Əsas olan mətndi 

 

 Zahid Sarıtorpaq: Bir də ədəbi qaraçuxada qismət deyilən bir yazı var ki, o da hər yazara yazılmır...

 

Zahid Sarıtorpaq 1957-ci il mayın 11-də Şamaxı rayonunda anadan olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Zahid müəllimi həmişə ədəbiyyata son dərəcədə “ehtiyat”la yanaşan, qovğalardan kənarda dayanan şair kimi görümüşəm. Son dərərəcədə gözlənilməz bənzətmələri və dəqiq deyimləri ilə seçilən şeirlərində qəribə bir “yumşaqlıq və həlimlik” duymuşam. Zahid müəllimin şeirlərində bəyəndiyim və mənimçün son dərcə qiymətli olan məqam irfani qatın olması və küfr, yalançı obrazlılıq, hədər sadalanmalar, aşırı uzunçuluğun olmamasıdır. Zahid müəlliin şeirləri ilə tanış idim, ədəbiyyat bilgiləri ilə də müəyyən qədər bu müsahibə daxilində tanış oldum, düzü, maraqlı idi...

– Sizin şeirinizdə irfani meyillərlə müasirlik aydın hiss olunur, bu müsbət hal olsa da, individuallığın itməsinə gətirib çıxarmırmı?

– İrfana, təsəvvüfə və ya başqa oturuşuşmuş dünyagörüşlərinə şeirdə bilincli olaraq meyl etmirəm, onlar sadəcə mənim içimin ruhaniyyətindən doğanlardı.Yazdıqlarımı bəzən neosufizm də adlandırırlar. Amma mən onu da qəbul etmirəm. Sadəcə şeirimi yazıram. İnanın 2009-cu ildə işıq üzü görmüş kitabımda otuz il əvvəlin də şeirləri yer alıb, beş-altı il əvvəlin də. İdeya fərqini görməzsən amma.

– Poeziyada xaos və kosmos məsələlərinə necə yanaşırsız və bu barədə nə düşünürsüz?

– Xaotiklik, nizamsızlıq, daha dəqiq desək sistemsizlik təkcə poeziyanın belini qırmır, həm də şairi urvatdan salır, tükəndirir. Düzdü, poeziyamız qapsamlıdı, çağdaş şeirimiz hələ dünyaya yetərincə çıxa bilməsə də bu gün bütün salxarıyla göz önündədi. Amma daha çox bir biçimsizlik var bu alanda. Klassik üslubda yazanlar da, modern, postmodern deyilən ab-havanı şeirə gətirənlər və gətirmək üçün çarpışanlar da sanki eyni təbili döyürlər. O ki, qaldı kosmos məsələsinə, bu, elə mən deyəndi də. Yəni o, neçə milyard ilin nizamı içində olan bir şeydi ki, lap bircə zərrəsi, lap, elə milyardda bir zərrəciyi şeirə gəlsə, poeziyada həmin o İlahi nizam zühur edər... Yəni, sistemli şeir düzəni formalaşar. Amma görək buna bugünkü təfəkkürlə, bugünkü intellektlə güc çatırmı?

– Müasir şeirimizdə rəngarənglik var, amma nədənsə ümumi mənzərənin içində yekrənglik var, bu sanki bütün mənzərəni bir fonda itirir. Sizə belə gəlmirmi?

– Bu məsələyə yuxarıda dolayısıyla aydınlıq gətirdim. Ümumiyətlə, mən ədəbiyyatımızı həmişə bir xalı kimi, bir gəbə kimi təsəvvür edənlərdən olmasam da, dediyim kimi, onun rəngarəngliyini, fərqliliyini qəbul edən birisiyəm. Zəif şeir yazan şairin gözəgəlimsiz ilməsi də, güclü şairin butasayağı naxışı da orada cəmlənir. Əsas olan mətndi. Ortaya qoyulan mətn. Mənzərəni də o oluşdurur. Bir də ədəbi qaraçuxada qismət deyilən bir yazı var ki, o da hər yazara yazılmır...

– Bizdə nədənsə şairlərin çoxunu “izm”lərə ayırmırlar, kimin hansı ədəbi cərəyanın təmsilçisi olduğu bilinmir. Siz öz əsərlərinizi hansı dəbi cərəyana aid edərdiniz?

