“Gözümü açıb
bağladım, bir də baxdım ki, əllini keçmişəm“
Novruz Aslan:
“Qarabağ problemi mənim problemimdir, mənim oğlum gələcəkdə
ermənilərlə müharibədə şəhid
olmamalıdır”
...Mən
həmişə millətimlə qürur duymuşam. Və elə
bilirəm ki, bu, ölənə qədər də davam edəcək.
Ona görə yox ki, insan aid olduğu milləti qeyd-şərtsiz
sevməlidir, təbii, bu da var, amma ağlım kəsəndən
məndə bu sevgini, millətimə heyranlığı
formalaşdıran dəyərlər, o dəyərləri
daşıdığı mövqedən asılı olmayaraq
qoruyub-saxlayan insanları gördükcə bu qürur daha da
çoxalır, artır
Bir
müsahibə zamanı kiçik bir uşağın ölməyindən
bəhs edərkən gözləri yaşaran bir siyasinin sahib
olduğu insanlığı hansı kəlmələrlə
ifadə etmək olar?
"...sizinlə üzbəüz
oturmağım lazımdır, bir millət vəkili məmur
stolunda müsahibə verməz" düşüncəsi onu
millətin vəkili edən duyğularınmı, ya vəkilliyin
verdiyi üstünlüyünmü təzahürüdür?
Sərtliyi
ilə tanınan bir məmurun gözəl şeirlər
müəllifi olduğunu biləndə dəyər verdiyim bir
xanım onun haqqında belə demişdi "...əslində
o adamın ürəyinin kənarında bir yemişan kolu var.
Qoxusu dünyasını sarıb."
Kaş
ki, "millət vəkili" ilə "millətin vəkili"
arasındakı o incə və dərin fərqi"Qaragilə"nin
həzin sədalarıyla taleyinə yazan birinin mənəvi
dünyasındakı zənginliyi bir müsahibəmizdə
ifadə edə bilək...
Müsahibim
Azərbaycan Qızıl Aypara cəmiyyətinin prezidenti, millət
vəkili, bəstəkar, yazar Novruz Aslandır.
- Novruz bəy, Azərbaycan
xalqının xoşbəxt tərəflərindən biri də
onun mənəvi aləminin zənginliyindədir ki, bu, sizdə
özünü çox gözəl göstərir. Bu cür
düşünməyimə səbəb bəstəçisi
olduğunuz “Qaragilə” mahnısıdır. Necə
düşünürsüz, bir dövlətin rəsmisi
olmaqla yanaşı bu qədər həssas bir adam olmaq çətin
deyilmi?
- Bu
həssaslığı mənə Yaradan verib və hesab edirəm
ki, hər bir insan ona Tanrının verdiyi bu hissi
qorumalıdır. Fikrimi belə ifadə edim, bu cür olmaq həm
çətindir, həm də rahat. Bilirsiz, dünyada bioloji
varlıqların çox olmasına baxmayaraq duyğular ancaq
insana məxsusdur. İnsan bununla fəxr etməlidir. Əgər
o bütün yarananlardan fərqini bir an durub düşünsə
görər ki, dünyaya gəlişi səbəbsiz deyil. Bu
duyğular da eləcə. Sadəcə onu öz içində
axtarıb tapmalıdır. İnsan natamam şəkildə gəlir
dünyaya. Fikir verin, biri incəsənətə meyillidir, o
biri fizikdir, biri yaxşı sənətkardır o biri
başqa bir sahədə uğurlar qazanıb. Amma ümumilikdə
hamı eyni məqsədə xidmət edir. Ölkəsini, vətənini,
millətini, dünyasını inkişaf elətdirir. Hətta
kişi və qadın arasındakı münasibətlər də
natamam şəkildədir. Təsadüfi deyil ki, hər kəs
öz yarını axtarır. Uşaq doğulanda onun taleyindəki
“yar”ısı onun taleyinə yazılır. “Yar”, bədənimin
yarısı, bu ifadə heç də təsadüfi deyil.
Musiqi dinləyəndə gözəl səsli xanəndənin
yerinə elə bilirik ki, biz oxuyuruq. Əslində də belədir.
