Bir ailənin “Müharibə”si

  

II Dünya müharibəsinin fəsadları bir ailənin timsalında bütün çılpaqlığı ilə təqdim olundu

 

Nədənsə bu dəfəki “Müharibə”-nin səsi tamaşanın premyerası başlamamışdan əvvəl gəldi. Zənnimcə, tamaşanın tərtibatı, quruluşu mənim qədər hamı üçün maraqlı idi. Tamaşa başlamamışdan əvvəl teatra gedib, premyera öncəsi teatrda baş verən son hazırlıqları izlədim. Pərdələrin açılmasına 1 saat qalmasına baxmayaraq, səhnə demək olar ki, hazır idi.

Bir anlıq səhnəyə çıxıb, bir neçə dəqiqədən sonra bu zalın dolacağını, elə dayandığım səhnədə “müharibə” baş verəcəyini gözlərim önündə canlandırdım. Aktyorlar və teatrın mətbuat xidməti ilə tez-tez əlaqə saxladığım üçün artıq mövzudan və tamaşanın gedişatından az da olsa xəbərdar idim. Səhnədən birbaşa aktyorların qrim otağına yollandım. Nigar Bahadirqızı ilə Roza İbadova qrim otağında tamaşanın sözlərini təkrarlayaraq yarızarafat söhbət edirdilər. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov aktyorlara tamaşa öncəsi məsləhətlərini verib, mənimlə birgə zala daxil oldu. Saat 19:00 da səbirsizliklə gözlədiyimiz tamaşa başladı.

Tamaşada 5 nəfər iştirak edirdi. İndi deyəcəksiniz 5 nəfərlə nə tamaşa, özü də müharibə mövzusunda? Bəli, GTT-da cəmi 5 nəfərdən ibarət tamaşada müharibənin törətdiyi fəlakətlərdən danışılırdı. Adətən tamaşanın başlaması üçün pərdənin açılmasını gözlədiyimiz halda, bu dəfə pərdə açılmadı. Düşündüm ki, yəqin texniki problemdir. Ancaq sən demə, pərdənin ümumiyyətlə açıq qoyulması müharibənin bitməsindən xəbər verirdi.

Beləliklə, tamaşa başladı… Ana (Kəmalə Hüseynova) otağa daxil olub yatmış qızlarını (Nigar Bahadirqızı - böyük qız, Roza İbadova - kiçik qız) oyadır. Onları su dalınca göndərir və bu zaman aləm dəyir bir-birinə. Qızların heç biri su gətirmək istəmir. İlk konflikt başlayır. Ananın qızlarına və onların analarına münasibəti ortaya çıxır. Qızların kimliyi, iç üzləri yavaş-yavaş açılmağa başlayır.

 

Bədbəxtlər

 

Müharibə mövzusuna ən humanist-fəlsəfi yanaşma realist mənzərə yaratmaqdı. Müharibədə qalib olmur. Müharibədə olan yeganə şey qurbanlardır... İsveç dramaturqu Lars Noren bu pyeslə müharibənin törətdiyi fəsadları, onun gənclərə təsirini göstərməyə çalışıb. Dağılmış ailənin üzvləri hadisələri bütün çılpaqlığı ilə tamaşaçılara nümayiş etdirdilər. Hər kəsin öz mənafeyi uğrunda mübarizə apardığı ailə, onların taleləri tamaşaçıların gözü önündə sərgiləndi.

Ata müharibədən kor qayıdır. Ana müharibə illərində ərinin cavan qardaşı ilə yaşayır. Böyük qız fahişədir. Qardaşların bir-birinə olan münasibəti də ürəkaçan deyil. Ata aldadılır ki, qardaşı itkin düşüb. Onsuz da gözdən əlildir, heç nəyi görmür. Amma o hiss edir ki, evdə başqa adam var. Əsərin qəhrəmanları bir-birini aldadırlar. Əslində, onlar özlərini aldadırlar. Hər kəs çıxılmaz vəziyyətdədir. Müharibə insanları murdarlayıb, ləkələyib. Hər kəsin həyatını dəyişib. Doğmalar arasında mənəvi bağlar məhv olub. İnsanlıq ölüb. Evdəkilər də atanın hərəkətlərindən sanki qorxu içində yaşayırlar. Bəlkə görür deyə, ehtiyat edirlər. Ata müharibə zamanı gözlərinin yandırıldığını və ona görə də hazırda kor olduğunu qızlarına söyləyəndə, onlar tam əmin olurlar ki, ataları görmür. Ataya əmilərinin sağ olmadığını deyirlər. Ancaq əmi evdə qardaşının yoldaşı ilə eşq yaşamaqda davam edir.

