Kədərli Nağılın Qəhrəmanı
(“Qaraca
qız”)
“Qafqaz şəhərlərinin
birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisə
ilə yaşayırdı.
Bunlar İran əhli idilər,
öz vilayətlərində məişətləri məşəqqət
ilə keçdiyinə görə vətənlərini
buraxıb buraya gəlmişdilər.
Usta
Zeynal sərraclıq etməklə külfətini bir tövr
dolandırırdı, Usta Zeynalın övladdan yalnız
altı yaşında Tutu adlı bircə qızı
vardı. Tutu çox qara və çirkin idi. Anası ona
körpə vaxtından "Qaraca qız" deyib əzizlədiyinə
görə əsil adı unudulub, hər kəs onu bu adla
çağırırdı. Qaraca qız çox nadinc idi və
özü qız uşağı ikən qızlarla
oynamağı sevməzdi; həmişə oğlan
uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan
qorxardılar, çunki o çox cürətli idi və
yumruğunun da qabağında heç kəs dura bilməzdi.
Qaraca qız həmişə zəifin tərəfini
tutardı. Hər zaman anası onun nadincliyindən qonşulara
şikayət edib deyərdi:
-Qaraca
qızı su batırmaz, od yandırmaz.
Bununla
belə Qaraca qız çox rəhmdil və səxavətli
qız idi. Hər nə əlinə
düşsəydi,
yoldaşları ilə bölüşərdi”.
Abdulla
Şaiqin pyesi məhz bu mövzudan - Süleyman Sani Axundovun
eyniadlı hekayəsindən alınmışdır. Akademik
Milli Dram Teatrında rejissor - əməkdar artist Loğman Kərimovun
quruluşunda “Qaraca qız” tamaşası isə yeni səhnə
yozumunda təqdim olundu.
Su
batırmaz, od yandırmaz Qaraca qız-Tutu doğuluşundan həyatın
ağır üzünü görmüş, onun həyatı
“kədərli” bir xətt boyunca davam etmişdi. Elə buna
görə də, onu bütün insanları məhv edən
sel-su da batırmadı, hər bir şeyi dağıdan zəlzələ
də ondan vaz keçdi.
Tutunun
həyatı nağıllarda olduğu kimi pis qüvvələrin,
mənfi uydurmaların, bir sözlə mistikanın ətrafında
deyil, məhz həqiqi cəmiyyət və həqiqi
insanların ətrafında cərəyan edir.
Qaraca
qız bizim teatrın (Akademik Milli Dram Teatrı) səhnəsində
də əsas qəhrəmandır. Tamaşada Qaraca qız (Xədicə
Novruzlu) uşaq istəklərindən doğan böyük həvəslə,
ehtirasla, enerji ilə fiziki imkanlarını sərf edərək
çevik, cəld Qaraca qız-Tutu qəhrəmanını
nümayiş etdirir. Gənc aktrisanın “zahiri əhval-ruhiyyəsi”
enerji ilə aşıb-daşır və qarşıya qoyulan
ali məqsəd səhnədə realizə olunur. Əlbəttə
ki, rəqslərin və musiqinin temp-ritmindən, yüksək
əhval-ruhiyyəsindən başqa əsas qəhrəmandan tələb
olunan Tutunun kədərli hekayətini görükdürməkdir.
Bu sarsıntılı, gözünü açandan itkilərlə,
fəlakətlərlə üzləşən qızın
gerçək həyatını təsvir etmək olduqca
çətindir. Xüsusilə də, gənc bir insan üçün...
Qaraca
qız rejissorun əsas inkişaf etdirdiyi əməl xəttidir.
Qaraçı həyatından başlanan hekayət bir
neçə çadır və qaraçı geyimində
olan insanların zəlzələdən sonrakı həyatlarının
təsviri ilə başlayır. Yasəmənin
dağıntılar altından çıxardığı bu
qız-qara və çirkin Tutu qaraçı ailəsinin
üzvü olur. Yasəmən (əməkdar artist Münəvvər
Əliyeva) böyük sevgi və nəvazişlə Tutunun
qayğısına qalır. Onu burada qalmasını təmin
etmək üçün Tutuya rəqslər öyrədir, bu
cəmiyyətin-qaraçıların üzvünə
çevirir. Bu qəhrəmanın hekayəsinin I mərhələsidir.