Sadəcə bizim hisslərin o cür gözəl ifadəsi məhz
ona bəxş olunub. Ya da əksinə, məndə olan
yazarlıq istedadı onda yoxdur. Ona görə də mən
hesab edirəm ki, insan fəlsəfi cəhətdən
natamamdır və hər zaman, hər an öz
axtarışında davam edir
“Qaragilə”
mahnısına gəlincə, elə bilirəm, çox
uğurlu bir layihə oldu. Həm bizim xalq mahnısına ithaf
olunması, həm gözəl ifa, gözəl aranjiman
alındı, hə də deyə bilərəm ki, onun
sözlərinin müəllifi Sona xanım Vəliyeva xalq
mahnımız olan “Qaragilə”yə fəlsəfi cəhətdən
yeni bir yanaşma ortaya qoydu.
Mən
hətta bu barədə fikirləşirəm ki, elmi
araşdırmalar da aparım. Bilirsiz, efir məkanında
mövcudluq var. Musiqi yaradanda mən artıq onu o
yaranmış formalardan birləşdirib yaradıram. O deyirlər
ki, vəhy gəldi. Hardan gəldi? Bəzən hansısa bir bəstəkarın
musiqisi sənə o qədər yaxın, əziz gəlir ki,
oturub mən bunu niyə yazmamışam deyə
düşünürsən. Nəyə görə?
Çünki efir məkanında o mövcudluq artıq var. Bu
məkan hər bir sahədə doludur, onu tapmaq
lazımdır. Düşünürəm ki, bu yazarlarda da belədir.
Sizə bir faktdan bəhs edim, “bir daha insan haqqında” adlı
bir kitabımı təxminən bir ay ərzində ərsəyə
gətirdim. Durmadan, özümdən xəbərim olmadan,
maşında, evdə, işdə, harda imkan oldu
yazırdım və mənə elə gəlirdi ki, yazıb
çatdıra bilməyəcəm. Beynimə gələn
fikirlərə sadəcə vasitəçiydim. O fikirlər
hardan gəlmişdi bunu mən bilmədim. İndi də həmin
kitabı oxuyanda özümün yazdığıma təəccüb
edirəm. Sanki kimsə mənə diktə edirdi ki, sən
bunu yazmalısan. O psixoloji durumdan normala dönəndə
yazılanlar özümdə belə təəccüb
doğurdu. Hesab edirəm ki, bizim kosmik dünyamız bir
çox görmədiyimiz varlıqlara doludur. Gözəgörünməz
və gözəgörünən dünya var.
Düşünün, biz şüaları
görmürük, amma burdan bir pultu basıb televizoru işə
salırıq.
Bu o
deməkdir ki, Yaradan tərəfindən verilən istedad ona
imkan verəcək ki, sən özünü kosmik məkana
kökləyib o dalğaları tuta biləcəksən və
bu sayədə də yeni əsərlər yaradacaqsan. Mən
hesab edirəm ki, heç bir yenilik yoxdur. Artıq Yaradan tərəfindən
bizə həyat bəxş ediləndə bütün
varlıqlar da verilib və biz ondan istifadə etməliyik. Bu, mənim
subyektiv fikrimdir.
- Sizə elə gəlmirmi ki,
bütün bunları eləyən insanın içindıki
“mən”dir? Və bəzən elə situasiyalar olur ki, o “mən”i
bu dünyanın qarğaşasından qorumaq çətin
olur. Bu, necə alınırmı sizdə?
-
Sualınız mürəkkəbdir. Buna cavab vermək elə
də asan deyil. Hər bir insan özünü qorumağı
bacarmalıdır amma bu bəzən mümkün olmur. Sənin
istəyindən asılı olmayan hadisələr baş
verir. Həyata keçməyini çox istədiyin bir arzunu nə
qədər gerçəkləşdirməyə
çalışsan da bunun alınmama ehtimalı da yüksəkdir.
Daxilindəki MƏNi qorumaq cəhdləri də eləcə.
Heç də bundan məyus olmaq lazım deyil. Reallıqlarla
barışmaq lazımdır. Həyatda insanın bir çox
kredoları var və bunlar müxtəlif olur. Kiminsə kredosu
yaxşılıq etməkdir, kiminsə kredosu elmə qurşanmaqdır
və s. Mənim üçünsə ən
düzgünü səhv etməməkdir. Həyat çox
qısadır. Gözümü açıb bağladım,
bir də baxdım ki, əllini keçmişəm. Kim zəmanət
verə bilər ki, bir də gözümü açıb
bağlayanda görməyəcəm ki, həyat bitib.
