Sevilən mahnıların sevilən bəstəkarı 

 

Müğənni və dinləyici nəsilləri dəyişir, amma Ramiz Mirişlinin mahnıları yenə də oxunur və məmnuniyyətlə dinlənilir

 

Qəlbimiz fərəhdən aşıb-daşanda, ürəyimiz qüssədən sıxılanda, gözlərimiz həsrətdən göynəyəndə, sevincimiz sinəmizə darlıq edəndə bir niskilli, lirik ya da şux nəğməyə ehtiyac duyuruq. Həmin an əhvalımıza şərik olan, bizi tənhalıq möhnətindən qurtaran və ya dəqiqələrlə xoşbəxt edən musiqilərə, mahnılara minnətdar olmaq istəyirik.

Ruhumuza doğma, hisslərimizə ortaq olan mahnılar zaman-zaman onun ruhundan süzülüb. “Bir könül sındırmışam”, “Dalğalar”, “Könül verdim”, “Sənsən ürəyim”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu, tar”, “Səadət”, “Səni sevən baxışlar”ı eşidən kimi istər-istəməz pıçıldamışıq: Ramiz Mirişlinin mahnısıdı... “Mən sevməsəm heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır” deyən Ramiz Mirişlinin...

 

Sərhədləri aşan musiqi

 

Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazıb. Operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilər... Ancaq onu bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.

Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkardır. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır. Elə təkcə “Dalğalar” mahnısının 50 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdır: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim, o da böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Mahnı çox xoşuna gəlmişdi. Ancaq o vaxtlar bədii şura vardı. Şeirdəkiçalxalanır dalğalarsözünə görə mahnı birinci bədii şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İslam Səfərlimirvari dalğalarsözləri ilə əvəz elədi. Mən həm ona görə sevinirdim ki, ilk mahnımı Şövkət xanım oxudu”. Dalğalar”ın taleyi uğurlu olub. Mahnı ayrı-ayrı vaxtlarda onlarla müğənninin ifasında səslənib. Bu günə kimi mahnını 30-dan çox tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı, türk müğənniləri bu mahnını oxuyublar.

Demək olar ki, tanınan sevilən müğənnilərin əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.

Ramiz Mirişlinin musiqisi sərhədləri çoxdan aşıb. Türkiyədə, İranda da sevilib: “O vaxtlar Türkiyəyə getmək çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək”, Nəşə QaraböcəkBir könül sındırmışammahnılarımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam”.

 

Xalqın ruhu

 

Ramiz Mirişli özü haqda, yaradıcılığı barədə danışanda qısa konkret olmağı xoşlayır. Sanki qarşısındakı adam üçün həmişə bir sual saxlayır. Ancaq həmkarları, sənət dostları həvəslə onun həm görkəmli bəstəkar, həm təcrübəli pedaqoq kimi yüksək keyfiyyətlərindən danışırlar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova Ramiz Mirişlinin mahnı janrı ilə məşhurlaşdığını bildirir: «Mahnı onun yaradıcılığında əsas yer tutur. Ancaq o, professional bəstəkardır. Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Ona görə onun yaradıcılığında demək olar ki, musiqinin bütün janrlarınasəhnə əsərlərindən tutmuş simfonik, kamera instrumental, xor əsərləri s.-dək müraciət olunub».

G.İsmayılova Ramiz Mirişlinin mahnılarının sevilməsini belə açıqlayır: «Onun əsərləri xalq musiqi qaynaqlarına çox yaxındır. Bütün mahnılarına qulaq asanda xalq üslubundan gələn elementləri, intonasiyaları duyursan. O, əsərlərində Azərbaycan musiqisindən bəhrələnən bütün ladlara müraciət edir. Hər mahnını onun əhval-ruhiyyəsinə uyğun seçir. Ramiz Mirişli Azərbaycanda ilk dəfə olaraq mahnı janrındaYallırəqsi ritminə müraciət edən bəstəkardır. Bayram axşamlarımahnısı buna gözəl misaldır. Həmçinin bəstəkar musiqisinə ilk dəfə duet ritmini gətirən Ramiz Mirişli olub. Ondan əvvəl xalq musiqisində duetlər var idi, bəstəkar musiqisində isə bu yeniliyə o, imza atdı. «Həyat söylə, sən kiminsən, «Səadət», «Günəşi gözləyirik» mahnıları duet tipli mahnılardır”.

