Beynəlxalq təşkilatlar Azərbaycanı
siyasi poliqona çevirmək niyyətindən
daşınmalıdırlar
Eynulla Fətullayev: “İnsan
haqları və vətəndaş cəmiyyəti o yerdə
qurtarır ki, orada dövlətin maraqları başlayır”
ABŞ
Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində
insan hüquqlarının vəziyyətinə dair illik
hesabatı, bu sənəddə Azərbaycana aid
şişirdilmiş məlumatların əks olunması,
ölkədə QHT-lərin fəaliyyətinin şəffaflığı,
siyasi məhbus məsələsi və sairlə bağlı
“Kaspi”nin suallarını “İnsan Haqları Uğrunda” İctimai
Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev
cavablandırıb.
- Eynulla bəy, Dövlət
Departamentinin son hesabatını necə qiymətləndirirsiniz?
- ABŞ
Dövlət Departamenti hər il hesabatlarla
çıxış edir. Dünya ölkələrində
insan haqlarının vəziyyətini təhlil etməyə
çalışır. Ənənəvi olaraq, hər dəfə
eyni konsepsiyadan çıxış edilir. Hər bir ölkədə,
cəmiyyətdə gedən proseslərə münasibətdə
ABŞ-ın öz yanaşma tərzi, siyasi mövqeyi var. Bu
siyasi mövqeyə uyğun olaraq da hesabatlar hazırlanır.
Sabah (bu gün- R.İ.) BMT-in İnsan Haqları Komitəsində
Almaniyada insan haqlarının vəziyyəti ilə
bağlı müzakirələr keçiriləcək. Şəxsən
mən BMT-nin Almaniya ilə bağlı hesabatı ilə
tanışam. Orada tükürpədici faktlar öz əksini
tapıb. BMT-nin məlum Komitəsində səslənən
fikirlərlə, orada hazırlanan hesabatın məzmunu ilə
ABŞ Dövlət Departamentinin hesabatında Almaniya ilə
bağlı hissəni müqayisə etsək, görərik
ki, bu sənədlər arasında nə qədər fərq
var, nə qədər ədalətsiz yanaşma var. Fikrimcə,
bu gün ABŞ və digər fövqəl dövlətlər
özlərinə hakim rolunu götürüb, digər
ölkələrə yuxarıdan aşağı baxacaq
mövqe tutublar. Bu supergüclər hansısa ölkələr
barədə əvvəlcədən hazırlanmış,
sxematik mənzərəni ortaya qoyurlar. Təbii ki, bu, ədalətsizlikdir,
hadisələrə qərəzli yanaşmadır. Əgər
onlar doğrudan da həqiqəti müdafiə edirlərsə,
o zaman Almaniyada mətbuat azadlığından, insan
haqlarının tapdanmasından, polisin
zorakılığından, işgəncələrindən,
insan alverindən və sairdən də yazsınlar. Bəzi
böyük dövlətlər Azərbaycanı insan alveri ilə
mübarizədə günahkar bilirlər. Halbuki mən
Avstriyada olanda öyrəndim ki, Vyanada insan alveri, xüsusi ilə
də açıq fəaliyyət göstərən fahişəxanalar
ölkə üçün çox ciddi sosial problemə
çevrilib. Bu fahişəxanalarda istismar olunan qadınlar,
qızlar qanunsuz olaraq Şərqi Avropa ölkələrindən
gətirilir. Aralarında yetkinlik yaşına
çatmayanların da çoxluq təşkil etdiyi belə
insan alveri qurbanları Avstriyaya pasportsuz gətirilir.
Bütün bunlar Avstriya polisinin gözü
qarşısında baş verir. Bunun kimi yüzlərlə
faktlar sadalamaq olar. Lakin təəssüf ki, ABŞ Dövlət
Departamenti öz hesabatında bu barədə hər hansı
fakt göstərmir. Sanki, bəzi dövlətlər hər
zaman tənqid oluna bilər, digərlərinin isə
toxunulmazlıq statusu var. Bu, ikili yanaşmanı, qərəzi,
ədalətsizliyi özündə ehtiva edir.
- ABŞ Milli Demokratiya İnstitutunun
fəaliyyəti də geniş müzakirə olunan məsələlərdəndir.
Xüsusən də bu qurumun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri tərəfindən müəyyən maliyyə
sənədləşməsi aparılmadan külli miqdarda vəsaitin
xərclənməsi rəsmi Bakının Amerika səfirliyinə
müraciət etməsi ilə nəticələndi. Bu məsləni
gündəmə gətirən siz idiniz. Görülən
işlərdən razısınızmı?
- Dövlət
Departamentinin hesabatında, ABŞ hökumətinin demokratiya ilə
bağlı mütəmadi səsləndirdiyi bəyanatlarda
şəffaflıq, eyni zamanda korrupsiyaya qarşı
mübarizə tezisləri üstünlük təşkil
edir. Başqa ölkələrdən bu şərtləri tələb
edən dövlət ilk öncə bunu öz nümunəsində
göstərməlidir. Bu siyasəti öz təşkilatlarının
timsalında da nümayiş etdirməlidir. Azərbaycan tərəfi
MDİ-nun ölkəmizdə fəaliyyət göstərməsinə
qarşı deyil. Bu beynəlxalq təşkilatın nümayəndəliyi
artıq 20 ilə yaxındır ki, Azərbaycanda işləyir.
