Sabahın sorağında 

 

«Sevdiyim yazıçılar» bölməsindən

 

Azərbaycanın mədəni coğrafiyasında xüsusi yeri olan Naxçıvanın Şahtaxtı kəndindən onlarla görkəmli elm, maarif, ədəbiyyat və sənət adamları yetişmişdir. Onlardan biri də "Şöhrət" ordenli, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin uzun illər sədri olmuş, xalq yazıçısı Hüseyn İbrahimov mənim yaddaşımda ağ saçları, iri dolu gözləri, yumşaq səsi və bir də «Sabahın sorağında» əsəri ilə əbədiləşib. Halbuki bu görkəmli yazıçının sağlığında 20-yə yaxın kitab işıq üzü görüb. Müəllifin özünə məxsus nəsr yaradıcılığı Azərbaycan ədəbiyyatını zənginləşdirib, neçə-neçə dram əsəri teatra yeni nəfəs gətirib. Sadəcə bu yazıçı ilə mənim bir oxucu kimi tanışlığım «Sabahın sorağında» əsərindən başladığı üçün heç vaxt unudulmur.

Ömrünün ən yaxşı çağları İkinci dünya müharibəsinin odlu-alovlu cəbhələrində keçdi. Yaradıcılığa şeirlə başlayan Hüseyn İbrahimov sonra nəsrlə məşğul oldu. Ara-sıra şeirə də üz tutdu. Böyük enerji və həvəslə ədəbiyyatımıza bir-birindən maraqlı və mükəmməl əsərlər bəxş etdi.

Hüseyn İbrahimov haqqında fikirləşəndə xəyalıma ilk növbədə xalq yazıçısı Süleyman Rəhimovun əzəmətli siması gəlir. Ucaboylu, ağ saçlı, şah qamətli, əyilməz və vüqarlı. Bu zahiri oxşarlıq onların bədii yaradıcılığında da var. Arxivindəki qoşa şəkillər bu vəhdətin təbiiliyindən, hər iki görkəmli nasirin dostluğundan xəbər verir.

Mərhum tənqidçi, unudulmaz müəllimimiz Qulu Xəlilov yazırdı: "Hüseyn İbrahimovu biz ən çox zəhmətkeş və təvazökar bir nasir, qəlbi vətəndaşlıq eşqi ilə dolu olan yazıçı kimi tanıyıb sevmişik. Hüseyn İbrahimov ilhamını Naxçıvanın bərəkətli, nadir sulu torpaqlarında bəsləsə də, onun sədası Azərbaycanın bütün sahələrində özünə çoxlu doğmalar, yaxınlar tapmış, yüzlərlə oxucunun qəlbində dərin məhəbbət oyatmışdır... Tam halda onun yaradıcılığında vətənə, torpağa bağlılıq, tərbiyəvilik, saflıq, təmizlik əsas yer tutur".

1958-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Hüseyn İbrahimov ilk əmək fəaliyyətinə müəllim kimi başlamış, sonralar isə müxtəlif vəzifələrdə çalışmışdır. Bir müddət "Şərq qapısı" qəzetində redaktor, Naxçıvan Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət naziri vəzifələrində çalışmış, 1998-ci ildən ömrünün sonuna kimi Naxçıvan yazıçılar şöbəsinin sədri olmuşdur.

Azərbaycan ədəbiyyatının inkişafında unudulmaz xidmətləri olan Süleyman Rəhimov, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Qılman İlkin, Əzizə Cəfərzadə, Manaf Süleymanov kimi ədiblərin sırasında Hüseyn İbrahimovun özünəməxsus yeri var. Bu nasiri digərlərindən fərqləndirən bir xüsusiyyəti də odur ki, əsərləri müxtəlif dillərə tərcümə olunan, neçə-neçə kitabın müəllifi, pyeslərinə səhnə həyatı verilən Hüseyn İbrahimov ömrü boyu Naxçıvandan ayrı düşməyib. Onunla ədəbiyyata gələnlərin bəziləri paytaxta üz tutsalar da, məhz Hüseyn İbrahimov doğma Naxçıvanda qaldı, oradakı ədəbi qüvvələrin dayağı oldu.

