Arif Məlikovun rəsmlərinin musiqi ilə vəhdəti
Yaradıcı
insanlar, bir qayda olaraq, heç vaxt özlərini incəsənətin
yalnız bir sahəsi ilə məhdudlaşdırmırlar.
Hətta
bir sıra rəssamlar həm də professional musiqiçi, eləcə
də bir sıra görkəmli musiqiçilər gözəl
rəssam olublar. Məsələn, görkəmli fransalı
impressionist rəssam - A.Russo gözəl bəstəkar,
pianoçu olmuşdur. O, həmçinin, öz
dövründə “Klemans” romansı ilə də məşhurlaşmışdır.
Təbii
ki, bu kimi maraqlı təsadüflərə müasir
dövrümüzdə də rast gəlirik. Çox uzağa
getmədən qeyd edək ki, Azərbaycanda da bu kimi təsadüflər
az deyildir. Tanınmış xanəndə Hacıbaba
Hüseynov olduqca gözəl şeirlər yazan şair, aktyor
Əli Haqverdiyev müğənni, bəstəkar
İsmayıl Hacıbəyov rəssam kimi də yaddaşlarda
qalmışdır. Eləcə də, məşhur azərbaycanlı
rəssam Toğrul Nərimanbəyov ifaçı-müğənni,
musiqişünas Xatirə Həsənzadə, pianoçu Rəna
Rzayeva, bəstəkarlardan - Oktay Zülfüqarov, Arif Məlikov
həm də istedadlı rəssamlardır. Lakin daha irəli
getsək ilk rəssam kimi musiqiçilərdən Mir
Mövsüm Nəvvabı və Üzeyir Hacıbəylini də
göstərə bilərik. Belə ki, M.Nəvvabın
“Quşlar” və digər rəsmləri, o cümlədən
Ü.Hacıbəylinin “Kitabi-məzhəkə” miniatürləri
onun satirik rəssamlığa olan həvəsindən xəbər
verir.
Adları
sadalanan musiqiçilər arasında Arif Məlikovun rəsmlərindən
xüsusilə söz açmaq istərdik. Musiqi ilə paralel
olaraq rəngkarlıq da onun həyatında əhəmiyyətli
yer tutur. Çünki Arif Məlikov hələ uşaq
yaşlarından, hətta musiqiyə gəlişindən də
öncə rəssamlığa böyük həvəs
göstərmişdir. Sonralar musiqi onun həyatında
üstünlük qazansa da, rəssamlıq bütün həyatı
boyu onun sevimli və coşqun maraq obyekti olaraq
qalmışdır. Nəticədə Arif Məlikov
özünü həm gözəl musiqiçi, həm də
istedadlı və orijinal rəssam kimi səciyyələndirməyi
bacarmışdır.
Hər
şeydən öncə, Arif Məlikovun
orijinallığını onun ətraf mühiti, dünya
görüşü ilə bağlamaq lazımdır. O, bir
sıra ölkələri gəzmiş, bir sıra dünya
şöhrətli alim, yazıçı, dirijor,
kinematoqraflar, bəstəkarlar, ifaçılar, rəssamlar,
xoreoqraflarla tanış olmuş, onlarla dostluq əlaqələri
qurmuşdur. Rəssamlardan S.Bəhlulzadə, T.Salahov, T.Nərmanbəyov,
M.Abbasov, A.Cəfərov, F.Xəlilov, T.Ağababayev, A.Məhərrəmov,
fransalı rəssam A.Dino, rusiyalı T.İvanov, ukraynalı
Y.Liseek, türkiyəli Savaş və bir çox
başqaları ilə onu dostluq telləri
bağlamışdır. A.Məlikovun bir çox rəssamlarla
dostluğu həm də onun öz şəxsi rəssamlıq
təfəkkürünün və təxəyyülünün
inkişafında müəyyən qədər rol
oynamışdır. Təbii ki, rəssam dostlarından A.Məlikov
bir çox maraqlı tövsiyyələr almışdır.
O, hətta yaxın dostlarından biri olan, rəssam Səttar Bəhlulzadənin
avtoportretini belə çəkmişdir. Həmin rəsmdə
A.Məlikov S.Bəhlulzadənin mənalı və fikrə
dalmış gözlərini, ifadəli əllərini və
barmaqlarını, ağarmış saçlarını
xüsusi incəliklə, həssaslıqla çəkə
bilmişdir.