– Ədəbiyyatda cərəyanlaşmanın tərəfdarıyam, çünki bu, bir nizam yaradır, ədəbi mühitin dəngəsini sahmanlayır. Bu, necə olur? Hər ədəbi portalın, saytın, ya dərginin ətrafında həmfikir yazarlar, şairlər birləşirlər. Yəni burada qəzəl yazanların öz qrupu, qoşma, gəraylı, hecada yazanların öz dəstələri, deyək ki, modern əsərlər yazanların da öz güruhları, cərəyanları olur və təbii ki, belədə xaos da yatır, hər şey də aydın görünür, necə deyərlər, ədəbiyyatı da çempionata çevirərək yüngül çəkilililərlə ağır çəkililəri qurşaq tutdurub gülünc duruma salmırlar... Mənim də özümə simsar sandığım, ruhən yaxın yazarlar dostlarım var və biz tez-tez həm həyatda, həm də virtual aləmdə görüşür, baxışlarımızı bölüşürük.

– Ədəbi gənclik haqda fikirlərinizi bilmək maraqlı olardı.

– Bütün sahələrdə olduğu kimi ədəbiyyatda da bu günkü gəncliyin öz sərt məntiqi var. Bu məntiq bütün çılpaqlığıyla duyulur. Yeni dövr öz insanını yetişdirir, yeni ədəbiyyat öz yazarını. Ya da əksinə yeni insan öz dövrünü yaradır, yeni yazarsa öz ədəbiyyatını. Amma bütün təzadlı, qeyri-normal kimi görünən hallara baxmayaraq ədəbiyyatda bu işləri görməkdən ötrü, yeniliklə dolu inkişaf üçün münbit şəraitə söz ola bilməz. Yəni söhbət heç də həmişə ədəbiyyat adamının ömrünü, gününü çürüdən, onun fəaliyyətini məhdudlaşdıran maddi durumdan getmir. Söhbət bugünkü ədəbi şəraitdən, mühitdən gedir, daha dəqiq desək, söhbət ondan gedir ki, bugün geniş müstəvidə mövcud olan münbit ədəbi boşluqlar sözün həqiqi mənasında öz sahiblərini gözləyir. Dünya çapında məşhur olan örnəklərə qiyaslanaraq, çoxçalarlı yaradıcılıq cəbhələri açmaq olar və əgər gəncliyin buna cəhdləri varsa - sözsüz ki, var - alqışlamaq lazımdır. Əslində, belə şəraitlər hər əsrdə özünü göstərmiş və müəyyən mənada ayrı-ayrı xalqların mədəni həyatlarında intibaha gətirib çıxarmışdır. Bəzilərini bu ünkü gəncliyin apardığı eksperimentlər nahaq yerə qıcıqlandırır. Bu, olduqca normal bir haldır və buna heç də neqativ baxmaq gərək deyil. Vaxtı gələndə onsuz da hər şey biçimlənəcək, öz yerini alacaq, qeybdən ötürülən cərəyanların qısa qapanmaya məruz qalanları yoxa çıxmayacaq – təzədən bir özgə məkanda bir özgəsinə ötürülmək üçün geriyə qayıdacaq - artıq bu sürəc bizlik deyil - hədəfinə çatanlar isə mütləq haqqı bulmaq yolunda vergili yazarlarda ədəbi məhsul şəklində təcəlli tapacaq.

– Hər yaz– Sizinçin yazar xoşbəxtliyi və bədbəxtliyi nə deməkdir?

ar buna öz prizmasından yanaşa bilər. Fikirlər də fərqli olar yəqin ki. Hayıf, bu məsələyə çox vaxt bəsit yanaşılır. Bu məsələ mürəkkəbdi. Mürəkkəb olduğu qədər də düşündürücüdü. Sən bu gün eyforiya içində, kənar təsirlər altında özünü xoşbəxt sana bilərsən, amma çox yox, beş-on ildən sonra tam yanıldığını dərk eləyərsən. Ya da ki, toplum sənə sevgi bəsləyər, amma çox keçməz unudularsan. Belə şeylər ədəbiyyat tariximizdə az olubmu yəni? Əslində, yazarın ən böyük xoşbəxtliyi yaradıcılıq anlarında, prosesin içində yaşadıqları, keçirdiyi hisslərin ağuşunda duyduğu acılı-şirinli çırpıntılardan ibarətdi. Amma bunun özü də nisbidi. Yazar bədbəxtliyini onun bəsirətsizliyində görürəm – bu hal qələm adamının ən böyük bədbəxtliyidi. Bu isə nisbi-filan deyil, faktdı, gerçəkdi.

- Son dönəmdə xarici ədəbiyyata meylin artması, sizcə, milli ədəbiyyatımıza diqqəti azaltmırmı?