Çalışmaq lazımdır ki, səhv etməyəsən.
Təbii ki, səhvsiz insan yoxdur amma bunu göz
görə-görə eləmək, bilərək eləmək
artıq fərqli anlayışdır. Öz MƏN ini
qorumaqla, səhv etməməyin böyük bir fəlsəfəsi
var: sən bununla həm özünü, həm ətrafındakıları
həm də əzizlərini qorumuş olursan.
- Türkiyə, Azərbaycan
münasibətləri sizin ampluadan baxınca necə
görünür?
- Biz
həmişə bu birliyin, bu
mehribançılığın həsrətində
olmuşuq. Uzun illər bir-birimizdən ayrı
düşmüşdük. Qadağalar qoyulmuşdu,
şükürlər olsun ki, bu gün birik, problemlərimizi
də, xoş günlərimizi də bir yerdə həyata
keçiririk. Bu böyük bir uğurdur və bunu qorumaq
lazımdır. Çoxları “Türkün türkdən
başqa dostu yoxdur” fikrini tənqid edir amma mən hər iki
dövlətin, istər Türkiyə, istər Azərbaycan
prizmasından baxıram və bir daha əmin oluram ki, bu
doğrudan da belədir. Siyasi prosesləri də, geosiyasi məsələləri
də nəzərə alaraq görürəm ki, elə bizdən
başqası yoxdur. Bizim ürəyimiz onlar üçün
yanır, onların ürəyi də bizim üçün.
Şükürlər olsun ki, bu hisslər bizdə var.
-
Novruz bəy, bir az könüllülük məqamına
toxunaq...
- Bu
barədə fikirlərimi söyləyim. Mən bütün
postsovet məkanında və bizim regionda təmsil olunan Azərbaycan
Qızıl Aypara cəmiyyətinin prezidenti kimi yeganə
adamam ki, məvacib almıram. Milli cəmiyyətlərin
prezidentləri bu əməkhaqqını alır. 1994-cü
ildən bu cəmiyyətin könüllüsüyəm və
bu günə kimi də könüllülük prinsiplərinə
sadiq olaraq ictimai əsaslarla öz fəaliyyətimi həyata
keçirirəm. Düşünürəm ki, bu çox
nümunəvi hərəkətdir və bir çox beynəlxalq
aləmdə yüksək qiymətləndirilir. Bu o demək
deyil ki, mən varlıyam və bu pula ehtiyacım yoxdur, xeyr, əslində
bu da mənim bir ianəm, bu da mənim münasibətimdir.
Eyni zamanda millət vəkili olaraq dövlətdən məvacib
aldığıma görə düşünürəm ki,
burdan ikinci məvacib almağım düzgün
çıxmaz.
-
Novruz bəy, başqa ölkələrdə elə yaxın
Türkiyə təcrübəsində insanların
“Qızıl Aypara” və “Qızıl Xaç” kimi cəmiyyətlərə
xüsusi maraqları var və bu sayədə o dərnəklərin
işi elə də çətin deyil. Azərbaycanda isə
bu təfəkkür hələ formalaşmayıb...
- Əfsuslar
olsun. Mən sizinlə tamamilə razıyam. Düzgün qeyd
etdiz ki, bir sıra ictimai təşkilatların, xüsusilə
Qızıl Aypara və Qızıl Xaç cəmiyyətlərinin
əsas maliyyə mənbəyi insanların ianəsidir. Bir
çox ölkələrdə, o cümlədən Türkiyədə,
İranda, Avropa ölkələri insanlarının psixologiyasında
ənənəvi olaraq bu düşüncə özünə
yer edib, necə deyərlər, bu, onların qanına işləyib.
Ölkənin vətəndaşı bilir ki, hansısa bir
hadisə baş versə onlar mütləq yardım etməlidilər.
Mən demirəm ki, Azərbaycan xalqında, Azərbaycan
insanında bu düşüncə yoxdur. Var.
- Maraqlı məqam da burdadır.
