Nəciblik və paklıq timsalı
və yaxud «Oftamologiyanın mirvarisi»
Mən onunla heç vaxt görüşməmişəm.
Və heç zaman da üz-üzə gəlməyəcəyəm.
Haqqında oxuduqlarım, onu tanıyanlardan eşitdiyim
söz-söhbətlər isə bu xanımı
yaddaşımda əbədiləşdirib. Hər dəfə
onun ömür yoluna nəzər salanda heyrətlənmişəm.
Onun simasında çox ağıllı və güclü,
iradəli və qətiyyətli, ürəyiyuxa və xeyirxah
bir qadının obrazını görmüşəm. Amma, bəlkə də, heç kim onun haqqında
öz gözləri qədər danışa bilməz.
Ömrünün ayrı-ayrı məqamlarında lentin
yaddaşına köçmüş fotoşəkillərdən
boylanan ağıllı və mənalı
baxışları onun kimliyi, xarakteri haqqında çox
şey deyir. Mən o gözlərdə, o
baxışlarda hər şeydən öncə,
insanlığın zirvəsini görürəm. Alim kimi
uğurlarının sirri də, yəqin ki, elə bunda imiş...
“Əgər
mən peşəkar ədəbiyyatçı kimi Zərifə
xanım Əliyeva haqqında əsər yazası olsaydım,
heç şübhəsiz, onu “Əvəzolunmaz insan
haqqında povest” adlandrardım” – bu fikrin müəllifi
akademik Filatov adına mükafatın laureatı, professor
Şmelyovadır. Onu yaxından tanıyanların
hamısı bu zərif və nəzakətli, alicənab və
ziyalı Azərbaycan xanımını, hər şeydən əvvəl,
məhz sadə insan, olduqca səmimi,
ölçülü-biçili hərəkət və
davranış yiyəsi, böyük mədəniyyət
sahibi kimi səciyyələndirirlər.
Bəli,
xatirələrdə bir alim, bir insan kimi silinməz iz
qoymuş bu Azərbaycan xanımı ilə öyünmək
olar: nə yaxşı, nə vaxtsa insanlar arasında beləsi
olub və sağ ikən ürəklərdə özünə
abidə qoyub. Deyirlər, xasiyyəti də adı kimi zərif,
ipək imiş, qəlbi, ürəyi insan sevgisiylə doluymuş.
Sadəliyi, xeyirxahlığı sevdirirmiş onu hər kəsə.
Kimsənin dərdinə, kədərinə biganə
qalmazmış, dara düşənə dayaq olarmış,
yıxılana söykək....
O,
seçdiyi sənətin də fədaisi imiş: iynənin
ucu boyda işığa həsrət qalanlara nur verirmiş,
dünya işığı bəxş edirmiş. “Zərifə
xanım oftalmologiyanın mirvarisidir” – ona bu yüksək qiyməti
də böyük səxavətlə Vətəndən
uzaqlarda – Moskvada öz işinin sərrafı olan alimlər
veriblər. Dünya şöhrətli oftalmoloq, akademik
A.Nesterov yazırdı: “Zərifə Əliyeva çox
ağıllı insan və böyük professional idi. Mən
onu öz sahəsinin məşhur alimi hesab edirəm.
Oftalmologiyada o, bir nömrəli idi.”
Onunla
ünsiyyətdə olanların bir fikrinə də biganə
qalmaq mümkün deyil: “O, nəciblik və paklıq
timsalı idi. Xeyirxahlıq onun həyat tərzi idi.” Professor
N.Şulpina isə deyirdi ki: “Biz onu sevmişik, sevirik və
ömrümüzün sonuna qədər sevəcəyik.”
Hamı onu belə
tanıyırdı, belə sevirdi...
