İlk öncə dilimizi özümüzə sevdirməliyik 

 

Sabir Rüstəmxanlı: “Prezidentin dövlət dili haqda sərəncamı ortaya çıxıbsa, deməli, bu sahədə qüsurlar var”

 

“Dövlət Proqramı təkcə dilçilik elminin inkişafını nəzərdə tutmur. Sənəd ölkəmizdə ana dilinə münasibət sahəsində mövcud olan qüsurların, bir sıra rəsmi dairələrdə dövlət dilinə etinasızlığın aradan qaldırılması, tədrisin xarici dillərdə aparıldığı müəssisələrdə, ölkəmizə gələn əcnəbilər və xarici diplomatik korpuslarda çalışanlarda marağı nəzərə alaraq Azərbaycan dilinin öyrədilməsi və s. məsələləri əhatə edir”. Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, millət vəkili Sabir Rüstəmxanlı “Kaspi”yə müsahibəsində Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamının böyük əhəmiyyətə malik olduğunu bildirdi.

 

Təməldən yaranan qüsurlar

 

- Dövlət Proqramı ölkəmizdə ana dilinin inkişafına necə dəstək verəcək?

- Heç şübhəsiz ki, bu sənəd ana dilinin inkişafına və tətbiqinə güclü təsir göstərəcək. Həm dilimizin hüquqi bazasının təkmilləşdirilməsi, həm dildə təhsilin genişləndirilməsi, həm dilin tətbiqinin gücləndirilməsi, həm də dilin öyrənilməsi sahəsində müasir informasiya sistemlərindən yaxşı istifadə nəzərdə tutulub. Təsəvvür edin ki, bizim klaviatura sistemi hələ normal qaydaya düşməyib. Ölkəmizə indiyə qədər normal Azərbaycan əlifbası ilə yazılan kompyuterlər gətirilmir. Bütün kompyuterlər ayrı dillərdə gətirilir və burada onu yenidən proqramlaşdıraraq klaviaturanın üzərinə əlifbamızın hərflərini yapışdırırlar. Azərbaycan 20 ildir müstəqildir, hələ də bu məsələ qaydaya düşməyib. Bu məsələlər illər uzunu cəmiyyəti düşündürürdü. Mənim rəhbərlik etdiyim dil qurumu mütəmadi olaraq bu məsələlərlə bağlı mətbuatda çıxış edib. Nəhayət, bu məsələlər ümumiləşdirilmiş şəkildə dövlət başçısının sərəncamında öz əksini tapıb. Konkret olaraq bu işlə məşğul olan dövlət idarələrinə tapşırıqlar verilib.

- Dövlət dilinin işlənməsi ilə bağlı mövcud qüsurlar nədən ibarətdir və əsasən hansı səbəbdən yaranır?

- Qüsurların bir hissəsi təməldən yaranır. Təhsilin bütövlüklə ana dilinə keçirilməməsi problemlər yaradır. Yəni ölkəmizdə rəsmi dövlət dilində olan məktəblərlə yanaşı, dövlətə aidiyyatı olmayan, xarici dillərdə – ingilis, rus, fars, alman, fransız dillərində məktəblər şəbəkəsi var. Bu bir dənə ola bilər – ölkədə yaşayan və həmin dillərlə xüsusi maraqlanan və ya rus mənşəli uşaqlar gedib orada oxuya bilərlər. Amma indi bizdə o qədər rus məktəbləri var ki, auditoriyaya daxil olanda şagirdlərin yalnız iki və ya üçünün rus, qalanının isə azərbaycanlı olduğunu görürsən. Məlum olmur ki, uşaqlarımız nə üçün ana dilində yox, başqa dildə oxumalıdırlar? Təbii ki, bu uşaqlar böyüdükcə onlarda öz dillərini bilmədiklərinə görə ya natamamlıq kompleksi yaranır, ya da özlərini cəmiyyətdə sözlərini vaxtında deməyə cürəti çatmayan insan kimi hiss edirlər. Necə ki vaxtilə Azərbaycanda rus dilini bilməyən adamlar özlərini o cür hiss edirdilər. Digər tərəfdən, onlar hansı sahədə işləyirlərsə, mümkün qədər öz bildikləri dilə üstünlük verməyə çalışırlar və həmin mühitdə Azərbaycan dilinin işlənmə dairəsini daraldırlar. Bu, idarələrə rəhbərlik edənlərin böyük bir hissəsində milli duyğunun zəifliyindən irəli gəlir.

