“Gəncliyə çox güvənirəm” 

 

Nəvainin ədəbiyyata gətirdiyi yenilik o idi ki, o, «Xəmsə»ni türk dilində yazmışdı

 

Həm ədəbiyyatda söz deyir, həm də jurnalistikada. 30 ildən çoxdur mətbu orqanlarda çalışır. Müxtəlif qəzet və jurnallarda, almanax və elmi toplularda dərc olunmuş 300-dən çox elmi və publisistik məqalənin müəllifidir. Filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) həmçinin ondan çox kitabın müəllifidir.

“Kaspi”yə müsahibəsində ədəbiyyatdakı proseslərlə bərabər jurnalistikadakı problemlərdən də danışıb.

 

Yarısı Ülvinin, yarısı mənim

 

“Uşaqlıq illərimdə yaşadığım gerçək romantika sonrakı illərdə həyat romantikam oldu”- deyə - «Ədəbi duyğularım» kitabınızda yazmısınız. Bəs zaman keçdikcə, yaşa dolduqca yaşadığınız gerçəkliklərin romantikası nələr oldu?

- 16 yaşımda orta məktəbi bitirib Bakıya gəldim və Bakı Dövlət Universitetinə daxil oldum və böyük çətinliklər yaşadım. Dağ kəndindən gəlmişdim, Bakıda qohum-qardaş, yaşamağa ev yox idi. Kirayədə yaşayır, çox əziyyət çəkirdik. Ancaq mən bunu bir ağrı kimi qəbul etmədim. Bunu romantik həyatın bir hissəsi saydım. Yəni çətinliyimə romantik bir don geyindirdim. Çünki onda başqa cür yaşamaq mümkün olmur. Fikirləşirdim ki, oxuyub qurtaracağam, hər şey yaxşı olacaq. Yəni işə gedəcəyəm, bir-iki ildən sonra evim olacaq, rahatlığa çıxacağam və gerçək həyatımı yaşayaraq romantik dünyadan sıyrılıb çıxacağam.

Universiteti qurtaran kimi «Ədəbiyyat və İncəsənət» qəzetinə dəvət edildim və eyni zamanda, AMEA-nın Ədəbiyyat İnstitutuna dissertant qəbul olundum. Yenə də romantik həyata başladım. Ata-anam yaşlı idilər və mən onlardan heç nə tələb edə bilmədim. Sonra 1988-ci il hadisələri başladı. Başımız qarışdı, işimiz də o istiqamətə yönəldi. Valideynlərimi yüz illik ata-baba mülkündən çıxardılar. Ailə üzvlərimizi ayrı-ayrı vertolyotlara mindirib doğma yerlərdən uzaqlaşdırdılar. Böyük ailə idik. Biri Şəmkirə, biri Daşkəsənə, biri Gəncəyə düşdü. Onları axtarıb tapana qədər çox vaxt keçdi. Bu, çox ağır bir şeydir, bunu yaşayan bilər. Yenicə bir yerə toplaşmışdıq ki, 20 Yanvar hadisələri başladı. Evdən uşağımız – Ülvi Bünyadzadə getdi. Bütün bunları yaşamaq çox ağırdır. Ona görə də mən bunların hamısına romantik bir həyat kimi baxdım. Ülvinin valideynləri də vardı, bacısı da, qardaşı da. Ancaq nədənsə mən o ağrını daha çox çəkdim. Bəlkə də bir-birimizə çox bağlı idik, bəlkə də evdə onu çox ərköyün böyütmüşdük. Mən öz-özümə qəti qərara gəldim: öləcəm. “Ədəbiyyat” qəzetinin baş redaktoru Nəriman Həsənzadə bir gün iclasda cəbhə bölgələrinə getmək və yazılar hazırlamaq lazım olduğunu bildirdi. Elə bil ki, o, mənim ürəyimi oxudu. «Qoy mən gedim» - deyə tək getmək üçün icazə istədim və razılıq aldım.