A.Məlikovun
təxəyyülü zəngin olduğu üçün rəsmlərinin
bir çoxlarında da o, dərin fikir və fəlsəfi
baxışlarını əks etdirməyi
bacarmışdır. Bu kimi xüsusiyyətlərə onun
“Çiçəkli badam ağacı”, “Şərq”, “Ankarada
gecə”, “Xəzərin qara qızılı - aylı gecə”,
“Aya Sofiya”, “Badam ağacının budağı”, “3 hissəli
simfoniya-triptix”, “Zuqulba”, “Təəssürat”, “Fantaziya”, “Təzəpir-gecə”,
“Təzəpir-gündüz”, “Təzəpir-Novruz bayramı”,
“Qafqaz dağları”,” 20 Yanvar”, “Keçmişə
baxış-diptix” , “Bakı”, “Əbədiyyət”,“Günəş”,
“Həyat”. “Göy vaza”, “Vazada güllər”, “Qərənfillər”,
“Ağ vaza”, “Sevimli şəkillər” və s. kimi rəsmlərində
rast gəlmək olar.
Bəstəkar
musiqidə klassikdir, lakin rəsmlərində isə daha
çox impressionizm, postimressionizmin cizgilərini, bəzən
də avanqardizmi, nonkonformizmi duymaq olar. Məsələn, onun
“Əks” rəsmi Klod Monenin “Günəşin
çıxması”nı, “Göy vaza”, “Ağ vaza”, “Sevimli
çiçəklər” rəsmi müəyyən qədər
postimpressionist rəssam V.Van Qoqun “Günəbaxanlar”ını,
“Xəzərin qara qızılı” məşhur peyzaj rəssamı
Arxip Kuindjinin “Aylı gecə”sini, “3 hissəli simfoniya” rəsmi
abstraktizm cərəyanının görkəmli nümayəndəsi
olan Mandarianın “Buqi-Vuqi”sini və Kandinskinin
“Kompozisiya”sını, “Qafqaz dağları”, “Fantaziya” əsəri
nonkonformist rəssam C.Mircavadovun rəsmlərini
xatırladır.
Lakin
rəsmlərinin əsas mövzusunu təbiət,
çiçəklər, tarixi abidələr və abstrakt
mövzulardır. Arif Məlikov, həmçinin, Şərq
mövzularına da geniş yer vermişdir. “Təzəpir-gündüz”,
“Təzəpir-gecə”, “Təzəpir-Novruz bayramı”, “Şərq”,
“Bakı”, “Keçmişə baxış” rəsmləri
deyilənlərə nümunədir. Onun “Bakı” adlı rəsmi
kətan, yağlı boyanın ifadəsilə köhnə
Bakını ala-toranlı şəkildə xatırladır.
Sanki Bakının əvvəlki
görünüşünü rəssam xatırlamağa,
yada salmağa çalışır. Və ya “Təzəpir-gündüz”,
“Təzəpir-gecə”, “Təzəpir-Novruz bayramı” rəsmlərində
Təzəpirin müxtəlif vaxtlardakı
görünüşünü verir. Yəni Təzəpir səhər
də, axşam da, hətta Novruz bayramında da fərqli
görünüşdədir. Ümumiyyətlə, hər
hansısa mənzərənin müxtəlif zamanlarda
görünüşünün təsvir edilməsi
İmpressionist rəssamların yaradıcılığından
irəli gəlmiş bir xüsusiyyətdir.
Arif
Məlikovun “20 Yanvar” tablosu da son dərəcə
ağrılı və təsiredici rəsmdir. Əsərdə
bir qədər sürealizma xas bəzi elementlər də var.
Tünd yaşıl və qara rənglərin əsasında
çəkilmiş şam və axan al qırmızı qan
bizim tarixi faciəmizin rəsmdəki əksidir. A.Məlikov hətta
bu mövzuda “Mən mühakimə edirəm” kitabını da
yazmışdır. Bu kitab və “20 Yanvar” rəsmi bəstəkarın
qanlı Yanvar faciəsi ilə bağlı keçirdiyi
iztirablardır.
