Düşüncələrdən boylanan yazıçı ömrü
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
«Sevdiyim
yazıçılar» bölümündən
Xalq yazıçısı Elçinin bu bahar 70 yaşı tamamlanır. Maraqlıdır ki, çox sevdiyim ədəbiyyatşünas alim Qəzənfər Paşayev hamımızdan ilkin olaraq bu mübarək yubileyə öz töhfəsini bağışladı. Hələ də mətbəə ətri çəkilməyən «Elçin haqqında düşüncələrim» adlanan kitabı vərəqlədikcə gözlərim önündə görkəmli yazıçımızın həyat yolu canlandı. İstər-istəməz mənim də sevə-sevə oxuduğum, yaradıcılığına pərəstiş etdiyim Elçin haqqında düşüncələrim kitabdan aldığım fikirlərlə bir ünsiyyət qurdu. Bəzilərinin tez-tez səsləndirdiyi kinayəli bir sualın cavabını elə yazının əvvəlindəcə verməyə çalışdım: «Yazıçı oğlu mütləq yazıçı olmalıdır ki?» Cavabım atalar sözündən ibarətdir: «Ot kökü üstə bitər». İllərdir ki, Elçin ədəbi qüdrətin – İlyas Əfəndiyev məktəbinin ləyaqətli və layiqli məzunu olduğunu öz əsərləri ilə təsdiqlədi. İstər sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra elə əsərlərə imza atıb ki, Elçinin yaradıcılığında ölən əsər yoxdur. Müasirlərinin duyğu və düşüncələrindən, qayğılarından, məişətindən, həyatın dibində çapalayanların təzadlı fikirlərindən, dünyanın rənglərindən elə mövzular seçib, elə əsərlər yazdı ki, dönə-dönə oxuduq, sevə-sevə mütaliyə etdik. Elçin yaradıcılığının coğrafiyası təkcə Azərbaycanla məhdudlaşmır. Onun həm ədəbiyyata, həm teatr sənətinə təqdim etdiyi əsərlər sərhədlər aşmaqdadır. Dünyanın neçə ölkəsində – elə qardaş Türkiyənin özündə Elçinin yaradıcılığına, tamaşalarına böyük maraq və rəğbət var. Onun ssenariləri əsasında çəkilmiş filmlər sənət aləmində böyük hadisə kimi dəyərləndirildi. Ümumiyyətlə, istedadlı yazıçıların varlığı ədəbiyyatın özündə bir hadisədir. Bir məsələni də mütləq vurğulamaq istərdim ki, Elçin yazıçı kimi nə qədər istedadlıdırsa, insan kimi də o qədər sadə, mehriban və həssasdır. Xüsusilə də özündən yaşca kiçik olan, onun izi ilə ədəbiyyata gələnlərə qayğı və diqqətini əsirgəməyən, onların telefon zənglərinə, arzu və xahişlərinə əməl etməyə çalışan, bir sözlə, qələm əhlinə məhəbbət və fəzilət göstərən bir şəxsiyyətdir.
Nə isə… mətləbdən uzaq düşdüm, bağışlasın məni Qəzənfər müəllim. Mən axı onun kitabından danışmalı idim. Sadəcə olaraq bu yazıçıya olan ehtiram və məhəbbətim ürəyimdəkiləri söyləməyə məni sövq etdi.
Qəzənfər
Paşayev elə ilk cümləsində yazıçıya
olan münasibətini çox gözəl
naxışlayıb: «O xoşbəxt insanlardanam ki, mənə
bir çox görkəmli və tanınmış qələm
sahiblərinin yaradıcılığını sənət
aləminə gəldiyi ilk gündən bugünüə kimi
– yarım əsrdən artıq zaman kəsiyində işləmək
nəsib olub. onların arasında görkəmli
yazıçı, tənqidçi alim, filologiya elmləri
doktoru, tanınmış ziyalı, ictimai xadim, xalq
yazıçısı Elçin xüsusi yer tutur. Nə
gizlədim, Elçinin əsərlərindəki
gözlənilməzlik, qeyri-adilik bəzən
qəribə görünüb. Elə bu qəribəlik də həmişə
marağıma səbəb olub».
