“Qarabağ muzeyləri” Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsində müzakirə edilib 

 

Söz Azadlığını Müdafiə Fondunun təşəbbüsü ilə Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsində görüş keçirilib. Fondun icraçı direktoru Vüqar Tofiqli və şöbənin müdiri Zahid Abbasov “Qarabağ muzeyləri” mövzusu ətrafında müzakirələr aparıblar.

Fonddan qhtxeber.az-a verilən məlumatda bildirilib ki, QHT təmsilçisi görüşdə fondun Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi çərçivəsində apardığı araşdırmalar barəsində, layihə çərçivəsində hazırlanacaq ensiklopedik-məlumat kitabına salınacaq informasiya, habelə kitaba daxil edilməsi nəzərdə tutulan bölmələr barəsində fikrilərini bildirib.

Öz növbəsində Zahid Abbasov Qarabağın maddi-mədəni irsinin öyrənilməsində qeyd olunan layihənin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, işğal altında olan bütün muzeylərimiz haqqında məlumatların kitaba daxil edilməsinin zəruriliyini bildirib və bu işdə Şuşa Mədəniyyət və Turizm Şöbəsi tərəfindən əldə olan məlumatların fonda təqdim etməyə hazır olduğu   vurğulayıb. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanınn qədim mədəniyyət mərkəzi sayılan Şuşada doqquz müxtəlif səpgili muzey fəaliyyətdə olub. Bunlardan ikisi- (Şuşa  Tarix muzeyi və Dövlət Qarabağ Tarixi muzeyi),  dördü  xatirə- ev muzeyi (Ü. Hacıbəyov, Bülbül,  M.M Nəvvab və Xan qızı Natavan), biri filial (Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı) kimi fəaliyyətdə olub.

Şuşa Mədəniyyət şöbəsinin nəzdində isə Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi,  habelə Vaqifin məqbərə kompleksi qonaqların ziyarəti üçün daim açıq olub.

Z.Abbasov Qarabağda fəaliyyətdə olmuş bütün muzeylər haqqında məlumatların bu kitaba salınmasını məqsədəuyğun hesab edib və bildirib ki, ermənilərin məskunlaşıdığı ərazilərdə ki, muzeylərdə də məhz Azərbaycan tarixinin bir parçası sərgilənirdi. 

Qeyd edək ki, informasiya dəstəyi “Karabakhinfo.com” elektron jurnalı tərəfindən həyata keçirilən layihə çərçivəsində fond əməkdaşlarının mütəxəssislər, muzey əməkdaşları, habelə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə görüşləri davam etdiriləcək.  

 

 

Kaspi.-2013.-25 aprel.-S.12.