Əlbəttə ki, bu mərhələ təkcə Tutu və
Yasəmən xətti ilə bitmir. Burada Qaraca
qıza xeyirxahlıqla yanaşan Əlləz
(Əlvida Cəfərov), Qaraçı (əməkdar artist Firuz Xudaverdiyev),
burada onun həyatını
cəhənnəmə çevirən Gülpəri (Əminə
Babayeva), Oruc
(Rövşən Kərimduxt), eləcə də oyun quran, Tutunun
həyatını oyuna çevirən, ona uşaq olduğunu
müəyyən anlarda da olsa xatırladan Meymun (Ramin Şıxəliyev)
və Ayı (Cümşüd Zeynalov) var.
Qəhrəmanın
hekayəsinin II mərhələsi tamamilə fərqlidir. Bu
Qaraca qızın yeni bir həyata təşrifidir. Baxmayaraq
ki, burada da zahirən cılız, daxilən güclü
Tutunun kədərli bir hekayəsi başlayacaq...
“Axşam
vaxtı Hüseynqulu ağa öz dostları ilə bərabər
evlərinə gəldilər. İtlərin hürməyi,
ovçuların səsləri, nökər və mehtərlərin
qışqırığı bir-birinə
qarışmışdı. Ağca xanım bu səs küyə
mürəbbiyəsindən izinsiz bayıra çıxdı.
Kənarda durmuş Qaraca qızı görüb ona
yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini
bir-birinə salıb bir müddət diqqətlə
baxışdılar. Bu iki uşağın arasında
böyük fərq vardı: Birinin ata-anası bəyzadə,
o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir
işdə özgəyə möhtac olduğu halda, o biri
polad kimi sağlam bədənli, az yaşında çox
görmüş, öz zəhməti ilə məişət
edən bir uşaq idi. Birinin baxışı sanki özgələri
köməyə, o birinin nəzəri isə hamını
qovğaya çağırırdı”.
Bəli... burda bəy ailəsində bəyin (əməkdar artist Elxan Quliyev), onun xanımının Pəricahan (Almaz Amanova) Qaraca qıza əşya kimi, nökər kimi, tərbiyəsiz bir qaraçı münasibəti Tutunu sındırır, onu uşaqlıq aləmindən böyüklərin amansız hərəkətləri ilə dolu olan həqiqi dünyaya aparırdı. Lakin... hər bir insanın sevinməyə bir dəfə də olsun səbəbi olur. Qaraca qız burada itirdiyi yeganə doğması Piri babanı (Xalq artisti Hacı İsmayılov) tapır. Səxavətli, əməyinin, zəhmətinin bəhrəsi ilə yaşayan Piri baba yenə də Tutunun həyatını öz sevgisi ilə bəzəyir.
Tamaşanın başqa
bir xətti Qaraca
qız və Ağca xanım münasibətləridir
ki, bu tandem
özündə kasıb və varlı, xanım və
qaraçı fərqlərini görükdürsə də,
bir bənzərlik hamısını
üstələyir. Onların uşaqlığı.... Ağca (Aygün
Baxışlı) hər dəqiqəsini fərəhlə Tutuya baxmaqla, onunla oynamaqla keçirmək
istəyir. Hər iki qəhrəman maraqlı
rəqsləri və aralarındakı fərqi oyunları ilə
yox etməklə, azyaşlı
tamaşaçılarda bir nümunə
idealı yaradırlar.
Rejissor
əməkdar artist Loğman Kərimov bitkin səhnə həlli
verərək, qayəsi və ali məqsədi, hədəfi
tamamilə aydın olan bir tamaşaya imza atmışdır. Bütövlükdə
tamaşa gənclərin düzgün tərbiyələnməsi,
silki fərqləri unudaraq insanlığı və sədaqətli
dostluğu əsas ideyaya çevirərək istəyinə
nail oldu.
Tamaşa
kədərli notlarla bitsə də, bizlər qəhrəman
Qaraca qızın fədakarlığını heç vaxt
unutmuruq!
Aygün Süleymanova,
Teatrşünas
Kaspi.-2013.-27-29 aprel.-S.16.