Axı, bizim xalq sözügedən millətlərin
insanlarından daha yardımsevərdir. Buna rəğmən bu
təfəkkürün hələ də formalaşmaması
təəccüblü deyilmi?
-
Konkret olaraq burda vətəndaşın mövqeyi yox, cəmiyyətlərin
də mövqeyi çox vacibdir. Qızıl Aypara cəmiyyəti
öz imicinin yüksəlməsində daima maraqlı
olmalıdır. Özünü ictimaiyyətə o şəkildə
çatdırmalıdır ki, insanlar onun şəffaflığına,
onun keyfiyyətinə inansınlar. Hər vətəndaş
inanmalıdır ki, onun o qutuya atdığı cüzi məbləğ
belə məhz onun mənzilinə çatacaq. Bizim
gördüyümüz işlər beynəlxalq Qızıl
Xaç və Aypara Federasiyası tərəfindən
çox yüksək qiymətləndirilib. Misal göstərim:
Somaliyə yardım kompaniyası elədik, Türkiyə Van zəlzələsində
“Sən tək deyilsən” kompaniyası keçirdik. İranda
baş verən zəlzələ nəticəsində, indi də
Suriya qaçqınları üçün yardım
kompaniyası keçiririk. Bilirsiz, Azərbaycan Qızıl
Aypara cəmiyyətinin tarixində heç vaxt olmayıb ki,
xaricə maddi yardım edilsin. MDB məkanında yeganə
ölkəyik ki, artıq biz bunu edib tariximizə yazdıq.
Bununla qürur duyuruq.
Türkiyəyə
yardım kompaniyasında Türkiyəyə göndərdiyimiz
qırx min dollar Türkiyə Qızıl Ayının
gündəlik xərcidir amma bizim üçün o çox
böyük və qiymətsiz bir məbləğ idi. Hesab
edirəm ki, Azərbaycan inkişaf etdikcə bu məbləğ
qırx milyon və daha çox olacaq. Təkcə yaxın
ölkələrə deyil, digər ölkələrə də
humanitar layihələr həyata keçirəcəyik. Bizim
işimiz təkcə özümüzə deyil,
insanlığa xidmət etməkdir. Azərbaycan Qızıl
Aypara cəmiyyəti donor cəmiyyətə çevrildi. Artıq
dördüncü ölkədir ki, yardım kompaniyası həyata
keçirdik. Bunu bizim vətəndaşlarımız elədi.
Bu kompaniyaya millət vəkilləri qoşuldu, şirkətlərimiz
qoşuldu. Bu da o deməkdir ki, proses başlayıb və davam
edəcək. Artıq inam var. Bizim internet saytımıza baxsanız
siz görərsiniz ki, biz bu kompaniyaları çox yüksək
və şəffaf şəkildə həyata keçiririk.
Saytda hər ianə edənin adı, soyadı, ianə elədiyi
məbləği və hara sərf olunması hamısı
qeyd olunub. Bu, dünyada ilk şəffaflıq nümunəsidir.
İanə edən hər kəs bir neçə saat sonra bu
hesabatı saytda görə bilər ki, buna bütün
dünya baxır.
(sayta
baxıram. İlk ianə edən Novruz Aslanov – 500 m)
Biz məbləğə
baxmırıq. Bizim üçün min manat da verənlə,
bir manat ianə edən də böyük adamdır. O, öz
ürəyini göstərir. İran kompaniyasında bizim xadiməmiz
vardı, 5 manat yardım elədi. Onun məvacibi cəmi 150
manatdır amma bu onun ürəyindən keçib və edir.
Türkiyə kompaniyasında mən elə hadisələrin
şahidi oldum ki, adlarını anonim yazdıraraq 5 min manat ianə
edənlər vardı. Adlarını bildirmədən bankdan
hesaba köçürüblər. Bu qürurvericidir.