Sonda hər şey aydın olur: Bir evdə yaşayan, taleləri üzlərinə gülməyən bu bədbəxtlər, getməyə başqa yerləri olmadıqlarından ömrü boyu bir-birilərinə möhtac qalacaqlarını anlayırlar.

 

Müharibə və mübarizə!

 

Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda, müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək olur. Kiçik qız insanlara nifrət hissi ilə böyüyür. Böyük qız isə qaçıb canını qurtarmaq istəyir. Böyük qızın rolunu canlandıran Nigar Bahadirqızının sözlərinə görə, insan haraya gedirsə-getsin özünü, daxilində peyda olan mənini də özü ilə aparır. Yəni insan istəsə də heç zaman özündən qurtula bilmir. Ana isə özünü düşünür. Ərinin müharibədən dönməyəcəyini düşünüb, ona xəyanət edib. Ona görə də ərinin müharibədən sağ qayıtmasına heç də məmnun deyil. Müharibədən kor dönən evin kişisi isə artıq heç kimə lazım deyil. Nə qızlarına, nə də həyat yoldaşına. Hər kəs xoşbəxt olmaq istəyir, bunun üçün cəhd göstərirlər də, ancaq düşünmürlər ki, onların timsalında yaşayan insanlar heç zaman xoşbəxt ola bilməzlər. Əslində hərə bir cür bədbəxtdir. Tərbiyələri pozulmuş qızlar, ərinə xəyanət edən qadın, qardaşına xəyanət edən qaçaq əmi, bundan sonrakı həyatına kor davam edəcək ata.

Səhnədə baş verənlər faciə deyil, adi həyat hadisəsidir. Müharibə bitib, faciədən qurtarıb. Ərin qayıtması sadəcə, ekstremal vəziyyətdir. Haradansa musiqi səsləri eşidilir, yaxşı xəbərlər gəlir. Müəllif isə demir ki, müharibədən sonra siz nə işlə məşğul olun. O, yalnız vəziyyəti təsvir edir. Hər kəs narazıdır. Bəs bu hadisələrin günahkarı kimdir? İnsanların illərlə qurduğu hər şeyi dağıdan müharibə? Müharibə və mübarizə!

İki hissəli müasir dram janrında təqdim olunan bu tamaşanı qısaca belə səciyyələndirərdim – bədbəxtliyin içərisində xoşbəxt olmağı arzulayan, ancaq öz arzularına heç zaman çata bilməyəcək müharibə dövrünün insanları. Hər iki məfhum fəsadlarının bütün dəhşətli çılpaqlığı ilə səhnədə idi. Ana iki qızı ilə birgə müharibənin (söhbət II Dünya müharibəsindən gedir) arxa cəbhəyə ünvanlandığı əzab-əziyyətin, rəzalətin payını artıqlaması ilə alıblar. Təkcə intihar cəhdi baş verməyib. Əvəzində ana və qızları fiziki və mənəvi məhrumiyyətlərin bütün yaşantılarını çəkiblər, hətta... aclıqdan ölməmək üçün qapılarındakı itin ətini də yeyiblər. Bütün bunlara rəğmən, səhnələrin birində Ana müharibəyə minnətdar olduğunu deyir. O, bunu hadisələr kulminasiya nöqtəsinin ətrafında cərəyan etməyə başlayanda söyləyir. Bununla da onun cəbhədən görmə qabiliyyətini itirmiş halda qayıtmış ərinin gəlişinə qəribə, sevincdən uzaq reaksiyası öz izahını tapır – cəbhədən yayınmış, faşistlərin əmri ilə yeganə kiçikyaşlı oğlunu ölənə qədər döyən qayın, qardaşının evdə olmadığı müddətdə onun yerini tutub və ... qadın bundan çox məmnundu. Hətta qızlarının kor olmuş atasını atıb onunla qaçmağa da hazırdı, amma qızları ilə birlikdə.