– Məsələyə bir qədər geniş yanaşmaq lazımdı. Xarici ədəbiyyatdan təsirlənərək, kimin konyuktura ədəbiyyatıyla, kimin plagiatlıqla, kimin həqiqi, ciddi ədəbiyyatla məşğul olduğu gün kimi aydındı desək, bu, bir qədər nisbi olar. Ən azı bu sahəyə, yəni ədəbiyyatın “mətbəxinə” bələd olan hər kəs öz arşınıyla bu məsələlərin ölçüsünü bilir. Ölçülərsə zövqlərə görədi. Ümumiyyətlə, dərindən götürdükdə ədəbiyyatda da heç nəyin mütləq olmadığı aksiomadı. Əgər yaradılan obrazlar əzəli və əbədi olana söykənmirsə dəyərlər keçəri olmağa məhkumdu; yəni, bu gün çox güclü görünən bir yazı sabah heç nəyə yaramayacaq, çünki o bu günlə sabah arasındakı keçiddən adlamağa qadir olmayacaq. Bu keçid isə mistik aerodinamik boru adlanan real və irreal dünya arasındakı qıl körpüsünə oxşayır. Baxmayaraq ki, onun özü də nisbi bir anlamdı. Yaxşı olan nə varsa əxz etməyin tərəfdarıyam. Amma kor-koranə yox. İstər xarici ədəbiyyata meylin olsun, istər də olmasın. Burada yaxşı mənada təsirlənə bilərsən. Düzdü, söz yox ki, İlahi vergi varsa, qələmin ucunu ilişdirərək ən ürkək quşun ən xəfif oxusunu belə vərəqin üstünə çəkib gətirmək mümkündü: heç şübhəsiz, qələm usta əlində olduğunda və ürəyin damarı iplik əvəzinə saplandığında ona, o zaman, Can Tikməsini nəinki quş səsiylə, həm də, məsələn, ölüb getmiş doğma birisinin isti, çox isti olan son nəfəsiylə də süsləmək olar və bu zaman Can Tikməsi Gül qoxuyar - deyəsən, söhbəti bir qədər lirik səmtə yönəltdim. Hə, qələmdən kağızdan danışıram, deyə bilərsən ki, biz daha qələmlə yazmırıq axı... Düzdü. Toxunmaq istədiyim məsələ heç də şairanəlik deyil, sadəcə Can Yanğısı istəyir. Az qala zibilxanaları və fahişələri, avtomobil tüstülərini və gecə barlarını ürəklərinə eşq kimi tatuaj eləmiş bir çox çağdaş yazarlar indi təkcə quşlardan yox, quş səslərindən də iyrənirlər və belə yaxşıdı deyirlər. Özəlliklə ilk baxışda ruhi ekolojisi pozulmuş kimi görünən “gənc ekoçular” min illər boyu insanların yediyindən yeməyi xoşlasalar da, elədiklərindən eləməyi sevsələr də, amma dediklərindən deməyi yaxına belə buraxmırlar. Buna kimin nə iradı ola bilər... Sözsüz, zəmanəmizdə İnsan çox şeydən bezmiş kimidi. Məsum quşlar, quş səsləri (sözsüz ki, bu ifadə şərtidi) bir yana dursun, hətta, özündən də, ilahi harmoniyadan da bu gün küskündü o sanki... Sanki hayqırıb demək istəyir: axı kimə lazımdı, nəyə lazımdı paklıq adlanan, özündə saflığı ehtiva edən və heç kimə gərək olmayan bu nəsnələr? Belə olduğunda zavallı və çaşqın insan hər şeyə, az qala, bir varlıq olaraq İlahi Harmoniyanın baş substansiyası kimi özünə belə şübhəylə yanaşır, heç kimdən sorğularına nə cavab istəyir, nə də bildiyini bir kimsəylə bölüşməyə ürək eləyir. Gözü görə-görə xaos və çaşqınlıq içində boğulur, sanki fələk qapısını döyərək: “gəl!..” deyir. Amma gəl deyən başqa şeydi; bu, yeni dövrün, ondan doğan zərurətlərin tələb etdiyi adaptasiyadı. Keçənlər bu doğanaqdan keçəcək (keçəndə nəyi itirəcəklər, nəyi qoruya biləcəklər – bu ayrı söhbətin mövzusudu), keçməyənlər isə zamanın və sənətin keçmişində ilişib qalmağa məhkumdu mütləq.

– Bu il sizin əsəriniz də MKM-in qısa siyahısına düşüb, müsabiqənin nəticələrinin ədalətli olacağına inanırsınızmı?

– Əsər göndərmişəm, onluğa düşüb. Qalanını dəyərli insanların yer aldığı münsiflər heyəti həll etməlidi. Mən nə deyə bilərəm ki? Hər halda inanmasaydım göndərməzdim.

 

 

Fərid Hüseyn

 

Kaspi.-2013.-20-22 aprel.-S.15.