Və... Onu bir nəfər də sevirdi. Amma
fərqli məhəbbətlə. Öz
sevgisi uğrunda sınaqlardan çıxdığını
da sübuta yetirmişdi. Bu, bənzərsz
bir məhəbbət idi. Bu, az sonra
dünyanın siyasət aləmində imzası ilə
seçiləcək böyük azərbaycanlının məhəbbəti
idi. Bu, xalqının milli liderinə çevriləcək
Heydər Əliyevin sevgisi idi. Bu müqəddəs
duyğu onları bir ruh kimi birləşdirəcəkdi, bu
sevda iki ürəkdə bir vuracaqdı. Və
bu məhəbbət ölüncə idi. Zərifə
xanım son gününədək onu başının
tacı kimi qoruyacaqdı. O isə Zərifəsindən
sonra nə az, nə çox, düz 18 il
ömrünün ən böyük məhəbbətinin
nisgilini yaşayacaqdı. Hər birimiz şahidik: Heydər Əliyev
kimi möhkəm iradəli insan, qüdrətli bir şəxsiyyət
yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bu
qadının xatirələri qarşısında kövrəlirdi.
Sitat: “Zərifə xanımı xatırlamaq, bəlkə, mənim
üçün daha təsirlidir. Çünki
Zərifə xanım mənim həyat yoldaşım idi.
Bəlkə də, onu mənim qədər tanıyan, onu mənim
qədər hiss edən adam olmayıb. Hətta onun valideynləri də. Təbiidir ki, valideynləri onu bəsləyiblər,
böyüdüblər, təhsil veriblər, ona həyat
veriblər. Ancaq mən onunla həyat qurandan sonra birgə
yaşadığımız dövrdə, təbiidir ki, mənim
fikirlərim onun haqqında bütün deyilənlərdən
daha genişdir...”
...Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin
payına düşən görkəmli Azərbaycan
qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən
başlayan ömür yolu olduqca zəngin və yalnız
parlaq səhifələrlə dolu bir ömür oldu. O,
Yaradanın xoş saatında, xoş anında doğulan bir
insan idi. Tərəddüd etmədən ona
Tanrının seçilmiş bəndəsi demək olar.
Əvvəla, Zərifə xanım Əziz Əliyev
kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər
bir ziyalının, SSRİ-də böyük nüfuz
qazanmış bir dövlət xadiminin ailəsində
dünyaya göz açdı, zəngin mənəvi
mühitdə tərbiyə aldı. Və
bu tərbiyə onu bütün ömrü boyu izlədi.
O, nəsil şəcərəsinə, ulularına,
soy-kökünə, ailəsinə, valideynlərinə layiq
övlad oldu. Türk dünyasının bənzərsiz
lideri, dünya siyasətində ən uca zirvələrdən
birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat
yoldaşı olması, əsil məhəbbət, sevgi
adlı imtahanda da sınanaraq qəlbən, ruhən
bağlı olduğu ömür-gün yoldaşına, ulu
öndərə bu uca zirvəyə çatmaqda yorulmaz
silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə
xanımın ikinci xoşbəxtliyi idi. Akademik
Zərifə Əliyevanın alim kimi tibb elmində
qazandığı böyük uğurlar da heç kimə
sirr deyil və bu uğurlar onun Azərbaycan elmində,
ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul
olunmuş minnətsiz, sabit yerinin qarantıdır.
Və nəhayət,
Zərifə xanım ulu öndər Heydər Əliyevə ləyaqətli
oğul, çox zəngin tarixi keçmişi olan
xalqımıza, Azərbaycana Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, artıq dünya siyasətində
öz nüfuzu olan, ölkəmizi dönmədən möhtəşəm
uğurlara aparan İlham Əliyev kimi Prezident bəxş edən
bir Ana kimi də unudulmazdır. Bu gün biz Azərbaycanın
sürətli inkişafı ilə fəxr edərkən
möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlıq
duyğusu hiss edirik. Və düşünürük ki, bu
insanın bilik və bacarığının, müdrikliyinin
təməlində Ulu öndər Heydər Əliyevlə
yanaşı, gözəl bir ananın da tərbiyəsi var...