Sadəcə, MDİ beynəlxalq təşkilatlar, eləcə
də yerli QHT-lərin fəaliyyət göstərməsi
üçün müəyyən olunan kriteriyaları,
ölkə qanunvericiliyini pozmaqdadır. Bu qurumun Bakı
nümayəndəliyinin rəhbərliyi Maliyyə Nazirliyinə
hesabatlar təqdim etmir, naməlum şəxslərə
nağd şəkildə 1 milyon dollardan artıq ödəmələr
edir, qeyri-şəffaf fəaliyyət göstərir və
sair. Ona görə də baş prokurorluq səviyyəsində
bu məsələ qaldırıldı. ABŞ-ın QHT-lərə
yanaşmasına nəzər salsaq görərik ki, bu dövlət
bütün ölkələrin üçüncü sektor təmsilçilərinə
maliyyə məsələlərində şəffaflığın
təmin edilməsini tövsiyə edir. MDİ Bakı ofisi rəhbərinin
inqilabi, destruktiv fəaliyyəti ona gətirib
çıxardı ki, ictimaiyyət bu barədə geniş
müzakirələr apardı, hökumət münasibətini
bildirdi. Fikrimcə, MDİ-nin baş ofisi də bu məsələ
barədə konkret qərar qəbul etməlidir. Aleks cəzalandırılmalı,
onun barəsində daxili təhqiqat aparılmalıdır. Əfsuslar
olsun ki, MDİ Azərbaycan kimi ölkələri
üçüncü dərəcəli dövlət
sayır, ona poliqon kimi yanaşır. Bu da qəbulolunmazıdır.
Azərbaycan 10 il bundan əvvəlki ölkə deyil. Biz həm
regionda, həm də dünyada öz sözümüzü
deməyi bacarırıq. Azərbaycan laboratoriya deyil ki, burada
siyasi eksperimentlər həyata keçirilsin. Ona görə də
bəzi beynəlxalq təşkilatlar Azərbaycanı siyasi
poliqona çevirmək niyyətindən
daşınmalıdırlar. Hər bir qurum ölkəmizə
münasibətini də, fəaliyyətini də sivil formada
ortaya qoymalıdır.
- Azərbaycanda “QHT-lər
haqqında” qanuna əlavə və dəyişikliklərin
edilməsi də bəzi beynəlxalq təşkilatlar tərəfindən
birmənalı qarşılanmadı. Dövlət
Departamentinin son hesabatında isə həmin hadisə daha da
qabardılaraq, ölkədə QHT-lərin fəaliyyətinin
məhdudlaşdırılması kimi qələmə verilib.
Sizcə, bu yanaşma ədalətlidirmi?
- MDİ ətrafında
baş verən olay bir daha onu göstərdi ki, “QHT-lər
haqqında” qanuna dəyişikliklərin edilməsi zəruri
idi. Bizə bir çox informasiyalar daxil olur ki, bəzi QHT-lər
Ədliyyə Nazirliyində qrantları qeydiyyatdan
keçirmir, birbaşa səfirliklərdən nağd şəkildə
pul alırlar. Dünyanın heç bir ölkəsində
heç bir səfirlik hər hansı QHT-yə nağd şəkildə,
özü də səfirliyin içində vəsait vermir.
Belə olan halda bu vəsaitlərin hansı məqsədlərlə
ayrıldığı şübhə doğurur. Bu,
birbaşa dövlətin milli və informasiya təhlükəsizliyinə
qarşı yönələn problemdir. Ona görə də
belə məsələlərdə istənilən dövlət
strukturu öz ölkəsinin mənafeyini, təhlükəsizliyini
qorumağa borcludur. Fransa hüquqşünaslarının tez-tez
təkrarladığı belə bir deyim var: “İnsan
haqları və vətəndaş cəmiyyəti o yerdə
qurtarır ki, orada dövlətin maraqları başlayır”.
Biz bu aforizmdən irəli gələn praktikanı Fransa ilə
yanaşı, Almaniyada və digər Qərb dövlətlərində
də müşahidə edirik. Burada söhbət hökumətin
mənafeyindən getmir. Bizdə bəzən hökumətlə
dövlətin mənafeyini qarışdırırlar.
Hansısa QHT-lər qeyri-şəffaf, eyni zamanda sifarişli
şəkildə fəaliyyət göstərməklə bu və
ya digər dövlətin maraqlarının həyata
keçirilməsində bir alətə çevrilirlər.
Rusiyada belələrini birmənalı olaraq təsir agenti
adlandırırlar. Onlara hansısa səfirlikdən pul verirlər,
qarşılarına müəyyən proqram qoyurlar və həyata
keçirilməsini tələb edirlər. Dövlət də
bundan xəbərsizdir. Əgər həmin QHT-lərin fəaliyyəti
şəffafdırsa, vətəndaş cəmiyyətinin, Azərbaycan
dövlətinin maraqlarının inkişafına yönəlibsə,
niyə bu qapalı şəkildə həyata keçirilir?