Bu
marağın və məhəbbətin nəticəsində
Qəzənfər Paşayev yazıçının səhnəyə
qoyulmuş bütün əsərlərinə maraqla
baxıb, ssenarisi əsasında çəkilən filmləri
izləyib. O cümlədən, nəsrlə,
ədəbiyyatla, onun problemləri ilə
əlaqədar ədəbi düşüncələrini
müntəzəm izləyib, Elçinin ədəbi
prosesə olan diqqətini müsbət dəyərləndirib,
folklorla, aşıq sənəti ilə
bağlı fikirlərini təqdir edib, nəsr
əsərlərinin demək olar ki, hamısının – ilk
hekayəsindən tutmuş romanlarına qədər
oxuyub. Hətta Elçin
Əfəndiyevin 1997-ci ildə yazdığı «Ədəbiyyatda
tarix və müasirlik
problemi» adlı doktorluq
dərəcəsi almaq üçün
təqdim etdiyi elmi
işinə də rəy yazıb. Bütün
bunlar isə müəllifin öz qəhrəmanını necə
yaxından, dəqiqliklə və yaxşı
tanıdığı bizə bir daha məlum olur.
Uzun illərin müşahidəsi mənə bu haqqı verir ki, fikirlərimi mübaliğəsiz söyləyə bilim. Qəzənfər Paşayev ədəbiyyatşünas alim, qələm adamı, oxucu və insan kimi çox həssas və diqqətcildir. Bütün bu məziyyətləri bir insan ömrünə sığışdırmaq, hər sahədə kamil olmaq hər kəsə nəsib olan səadət deyil. Məhz mənim tanıdığım çox az insanlarda bu kefiyyətləri görəndə çox sevinirəm. Ədəbi aləmə diqqətlə yanaşan, əl boyda bir yazını da belə gözdən qaçırmayan Qəzənfər Paşayev sadəcə oxucu deyil. Diqqətini çəkən, onu düşündürən, istər bitkin, istərsə də zəif əsər haqqında – mütləq fikrini müəllifə çatdırır. Bu, çox yaxşı və təqdirəlayiq bir haldır. Ən azından yazıçı, şair, jurnalist unutmur ki, onu kimsə çox diqqətlə oxuyur, araşdırır, müsbət və mənfi münasibətini bildirir. İstər-istəməz bu cür mövqeyin olması adamda məsuliyyət yaradır. Bu xeyirxahlığına, cəsarətinə və vətəndaşlığına görə bu yazımda Qəzənfər Paşayevə də minnətdarlığımı bildirirəm.
Bu kitabda Qəzənfər müəllimin nə vaxtsa xalq yazıçısı Elçinə ünvanladığı məqalələrlə yanaşı məktublar da yer alıb. 2007-ci ildə qələmə aldığı məktubların birində oxuyuruq: «Əziz Elçin müəllim, mərammım görkəmli yazıçı, tənqidçi, dövlət xadimi kimi sizi səciyyələndirən məziyyətlərdən söz açmaq deyil. Sadəcə olaraq sizə olan hörmət və ehtiramımı izhar etmək, sizin də sevincinizə səbəb ola biləcək şad xəbəri diqqətinizə çatdırmaqdır. Hamının çox sevdiyi «Mahmud və Məryəm» romanınız sentyabr ayında Kərkükdə çapdan çıxacaq».
«Elçinin
sənət dünyası» adlı yazıda müəllif qəhrəmanını
yazıçı, insan, şəxsiyyət, ictimai xadim kimi dərindən
dərk etmək üçün onun on cildliyini oxumağı
oxuculara məsləhət görür. Həqiqətən
də bu on cildlik Elçin
yaradıcılığının güzgüsüdür.
Bu nasirin məramını,
mətləbini, bir yazıçı kimi uğur və nailiyyətlərini
anlamaq üçün
on cildliyi diqqətlə
başa vurmaq kifayətdir,
sanki bir mənəviyyat
çeşməsindən qidalanırsan. Söz
insanın içinin ətridir. Məhz bu mənada biz Elçinin daxili dünyasına bələdləşir,
görkəmli yazıçımızın nə demək
istədiyini anlayır, eləcə də ədəbi tənqidimizin
formalaşmasında, inkişafında onun
necə böyük rola
malik olduğu barəsində
düşünə bilirik.