İki gün idi ki, Qazaxın Bağanis-Ayrım kəndini ermənilər yandırmışdılar. Ora gedən qrupa məni də qoşdular. O kənddə çox dəhşətli hadisələr gördük. Hər addımda faciələr vardı. Başımıza güllə yağış kimi yağırdı. Amma mən qorxmurdum. Çünki mənim məqsədim vardı: ölmək istəyirdim. Ancaq oradakı hadisələri görüncə, sərhəd bölgəsində xidmət edən əsgərlərə baxdıqca: «Mən niyə ölüm ki...» - deyə düşündüm. Bu əsgərlərin hər birini Ülvi kimi gördüm. O uşaqların taleyindən yazmaq istədim. Qayıdandan sonra «Ədəbiyyat» qəzetinə yazılar verdim. Daha sonra başqa bölgəyə getdim. Bu dəfə ölmək yadımdan çıxdı. O kəndlərə getdikcə öz kəndimiz gözümün qabağına gəldi. Bütün bunları gerçək yaşantı kimi yaşamaq ölüb getməkdən betərdir. İnsan bunları gerçək qəbul etsə, dəli ola bilər. Ona görə mən bunları romantika kimi qəbul etdim.

- Belə demək olarmı, sizi həm də işiniz xilas etdi?

- Ola bilər… Mən qayıdandan sonra Nəriman müəllim dedi ki, Ülvi əvvəllər çap etmək üçün bizim qəzetimizə şeirlər göndərərdi, yenə onun şeirlərini gətir. Sonradan başa düşdüm ki, onlar mənim başımı qatmaq üçün müəyyən üsullar fikirləşiblər. Mən bu dəfə Ülvinin kitabları ilə məşğul olmağa başladım. Onun şeirlər kitabını çıxartdıq. Sonra pyeslərini tapdım və onları nəşr etdirdik. Başım işə o qədər qarışdı ki, hər şey yadımdan çıxdı. Almaz Ülvi imzası ilə yazmağa başladım. Həmişə yazı yazanda deyirəm ki, Ülvi, bu yazının yarısı sənin, yarısı mənim payımdır.

Yaşlı nəsil kifayət qədər öz işini gördü

- Kitabınızda «Poeziyada azadlıq duyğuları»ndan yazırsınız. Bu duyğular da yaşantılarınızdan doğub?

- Mən dissertant olanda elmi rəhbərim Qasım Qasımzadə mənə 1918-1925-ci illərdə yaranmış poemalarla bağlı mövzu vermişdi. Mən həmin dövrdə Hacı Kərim Sanilinin poemalarını araşdırdım. Onun əsərlərində daha çox xalq yaradıcılığı, folklor motivləri vardı. Mənim işim demək olar ki, hazır idi. Sonra 1990-cı il hadisələri baş verdi və mən hər şeyi atdım. O hadisələr elə bil ki, mənim beynimdəkiləri sildi, yadımda heç nə qalmadı. 1-2 il keçdi, ancaq mən təzədən o dövrümə qayıda bilmirdim. Sonradan mənə dedilər ki, Ülvi haqqındakı yazını da həmin işə əlavə et və təhvil ver. Mən Ülvi ilə bağlı 20 səhifəlik yazını ora əlavə etdim. İşin adını dəyişərək «Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi» qoyduq. Bu dövrü həmin işə ona görə qatdıq ki, müəllimlərim məni həyata qaytarmaq istədilər.

- Bəs sizi özbək ədəbiyyatına bağlayan nə oldu?

