İnfarktdan yaxa
qurtarmağın sirləri
“Qırmızı ətdən uzaq durmalı, xəmir xörəkləri, heyvani yağlardan, ağ çörəkdən, duzdan
az istifadə etməli...”
Həm
dünyada, həm də Azərbaycanda ürək-damar xəstəliklərindən
ölüm halları birinci yerdə dayanır. Beyin insultu isə
inkişaf etmiş ölkələrdə ölümə səbəb
olan xəstəliklər sırasında
üçüncü, Azərbaycan kimi inkişaf etməkdə
olan ölkələrdə isə ikinci sırada yer alır.
Anadangəlmə
ürək qüsuruna görə isə dünyada ilk yerlərdə
dururuq. Ürək infarktı və beyin insultu ilə
bağlı suallarımızı Mərkəzi Klinikanın
kardioloqu Üzeyir Rəhimov cavablandırdı. Qeyd edək ki,
Ü.Rəhimov ölkəmizdə beyin damarlarının
stendləmə yolu ilə açılmasını tətbiq
edən ilk azərbaycanlı həkimdir.
Ölkəmizdə
anadangəlmə ürək xəstəliklərinin səbəbləri
-
Dünyada və Azərbaycanda ürək-damar xəstəliklərindən
ölüm halları birinci sıradadır. Yalnız Şərqi
Avropa ölkələrində ürək-damar xəstəliklərindən
ölüm halları 3-4 ildir ki, xərçəng xəstəliyindən
sonraya, yəni ikinci yerə düşüb. Çünki
Şərqi Avropa ölkələri kiçik olduğundan
daha yaxşı idarə edilir və tibbi baxımdan mərkəzi
sistem qurulub. Sözügedən ölkələrdə yenicə
infarkt keçirən xəstələr infarkt anında
tövsiyə edilən xəstəxanalara
götürülüb damarları
açıldığından ölüm halları
azalıb. Bu, tibb üçün çox böyük nailiyyətdir.
Hazırda bunu bütün Avropa tətbiq etmək istəyir.
Amma böyük ölkələrdə buna nəzarət bir
az çətindir.
Ölümə
səbəb olan xəstəliklər arasında
üçüncü sırada insult, yəni beyin
damarlarının tutulması ilə bağlı beyin qan
dövranının pozulması xəstəlikləri
dayanır. Əslində bu, inkişaf etmiş ölkələrdə
üçüncü sıradadır. İnkişaf etməkdə
olan ölkələrdə isə ürək-damar xəstəliklərindən
sonra beyin-damar xəstəlikləri də ölüm və əlilliyə
səbəb olmasına görə xərçənglə
birgə ikinci sıradadır.
- Azərbaycanda ən çox
hansı ürək-damar xəstəliklərinə rast gəlinir?
- Həm
dünyada, həm Azərbaycanda ən çox infarkta və
ürək çatışmazlığına rast gəlinir.
Anadangəlmə ürək qüsurları ilə doğulan
uşaqlar Azərbaycanda digər ölkələrdən daha
çoxdur.
- Səbəb nədir?
-
Statistika olmadığından səbəblərini dəqiq
deyə bilmirik. Təxmini deyə bilərik ki, Sovet
dövründə ölkəmizdə radiasiya çox olub.
Bunun da ürək xəstələrinin sayının
çox olmasında rolu var. Qohum evlilikləri də anadangəlmə
ürək xəstəliklərinin əsas səbəblərindəndir.
Bundan başqa, hamiləlik dönəmində, hamiləlikdən
əvvəl gərəkli-gərəksiz dərmanlar, hamiləlik
periodunda keçirilən infeksiyalar da səbəblər
sırasında ola bilər. Bir də bizdə insanlar daha
çox qrip infeksiyalarına tutulurlar. Hamiləlik zamanı
keçən bu infeksiyalar da anadangəlmə qüsurların
səbəblərindən biri ola bilər.
Heç kim, hətta həkimlər
belə qadınlara inanmır
- Qadınlar, yoxsa kişilər
arasında infarkt xəstəliyi daha çox yayılıb?