Məlumdur
ki, musiqi ilə rəssamlıq arasında terminoloji baxımdan
da yaxınlıq var. Məsələn, “diptix”, ”triptix” kimi
terminlər hər iki sahədə işlədildiyi kimi, A.Məlikov
da bu termini öz rəssamlığında işlətmişdir.
“Keçmişə baxış-diptix”i və “3 hissəli
simfoniya-triptix”i deyilənlərə bir aşkar nümunədir.
“Keçmişə
baxış” diptixi 2 fərqli görünüşlü
dolçanın bənzər koloritli fonlarda təsviridir. Rəngarəng
fonun önündə duran ayrı-ayrı rəsmlərdəki
dolçaların birinin arxasında mavi, digərinin
arxasında narıncı rəngdə dairələr əks
olunur.
Bir
çox rəssamlar hər hansısa nişanı simvolikləşdirərək
öz yaradıcılığının əsas qayəsindən
xəbər verirlər. Məsələn, T.Nərimanbəyov
rəsmlərində həmişə nar meyvəsini simvolikləşdirir.
A.Məlikovun da yaradıcılığında bu kimi prinsip
var. O, demək olar ki, rəsmlərinin çoxunda dairəni
gah günəş, gah ay, gah həyatı rəmz kimi göstərir.
Dairə onun yaradıcılığında sanki
“başlanğıc və son” fikrini əlamətləndirir.
Dairə onun üçün silsilənin tamamlanmasını,
360 dərəcədə dönməsini təkcə riyazi-həndəsi
fikir kimi deyil, həmçinin öz həyatının hər
hansısa mərhələsinin başlanğıc və son
nöqtəsinin dövrəyə baş vurmasından xəbər
verir. Onun məhz “Keçmişə baxış” rəsmi də
bizdə müəyyən qədər bu fikri
aşılayır.
A.Məlikovun
musiqisinin konkret forması olduğu kimi rəsmlərinin də
özünəməxsus formaları var. Məsələn,
“Fantaziya”, “3 hissəli simfoniya” rəsmləri özündə
konkret, vahid forma cizgilərinə malikdir. Öncə qeyd etməliyik
ki, simfoniya musiqidə iri həcmli instrumental janrdır. Lakin
simfoniya həmdə XX əsrdə rəssamlığa da bir
janr kimi daxil olur. İlk dəfə “simfoniya” janrı rəssamlığa
Ceyms Uistlerin “Ağ rəngli simfoniya N1” əsəri ilə
daxil olur. Həmin əsərdə rəssam simfoniya kimi ağ
paltarlı gözəl bir xanımın təsvirinə bu
adı verir. A.Məlikov isə C.Uistlerdən fərqli olaraq
öz “3 hissəli simfoniya” kompozisiyasına rəssam-musiqiçi
kimi yanaşaraq, zənnimcə onu musiqili formanın rəsmdəki
təsviri kimi qəbul edir. Yəni onun üçün rəsmdəki
simfoniya musiqili janr olan simfoniyanın rəsmdəki koloritli, rəngarəng
görünüşüdür. Rəsmdə forma hiss olunacaq
dərəcədə duyulur. Əsərdə demək olar ki,
bütün rənglər var. Həmin rənglər, fikrimizcə,
orkestrdəki alətlərin boyalar vasitəsilə əksidir.
A.Məlikov orkestr koloritini düzgün və gözəl
seçdiyi kimi, rəsmlərinin də rəng koloritlərini
də məharətlə seçməyi bacarır.
Simfoniyanın
1-ci hissəsində sarı rəngli yarımçıq dairə
və yaşıl ay təsvir edilib. Görünür həmin
dairə onun simfoniyasının
başlanğıcıdır. Həmin rəsm elə bir
konsepsiyada qurulub ki, sanki insana gecənin sonu və
sübhün açılmasından xəbər verir. Bu hər
hansısa mərhələnin başlanğıcından xəbər
verir. 2-ci hissədə isə həmin dairə günəş
kimi parlaq və tam şəkildə təsvir edilib. Sanki
günorta çağıdır və ya insan həyatının
keçdiyi hər hansısa mərhələnin ən parlaq səhifəsidir.