Roman və povestlərində M.S.Ordubadinin, yumoristik hekayələrində isə Mirzə Cəlilin nəfəsi duyulur. Müəllifin oxucular tərəfindən rəğbətlə qarşılanan ilk nəsr əsəri "Baharın hekayəsi" povestidir. Əslində bu əsər Azərbaycan ədəbiyyatına istedadlı bir yazıçının gəlişindən xəbər verirdi. İstər oxucular, istərsə də ədəbi tənqid Hüseyn İbrahimovun əsərlərini məmnuniyyətlə qəbul etdi. Hekayə yazanda da müəllif insanın mənəvi aləminə işıq tutmağa çalışdı. Onun hekayələrinin əsas motivi yüksək əxlaqi keyfiyyət, təmiz hisslərin tərənnümü olub. Hüseyn İbrahimovun novellaları da maraq doğurur. Yazıçının "Yeddinci meyit" novellası daha çox diqqət çəkir. Novelladan məlum olur ki, "Nəsimi" filminin bir sıra kadrları Əlincə qalasının ətrafında lentə alınarkən kənddə dükançı işləyən Güləlini də kütləvi səhnələrə dəvət edirlər. Həmin filmin göstəriləcəyi günü səbirsizliklə gözləyən Güləli, nəhayət, öz arzusuna qovuşur. Hamıya hay salır ki, məni kinoya çəkiblər. Əmir Teymurun qoşununa qarşı vuruşmuşuq. Qonum-qonşu, arvad-uşaq ekran qarşısına toplaşır. Kadrların birində çaydan meyitlər axır. Güləli meyitlərin birini göstərib - "bax, o dalda üzən mənəm... Yeddinci meyit" - deyir. Arvad da, uşaqlar da xəcalət çəkirlər. Pərtliyini gizlədə bilməyən övrəti deyinir: "Ətin tökülsün! Ömründə bircə dəfə elə tutmadın ki, kişi işinə oxşasın". Acı həyat həqiqətini bu şəkildə düşündürə-düşündürə yumoristik bir dillə oxuculara çatdıran Hüseyn İbrahimov Mirzə Cəlilin, Mir Cəlalın gülüş dolu, əslində, qəmli hekayələrini yada salır.

Satirik novellalardan başqa xalq yazıçısı tənqidi ruhda hekayələrə də imza atıb. Bu qəbildən "Madam Heruta", "Milyonçunun ərköyün oğlu", "Hədər getmiş ömür", "Rəqiblər" və s. hekayələrini göstərmək olar. Uşaqlar üçün də müxtəlif hekayələr yazan müəllifin "Göyərçinin məhəbbəti", "Səhv edəndə", "Quşlar öləndə oxuyurlar", "Kamalın ad günü", "Göyərçinlər uzağa uçmurlar" adlı povestləri də oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Mirzə Cəlilin anadan olmasının 100 illiyi ilə əlaqədar müəllifin qələmə aldığı "Nehrəm kəndinin əhvalatları" adlı sənədli povesti də orijinallığı ilə diqqət çəkir. Bu əsərdə müəllif Mirzə Cəlilin qızı Münəvvər xanımla görüş zamanı onun dilindən eşitdiyi xatirələri qələmə almışdır.

Qələmini dramaturgiya sahəsində də müvəffəqiyyətlə sınayan Hüseyn İbrahimovun "İtirilən sağlıq", "Torpağın övladları" pyesləri C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında səhnəyə qoyulmuşdu. Müəllif həm faciə, həm də komediya janrında mükəmməl əsərlər yaradıb.

Hüseyn İbrahimov torpağına, ana yurduna bağlı vətəndaş və istedadlı yazıçı idi. Onun yaradıcılığı müasir Azərbaycan nəsrində xüsusi yer tutur. İlk irihəcmli romanı "Sabahın sorağında" adlanır. Biz nəslin gənclik illərində sevə-sevə oxuduğu əsərlərdən olub. Yadımdadır, mən onu ilk dəfə evimizdə, kitabların arasından tapdığım «Azərbaycan» jurnalında oxumuşdum. Burada müəllif İkinci dünya müharibəsi dövrüondan sonrakı mərhələdə Azərbaycan ziyalılarının duyğu və düşüncələrindən, eləcə də kəndlərimizdəki həyat tərzindən, insanların üzləşdiyi problemlərdən özünəməxsus dillə, dərin müşahidə ilə söhbət açırdı. Romanın proloqu ilə epiloqu arasında çox qəribə bir lirik körpü var. Bu əsərin mahiyyətində bir bahar ovqatı duyulur. Dünyaya insan gəlir. Bu gəlişlə əlaqədar epiloqda oxuyuruq: "Ad şərti şeydir, dostum. Təki dünyaya gələn övladımız adam olsun, insan olsun. Elə adam olsun ki, bu gündən çox sabahın karına gəlsin. Sabahın adamı olsun. Axı o, bu gün üçün deyil, sabah üçün doğulmuşdur. Böyük ümidlə baxdığımız, sorağında olduğumuz sabah üçün!.."