Bəli,
Tanrı ona insanın arzulaya biləcəyi hər şey bəxş
etmişdi: gözəllik, ağıl, zəka, talant, mərhəmət
və şəfqət dolu ürək, incə zövq,
yüksək savad, zəngin mənəviyyat. O, yalnız
insanın ağlına deyil, həm də qəlbinə,
ürəyinə sirayət edən keyfiyyətlərə
malik idi. Elə bu səbəbdən də əsil
insan ömrü yaşadı, qadınlıq simvoluna
döndü, ana adını ucaltdı, alim adını
doğrultdu, ziyalılıq etalonuna çevrildi. Və qeyri-adi bir ömür yaşadı, bu
qeyri-adilik isə onu zamanın, illərin, əsrlərin
yaddaşına yazdı. İndi onun
ömür kitabı hər şeyi öz səhifələrində
etibarla qoruyur. Bu səhifələrdən qısa sətirlər...
Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan
Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri
Təkmilləşdirmə İnstitutunda təhsil alır. 1949-cu ildə
Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə
İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə
başlayır və bütün ömrünü
oftalmologiyaya həsr edir. 1959-cu ildə namizədlik,
1976-cı ildə isə doktorluq dissertasiyaları müdafiə
edir, 1977-ci ildə Əziz Əliyev adına
Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasında professor, 1982-ci ildə
isə həmin kafedranın müdiri seçilir. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki olur.
O,
atasının peşəsini seçmişdi, həkimlik sənətini.
Göz həkimi idi, dünya
işığına həsrət qalan insanlara həyatın
gözəlliklərini, rəngarəngliyini görmək
üçün işıq, nur bəxş edirdi. Hər kəsə sağlamlıq diləyən və
bütün həyatı boyu bunun üçün
çalışan Zərifə Əliyevanın alim kimi xidmətlərində
bir məqam xüsusilə diqqətçəkəndir.
O, malyariya və traxomaya qarşı fədakarlıqla
mübarizə aparan atası Əziz Əliyevin estafetini
uğurla davam etdirir, elmdə əsl vətəndaşlıq
mövqeyi göstərərək, bu sahəyə çox
böyük əmək sərf edir. Zərifə Əliyeva Azərbaycanda
ilk dəfə görmə orqanının peşə
patalogiyasını tətbiq edir, uzun illər çox iri və
olduqca əhəmiyyətli sənaye obyektlərində
müxtəlif zəhərli maddələrin görmə
orqanına təsiri sahəsində fundamental elmi tədqiqatlar
aparır, bu mənfi təsiri aradan qaldırmaq
üçün bir sıra profilaktik tədbirlər işləyib
hazırlayır, elmi-tədqiqat laboratoriyası yaradır, elm
aləmində yeni bir istiqamətin – “Peşə
oftalmologiaysı”nın əsasını qoyur...
Akademik Zərifə Əliyeva bir alim kimi pedaqoji fəaliyyətə
də böyük önəm verib, öz
davamçılarını yetişdirib. Onun
elmi-pedaqoji fəaliyyəti həkimlərin yeni nəslinin
yetişməsinə və Azərbaycanda oftalmologiya elminin
inkişafına güclü təsir göstərib.
Alimin yetirmələri indi nəinki Azərbaycanda, həmçinin
ölkəmizdən kənarda peşəkar oftalmoloq kimi
tanınırlar...
1977-ci ildə Zərifə Əliyevanın təşəbbüsü
ilə ilk dəfə olaraq Bakıda Ümumittifaq Oftalmoloqlar
Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu
keçirilir.