Musiqişünas bildirir ki, R.Mirişlinin yaradıcılığında xalq mahnılarına oxşar estrada tipli mahnılar çoxluq təşkil edir: “Amma əksəriyyəti xalq mahnılarına yaxındır. Bəzən mahnılara qulaq asanda adama elə gəlir ki, bu, asan janrdır. Ancaq bu janrda məşhurlaşmağın özü böyük hadisə idi. Çünki Ramiz Mirişli yaradıcılığa 60-cı illərdə gəlib. Həmin illərdə Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rustəmov kimi mahnı janrının əjdahaları işləyirdi. Ramiz Mirişli bu bəstəkarların içində özünə yol, yaradıcılıq dəst-xətti tapa bildi». G.İsmayılova deyir ki, Ramiz Mirişlinin mahnı janrında yazdığı əsərlər həm vətənpərvərlik, həm sevgi, həm həyat, həm uşaq mahnılarını əhatə edir. Bəstəkar, həmçinin kinofilmlərə, sənədli cizgi filmlərinə musiqilər yazıb. Onun yaradıcılığında rəqs kollektivləri, «Cücələrim» ansamblı üçün mahnılar, rəqslər, xoreoqrafik lövhələr yer alıb. Ancaq bunları birləşdirən bir xətt varXalqın ruhu.

 

Onu başqa yollar azdırmayacaq

 

Xalq şairi Fikrət Qoca üçün Ramiz Mirişli ən çox sevdiyi bəstəkarlardan biridir. Belə olmasaydı, dostluqları, birgə işləri uzun illər sürməz, bir-birindən gözəl nəğmələr yaranmazdı: «Hamı bilir ki, Ramizə populyarlığı qazandıran mahnı janrı olub. Bu da əbəs yerə deyil. Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb. Bu kamançanın yanğısı da, milliliyi həmişə onun ürəyində yaşayıb. Kamança onun bütün musiqilərində iştirak edir, Ramizi kənara qaçmağa qoymur. Bu yaşdan sonra da Ramizin ayrı yolu yoxdur. O, bu gün bizim milli bəstəkarımızdır. Onu başqa yollar azdırmayacaq. Onun hansı səpkidə yazmasından asılı olmayaraq, ilk xallardan bilinir ki, bu, Ramizin musiqisidir».

Fikrət Qoca ilə Ramiz Mirişli birlikdə 100-dən artıq mahnı yazıblar. «Bir xumar baxışla», «Günayım», «Əlvida» s. mahnılar dillər əzbərinə çevrilib: «Hər musiqi albomunda mənim sözlərimə yazılmış 18-20 mahnısı var. Əksər mahnılarımızı Şövkət Ələkbərova oxuyub. Bu gün birgə yaradıcılığımız davam edir. Başqa cür nədən danışmalıyıq? Zəngləşəndə , görüşəndə , bir-birimizdən hal-əhval tutanda da yenidən bir mahnı işləyirik».

 

İlk müəllimim

 

Ramiz Mirişlinin iki övladı da onun yolunu seçib. Ataları kimi bəstəkar olublar. Oğlu Yusif Türkiyədə, Nazim isə Musiqi Akademiyasında çalışır.

Nazim Mirişli atası kimi Bəstəkarlar İttifaqının üzvüdür. O, bir bəstəkar kimi həmişə atasını özünə ilk müəllim hesab edir: «Xalq musiqisinə sevgini atamdan öyrənmişəm. Professionallıq baxımından da xalq musiqisi ilə məşğul olmağı o mənə öyrədib. İlk dəfə o mənə deyib ki, əsər bəstələyəndə gərək öz muğamlarımızdan, aşıq musiqisindən bəhrələnək. Avropa üslubu ilə xalq musiqimizdən gözəl sintez yaratmaq lazım olduğunu tövsiyə edib. Mən hələ uşaqlıqda, musiqi məktəbində oxuyarkən ilk bəstələrimi yazanda bu sözləri ondan eşitmişəm. İlk dəfə onun kitabxanasından dünya musiqisi haqqında məlumatlar əldə etmişəm. Elə oldu ki, mən konservatoriyaya daxil olanda onun müəllimi olan Cövdət Hacıyevin sinfində mən də oxudum. Bu, mənim üçün böyük şans idi. Atam həmişə mənə yaradıcılıqla bağlı tövsiyələrini verib, mən də həmişə yerinə yetirmişəm. Demək olar ki, həmişə ilk dinləyicim də atam olub».

N.Mirişli deyir ki, atasından təkcə musiqinin, bəstəkarlığın sirlərini deyil, həmçinin bir insan kimi gözəl keyfiyyətlər öyrənib: “Atam bizə dürüstlüyü, sənətə və insanlara sadiqliyi öyrədib. Həmçinin Ramiz Mirişlinin övladı olmağın məsuliyyətini də həyatımda həmişə hiss eləmişəm”.

Aprelin 16-ı Ramiz Mirişlinin doğum günü idi. Bəstəkar 79 yaşını qeyd etdi. Hələ bu dünyaya deyəcəkləri, hələ qəlblərə söyləyəcəkləri çoxdur.Mənim ömrümmahnısında yazdığı kimi...

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-18 aprel.-S.13.