İranda
da bu cəmiyyət çox inkişaf edib mən orda olanda
bunun şahidi oldum. Anbarlarda çox böyük məbləğdə
ehtiyatlar vardı və mən soruşdum ki, fövqəladə
hal olanda bunları necə istifadə edirsiz? Sualıma yaxşı
bir cavab aldım, dedilər ki, hadisə baş verəndə
biz əhalidən o qədər yardım alırıq ki, bu
ehtiyatlara ehtiyac qalmır. Hər kəs mənəvi olaraq
yardım etməyə öyrəşib. Biz bunu öyrətməliyik
vətəndaşlarımıza. Hər kəsin qəlbində,
ürəyində bu hisslər var amma bunu icra edə bilirikmi və
bunun üçün bizə şərait
yaradılıbmı? Diqqət etsək görərik ki, qismən
də olsa yaradılıb. Əgər istəsələr
onlayn sistemi ilə ianə edilə bilər, vəsaiti
keçirib, mədaxil məxaric qəbzi ala bilərlər.
2000-ci ildən bəridir ki, cəmiyyət açıq
mühasibatlıq prinsipi ilə şləyir. Hər bir Azərbaycan
vətəndaşı bizim mühasibətlığın
işləmlərini istədiyi vaxt görə bilər.
- Bu şəffaflıqda hardasa
sizin yaradıcı insan olmağınızın da
böyük rolu var, elə deyilmi?
-
Tamamilə doğrudur. Hər bir insanın öz dünyası
var. Bu həyat onun həyatıdır. Bunu kitabımda da qeyd
eləmişəm. Sənin dünyan prinsipi nədən ibarətdir?
Siz mənim deyəndə demək ki, bu sizin dünyanız
olur. Ətrafınızda olan bütün bu insanlar sizin həyatınızda
bəlkə də bir subyekt kimi cərəyan edir. Sizin
gözləriniz bağlananda bizi görməyəcəksiniz.
Biz sizi görəcəyik. Ona görə də bu sizin
dünyanızdır. Sizin dünyanız olduğuna görə
də hər bir insan öz dünyasının mərkəzidir.
Bax bu insan və onun ətrafında milyardlarla insan və onun ətrafında
baş verən hadisələr.
- Sənətçi insanların
dünyaları tamamən duyğudan ibarət olur. Siyasət
isə ağıl işidir və təməli milli mənfəətdir.
Bir yaradıcı insan olaraq siyasətlə
çatışdığınız olurmu?
- Mənim
bu günlərdə “Humanitar diplomatiya” adlı yeni bir
kitabım işıq üzü gördü, həm ingilis, həm
də rus dilində. Bu, diplomatiya və siyasətin humanitar sahədə
istifadə olunması deməkdir. Bəzən deyirlər ki,
siyasət çox çirkin bir işdir. Ermənistanla Azərbaycanın
müqayisəsində bu belədir, amma Azərbaycan
üçün yox. Ermənistan öz məkrli və
işğalçılıq siyasətlərini dünyaya
sübut eləmək üçün dəridən-qabıqdan
çıxır, bunun üçün yalan-böhtana əl
atırlar. Bizə baxın, biz müdafiə olunuruq,
torpaqlarımız işğal olunub, dolayısı ilə də
siyasətimiz bu istiqamətdədir. İndi görün, iki
siyasətin fərqini. Bizim əməlimiz,
addımlarımız humanitar sahədədir, onların isə
siyasətləri Ermənistanın bir dənizdən o biri dənizə
böyük bir dövlətə çevrilməsi olub. Tarix
boyu heç kimin torpaqlarında gözümüz olmayıb.
Biz işğalçılıqdan uzaq olmuşuq.
Bəli,
mənim üçün çox çətin olur. Çünki, yalana nifrət
edən biriyəm. Bir anlıq düşünəndə ki,
siyasətçi yalançı olmalıdır, siyasətçi
hiyləgər olmalıdır, hansısa sahədə
çevik olmalıdır, mən bunu ancaq bir şərtlə
qəbul edirəm, ancaq düşmənimə qarşı
yalançı ola bilərəm, mən
onu aldatmalıyam, mən ona qalib gəlməliyəm.
Düşmənlə münasibətdə hər cür siyasət
ola bilər amma öz ətrafına,
dostlarına, ələlxüsus da millətinə
qarşı o çirkli siyasəti edə bilmərəm. Bu, mənim əqidəmdir. Siyasi
şəxs olmaq asan məsələ deyil. Məndən soruşanda ki, millət vəkili olmaq
çətindirmi? Cavab verdim ki, əlbəttə
çətindir. Baxın, mən hər
cümə axşamı seçicilərimlə
görüşə gedirəm. Onlarla
müraciət olur, hansısa bir müraciət sənin
gücün, iqtidarın çərçivəsindədirsə
sən özünü yaxşı hiss edirsən, xeyr əksinə,
o zaman düşünə-düşünə qalırsan.