Ölkəmizə gələnlərin hər biri öz dilini gətirməyə çalışır. Çox təəssüf ki, biz öz içimizdə yaşayan milli azlıqlara öz dövlətimizin nüfuzunu göstərə bilməmişik və ya yumşaq desək, özümüzü, dilimizi sevdirə bilməmişik. Ona görə də öz dillərində yaza bilmir, qanunda yoxdursa, onda «Azərbaycan dili olmasın, hansı dil olursa-olsun» - deyə yazırlar. Ən əsası, laqeydlik, biganəlik, dilə nəzarətin zəifliyi rol oynayır. Azərbaycana hansı şirkət gəlirsə, elə bilir ki, bura öz qanunu gətirir. Sanki yerli qanunlar onlar üçün deyil. Xüsusən böyük kompaniyalar gələndə elə bilirlər ki, təmsil etdikləri ölkənin qanunları ilə gəlməlidirlər. Bir də bizim özümüzdə qəribə bir milli müqavimətsizlik var. Təəssüf ki, milli məsələlərdə axıra qədər prinsipiallıq, qanuna sadiqlik nümayiş etdirə bilmirik. Bir gün, iki gün və ya beş gün, sonra hər şey unudulur. Baxın, indi bu sərəncam çıxıb, amma mən ehtiyat edirəm ki, bir müddət sonra hər şey yenə əvvəlki axarına düşəcək, kim nə cür istəyir, elə də hərəkət edəcək. Halbuki bu, artıq dil sahəsində kritik bir nöqtəyə yaxınlaşmağımızın əlamətidir. Əgər Prezident bu gün sərəncam verirsə, bu, o deməkdir ki, bizim Konstitusiya ilə təsbit olunan, qanunlarımızda nəzərdə tutulan ana dilinə qayğı, dilimizin inkişafı kifayət qədər gözlənilmir. Əgər ölkədə Konstitusiyaya ciddi əməl olunsaydı, dövlət idarələri Konstitusiyamızı və dövlət dili haqqında qanunu qorusaydılar, onun əsasında hərəkət etsəydilər, onda əlavə sərəncama ehtiyac olmazdı. Bu sərəncam ortaya çıxıbsa, demək, artıq qüsurlar var. Tədbirlər planında yer alan məsələlər həyata tətbiq olunanda, hər sahənin öz tələbləri, çatışmazlıqları nəzərə alınaraq iş görülməlidir. Məsələn, araşdırmalar göstərir ki, təkcə Bakının mərkəzində bəlkə 10 faizə yaxın Azərbaycan dilində reklam var, 90 faiz isə əcnəbi dillərdədir. Sərəncamda bu məsələ də yer alıb.

 

Bədii Şuraya ehtiyac

 

- Sənəddə Azərbaycan dilinin KİV-də təbliği məsələsi də önəm daşıyır. Telekanallarda bədii şuraların yaradılması məsələsi də yer alıb. Bu, telekanalların mövcud vəziyyətində əsaslı dəyişiklik yarada bilərmi?

- Televiziyalarda bədii şuralar təbii ki, olmalıdır. Telekanallara yol açan eybəcər mahnılar, mətnlər, dublyajların qarşısı alınmalıdır. Xüsusilə, televiziyalara diktorlar seçiləndə bu məsələyə diqqət yetirilməlidir. Amma bizdə elə seçilir ki, elə bil hər televiziyanın rəhbəri öz qohum-əqrəbasını ora yığmağa çalışır. O diktorlara baxanda da bilinir ki, onlar hansı xəttlə ora düşüblər. Danışığından, ləhcəsindən, hətta üzünün quruluşundan da bunu müəyyənləşdirmək çətin deyil. Ümumiyyətlə, bir yaradıcı təşkilatda, yaradıcılıqla məşğul olan və ya cəmiyyətə yeni yaradıcılıq məhsulları təqdim edən hər hansı bir qurumda bu işi yalnız bu qurumun rəhbərinin və yaxud onun müavinlərinin öhdəsinə qoymaq olmaz. Ona görə də telekanallarda bədii şura olmalı, mütəxəssislər cəlb edilməlidir. «Ağıl ağıldan üstün olar» prinsipi var. Həmin bədii şuralarda şair də, bəstəkar da, tarixçi də, dil mütəxəssisi də olmalıdır. Ən azı, mənasız söz yığımlarından ibarət olan şeirlərə yazılan zövqsüz mahnıların ifaçılarının sayı azalar. Dil, danışıq məsələsi bir az qaydaya düşər. Mən bəzi dublyajlara baxanda heyrətə gəlirəm. Buna bir nəfər nəzarət eləmir ki, filan sözü bu cür demək olar, yoxsa yox. Xarici dildən birbaşa necə tərcümə edirlərsə, o cür də səsləndirirlər.

- İnternet resurslarında və sosial şəbəkələrdə də dil normalarının pozulması hallarına çox rast gəlinir.

