyyət
mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə
və uğurla həyata keçirilmişdir. Məhz
ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi
ilə Azərbaycan ilə qonşu türkdilli respublikalar, o
cümlədən Özbəkistan, Qazaxıstan,
Başqırdıstan və başqaları arasında ədəbi-mədəni
əlaqələr inkişaf etmiş, mədəniyyət
günləri, yubileylər, konsertlər və digər tədbirlər
keçirilmişdir. Bütün bu tədbirlər
xalqların bir-birinə yaxınlaşmasında, milli
oyanışında mühüm rol oynamışdır.
Xalqlar öz tarixi keçmişləri və gələcək
inkişafı haqqında düşünmüşlər ki,
bu da türk dünyasının birləşməsi yolunda
geniş strateji fəaliyyətin tərkib hissələrindən
biri olmuşdur.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir. Türkdilli abidələrə ekran həyatı verilməsinə təşəbbüs edən ümummilli liderin qayğısı altında türk dünyasının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında “Dədə Qorqud” bədii filmi çəkilmişdir.
Ulu
öndərin türk dünyasına diqqət və
qayğısı böyük türkçü,
turançı mütəfəkkir Hüseyn Cavidə
münasibətində də özünü göstərmişdir.
Onun nəşinin uzaq Sibirdən Azərbaycana
köçürülməsi sovet sistemində xeyli çətin,
mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev
bu tarixi missiyasını böyük uğurla başa
çatdırmışdır.
Heydər
Əliyev öz fəaliyyətində Azərbaycan, Türkiyə,
türk və müsəlman dünyasına daha geniş
baxaraq onları vəhdətdə görmüşdür. Ulu
öndərin təşəbbüsü ilə Azərbaycanda
qazax şairi Abay Kunanbayevin 125, özbək ədəbiyyatının
klassiki, mənşəcə azərbaycanlı olan Maqsud
Şeyxzadənin 70 illik yubileyləri təntənə ilə
keçirilmişdir.
XX əsrin
70-80-ci illərində Azərbaycanda yaşayan Ahısxa
türklərinin ali təhsil almalarında, onlardan ixtisaslı
kadrların hazırlanmasında, həyat şəraitlərinin
yaxşılaşdırılmasında ümummilli lider Heydər
Əliyevin müstəsna rolu olmuşdur.
Hətta
dahi siyasətçi SSRİ hökumətinin xarici siyasi
maraqlarından da məharətlə istifadə etmişdir. Ulu
öndərin İraq türkmənləri ilə əlaqələrin
qurulmasına dair SSRİ rəhbərliyinə tövsiyələri
İraq türkmənlərindən Azərbaycana tələbə
mübadiləsi ilə reallaşmış və sonralar daha
da genişlənmişdir.
Heydər
Əliyev Türkiyə ilə mədəni əlaqələrin
genişlənməsinə, rəsmi qonaqların ən
yüksək səviyyədə qarşılanmasına, Azərbaycan
şair və yazıçılarının, mədəniyyət
və incəsənət xadimlərinin Türkiyəyə səfərlərinin
müntəzəm xarakter almasına, elmi-tarixi, bədii ədəbiyyatın
qarşılıqlı mübadiləsinə nail olmuşdur. Onun
hakimiyyəti dövründə türkiyəli aktyor Azərbaycanın
opera səhnəsində rol ifa etmişdir. “Soyuq müharibə”
illərində SSRİ-Türkiyə münasibətlərində
olan problemlərə baxmayaraq, Azərbaycan və Türkiyə
mətbuatında hər iki tərəf haqqında xoş məramlı
məqalələr, o cümlədən səfər təəssüratları
dərc edilmişdir.
Azərbaycan,
həmçinin SSRİ-yə daxil olan digər türkdilli
respublikalar dövlət müstəqilliyi əldə etdikdən
sonra bu əlaqələr daha da genişlənmiş və
möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyev
1996-cı ildə türk yazıçılarının
üçüncü qurultayının ölkəmizdə
keçirilməsini əlamətdar hadisə hesab etmiş və
bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və
ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, xalqlarımızın mədəniyyəti, ədəbiyyatı,
şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə
məruz qalmışdır. Bu çətinliklər tarixin,
ola bilər ki, bəzən çox böyük mərhələlərində
mədəniyyətimizə zərbələr vurmuş, ancaq
mədəniyyətimizi, ədəbiyyatımızı,
şeirimizi məhv edə bilməmişdir. Türkdilli
xalqların bütün bu çətinliklərdən,
sınaqlardan çıxmış mədəniyyəti, ədəbiyyatı,
şeiri indi dünyada, bəşəriyyətdə
özünəməxsus görkəmli yerini tutmuşdur. Ulu
öndər “Kitabi-Dədə Qorqud”un 1300, “Manas”ın 1000,
böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın
böyük dövlət xadimi, türk dünyasının
böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan
şairi, eyni zamanda, bütün türk dünyasına mənsub
olan Məhəmməd Füzulinin 500 illik yubileyinin
türkdilli dövlətlərin bir yerdə qeyd etmələrini
böyük tarixi hadisələr kimi çox yüksək
qiymətləndirmişdir.
Ümummilli
lider Heydər Əliyev türk xalqlarının əlaqələrinin
möhkəmlənməsi yolunda atılan bütün
addımları yüksək qiymətləndirmiş, fəaliyyəti
boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin
təşəbbüskarı, təşkilatçısı,
iştirakçısı olmuşdur. O, TÜRKSOY Beynəlxalq
təşkilatının Bakıda keçirilən 8-ci
toplantısında təşkilatın yarandığı
vaxtdan məhsuldar fəaliyyətini xüsusilə qeyd
etmişdir. Bildirmişdir ki, TÜRKSOY xalqlarımız
üçün daha çox iş görə bilər. Mədəniyyət,
ədəbiyyat vasitəsilə bu əlaqələri daha da
genişləndirmək xalqlarımız üçün
çox lazımdır, zəruridir.
Ümummilli
lider Heydər Əliyevin hazırladığı neft
strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin
imzalanmasında da Azərbaycanın maraqlarının
qorunması ilə yanaşı, türk birliyinin mənafe və
mövqeyi qətiyyətlə nəzərə
alınmışdır. Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində
daim Türkiyə ilə eyni maraqları bölüşən
Azərbaycan layihələrin gerçəkləşməsində
də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə
dəstəkləmişdir.
Ümummilli
lider Heydər Əliyev Dünya azərbaycanlılarının
birinci qurultayını təşkil etməklə təkcə
Azərbaycan xalqının deyil, bütünlükdə
türk dünyasının lideri kimi tarixi missiyanı həyata
keçirmişdir.
Hansı
sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı
olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti
türk xalqları arasında əlaqələrin konkret şəraitdə
inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət
daşımışdır.
Bu
gün eyni məqsəd və məram əqidəsinə
sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu
öndərin siyasi kursunun davamçısı Prezident
İlham Əliyev tərəfindən ləyaqətlə yerinə
yetirilir. Təsadüfi deyildir ki, günbəgün
türkdilli xalqların yazıçıları bir-birinə
yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını,
mədəniyyətini, keçmişini, bu gününü
daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər
yaradırlar.
Məmədov Əhməd
Kaspi.-2013.-10 aprel.-S.11.