Tutaq ki,
bir uşağın əməliyyatına 300 min dollar pul
lazımdır, sən öz maaşını verə bilərsən,
amma geridə qalan 299 min manatı hardan tapasan? Axı,
sən fövqəl biri deyilsən (millət vəkili olmaq
fövqəl olmaq demək deyil). Sən
çox şeyləri həll edə bilmirsən.
Bu yaxınlarda bir hadisə oldu. İsmayıllı
rayonundan bizə bir ailə müracət etmişdi, dörd
yaşlı uşağının ürəyində əməliyyat
keçirilməli idi. Qızıl Aypara cəmiyyəti
olaraq mən öz vəsaitimdən, İsmayıllıdan bir
iş adamı böyük bir məbləğ ayırdıq
və müalicə üçün ailə İrana getdi Amma
o uşaq orda tələf oldu. Söhbət o
pulda deyildi amma hadisə bizə çox pis təsir elədi.
- “Qızıl Aypara”nın
missiyasına şəhid ailələri daxildirmi?
- Fərqi
yoxdur, o insan ki, həssasdır, onun ehtiyacı var, istər
şəhid ailəsi olsun, istər qaçqın, istərsə
də adi bir vətəndaş o bizim qayğımızın əhatəsindədir.
Əgər o bizə müracət edirsə biz
bacardığımızı edirik ki, ona yardımçı
olaq. Hər bir vətəndaş bizə
yaxındır, amma qaçqınlar, məcburi
köçkünlər, əlillər xüsusilə bu
kateqoriyadan olan insanlar bizə daha yaxındılar.
- Azərbaycanda qanundan qaynaqlanan
statuslu və statussuz şəhid ailələri və bu ailələrin
yaşadıqları çox böyük sıxıntılar
var. Onun övladı bəlkə də çox böyük
bir qəhrəmandır atəşkəs dövründə həlak
olub, statusu yoxdur deyə dövlətin ona
ayırdığı imtiyazlardan yararlana bilmir və bərbad
bir vəziyyətdədir. Onların durumundan da
heç kimin xəbəri yoxdur. Həm bir
millət vəkili həm də "Qızıl Aypara" sədri
olaraq sizdən soruşmaq istəyirəm ki, o ailələr nə
eləməli, kimə üz tutmalıdırlar?
- Onu qeyd
edim ki, bizim dövlətimiz qanunvericilik sahəsində, həm
də ki, onun icrasında çox böyük işlər
görüb. Bilirsiz ki, bütün şəhid
ailələri dövlət tərəfindən maksimum
qayğıyla əhatə olunub. O ki, qaldı status məsələsinə,
burda da müvafiq bölümlər var. Hansı şəraitdə
o dünyasını dəyişib? Döyüş
şəraitindəmi, ehtiyatsızlıq nəticəsindəmi,
atəşkəs pozulandamı? Mütləq
analiz getməlidir. Mən hesab edirəm ki, burda bir
ayrı baxış var. Baxın, mənim dörd
övladım var. 85 yaşında Anam, 73 yaşında qaynanam
və həyat yoldaşım biz hamımız bir yerdə
yaşayırıq. Bütün övladlarım, anam və həyat
yoldaşım hamısı bilir ki, sabah
müharibə baş versə mən öz deputat
mandatımı yerə qoyub müharibəyə gedəcəyəm.
Bunu sizin üçün bəyan etmirəm,
bunu 11 yaşlı oğlum və üç qız
övladım bilir. Anam mənə sual verdi
ki, “sən nə üçün belə edirsən? Axı, sənin uşaqların var”. Onlar mənim sözümün ciddiliyinə əmindilər,
çünki məni onlar böyüdüb. Cavab verdim ki, bəli, mən bax bu uşaqlara görə
müharibəyə getməliyəm. Çünki
Qarabağ problemi mənim problemimdir, mənim oğlum gələcəkdə
ermənilərlə müharibədə şəhid
olmamalıdır. Mən bu problemi
oğlumun üzərinə atmamalıyam. Şəhid
olmalıyamsa mən özüm olmalıyam. O
yükü oğlumun üzərinə atmamaq
üçün getməliyəm. Bunu
bütün Azərbaycan vətəndaşları
anlamalıdır. Şəhidliyə
qalanda elə insanların arasında, xalqı
üçün şəhid olmaq artıq böyük bir
statusdur.