- Bu, bir qədər mürəkkəb məsələdir. Şübhəsiz, ilk növbədə bunun rəsmi tərəfləri – rəsmi yazılar, saytlarda ana dilinin qanunlarına əməl edilməlidir. Sosial şəbəkələrə insanların daxil olmasına gəlincə, təəssüf ki, onların böyük bir hissəsi qüsurlu yazırlar. Bu da onların təhsilinin zəif olması ilə bağlıdır. Şübhəsiz, ana dili məsələsində orta məktəbdə ən yüksək səviyyədə tələbkarlıq olmalıdır. Bilirsiniz, əvvəldən dil dərslərinə ikinci dərəcəli fənn kimi baxırlar. Azərbaycanda «nitq mədəniyyəti» yalnız filologiya fakültələrində öyrədilir. Halbuki beynəlxalq əlaqələrlə məşğul olan sahələrdə və yaxud diplomatiya fakültələrində, hətta aviasiya sahəsində də nitq mədəniyyəti gözlənilməlidir. Məsələn, əgər təyyarədə oturmusansa və orada bir elan verilirsə, bu, təmiz Azərbaycan dilində olmalıdır. Çünki arxasınca həm də ingilis dili səslənir. Onun yanında bizim dilimiz eybəcər səslənə bilməz ki. Ona görə bizə çox uzaq görünən aviasiya, diplomatiya akademiyalarından, xarici dil fakültələrindən başlayaraq ana dili fakültələrinə qədər təhsilin çox geniş şəbəkəsində həm də nitq mədəniyyəti öyrədilməlidir. Dövlət İdarəçilik Akademiyasında dövlət məmurları yetişdirilir. Orada çox yüksək səviyyədə nitq mədəniyyəti öyrədilməlidir. Dövlət məmurunun xitabət gücü olmalıdır. Bəzi nazirlərin və ya dövlət məmurlarının televiziyada çıxışlarına baxanda görürsən ki, o cür danışıqla cəmiyyəti, idarələri və ya müəssisələri yönəltmək çox çətindir. Dövlət məmurları əgər cəmiyyətlə işləyirlərsə, gərək onların nitq mədəniyyəti yerində olsun. Ona görə də bu sərəncamın açdığı üfüqlər genişdir və cəmiyyətin bütün sahələrini əhatə edir. Bu sahələrin hamısında ana dilinə xüsusi diqqət olmalıdır.

 

Dövlət idarəetməsinin əlifbası

 

- Ana dili qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə “Qaynar xətt”in yaradılması da sənəddə qeyd olunub. Bu xidmət hansı effekti verə bilər?

- “Qaynar xətt” artıq dövlət idarəetmə qanunauyğunluğunun və tələblərinin zəruri bir hissəsinə çevrilməlidir – millətin, xalqın səsini eşitmək. Hər bir idarədə qaynar xətt olmalıdır. Hər bir idarənin telefonu millətin üzünə açıq olmalıdır. Təəssüf ki, indi bəzi idarələrdə nə şəhər telefonları, nə də rəsmi hökumət telefonlarının dəstəyi qaldırılmır. Qaldırılanda da üçüncü, beşinci işçilər tərəfindən cavab verilir. Onların da dediyi az effektli olur. Əgər dövlət millətlə daim əlaqə saxlamaq, aşağıdan gələn rəyləri eşitmək, narazılıqları dinləmək və vaxtında nəticə çıxarmaq, problemləri aşkarlamaq istəyirsə, bu qaydadan istifadə etməlidir. Bu, əslində dövlət idarəetməsinin əlifbasıdır.

- Bəs dilin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti hansı rolu oynayır?

- Təbii ki, cəmiyyətə aid olan bu məsələ vətəndaş cəmiyyətinə də aiddir. Mən heç vaxt senzuranın tərəfdarı olmamışam. Nazir işlədiyim dövrdə senzuranın ciddi-cəhdlə ləğvinə çalışmışam. Senzura və xüsusi qadağalar lazım deyil. Cəmiyyət özü düşünüb, o qadağaları tapmalıdır. Reallıq budur ki, yüksək inkişaf səviyyəsində olan millətlərin içində bu məsələlər nə qədər öz-özünə nizamlanırsa, aşağı səviyyəli və ya təcrübəsi az olan millətlərin içində bu, o qədər çətin olur. Aşkarlıq və ya real imkanlar hamıya elə görünür ki, nə istəsəm deyə bilərəm, söyərəm, alçaldaram, təhqir edərəm, içimdə nə qədər kin-küdurət varsa, onu tökə bilərəm. Bizim cəmiyyətdə də indiki vəziyyətimizdən irəli gələn bir qəzəb, aqressiya var. Bu, ilk növbədə Qarabağ münaqişəsi, itirilmiş torpaqlar və doğmalar, millətimizin üzləşdiyi faciələr, dünyanın bizə münasibətinin normal olmaması, ikili standartlarla bağlıdır. Ümumiyyətlə, islam dünyasına, o cümlədən bizə münasibətlərin heç bir ölçü-bilçiyə sığmaması bu millətin içini təbii şəkildə bir qəzəblə, bəzən ünvansız kinlə doldurur. Bəzən bu kini əsl ünvanına çatdıra bilməyəndə, cəmiyyət üzvləri bir-birinə yönəldir. İstər-istəməz, bu da sosial şəbəkədə dilə, danışıq tərzinə anormallıq gətirir. Mənə elə gəlir ki, zaman keçdikcə bu öz-özünə həll olunacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-12 aprel.-S.6.