BİR DAHA ŞAİR

 

Bir cür tikan yetişir səhralarda – deyəsən dəvətikanıdır. O gün uşaq dərs kitabından oxuyub deyir ki, ata, bilirsən, bu tikanın uzunluğu 10 sm, torpağın altındakı kökü isə 400 metrdir! O saat yadıma insan düşdü. Başlamamış bir haşiyə çıxım ki, sufilər deyirlər, hər şey insan üçün yaradılıb, ancaq o mənada ki, hər şeyə baxıb, insanı düşünəsən. Mən də buna əməl etdim; düşündüm ki, insan da belədir. Sadəcə insanın həmin o tikandan fərqi ondadır ki, insan öz dərin köklərindən bixəbərdir. İnsan bilmir ki, bu, onun görünən, kiçik bir hissəsidir. Bu, yəni dünyəvi, maddi, şəhvani duyğular, qorxu, şöhrət, xəyanət, qazanmaq həvəsi və sairə, və sairə. İnsan bunlarla yetinir, bəs deyir bunlara, dünyayla qarnını doyurur vəssəlam. Belə olmasaydı, Nəsimi deməzdi:

 

Ey özündən bixəbər qafil, oyan,

Həqqə gəl ki, Həq deyil batil, oyan,

Olma fani aləmə mail, oyan,

Mərifətdən nəsnə qıl hasil, oyan!

 

Görürsünüz, sanki, mən öncədən bu mənzum parçaya uyğun fikirlər tərtib edib, sonra Nəsimini təqdim etmişəm. Əslində isə belə deyil, öncəgörən Nəsimidir! Çünki o, şairdir!!! Bəli, məhz şair. Şair dedinmi, Hafiz, Şəhriyar, Nəcip Fazil, Orxan Vəli, Hote, Şiller yada düşür. Mən müxtəlif ölkələrin fərqli dövrlərindən dağınıq adlar çəkdim. Bizdə isə hələ ki, şair dedinmi, toyxanalar, tamadalar, araq iyi verən nəşriyyat pillələri yada düşür (Moşu demişkən). Buna inşallah qayıtmarıq, ancaq hələ deyəcəklərimiz var.

 

İnsan anlamır, bilmir ki, onu xüsusi həvəslə, eşqlə xəlq ediblər. İlk və son dəfə uca Yaradan özünə "Fətəbarəkallahül-əhsənül xaliqeyn” deyib --- insanı yaratdıqdan sonra! Və çox maraqlıdır ki, insandan sonra heç nə yaranmayıb. Bu barədə heç düşünürükmü? Doğrudan da dağlar, dənizlər, göylər, heyvanlar, bitkilər, görüb görmədiyimiz mikro və makro aləm hamısı xəlq olunduqdan sonra insan yaradılıb. İnsandan sonra orijinal, birbaşa heç nə yaradılmayıb! İki şey nəzərə gəlir: birincisi budur ki, yaradılanların hamısı öncədən insan gəlişi üçün yaradılmışdı. Bunu yuxarıda dedik. Ancaq məni ikinci fikir daha çox cəlb edir və həyəcanlandırır. O fikri isə qoy Füzuli desin:

 

Mənə manənd bir divanə surət bağlamaz, guya,

Qələm sındırdı təsvirim, çəkəndən sonra nəqqaşım!

 

Bu beytin müasir türkcəsi belədir ki, mənə (yəni insana) bənzəyən heç bir surət yaratmaq mümkün deyil, çünki, o nəqqaş – yəni Allah, mənim (yəni insanın) surətini yaratdıqdan sonra öz qələmini sındırdı – çünki, artıq bundan gözəlini, bundan üstününü, bundan kamilni yarada bilməyəcəyəm deyə!!!

Füzuliyə müraciət etməm deyəsən yerinə düşdü. Niyə? Çünki o şairdir. Ona görə yox ki, o Füzulidir, klassikdir, filosofdur, xeyr bunlar hamısı sonradan gələn nəsnələrdir. İlk səbəbi budur ki, o, şairdir! Şairlik zaman, məkan tanımaz. əgər biz bu gün özümzüdə o yükə sagib şair görə bilmiriksə, bu o demək deyil ki, həmin yük klassikanın işidir, füzulilərin, nəsimilərin mərifətidir. Xeyr, bu, elə şairlik deməkdr. Deməli,.. deməli belə çıxır ki, bizdə şair yoxdur? Xeyr, bu da absurddur. Maşaallah, nə çox şairimiz var. İroniya ilə danışmıram, həqiqəti deyirəm. Biz çox istedadlı millətik. Vallah, elə şairlər, elə şeirlər görürəm ki, ağzım açıla qalır. Söz gözəl, misralar poetik, forma ideal, ancaq... yük yoxdur. Heyf, bunu deməyə məcburam. Bəlkə də yükümüz yüngül olduğu üçün demək olar ki, bizdə hamı şeir yazır. Hər kəs şeiri gözəl sözlərin toplusu, şairanə ifadələr, poetik zirvə zənn edir. Qafiyələr, ölçü, ahəng, bunlar hamısı var əlbəttə. Şərt olmasa da şeirdə belə şeylər vardır. Fəqət, o dediyim məna yükü, o dərinlərdə qalan 400 metrlik kök yoxdur. Bir el misalı var: "Aşıq gördüyünü çağırar”. Əvvəllər xoşum gəlirdi bu sözdən, indi məni çox incidir bu atalar məsəli. Elə bilirəm, çox zahiri, dünyəvi, cismani bir fikirdir. Məncə aşıq, yəni əslində aşiq (!!!) görmədiyini çağırmalıdır! Yenə də köməyə Füzulini çağıraq, yoxsa "el şairləri” məni dərbədər edər:

 

Hikmətü dünyavü ma, fi, ha bilən arif deyil,

Arif oldur bilməyə dünyavü ma, fi, ha nədir.

 

Əgər Füzulinin nəşrlərindən yadınızdadırsa, o "ma, fi, ha” kəlmələrini bir yerdə yazırdırlar. Amma mən ayırdım və aralarına vergül işarəsi də qoydum. Çünki, Füzuli şairdir! Nazim deyil. Biz isə nazim görürük hələ ki, şair yox. Elə Füzulini də Nəsimini də nazim şəklində görürük. Bəh-bəh deyirik, nə gözəl deyib, necə şairanə, nə qədər pafos, metafora var bu misralarda (Şakir Şərəroviç, Şirinov demişkən) və sairə... Heç kim soruşmur ki, a balam, bu gözəl, bu poetik misralarda şair nə deyirdi? Axı mən anlamadım, necə yəni;

 

Sirrimi Adəmdə pünhan eylərəm,

Adəmi həm Həq, həm insan eylərəm!

 

Və yaxud da hamı soruşur ki, Nizami niyə farsca yazıb, bir Allahın bəndəsi so-ruşmur ki, Nizami nə yazıb?!

Şairlik nə filosofluqdur, nə siyasətçilikdir, nə də alimlikdir. Şairlik bunların bəlkə də hamısı olmaqla ən üstünüdür. Bəlkə də bunlaırn heç biri deyil, amma ən kamil, an dəqiq yerdə dayanan bir zatdır şair. Əlbəttə şair, nazim yox.

 

Gəl sənə təsəlli verim,

Darıxma, düzəlməyəcək.

 

İndi buna bənzər misraları hardan tapım? Salam Sarvanı yetişdirmək üçün bir xalq daha neçə onilliklər əlləşməlidir?! Şairin heç bir vəzifəsi-filanı yoxdur. Bunlar hamısı keçən əsrin otuzuncu illərində Cavidə, Müşfiqə, Cavada hücüm edən və "Mən söz verirəm ki, bir həftəyə bir poema yazıb, inkişafımıza əngəl olan bütün ünsürləri məhv edəcəyəm!!!” deyən cavan şairlərin (pardon nazimciklərin) fikirləridir. Şair isə sifarişlə şeir yazmır. Hətta şair özündən belə sifariş götürmür. Şair plan işi yazmır, şeir yazır! Şair təbliğatçı, təşviqatçı deyil. Şair təbliğ etməz, şairi təbliğ edərlər. Şair əyilməz, şairə əyilərlər.

İndi bizdə şair-aşıqlar da çoxdur. Allah hamısına uzun ömür, sağlam ürək, möhkəm qələm versin. Ancaq mən bir kəlmə deyəcəyəm bu barədə. Onu da özümdən yox, Qazi Mustafa Kamal Atatürkdən deyəcəyəm: "Aşıq Veysəlin Türk istiqlalına etdiyi xidmətlər bir ordunun etdiklərindən daha üstündür!” Halbuki Aşıq Veysəl heç Türk istiqlalının da carçısı olmamışdır. Ancaq Atatürkə lazım olan Veysəlin inqilabi şeirləri deyildi, Veysəlin özü idi, varlığı idi. Sadəcə şair. Vəssəlam! Nə məddah, nə təbliğatçı, nə vətənpərvər, nə qürbətçi... sadə və sadə şair!

Bu gün mən Türkiyədə yaşayan çoxlu sayda şairi izləyirəm. Onlardan birinin balaca şeirini oxudum, bizim pafoslu qoşma şairlərimizdən biri dedi ki, ayə qağa, yaxşı fikir deyib e, ancaq belə şeir olmaz ki,.. və mən bir daha anladım ki, biz şeirin yox, sözün və onun şəklinin aşiqiyik. Şeir isə sözdən də əvvəl fikirdir. Şeir bilinməyəndir, gözlənilməyəndir, şeir başağrısı gətirəcək qədər dərindir, düşünmək üçün ayrıca vaxta ehtiyac duyulacaq qədər çətindir.

 

Acı ve mutluluğun arasında

hıçkırık tutmuş bir vergül gibi

duruyor insan,

oradakı kelimelerden ayrı,

oradakı manalardan uzak...