- Bu halda nə ehtiyac var bu
ayrı-seçkiliyə?
- Gəlin
açıq danışaq da, silahı götürüb
ehtiyatsızlığı ucbatından özünə atəş
açanla gedib səngərdə vuruşa-vuruşa snayper
gülləsi dəyib şəhid olan eynidirmi?
- Bəs bunun əksini
düşünsək?
- Həssas
məsələdir. Bu adi hadisə deyil,
barmaqarası baxmaq da olmaz. Müvafiq
qanunlar, müvafiq imtiyazlar da var. Axı, ucdantutma da etmək
olmaz. Mənə elə gəlir ki,
qanunvericilik sahəsində ictimaiyyət daha aktiv tədbirlər
həyata keçirməlidir ki, bu problemləri aradan
götürək. Mənim seçicilərimdən
də bu cür iradlar gəlir, millət vəkili olaraq da
anlayırıq. Özümüzə aid
olan hissədə bacardığımızı edirik və edəcəyik.
Vətənin qorunmasında hər bir Azərbaycan
vətəndaşı iştirak etməlidir və bu bir
borcdur.
- Sizin dini kitablarınız mənim
diqqətimi çəkir. Siz dindarsızmı?
Belə bir ifadəniz də var ki, ”mən
Allahla təkbətək qalanda namaz qılıram”...
-
Yaradanıma inanan bir adamam amma dindar deyiləm. Dindar
olmaq fikrində də deyiləm. Amma mən
özümü və təbii ki, Allahımı tanıyan bir
insanam. Diqqət etdiyiniz, başım
üzərindəki kitablar-Tövrat, İncil, Qurani-Kərimdir.
Hər üç kitab müəyyən
dövrlərdə Yaradanımız təfərindən nazil
olunub. Hər bir insan imkan dairəsində
bu kitabları, oxuyub təhlil etməli və düzgün nəticələr
çıxarmalıdır. Bu kitabların açıq
və gizli tərəfləri var. 1400-1600 il
bundan əvvəlki insanla indiki insanın düşüncəsi
eyni olmadığından təqdim olunan kitablar da eyni deyil. Ordakı olan ifadələr onların
şüurlarına hesablanıb. Naşı
insanlar gülərək deyir ki, Adəmin
qabırğasından da Həvva düzəltmək olar?
Artıq XXI əsrdə “Aveçka Dolya”
adlı qoyunun klounlaşması həyata keçiriləndə
insanlar gördülər ki, insanın qabırğasından
da, saçının bir telindən də insan yaratmaq olar.
Zaman keçəndən sonra biz anladıq ki,
bizim müqəddəs kitablarımızda yazılanlar həqiqətdir.
Orda yazılan hər bir fikrin elmi əsasları var...
- Novruz bəy, yorduq sizi. Qəzetimizin
oxucularına demək istədikləriniz...
- Həyatımda
birinci dəfədir ki, bu qədər müsahibə verdim. Təşəkkür edirəm mehriban ünsiyyətə
görə. İnşallah, bu maraqlı
söhbət oxucu üçün də maraqlı olacaq.
“Kaspi” qəzeti uzun illərdən bəri Azərbaycan
ictimaiyyətində öz yerini tutmuş, tarixi ənənəsi
olan bir qəzetdir. Hesab edirəm ki, bu ənənəni
qoruyub saxlamaq və inkişaf etdirmək onun kollektivi və rəhbərliyindən
çox asılıdır. Fürsətdən
istifadə edib təşəkkür edirəm ki, bu adı
qorumusuz. Uğurlar, müvəffəqiyyətlər
arzu edirəm. Vaxt ayırdız. Əminəm ki, o qəzeti oxuyanda və orda öz
müsahibəmi də görəndə sevincim ikiqat olacaq.
Və mən inanıram ki, bizim söylədiyimiz
fikirlər oxucu tərəfindən də düzgün qəbul
olunacaq.
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-18 aprel.-S.10-11.