Elçinin 2010-cu ilin dekabrında «Ədəbiyyat qəzeti»ndə sovet dövrü ədəbiyyatına həsr olunmuş «Sosrealizm bizə nə verdi?» silsilə yazıları dərc edildi. Bir oxucu kimi söyləyim ki, Elçin müəllimin bu məqaləsi həqiqətən ədəbiyyatı sevən, qələm əhli olan hər kəsin ürəyindən xəbər verdi və onu düşündürdü. Çünki müəyyən nəticələr çıxarmaqda bu məqalə bir növ istiqamətverici mahiyyət daşıdı. Həqiqətən də sosrealizm dövründə ədəbiyyatımızın, mədəniyyətimizin qazandıqları az olmayıb. İndiki çağlayışın, tərəqqinin bünövrəsi elə o vaxtlar qoyulmuşdu. Təəssüf ki, bəziləri bunun üzərindən qara xətt çəkir. Amma Elçin çox inandırıcı şəkildə inkarolunmaz faktları ortaya qoyaraq bir sıra müəmmalara, sözün həqiqi mənasında, işıq saldı. Qəzənfər müəllim demək olar ki, bu əsəri abzas-abzas təhlil edərək müəllifin düşüncələri ilə razılaşdığını, onunla eyni mövqedə dayandığını maraqlı faktlarla qələmə alıb: «Silsilə yazınızda müdhiş sistemin tüğyan etdiyi vaxt baş verən və bütün dünyanın diqqətini çəkən bir hadisədən – XIX partiya qurultayında ədəbiyyatdan danışarkən Georgi Malenkovun «bizə sovet Qoqolları və Şedrinləri lazımdır», - deyə bəyan etməsi və «Pravda» qəzetinin baş məqaləsində nasirlərə, şairlərə, dramaturqlara və tənqidçilərə müraciətlə «Həqiqəti yazın!» deməsi həqiqətdən kənar deyildi». Qəzənfər Paşayev bu məqalə ilə bir məsələni də haqlı olaraq qabardır ki, «Altmışıncılar»ın milli ədəbiyyatımızın inkişafında xidmətləri danılmazdır.
Maraqlıdır
ki, Elçinin «Sosrealizm bizə nə verdi?» əsəri ilə
əlaqədar Qəzənfər Paşayev bir neçə dəfə
öz rəyini qələmə alıb. Hətta bu məqalənin Nizami
adına Ədəbiyyat İnstitutunda
müzakirəsində də sanballı məruzə ilə
çıxış edib. Haqlı olaraq da bir
fikri əsaslandırıb ki,
bu qiymətli əsər qalaq-qalaq
kitabların mövzusu olan
məsələləri ortaya qoyub. Nəticədə də sosializmin
daxili mexanizmini, onun tarixi missiyasını
açmaqda Elçin
bir ədəbiyyatşünas alim kimi tarixi
xidmət göstərib. Elçin
yaradıcılığını həmişə diqqətlə
izləyən, onun hər təzə əsərini
məmnunluqla oxuyan Qəzənfər Paşayev müəllifin «Teleskop»
əsərindən aldığı təəssüratları
da böyük məmnunluqla
qələmə alıb: «Beynəlxalq səviyyəli bu əsəriniz bəşəri olduğu qədər də milli
olduğundan dünya
səhnələrinin bəzəyinə çevriləcək».
Xalq
yazıçısı Elçin ədəbiyyata gəldiyi
gündən ədəbi prosesə həmişə diqqətlə
yanaşıb, həmkarlarının əsərləri
haqqında öz fikirlərini dönə-dönə deyib. Yəni
az qələm əhli tapılar ki, onun
yaradıcılığı barədə Elçin
söz deməmiş olsun.
Bu mənada
ədəbi mühitdə Elçinin öz yeri var.
Şifahi xalq ədəbiyyatına,
folklorumuza, aşıq
yaradıcılığına həmişə fəal
münasibətini bildirən, nüfuzlu söz deyən Elçin bu sahənin gərəkli tədqiqatçılarındandır.