Pedaqoji fəaliyyətə olduqca böyük dəyər
verən, tələbələrinə oftalmologiyanın sirlərini
cəfakeşliklə, həm də son illərin nailiyyətləri
əsasında öyrədən Zərifə xanımın bu
diqqəti onun Azərbaycan elminin sabahına qayğısı,
Vətənə, xalqa məhəbbət rəmzi idi. Görkəmli alimin yüksək səviyyəsi ilə
seçilən monoqrafiyaları, məqalə, məruzə,
metodik vəsaitlərdən ibarət elmi irsi, kəşf və
səmərələşdirici təklifləri bu gün də
aktualdır.
Zərifə
Əliyeva gözün zədələnməsinin öyrənilməsi
və profilaktikası sahəsindəki bir sıra orijinal
işlərinə görə SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax adına
mükafatına layiq görülür. Və o,
keçmiş SSRİ-də bu mükafatı alan
ilk qadın idi.
Akademik Zərifə Əliyeva, həm də böyük
ictimai xadim kimi səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ
Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin,
Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin
üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli
adı da ləyaqətlə daşıyıb. Amma
uğurları nə qədər çox olsa da, ömür
payı o qədər qısa oldu. Elə
bir bahar günündə – 15 aprel 1985-ci ildə, Azərbaycandan
uzaqda, Moskvada dünyasını dəyişdi, böyük
hörmətlə Moskvanın Novo-Deviçye qəbiristanlığında
dəfn olundu. Ömrü 62 il oldu. Bu, sonsuz zaman qarşısında çox qısa rəqəmdir,
heç bir insan ömrü üçün də arzulanan pay
deyil. Amma 62 ildə elə böyük işlər
gördü ki, bu rəqəmin özünü də
“böyütdü”, seçildi, sevildi və əbədiyaşarlığını
təmin etdi.
Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə
gəldikdən sonra vəfalı ömür-gün
yoldaşının nəşinin qürbətdə
qalmasına dözmədi, onu Vətənə qaytardı. Zərifə xanım Əliyevanın
cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından
Bakıya gətirildi, Fəxri Xiyabanda, atasının məzarı
yanında dəfn olundu...
Alimlər, dahilər, görkəmli şəxsiyyətlər
xalqın, millətin qızıl fondudur. Onlar bir əsrin,
bir yüz ilin deyil, əbədiyyətindirlər. Onlar bütün dövrlərin dahiləridir. Məhz ona görə də nəsillər dəyişdikcə
yad olunurlar. Azərbaycanın görkəmli
alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi,
akademik Zərifə Əziz qızı Əliyeva da
xalqının qəlbində özünə əbədi yer
qazanmış belə şəxsiyyətlərdən biridir.
Təsadüfi deyil ki, hər il aprelin 15-i
ölkəmizdə akademik Zərifə Əliyevanın xatirə
günü, 28 aprel isə doğum günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın
90 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral
2013-cü il tarixli Sərəncamı da
alimin xatirəsinə dövlətin, xalqın sonsuz
ehtiramını ifadə edir...
Bu
gün Fəxri Xiyabanda iki qonşu məzardan birində
dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri,
müasir Azərbaycanın qurucusu, bütöv türk
dünyasına ucalıq gətirən böyük öndər
Heydər Əliyev, digərində isə bütün
ömrü boyu öz həyat yoldaşına mənəvi
dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs
Ana – Zərifə xanım Əliyeva uyuyur. Məzarları
üstündə qalaqlanan gül-çiçək çələngləri
isə elə hər gün təzələnir. Hər gün
onları ziyarətə gələn insanlar bu məzarların
önündən sükutla keçir və onların ruhuna səssizcə
dualar oxuyurlar. Tanrı eşitsin, qəbirləri nurla dolsun!..
Ulu
öndərin dediyi kimi: “İnsan mənəviyyat
üçün yaşamalıdır. Mənəviyyatını
qoruyan, yaşadan insan əbədi olacaqdır...”
Firuzə NADİR
Kaspi.-2013.-30 aprel.-s.7.