Deməli, qapalılıq varsa, burada müəyyən siyasi
maraqlar var. Hətta bizdə bəzi qeydiyyatdan keçməyən
təşkilatlar da qrant alırlar. Halbuki heç bir ölkədə
belə bir praktika yoxdur. Kim istəsə bununla bağlı
gedib Belçikada, ABŞ-da, Türkiyədə və sair
ölkələrdə araşdırma apara bilər. Onlarda belə
bir təcrübə yoxdur. Təəssüf ki, bizdə,
müstəqillik qazandığımız illərdə
dövlətin oturuşmamasından, qanunvericilikdəki
boşluqlardan istifadə edən bəzi qüvvələr
müəyyən QHT-ləri təsir agenti formasında proseslərə
cəlb ediblər. QHT-lərlə bağlı qanuna edilən əlavə
və dəyişikliklərlə bu kimi proseslərin
qarşısı alınıb.
- Bəs, Azərbaycanda “siyasi məhbuslar”ın
olması və onların sayının 10 nəfərdən
100 nəfərədək artması iddiaları nə dərəcədə
düzgündür?
- 2012-ci ilin sentyabr ayında Avropa Şurası Parlament Assambleyası tərəfindən siyasi məhbusları müəyyən edəcək meyarlar qəbul edilib. Bu meyarların özü də nisbidir, mübahisəlidir. Bunlar ətrafında uzun-uzadı müzakirələr aparmaq olar. Amma, hər halda ortada nisbi, şərti meyarlar var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, AŞPA-da Avropa qitəsində, siyasi məkanında təmsil olunan bütün ölkələrin millət vəkilləri Kristofer Ştrasserin təqdim etdiyi layihəni rədd etdi. Bu, Azərbaycan hökumətinin deyil, AŞPA-nın qərarı idi. Yəni, bununla AŞPA səviyyəsində tanınıb ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər Azərbaycanda siyasi məhbus olsaydı ingiltərəli, fransalı, norveçli deputatlar onu qəbul etməzdilər. Söylədiklərimə şübhə edənlər səsvermənin nəticələrinə nəzər sala bilərlər. Almaniya istisna olmaqla, Avropa Şurasının aparıcı Qərb dövlətlərindən olan millət vəkillərinin böyük əksəriyyəti Ştrasserin layihəsinin əleyhinə səs verib. Məgər bu millət vəkilləri Azərbaycan reallığını görmədən, dərk etmədən belə qərar qəbul ediblər? Yaxud, öz ölkələrinin xarici işlər nazirliyi, Azərbaycana akkreditə olunmuş diplomatları vasitəsilə buradakı vəziyyət barədə hesabat, arayış, monitorinq nəticələri əldə etmirlərmi? Həmin deputatlar AŞPA-da səsvermədə iştirak etməzdən əvvəl müəyyən tədqiqatların nəticələrini gözdən keçirirlər. Ona görə də mən hesab edirəm ki, Azərbaycanda siyasi məhbusların olması barədə kimin nə deməsindən asılı olmayaraq, ortada AŞPA-nın qərarı, mühüm sənəd var. Bu yaxınlarda Türkiyədə məşhur bir pianoçu həbs olunub. Lakin, Azərbaycanla bağlı fəaliyyət göstərən həmin o beynəlxalq QHT-lər bu hadisəyə münasibət bildirmir. Eləcə də başqa ölkələrdə onlarla belə faktlar sadalaya bilərəm. Necə ola bilər ki, Azərbaycanda belə hadisələr baş verən kimi bunu insan haqlarının tapdanması, söz, fikir, ifadə azadlığının pozulması kimi qələmə verilir, ancaq Türkiyədə, Rusiyada bu səpkili hadisələrə hər hansı münasibət bildirilmir? Deməli, burada, bayaq qeyd etdiyim kimi siyasi maraqlar, həmin təşkilatları yönləndirən qüvvələr var. Fikir verin, görün bu beynəlxalq təşkilatların 5 il öncəki fəallığı ilə indiki fəallığı arasında necə böyük fərq var. Onlar görürlər ki, Azərbaycan hökuməti bu kimi məsələlərdə çox sərt, eyni zamanda əsaslandırılmış arqumentlər ortaya qoyur. Bu səbəbdən də həmin təşkilatların fəaliyyətində bir azalma, geri çəkilmə müşahidə olunur. Onların əvvəlki aqressivliyindən, aktivliyindən əsər-əlamət qalmayıb. Dövlətdən, hökumətdən müqavimət gördükcə addım-addım geri çəkilməyə məcburdurlar. Vaxtilə Türkiyənin, Rusiyanın, Şərqi Avropa ölkələrinin yaşadığı prosesi təkrar olaraq biz yaşayırıq.
Rufik İSMAYILOV
Kaspi.-2013.-25 aprel.-S.5.