Bu əsərdən gələn həyat eşqi, nikbinsağlam ruh müəllifin sonrakı əsərlərində, eləcə də iki məşhur tarixi romanında da duyulmaqdadır. "Əsrin onda biri" əsəri Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin intibah dövrünə və həmin dövrdə fəaliyyət göstərən Eldəgizlər dövlətinə, Cahan Pəhləvanın, Memar Əcəminin həyatına həsr olunmuşdur. Bu əsəri oxuduqca istər-istəməz M.S.Ordubadinin "Qılınc və qələm" romanını xatırlamalı oluruq. "Böhtan" romanı isə 1937-ci ilin repressiya qurbanı, XX əsrin ədəbi zirvəsi Hüseyn Cavidin sürgün həyatından bəhs edir.

Hüseyn İbrahimov tərcümə sahəsində də müəyyən səmərəli fəaliyyət göstərmişdir. Türk yazıçısı Əziz Nesinin, suriyalı ədib Murad Sibainin, özbək nasiri Abdulla Rəhharın, misirli Şixata Ubeydin bir sıra hekayələrini dilimizə çevirmişdir.

Akademik Mirzə İbrahimov sənət dostu barəsində vaxtilə belə yazırdı: "Hüseyn İbrahimovun gözəl, mənalı, xalqımız, ədəbiyyatımız üçün faydalı olan yaradıcılığı adama xoş gəlir. Yaxşını pisdən, xeyri şərdən, təmizi çirkabdan, düzü əyridən seçməkdə oxucuya kömək edir. Böyük qayədir!.. Humanist ədəbiyyatın qədim zamandan bugünə kimi ən müqəddəs qayəsidir. Müəllifin əsərləri də məhz bu amala xidmət edir". Bu cür yazmaq, yaratmaq isə ucalıq və həmişəlik sabahın sorağında olmaqdır. Sabahı görən, arzulayan insanlar isə mənə elə gəlir ki, bax, elə beləcə, Hüseyn İbrahimov kimi dərin baxışlı, saçlı, qranit çöhrəli, məğrur, kövrək qəlbli və ömrü boyu torpağa bağlı olublar. Heç unutmuram, müəyyən bir işlə əlaqədar Bakıya gələn, amma burada 3 gündən artıq tablaşmayan xalq yazıçımızla yerimdə görüşdük. 85 yaşında olmağına baxmayaraq özü redaksiyamıza gəlmişdi. Sadə təbiətli, mehriban bir insan idi. Xeyli söhbət etdik. Hüseyn İbrahimov mənə çox xoş təsir bağışladı. Yazıçılığı ilə insanlığı arasındakı ünsiyyət, oxşarlıq, daxili zənginliyi məni məftun etdi. Hüseyn İbrahimov sözün əsl mənasında köhnə kişilərdən idi. O danışdıqca elə bilirdim ki, canlı bir dağla üz-üzə dayanmışam. Yadıma Naxçıvan dağları düşdü. Heç yerdə görmədiyim tunc rəngli, uca, qeyri-adi qayalıqdan ibarət dağlar...

Canından artıq sevdiyi Naxçıvan torpağında əbədiyyətə qovuşmuş Hüseyn İbrahimovu həmişə belə xatırlayıram. Həmin anda içimdən bir xiffət keçir. Dağlar da torpağa çəkilərmiş… Necə qəribə söhbət etməyi var idi. Saatlarla ona qulaq asmaqdan doymazdın. Örnək, nümunə, əsl məktəb idi Hüseyn İbrahimov. Ondan əxz etməli, öyrənməli məziyyətlər çox idi. Bütün söhbətlərinin sarı simi sabah-soraqlı olardı.

 

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

 

Kaspi.-2013.-20-22 aprel.-S.17.