Bakı Uşaq Teatrı səfərdən döndü 

 

 “23 nisan çocuk bayramı” nda iştirak etmək üçün Bakı Uşaq Teatrı Türkiyə Respublikasında səfərdə olub. Teatr festivala “Fədakar siçanlar” adlı yeni tamaşa ilə qatılıb. Festivalın başa çatdığını eşidib, teatrın direktoru İntiqam Soltan ilə əlaqə saxladıq. Səfər barədə təəssüratlarını bizimlə bölüşən İ.Soltan festivalda Azərbaycan uşaqlarının göstərdiyi performansın hər kəsi məmnun etdiyini söylədi: “Türkiyədə 23 nisan bayramı ilə bağlı festivala dəvət almışdıq. Festival Mustafa Kamal Atatürkün uşaqlara ərməğanı olaraq hər il keçirilir. Bakı Uşaq Teatrı ilə birgə ilk dəfə olaraq teatrın nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyasının bir qrup gəncləri ilə Sinop şəhərində festivalda iştirak etdi. Sinopda möhtəşəm uşaq bayramı və festival keçdi. 2 gündən sonra Girəsun şəhərində ikinci festivala qatıldıq. Bu da Uşaq Teatrının maraqlı tədbirlər siyahısına yazıldı. Orada Ukraynadan, Rusiyadan, Gürcüstandan, Türkiyənin bəzi bölgələrindən gəlmiş teatrlar iştirak edirdi. Bu, Bakı Uşaq Teatrının Qara dəniz sahillərinə 4-cü səfəridir. Festivalda Azərbaycanın bayrağı bütün ölkələrin bayraqlarından öndə asılmışdı, hətta afişaların nümayişində də bizim afişamız öndə idi və o da hamının marağına səbəb olurdu. Uşaqlarımız doqquz rəqs nümayiş etdirdilər. İfa etdiyimiz tamaşa çox maraqla qarşılandı. “Fədakar siçanlar” tamaşasını türk xalq nağılı əsasında Könül Şahbazova ilə birgə hazırlamışdıq, rolları aktyorlarımızdan Rauf Şahsuvarov, Vüsalə Bəşirova, Könül Şahbazova və mən ifa edirdik. Tamaşada təkcə aktyor deyil, həmçinin “Günay” studiyasının rəqqassları da iştirak edirdilər”.

Direktorun sözlərinə görə iştirak etdiyi festivalların teatrın inkişafına çox xeyri olur. Belə ki, Bakı Uşaq Teatrı Türkiyədə keçirilən digər festivallara da dəvət alıb: “Festivalda iştirak etdikdən sonra Türkiyədə keçirilən bir neçə festivallara dəvət aldıq. Bizi İzmir, Girəsun, Ankara, Ərzurum və Türkiyənin başqa ölkələrində keçirilən festivallara dəvət etdilər. Edilən təkliflər barədə düşünəcəyik. Hər dəvət olunan festivala da getmək olmur. Bunun maliyyə və aktyor heyətinin yol xərcləri və sair problemləri var. İşin bu tərəflərini düşündükdən sonra edilən təklifləri dəyərləndirməyə çalışacağıq”.

 

 

Kaspi.-2013.-27-29 aprel.-S.9.