-
Kişilərdə daha çox rast gəlinir. Amma son illərdə
dünyada qadınlarda bu xəstəlik artıb. Özü də
zərif cins infarktı ağır keçirir, ümumiyyətlə,
qadınlarda diaqnoz qoyulması bir az çətin olur.
Qadınlar adətən həkimə gecikirlər.
Çünki özləri də ürək xəstəliyindən
əziyyət çəkdiklərini bilmirlər. Həkimə
gec gəldikləri zaman isə keçirdikləri infarkt
ölümlə nəticələnir.
- Qadınlarda infarktın əlamətləri
üzə vurmadığına görə həkimə gec
müraciət edirlər?
-
Qadınlarda şikayətlər tipik ürək xəstəliyindən
əziyyət çəkənlərdəki kimi olmur. Digər
tərəfdən, xanımlar daha incə olduqlarından həyatları
boyu bir çox ağrılardan şikayət edirlər. Buna
görə də nə özləri, nə çevrələri,
bəzən hətta həkimlər də bu
ağrıları ayıra bilmirlər.
- Bu xəstəliklərə daha
çox hansı yaş qrupunda rast gəlinir?
- Azərbaycanda
bu xəstəlik adətən 40-50 yaşdan sonra
başlayır. Amma çox gənc yaşda da ürək-damar
xəstəliklərindən əziyyət çəkənlərə
rast gəlinir. 21-22 yaşında əməliyyat edib stend
qoyduğumuz xəstələr olub. Əslində Avropa və
Amerikada bu, 60-70 yaşlı insanların xəstəliyidir.
Bizdə daha gənc yaşda görünür. Bu da
saydığımız risk faktorlarının nəzarətsiz
olması, bizim qidalanma, bəslənmə
alışqanlığımız və bir az da hərəkətsizliyimizlə
əlaqədardır.
Piylənmə infarkta aparır
- Ümumiyyətlə, ürək-damar
xəstəliklərinin, infarktların əsas səbəbi nədir?
-
Ürək-damar xəstəliklərinin başlıca səbəbi
genetika ilə bağlıdır. Genetik olaraq sözügedən
xəstəlik bir ailədə varsa, həmin nəsildə digər
insanların da tutulma ehtimalı yüksəkdir. Ürək
damarı tutulduğu zaman damarın o nahiyəni qidalandıran
hüceyrəsi infarkt olur və ürəyin o hissəsi
sıradan çıxır. İrsi yolla keçməkdən
başqa, ikinci, ən ciddi risk faktoru şəkərdir. Şəkər
xəstəliyi də bizim ölkəmizdə hədsiz dərəcədə
çoxdur. Daha sonrakı risk faktorları arasında təzyiq
problemi və xolesterinin normal miqdarda olmamasıdır.
Ümumiyyətlə, siqaret çəkmə, oturaq həyat,
Azərbaycan mətbəxi, yağlı yeməklər, xəmir
məmulatları və qırmızı ətdən çox
istifadə - bütün bunlar risk faktorlarıdır. Bundan
başqa, stress də ürək-damar xəstəliklərinin əsas
səbəbi olmasa da, xəstəliyin ortaya çıxma səbəblərindən
biridir.
- Duzlu xörəklərdən
çox istifadə də damarların tıxaclaşmasına
səbəb olurmu?
- Əslində
duzlu yeməklər damarların kirəclənməsindən
daha çox təzyiqin yüksəlməsinə səbəb
olur, birbaşa damarlara zərəri yoxdur. Amma təzyiq
yüksək olduğu zaman ürək damarlarını zədələdiyi
üçün bilavasitə ürək damarlarının
tutulmasına səbəb olur.