Yəni, bu mərhələdə insan günəş kimi
parlayır, günəş tək qüdrətlidir, həyatının
ən işıqlı dövrünü yaşayır.
3-cü hissədə isə rənglər nisbətən
tündləşir, solğunlaşır. Həmin rəsmdə
dəniz və buludlar əks olunub. Ən maraqlı məqam
burasındadır ki, sanki günəş qürub edir,
ayın arxasına keçərək batır və
yarımçıq ay uzaqdan görsənir. Bu hissədə
Arif Məlikov rəssam fırçası ilə musiqiçi
Arif Məlikovun yaradıcılığının müəyyən
mərhələsinə yekun vurur. Kompozisiya avanqard üslubda
çəkilsə də, əsəri diqqətlə izlədikdə
rəssamın fikri insana tədricən aydın olur. Qeyd edək
ki, “3 hissəli simfoniya-tiptix” 1989-cu ildə çəkilmişdir,
lakin onu bəstəkarın simfonik musiqisi ilə də əlaqələndirmək
olar. Hərçənd, A.Məlikovun bəstəkarlıq
yaradıcılığında 3 hissəli simfoniyaya rast gəlinmir.
Ancaq, bu “ 3 hissəli simfoniya” forma etibarı ilə bəstəkarın
Heydər Əliyevə həsr etdiyi VIII “Əbədiyyət”
simfoniyasına yaxındır. Belə ki, bəstəkar 1 hissə
daxilində 3 hissəli bölgü yaratmışdır. Bu
simfoniya barədə bəstəkar öz qeydlərində belə
söyləmişdir:
“VIII
simfoniya üçün mən qeyri-adi forma düşünmüşdüm.
Simfoniya 3 bölümdən ibarətdir. I bölümdə
dahi N.Hikmətin 6 fəlsəfi şeirinə musiqi
yazılmışdır. II bölüm üçün sanki
başlanğıcdan zirvəyə qədər qeyri-adi forma
düşünmüşdüm. Bu bölüm
üçün bir orkestr kifayət etmədi. İfa
zamanı orkestr lent yazısı səslənən zaman daha 2
orkestr əlavə olunmuşdur. Burada musiqi ifadəliyinin
müasir vasitələrindən biri istifadə edilmişdir.
Musiqi zirvəyə çatıb qəflətən kəsiləndə,
sükut içində görkəmli Azərbaycan şairi
Almas İldırımın “Azərbaycan” şeirinə
musiqinin səsi artır. Yekun olaraq, simli orkestrın
akkordlarının fonunda royal səslənir. Bu bölümdə
təskinlik, sakitlik, əbədiyyətə qovuşma baş
verir”.
Məhz
A.Məlikovun “3 hissəli simfoniya”rəsmi də bu ideyanı əks
etdirir. Doğrudur, VIII simfoniya “3 hissəli simfoniya-tiptix”indən
çox-çox sonra yazılıb. Lakin rəsm və musiqili
simfoniyalar arasında heç bir uyğunluğun
olmamasını da vurğulamaq tam düzgün olmazdır.
İnsan hər hansısa bir əsəri yazdığı
halda, onun bu əsərini məhz həmin dövrə
şamil etmək doğru deyil. Çünki, sənətkar hər
hansısa bir əsəri yazıb-ortaya qoyduqda, anlamaq
lazımdır ki, bəlkə bu əsərdə bəstəkarın
ortaya qoyduğu hiss, həyəcan, fəlsəfi
baxışlar onun daha çox uzaq illərdən,
ömrünün erkən çağından onu
düşündürən fikirlər toplusudur? Hətta, bəzən
elə olur ki, bəstəkar onu narahat edən ideyaları bədii
əsərə çevirməzdən öncə müxtəlif
janrlı əsərlər bəstələyərək bu
ideyaları məhz o əsərlərdə
açıb-göstərməyə tələsmir. Yalnız
zaman-zaman bir özəl sənətkar kimi, onu
düşündürən ideyaları ömrünün
sonrakı illərində yazdığı yalnız son əsərlərində
göstərir, onu narahat edən təlatümlü
sualların cavabını son əsərlərində
tapmağı bacarır. Bu artıq bir çox bəstəkarların
yaradıcılığında rast gəlinən, təsdiq
olunmuş aksioma, bir teoremdir.