 

Allah türkcəni tərcümə edənlərə insaf versin, çox sevdiyim bəlkə də ən sevdiyim çağdaş bir şairin misralarıdır bunlar. Əlbəttə ki, o pafoslu qoşma şairi qağam belə modern üslublara şeir deməyəcək. Elə yaxşıdır ki, demir, əgər o da məni və mənim kimiləri tərifləsəydi, daha nə qalardı bizdən?! İskəndərdir adı o şairin. Tam adı Küçük İskəndər. İstanbulun ən çağdaş "düşüncə səfillərindən” biridir. Çox güman ki, bizim gənc yazar və tərcüməçilərimiz onu tanıyarlar. Mən bizim modern gəncliyi çox sevirəm. Onlar işlərini bilirlər. Bilirlər ki, zaman yeganə diktatordur. Yalnız ona qarşı çıxmaq mümkün deyil.

İskəndər kimiləri elə orada da azdır. Əlbəttə Atilla İlhan kimi qəribə şairlə var, ancaq heç biri İskəndər deyil. Məsələn Atilla abi deyirdi:

Aysel, git başımdan,

seni seviyorum...

İnsan alt-üst olur. Elə şair də insanı alt-üst edənə deyirlər. Ancaq dediyim kimi, Küçük İskəndər başqadır. Mən nə zaman onu oxusam, az qala intihar edirəm! Odu ki, çox zaman bilə-bilə oxumuram İskəndəri. Məsələn yazırdı:

 

Her rengin kendi kişiliyi,

her kişiliyin kendi rengi vardır,..

senin de kişiliyinin rengini buldum:

Kahperengi!!!

 

Bir az çevirək, adam deyir ki, hər rəngin öz şəxsiyyəti, hər şəsxiyyətin də öz rəngi var. Sənin də şəxsiyyətinin rəngini buldum... Burada gənc usta şair böyük bir ustalıqla "Kahve”, yənə "qəhvə” rəngini ifadə edəcək olan sözdəki bir hərfi dəyişərək, möhtəşəm bir şeyə imza atır.

Şair fərqli məxluqdur. Şair özününküdür, heç kimin deyil. Şair protestdir, şair əcaibdir, şair dirilərin olduğu yerdə ölü, ölülərin olduğu yerdə isə diridir.

 

Şair olunmur, şair doğulur. Rəhmətlik Şəhriyar demişkən:

Şair ola bilməzsən, anan doğmasa şair,

Missən a balam, hər sarıköynək qızıl olmaz.

 

Ən sonda isə böyük Mövlana Rumi həzrətlərindən bir az könül söhbətlərinə qonaq olaq. Mən istəyirəm Mövlana kimi könlümə qulaq verim. Dünyadan qopum, öz içimə baş vurum. Həmin içə ki, bəhs etdiyimiz şairlər baş vurublar. Həmin iç ki, bütün incilər, bütün mücövhərlər məhz oradan hasil olublar:

”Şunu iyi bil ki zaman sevdanın bir şeklinden, nakşından ibarettir. Bizim şeklimiz zamandan dışardadır. Zamana uyup kalmaz; hep değişir. Biz ihtiyarlarız ama, zaman ihtiyarlamaz, hep aynıdır. Dünya bir ırmak gibidir. Derenin içinde akar gider. Biz bu ırmağın dışındayız. Zaman ırmaktaki su gibi akar gider. Irmağa düşen bizim gölgelerimizdir. Burada pek zor, pek ince; anlaşılması müşkil bir nükte var! 0 burada değil ama yine de burada! 0 yok gibi olan bir varlık! Ey gönül! Canın yüzünden başka hiç bir yüze gülme! Zaten o olmayınca bütün gülüşler ağlayıştır, inleyiştir. Dünya meselelerine dalıp daralan gönül gerçek gönül değildir! Çünkü gönül pek geniştir. Onun ucu bucağı yoktur! Aslında gönül gam yemez, gönlün gıdası gam değildir. Gönül bir dudu kuşudur. 0 görülmemiş acayip şekerler yer durur. Gönül dün gece geldi de, canın kulağına dedi ki: "Ey adını söyleyemeyeceğim, eşsiz varlık! Ey adını açıkça söyleyeni parçalayan, gizlice söyleyeni yakıp yandıran güzel! Ey can! Bilinemeyeni, tarif edilemeyeni anlatmaya kalkışan ne özür getirebilir? Ne bahane bulabilir?" Gül bahçesinde geçen sırrı, gizli şeyi bir gül bilir bir de hazin hazin ağlayan, feryat eden bülbül bilir. Sadece bülbüllerin seslerine dalıp o seslerin güzelliğinden bahseden kişi seste kalır. Seslerin ötesine geçerek aşk sırrını sezemez, anlayamaz. Ey o akıl almaz, eşsiz varlığı anlamaya çalışan, sezmeğe uğraşan! Ey göklere aşık olan kişi! Merdivenden bahsedip duran arifle dost ol, onunla iyi geçin!”

 

 

Fəxrəddin Salim

 

Kaspi.-2013.-27-29 aprel.-S.24.