Tamaşa boyunca Atanın iki ziddiyyətli fikri səslənir – qadınının və qızlarının namusunun tapdandığını duyduğu və bundan agah olanda korluğuna sevindiyi an.

 

Səhnə tərtibatı

 

Səhnədə adət etdiyimiz bərbəzəkli dekorasiyalar, al-əlvan rənglər gözümüzə elə də çox dəymədi. Səhnədə kiçik nimdaş, sadə stol və stullar, kiçik çəpər görünürdü. Diqqətimi cəlb edən digər məqam isə çəpərin o tayında divarlardan asılmış boş portret çərçivələri idi. Rejissor bununla nə demək istəyirdi? Bəlkə də bəxti gətirməyən bu insanların daxilən bir boşluqda olduqlarını, bəlkə də müharibədən qayıtmayan insanları göstərmək istəmişdi...

Bu tamaşanı Bəhram Osmanovun quruluşunda hazırlanan ən uğurlu tamaşalardan hesab etmək olar. Aktyor oyununa gəlincə, ən maraqlı məqamlardan bir o idi ki, Bəhram Osmanov adətən müharibə mövzularında görməyə alışdığımız hazır tipajlara müraciət etməmişdi. Ən əsası, tamaşaçıya hadisələri əvvəlcədən ehtimal etmək imkanı verilmir.

Ata – Qurban İsmayılov obrazın sarsıntılarını dəqiq boyalarla çatdırır. Roza İbadovanı universitet illərindən tanıyıram. Onun oyun tərzinə, səhnə estetikasına yaxşı bələd olsam da, teatrda hazırlanan tamaşalarda adətən epizodik rollarda görürdüm və buna çox məyus olurdum. Buradakı obrazı Rozanın yeni uğuru kimi hesab etmək olar. Nigar Bahdirqızını adətən şən, çılğın, səhnədə coşub-daşan obrazları ilə xatırlasam da, bu dəfə o, psixoloji üslubda əxlaqsız qadın rolunu canlandırırdı. Sözün əsl mənasında, bu obrazda da o, özünü doğrultmağı bacardı. Nigarla bizimlə söhbətində söylədi ki, yaxşı rejissor olan yerdə aktyor dəyişilə bilir: “O zaman mən təqsiri aktrisada deyil, rejissorda görürəm. Əgər rejissor bacarırsa, o aktrisadan Cülyetta yaratsın. Misal üçün, bu tamaşada Roza İbadova tam dəyişildi. O, bu günə kimi oynadığı tamaşalarda elə də gözə görünməyib. “Müharibə” tamaşasındakı rolu onda ilk və fərqli üslubda bir obraz oldu. Bu, artıq rejissorun uğurudur. Yaxşı rejissor istənilən aktrisadan istənilən obrazı yarada bilər. Əgər o aktrisanın içi boş deyilsə”.

Qurban İsmayılov da hər zamankı ampluasında üzərinə düşən işin öhdəsindən gəlməyi layiqincə bacardı. Rasim Cəfərovun hər oyununda isə “Əzizim Fellini” filmindəki obrazı gəlib gözümün qarşısında dayanır. Zənnimcə, onu bu dəfəki obrazı başqa aktyora həvalə olunsaydı, bəlkə də daha yaxşı alınardı. Ümumi götürdükdə, tamaşanın uğurlu olduğunu əminliklə demək olar. Son illər teatr səhnəsinə yol tapan bir sıra tamaşalarla müqayisədə daha böyük tamaşaçı auditoriyası toplayacağına şübhə yoxdur.

Onu da qeyd edim ki, GTT səhnəsində “Müharibə”nin növbəti nümayişi mayın 18-də baş tutacaq.

 

 

Xəyalə Rəis,

teatrşünas

 

Kaspi.-2013.-19 aprel.-S.13.