- Özbək ədəbiyyatı mənim doktorluq işimdir. Mən həm 30 ildir jurnalistika sahəsində çalışıram, həm də ədəbiyyatın içindəyəm. Bu iki işi necə bacarıram? Əslində bu iki iş bir-birini tamamlayır. Hesab edin ki, mən bir yerdə işləyirəm. Çünki burda da ədəbiyyatdır, orada da. Mən qəzetdə ədəbiyyatdan kənar heç nə yazmamışam və yaza da bilmirəm. Çünki balaca bir informasiyanı yazmaq üçün gərək onun içinə girəsən. 10 ədəbiyyata baxasan ki, balaca bir informasiya yazasan. Mənim jurnalistikada düşüncəm belədir. Çünki yazdıqlarının mənbəyi, kökü olmalıdır. Bu iki işi tamamladığıma görə bu sahədə mənə çətin deyil. Poeziyanı işlədim, Azərbaycan ədəbiyyatşünaslıq məsələlərinə toxundum, daha sonra İrəvan ədəbiyyatını işlədim. Nəhayət, doktorluq işimə gəlib çıxanda yeni bir sahəyə daxil olmağa çalışdım. Elmi rəhbərim Vaqif Arzumanlının təklifi ilə «Azərbaycan-özbək ədəbi əlaqələri»ni işlədim. Demək olar ki, bu sahədə elə bir bilgim yox idi. Səməd Vurğun bizdə necə şairdirsə, Qafur Qulam da onlarda elə şairdir. Nəvaini oxudum. Gördüm ki, Nəvai bütövlükdə «Xəmsə»sini Nizamiyə həsr edib. O, Nizaminin qarşısında diz çökür, ona «ustadım» deyir. Nəvainin ədəbiyyata gətirdiyi yenilik o idi ki, o, «Xəmsə»ni türk dilində yazmışdı. O zaman türk dilində yazmaq özünü aşağılamağa bərabər idi. Çünki yazı, şeir dili ancaq fars dilində olmalı idi. Təsəvvür edin, bütün dünya lirizminin ən ucasında dayanan Füzuli Nəvaiyə «müəllimim» deyir. «Mənim lirizmim ona görə zirvədədir ki, mənim bünövrəmdə Nəvainin türk dili dayanıb» - deyə yazıb. O, artıq türk dilində yazmaq uğrunda mübarizə aparmadı. Çünki özül var idi. Mən doktorluq işimi böyük məhəbbətlə işlədim. Özbəkistandakı Azərbaycan səfirliyi kitabı bəyəndiklərini bildirərək, orada təqdimatını keçirmək istədilər. Onlar məni dəvət etdilər. Mən «Azərbaycan ədəbiyyatşünaslığında Nəvai» monoqrafiyamı da dərc etdirdikdən sonra bu kitabların təqdimatını Özbəkistanda keçirdik. Diplomatik korpusun nümayəndələri və bu sahənin adamlarını dəvət edərək gözəl bir məclis təşkil etdilər. Orada da bir romantika yaşadım.

- Siz ədəbiyyatdakı proseslərə toxunursunuz. Bu gün ədəbiyyatda hansı inkişaf proseslərindən danışmaq olar?

- Heç bir geriləmə müşahidə etmirəm. Əvvəla, gəncliyə çox güvənirəm. Əvvəllər bizim nəsil bütün hadisələri, həyatı ədəbiyyatdan öyrənirdik. Mən demək olar ki, Avropa ədəbiyyatını bütövlükdə oxudum. Azərbaycanda oturmuşdum, ancaq ədəbiyyat vasitəsilə dünyanın içərisində idim. Amma bu gün həyat ədəbiyyatı çox qabaqlayıb. Bu həyatın qabağında və axarında gedən gənclikdir. Mən gənclərlə də ünsiyyətdə oluram. Çünki özümü həm də Ülvinin yaşıdı kimi görürəm. Gənclik nə edirsə, təbii ki, bunu Azərbaycanın azadlığı üçün etmək cəhdindədir. Təbii ki, onun ədəbiyyatını da yaratmaq məqsədindədir. Bütün dünya ədəbi prosesində hər hansı bir mövzu yaranırsa, o, Azərbaycanda da var. Biz 60-cılar deyirik. Əvvəllər elə bilirdim ki, bu, təkcə Azərbaycanda yaranıb. Maraqlanıb gördüm ki, bu, bütün xalqların ədəbiyyatında var. Bu baxımdan Azərbaycan gəncliyinin yaratdığı ədəbiyyat xeyli irəlidədir.

- Bəs yaşlı nəsil? Hər halda onların da ədəbiyyatda vəzifələrini bitmiş hesab etmək olmaz...