Bəlkə də elə şifahi xalq ədəbiyyatına olan
məhəbbətinin nəticəsidir ki,
Elçinin
yaradıcılığında folklor ruhlu nağıllar da əsas
yer tutur. Bu nağılların da
başlıca keyfiyyəti onun
yığcamlığındadır. Müəllifin qənaəti
də belədir: «Bizim zəmanəmizin
nağılı gərək müxtəsər olsun». Bu baxımdan Qəzənfər
Paşayev yazıçının
nağıl dünyasının əfsanələrdən, dastanlardan su içdiyini əsaslandırır. Ən
başlıcası da Elçinin
nağıllarındakı xalq hikmətinin
qüdrətidir.
Dövlət müstəqilliyimizin bərpasından sonra mənəvi irsimizə yeni baxış və düşüncə ilə yanaşıldı. Xüsusilə də «Kitabi-Dədə Qorqud»un araşdırılması işində yeni nailiyyətlər üzə çıxdı. Elçinin «Kitabi-Dədə Qorqud aliliyi» məqaləsi müxtəlif dillərdə tərcümə edilərək nəfis tərtibatda çap edildi. Bu dastanın yeni baxışla tədqiqi, təhlili, lüğətin tərtibi, dünya standartları səviyyəsində çapı oxucular və mütəxəssislər tərəfindən yüksək dəyərləndirildi. Çünki Elçin sovet dönəmində bu dastana olan ögey münasibətdən, basqılardan söz açaraq əsərin tariximizin, milli mənəviyyatımızın əbədi abidəsi, müdriklik məktəbi olduğunu təsirli və inandırıcı dəlillərlə təhlilə çəkdi və bir daha təsdiqlədi. Elçinin ədəbiyyatla, folklorla, dilimizlə, mənəviyyatımızla, mədəniyyətimizlə bağlı bütün düşüncələrinin mərkəzində milli təəssübkeşlik, vətəndaşlıq və yazıçı mövqeyi dayanır. Elçin yaradıcılığına məhəbbətlə yanaşan, onu obyektiv şəkildə təhlilə çəkən, dəyərləndirən, qiymətləndirən Qəzənfər Paşayev sanki bu yazıçı haqqında bir dastan qələmə alıb. Onun düşüncələrində həqiqətən də yazıçı ömrünün bütün məqamları boylanır. İstər-istəməz düşüncə sahibinin fikirləri ilə bir oxucu kimi razılığa gəlirsən: «Elçin kimdən və nədən yazır-yazsın, dünyanın hansı guşəsində olur-olsun, mütləq folklorumuzla, aşıq yaradıcılığı ilə yol-yoldaşı olur. Sərrastlığı və dəqiqliyi ilə seçilən insana hikmət bəxş edən folklordan, müdrik ustad aşıqların kəlamından məqamında istifadə edən Elçin yaradıcılığında, xüsusən də onun publisistik yazılarında qırmızı xətt kimi keçir». Bu məzmunlu və mündərəcəli fikrin məramı aydındır. Soya, kökə bağlılıq ucalıqdır. Çünki bu zirvəyə gedən yol müdrikliklə, daxili zənginliklə, istedadla, zəhmətlə, düzlüklə, həqiqətlə bağlıdır. Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biridir. Onun yaradıcılığı haqqında söz demək, əsərlərinin ədəbiyyatımıza bəxş etdiyi işığın şölələrindən nurlanmaq, danışmaq həm asandı, həm də çətindir. Ona görə asandır ki, müəllifin qəhrəmanlarının əksəriyyəti bizim tanıdığımız sadə insanlardı, həyatın dibindən Günəşə boylananlardı. Ona görə çətindi ki, bu sadəliyi olduğu kimi çatdırmağı hər qələm tutan bacarmaz. Sadəliyin elə gözəlliyi də onun ifadə müşküllüyündədir. Nə xoş ki Qəzənfər Paşayev uzun illər böyük sevgi və oxucu marağı ilə izlədiyi, oxuduğu, dəyərləndirdiyi xalq yazıçısı haqqında, onun mübarək yubileyində belə bir maraqlı kitabı bizlərə təqdim etməklə Elçin pərəstişkarlarını da sevindirdi. Düşüncələrdən boylanan yazıçı ömrü bizi də öz cazibəsinə çəkdi!
Kaspi.-2013.-27-29 aprel.-S.21