-
Piylənmə ilə ürək-damar xəstəlikləri
arasında əlaqə varmı? Yəni artıq çəkili
insanlarda infarkt riski daha çoxdur, yoxsa …
- Təbii ki, kök insanlarda risk daha böyükdür. Çünki artıq çəkili
insanlarda adətən
xolesterin yüksəkliyi
olur. Artıq çəkili insanlar
adətən şəkər
xəstəsi olduğundan,
metabolik balans, yəni bədəndə maddələr mübadiləsi
pozulur və artıq çəki xolesterini yüksəldərək
damarların tutulmasına
səbəb olur.
Bir sözlə, piylənmə
və xolesterin yüksəkliyi ürək-damar
xəstəliklərinin səbəbləri
sırasındadır. Artıq çəkili insanlar daha az hərəkət edirlər və buna bağlı olaraq da ürək-damar
xəstəlikləri artır.
Quluncla ürək ağrısını
dəyişik salmayaq
- Ürək-damar
xəstəliklərinin əlamətləri
hansılardır? Xəstə
özündə hansı
əlamətləri hiss edəndə
həkimə müraciət
etməlidir?
- Sinənin ortasında, mədə nahiyyəsindən
başlayıb boyuna qədər və yaxud alt çənəyə
qədər olan ağrılar ürək-damar
ağrılarıdır. Bu
ağrı göynədici,
yandırıcı, basqı
və yaxud sıxılma şəklində
olur. Xəstələrin
bəzilərində sadəcə
mədə, alt çənə
və boyunda ola, hər
iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç
ağrının olmaması
da mümkündür.
Bu cür insanlar
ən şanssız qrupdur ki, qəfləti
ölümlə qarşılaşırlar.
Bəzən xəstədə
ürək ağrısı
xarakteri daşımayan
ağrılar da ola bilər.
Onu da deyim ki,
adətən sancı,
batma, “ürəyim ağrıyır” deyərək
sol tərəfi göstərən
insanlardakı ağrılar
ürək ağrısı
deyil. Batma, qulunc deyilən
yerlərdəki ağrılar
əzələ ağrılarıdır.
- Ürək-damar
xəstəliyinə tutulmamaq
üçün nə
məsləhət görərdiniz?
- Qida çox önəmlidir. Ən əsas bizim
tövsiyə edəcəyimiz
şey qırmızı
ətdən uzaq durmaqdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da
içalatlarından uzaq
durmaq lazımdır.
Xəmir xörəkləri,
kərə və qatı yağlardan az istifadə
tövsiyə edilir. Ağ çörəkdən
çox az
istifadə etməli, yediyimizi tələsə-tələsə
deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları
beyinə 20 dəqiqə
sonra çatır.
Uşaqlıqda döyülənlərin infarkt riski
- Böyük
Britaniyada belə bir araşdırma aparıblar ki, uşaqlığında çox
döyülən insanlarda
ürək-damar xəstəliklərinə
daha çox rast gəlinir. Bu nə dərəcədə düzgündür?
- Araşdırma ilə tanış deyiləm, amma bu, stress faktoru səbəbindən ola bilər. Ürək-damar xəstəliklərinin səbəblərindən biri
insanların xarakterləridir.
Məsələn, çox ciddi,
vasvası, emosional olmasalar da, hər
şeyin dəqiq olmasını istəyən,
çox şeyi ürəyinə salan insanlarda ürək-damar xəstəliklərinə daha
çox rast gəlinir. Uşaqlıqda
döyülən insanlar
daxilən stress keçirdiklərindən,
problemləri içlərinə
saldıqlarından onlarda
ürək-damar xəstəlikləri
çox ola
bilər.
- Gülüşün
infarkt riskini azaltdığı deyilir...
- Daim deyib-gülən, müsbət auralı insanlarda stress daha az olur.
Belələrinin təzyiqləri də
adətən daha yaxşı olur. Eyni zamanda maddələr mübadiləsi, şəkər
və xolesterinin də miqdarı normada qeydə alınır. Gülən
insanlar daha rahat insanlar olduğundan onlarda ürək-damar xəstəliklərinə
daha az
rast gəlinir.