- Yox, heç onlar özləri də vəzifələrini bitmiş hesab etmirlər. Ancaq deyim ki, yaşlı nəsil kifayət qədər öz işini gördü. Bugünkü gənclik keçmişdən öyrəndi. Təbii ki, onların mütaliəsi var. Ancaq onlar Qabriyel Qarsiyanı, Markesi və ya bütün dünya ədəbiyyatını oxusalar da, mayaları Azərbaycan ədəbiyyatındandır. Mən Rəsul Rzanın poeziyasını bir dünya xəritəsinə dəyişmərəm. Bu gün internet səhifələrində görürəm ki, Səməd Vurğunu ittiham edirlər. Bu, gülməli bir şeydir. Səməd Vurğunun «Azərbaycan» şeirini beş özbək şairi tərcümə edərək yayıb və fikirləşiblər ki, onlar da bu tərzdə «Özbəkistan» şeiri yazsınlar. 50-yə yaxın şair «Özbəkistan» şeiri yazıb. Ancaq onların heç biri «Azərbaycan» şeirinin effektini vermir. Olanımızı dağıtmaq çox ayıbdır. Səməd Vurğunu ittiham edənlər onun gördüyü hər hansı bir iş miqyasında iş görə biliblərmi? Hər bir dövlətin siyasi xətti var. Dövlət gedib başqa bir ölkənin yazıçısına deyə bilməz ki, mənim siyasətimi təbliğ elə. Dövlət bunu öz yazarından da umur.

- Müasir jurnalistikaya toxunaq. Sosial medianın, internet jurnalistikasının inkişaf etdiyi bir vaxtda ənənəvi mediya ilə söz demək, oxucu ilə təmas yaratmaq çətin deyil ki?

- Bir az tənqid edəcəyəm. İstədiyim bir qəzeti açıb oxuyandan sonra ikinci, üçüncü və ya dördüncünü oxuya bilmirəm. Bu gün mən qəzetləri müəllif imzalarına görə oxuyuram. Çünki şəbəkədən bir informasiyanı götürüb tərcümə edir, imza qoyurlar. Sonra başqa qəzetlər də həmin informasiyaya öz imzalarını qoyur, öz informasiyası kimi verirlər. Demək olar ki, bu, kütləvi bir hal alıb. Bu, yaradıcı jurnalistikaya mane olur. Doğurdanmı, bu gün bizim problemimiz yoxdur? Biz yeni bir dövlət qurmuşuq. Bu dövlətdə məmurların etdiyini fələk də gəlsə edə bilməz. Dövlət başçısının verdiyi fərman və sərəncamların hamısı bu ölkə üçün gərəklidir və bunların icrasını da məmurlar həyata keçirməlidir. Amma onlar öz işlərini layiqincə görmürlər. Məmurlar çox özbaşınalıqlar edirlər. Bu gün insanların öz problemləri ilə bağlı müraciət edəcəyi bir qurum yoxdur. Mütləq ölkə prezidentinə və birinci xanıma müraciət etmək üçün yollar axtarırıq. Amma bizim ziyalılığımız bəzən buna mane olur. Bu gün jurnalistikanın müəyyən məsələlərə münasibətdə çəkinəcəyi bir yer var. Nədən çəkinir, onu bilmirəm?

- Bəlkə jurnalistikanın sosial problemləri buna mane olur?

- Təbii ki, biz sosial problem içində boğuluruq. Mən 30 ilin jurnalistiyəm, həyat yoldaşım da jurnalistdir. Normal şəraitdə yaşaya bilmirik. Biz hələ problemdən sıyrılıb çıxa bilməmişik.

- Söhbətimizə optimist yekun vuraq: həyatda, jurnalistikada, ədəbiyyatdakı optimizmdən danışaq…

- Mən hər hansı beynəlxalq tədbirə dəvət olunandan sonra bu barədə məndən soruşanlara «Bir ovqat idi» deyə cavab verirəm. Orda dincəlirəm, həmkarlarım ilə dərdləşirəm. Ora gələnlərin heç biri elm kəşf eləmir, sadəcə problemləri bölüşürük – bu, bir ovqatdır. Elə bil ki, insana yeni bir stimul gəlir. Bu stimulla da iş başına qayıdır, hər şeyi unudursan. Daha bir ovqat: mən bu boyda ağrılar yaşadım. Sonra internetdən evimizin şəklini tapdım. Öz kəndimiz haqqında “Göyçə mahalı. Kəsəmən” adlı kitab yazdım. Yaşlı adamlarla söhbət etdim. Oraya hər küçənin, hər məhəllənin və hər kəsin adı düşdü. Kitabın birinci cildi çapdan çıxıb. Kəndin qeyrətli oğulları kitabın çapında kömək etdilər. O kitabı elə bil ki, bu gün olmayan kəndimizə abidə hesab etdim.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-23 aprel.-S.12.