A.Məlikovun
yaddaqalan rəsmlərindən biri də “Əbədiyyət” əsəridir.
Bu əsər hətta “3 hissəli simfoniya-tiptix”indən də
öncə - 1982-ci ildə çəkilərək ərsəyə
gəlmişdir.
Bu rəsmdə
bəstəkar ağ və qızılı rənglərə,
çalarlara yer verərək qeyri-adi bir mənzərə
yaratmışdır. Sanki günəş buludların arxasında
gizlənir, lakin əbədi olaraq yaşayır. Maraqlı məqam
burasındadır ki, bəstəkarın VIII simfoniyasıda “Əbədiyyət”
adlanmışdır. Onun “3 hissəli simfoniya” və “Əbədiyyət”
rəsmləri daha öncələr yaransa da, lakin həmin rəsmlər
onun sonuncu simfoniyası ilə vəhdət təşkil edərək,
əbədiyyat haqqında düşüncələrini
yaratmış olur. Simfoniya forma cəhətdən qeyri-adiliyi,
harmonik dili, sərbəst fakturası, sadəliyin və
mürəkkəbliyin uyğunlaşdırılması ilə
maraqlıdır. Simfoniyasına xas bütün xarakterik
xüsusiyyətlər onun “3 hissəli simfoniya” və “Əbədiyyət”
rəsmlərində də öz əksini
tapmışdır.
A.Məlikovun
yaradıcılığına yalnız “əbədiyyət”lə
bağlı mövzular deyil, həmçinin “təbiət” əlaqəli
mövzulara da rast gəlmək olar. Güllər,
çiçəklər, ağaclar onun rəsmlərinin əsas
mövzularından biridir. O, rəngarəng koloritlərə
yer verərək, daha çox qırmızı, yaşıl,
ağ, mavi, sarı rəngləri çiçəklərində
əks etdirir. Onun üçün hər bir rəng xüsusi
məna kəsb edir. Təbiətdə 7 səs, 7 rəng
mövcud olduğu kimi onun da rəsmlərində də 7 rəng
və onlardan əmələ gələn törəmə rənglər
əsas yer alır. Bəzən onun rəngləri göy
qurşağını xatırladır. Məhz Arif Məlikovun
bir-birinə bənzərsiz çiçəklərində də
bu abu-hava duyulur.
A.Məlikovun
bəstəkar və rəssam kimi bir bərabər vəhdətdə
təcəssümü müğənni Brilliant Dadaşovanın
klipindən də məlumdur. Həmin klipdə bəstəkar
Arif Məlikov gənc müğənniyə rəssam kimi
öz sevimli “güllərini” həsr edir.
Arif
Məlikovun rəssamlıq dühası ilə yaxından
tanış olduqda onun son dərəcədə incə
zövqə və orijinal ideyalara malik olduğunu sezmək
olar. Sözün əsl mənasında o, öz rəsmlərini
bir həvəskar rəssam kimi deyil, əsl peşəkar rəssam
kimi çəkir. Onun rəsmlərindən
danışdıqda qeyd etmək lazımdır ki, A.Məlikov
musiqiçi kimi daxilən klassik olsa da, lakin rəsmlərində
klassikadan daha çox bir sıra başqa cərəyanların
təsiri duyulur. O, bir rəssam kimi tam fərqli bir mövqedən
çıxış edir. Buna baxmayaraq, A.Məlikovun rəsmləri
də sanki melodik dilə malikdir. Xüsusilə onun təbiət
lövhələrinə həsr etdiyi rəsmlərində bu
kimi xüsusiyyətlər daha aydın sezmək olar.
Zənnimizcə,
A.Məlikovun rəsmləri onun musiqisi ilə daima vəhdətdədir.
Ümumiyyətlə, bədii əsərlər haqqında qəti
fikirlər söyləmək sadəlövhlük olar. Lakin hər
bir insanın böyük sənət qarşısında
düşünməyə və müəyyən qənaətə
gəlməyə haqqı var. Bu haqq hər bir insanın fərdi
yanaşmasının nəticəsidir.
Humay Fərəcova,
musiqişünas
Kaspi.-2013.-19 aprel.-S.12.