Beyin iflicinin səbəbləri
- Üzeyir həkim, beyin damarlarının tutulması,
yəni beyin-arterial xəstəliyinin dünyada
ölümə səbəb
olan xəstəliklər
arasında üçüncü
yerdə durduğunu dediniz. Beyin damarlarının tutulması nə deməkdir?
- Ürək-damar xəstəliyi
necə infarkta səbəb olursa, beyin-damar xəstəliyi də insult dediyimiz ifliclərə səbəb
olur. Ürək damarı tutulanda
ürəyə qan getmədiyi üçün
infarkt olur. Beyin damarı tutulanda isə insult olur, yəni beyinin bir hissəsində
hüceyrə ölümü
- infarkt meydana gəlir. Nəticədə beyinin həmin
hissəsinin qidalandığı
tərəfində hərəkət
qüsuru, iflic, udma çətinliyi və s. olur.
- Beyin damarlarının tutulmasının
səbəbi nədir?
- İnsultların 20 faizinin
səbəbi yuxu arteriyasının, yəni
beyinə gedən damarların, beyin arteriyasının tıxanması,
daralmasıdır. Amma bizim
ən çox qorxduğumuz və tez müdaxilə etməyimiz gərərkən
şey beyini qidalandıran damarlardakı
kirəcləşmələrin yerini vaxtında tapıb açmaqdır.
İnsult keçirən xəstələrin
beyninə gedən damarlar yoxlanılmalıdır.
Yoxlanılmadığı zaman beyin damarında daralma varsa, ikinci insult keçirmə ehtimalı
yüksəkdir. İkinci
insult isə ölümcül
olur. Buna görə də mütləq insult keçirənlərin damarları
stendləmə yolu ilə açılmalıdır.
- Stendləmə
əməliyyatı beyninin
yenidən insult keçirilməsinin
qarşısını alır?
- Əlbəttə. Beyin-qan
dövranının pozulması
əlamətləri, huşunu
itirmə, dilin ani tutulub açılması
və yaxud keçici görmə pozğunluğu beyin damarında daralmanın əlamətləridir və
insultla nəticələnə
bilər. Bu cür xəstələrin stedləmə
ilə damarları açıldıqda belə
həmin xəstələr
insult keçirmir.
- Stendləmə
metodu necə həyata keçirilir?
- Texniki olaraq ürək damarına qoyulan stendlə eyni şəkildədir. Ayaqdakı damardan girilərək xüsusi katetrlərlə
şah damar vasitəsilə gəlib beyin damarı içərisinə giririk.
Beyin damarının içində
dar nahiyədən keçib o nahiyəni balon vasitəsilə genişləndiririk. Bu nahiyəyə stend dediyimiz qəfəs qoyulur. Bu qəfəs
yığılmış şəkildə
olur, biz bunu şişirdəndə açılıb
damar divarına yapışır və damarı tıxayan o hüceyrələr, tromb hamısı stend dediyimiz bu spiralla
damar divarının arasında sıxışıb
qalır. Beyin damarları
ürək damarlarından
ikiqat böyük damarlar olduğundan təkrar tutulma ehtimalı çox azdır. Bu qrup
xəstələri uğurlu
xəstə qrupu saymaq olar. Sadəcə,
nevropataloqlar xəstəliyi
vaxtında aşkara çıxarmalı, beyin
damarlarını doplerlə
yoxlayıb, daralmanı
tapmalıdırlar.
- Stendləmədən
neçə il sonra həmin əməliyyata ehtiyac var?
- Ürəkdəki stendləmədə
olduğu kimi əgər xəstə özünü gözləsə,
təzyiq, şəkər,
xolesterinini normada saxlaya bilsə, siqaret çəkməsə,
pəhriz saxlasa, sonradan ömür boyu stendləməyə ehtiyac yoxdur. Əgər xəstə bunları etməsə, əlbəttə ki, damar 2-3 il
sonra təkrar tutula bilər. Söhbət
stend bölgəsindən
deyil, damarın hər hansı bir bölgəsindən və yaxud digər
damarlardan gedir.
Lalə Musaqızı
Kaspi.-2013.-23 aprel.-S.9.