Vətəninin oğlu ola bilən şair 

 

 Rövşən Yerfi

 

İddiasızlar...

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim -

Xəzanımdır, xəzanımdır, xəzanım...

 

Özünü təhsilli hesab edən elə bir həmvətənimiz tapılmaz ki, bu misraların kimə məxsusluğunu bilməsin, misralardakı mənaya, şairin istəyinə heyran qalmasın. Doğrudan da insan üçün Vətəninin oğlu səviyyəsinə qalxmasından yüksək bir mərtəbə, uca bir duyğu yoxdur. Xalqın həmişəyaşar, sönməyən məhəbbətini qazanmış böyük şairimiz Məmməd Araz həqiqətən o ali titula, ada layiq sənətkarlardandır.

Məmməd müəllimi ilk dəfə üzbəüz səksəninci illərin sonlarında “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsinin dəhlizində görmüşəm. Deyəsən, baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalının redaksiyasından çıxıb harasa gedirdi. Yolundan kənara çəkilib həmişə şəkillərdə gördüyüm şairə nəzərlərimi maraqla dikdim. Ona görə ki, bu insan mənim üçün sıradan adi bir şair deyildi, şeirlərini sevə-sevə oxuduğum Məmməd Araz idi.

Üzü nurlu şair dünyanı məsum, həyatsevər baxışlarla süzürdü. Baxışlarında sanki, cavabı tapılmayan sualların iztirabı vardı. O uzaqlaşıb gedənəcən yerimdə donub qalmışdım. Heç demə şair sadəliyinin, şair susqunluğunun da öz böyüklüyü, əzəməti varmış...

Yetmiş bir il ömür sürən şair həyatının çox hissəsini - əlli səkkiz ilini Sovet dövründə yaşayıb yaradıb. Sovet rejimi zamanında 1978-ci ildə əməkdar mədəniyyət işçisi, 1984-cü ildə əməkdar incəsənət xadimi fəxri adlarını, 1988-ci ildə Dövlət Mükafatını almasına baxmayaraq, bəlkə də yeganə böyük şairdir ki, yaradıçılığında həmin dövrü, dövrün siyasətini, liderlərini mədh edən bir əsər tapmaq mümkün deyil.

Bu qayda ilə, o, müstəqillik dönəmindəki on üç illik ömründə də nə iqtidara, nə müxalifətə mədh yazmadı. Onu yalnız yurdunun təbiəti ilhamlandırdı, xalqının dərdləri düşündürdü:

 

Oyat bizi ey yaradan, səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi.

Ya yenidən yarat bizi!

Ey yaradan, səninləyəm!

Səninləyəm, yatmış vulkan.

Səninləyəm!

Ayağa dur Azərbaycan,

Səninləyəm!

 

Xalq da oğlunun ona olan ülvi hisslərinə diqqətsiz, etinasız qalmadı. Elə bu səbəbdəndir ki, Məmməd Araz 1991-ci ilin dekabrında , müstəqillik dövrümüzün ilk xalq şairi fəxri adına layiq görüldü.

 

Ömür boyu maddi imkansızlığın əziyyətini çəksə də, o, heç zaman qazanc, sərvət ardınca getmədi. Nə böyük səlahiyyət, mandat üçün çalışmadı, nə də vəzifə üçün...

1970-ci ildə istedad və qabiliyyəti nəzərə alınaraq dövrün nüfuzlu qəzetlərindən sayılan “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor müavini təyin olundu. 1972-ci ildə Nəriman Nərimanovun 100 illiyinə həsr edilmiş saydakı məqalələrə görə isə millətçilikdə günahlandırılıb vəzifəsindən azad etdilər...

Hələ sağlığında kitabları dəfələrlə Moskvada, Tiflisdə, Türkiyədə, müxtəlif xarici dillərdə nəşr olunan şair, tərcüməçi, publisist olan bu insanın böyük vəzifə səlahiyyəti 1974-cü ildən ömrünün sonunadək – otuz il “Azərbaycan təbiəti” jurnalının baş redaktorluğu oldu.

Məmməd Araz həyatının bütün anlarında şairliyindən bir addım da kənara çıxmadı. Ən yüksək ziyalılığa mənsub əsl şair ömrü yaşadı: saf, qürurlu mənliyi ilə, elinə, torpağına olan təmannasız sevgisi, ehtiramı ilə...

 

Azərbaycan - mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

AZƏRBAYCAN deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər!

 

Heç nəyə iddiası olmayan şair böyük sənəti, şərəfli ömrü ilə əslində ən böyük iddiayaxalqının sonsuz, tükənməz rəğbətinə, məhəbbətinə nail oldu, istəyinə çatdı, bacardıVətəninin oğlu ola bildi...

 

 

Kaspi.-2013.-27-29 aprel.-S.23.