Sevginin
yaratdığı Güc
Dostum Rəşad
Məcid məni qabaqladı. Şimali Kipr təəssüratlarını
bölüşərək beynimdə altını
cızdığım bəzi məqamlardan söz
açdı. Ancaq düşünmürəm ki, indi
paylaşacaqlarımın «Qorxunun yaratdığı
Güc..»dəki fikirlərlə üst-üstə
düşmə ehtimalı var. Elə bilirəm,
yaddaşımda əbədi ümman tapmış xatirələri
incələyərkən təkrarçılığa yol
verməyim mümkünsüzdür. Zənnimcə, birgə
səfərə qatıldığım həmkarlarımızın
hər biri gördüklərini və eşitdiklərini
bölüşsələr belə, hansısa bənzərlik
və ya təkrarçılıq istisnadır. Çünki
Şimali Kipr təəssürat zənginliyinin sərhəd
tanımadığı məkandır. Və mən bu zənginlikdə
hərəkətverici qüvvə kimi yavru Vətəni
tarixin acı şərtlərinin doğurduğu itirmək
qorxusu ilə yanaşı, ona bəslənilən hədsiz-hüdudsuz
sevgini də gördüm. Deməli, «Qorxunun
yaratdığı Güc…»lə «Sevginin yaratdığı
Güc»də eyni zaman kəsiyində yaşanmış iki
duyum tərzinin vəhdətidir.
Yol
yoldaşlarımın bəzisindən fərqli olaraq
Şimali Kiprə ilk gəlişim idi. Müxtəlif vaxtlarda
bir neçə dəfə səfər imkanını
qaçırmışdım. Görünür, qismət
indiyəymiş. Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü
ilə baş tutmuş və İstanbul üzərindən
gerçəkləşmiş yolçuluğumuzun varid
olduğu məkanda, yəni Ərcan hava limanında bizi
kıbrıslı dostlarımız qarşıladı. Elə
oradaca bu torpağın sakininin dərin sevgi nümunəsinə
ilk şahidliyim gerçəkləşdi. Bir qayda olaraq ayaq
basdığımız məmləkətlərə səfərlər
pasporta möhür vurulması ilə başlanır. O
möhürdən Kıbrıs türklərində də
var. Bilməzsiniz, hava limanındakı nəzarətçi məmur
necə böyük həvəslə onu pasportumuza həkk etmək
istəyirdi. Amma bunun üçün ümid dolu
baxışlarla icazə almalıydı ki, sonradan
tanınmamış ölkənin möhürünün gətirə
biləcəyi diskomfortu yaşamayaq. Məmurun səmimi
baxışlarından sezilən daxili istək
möhürün vurulması ilə vurulmaması
arasındakı dilemmada birincini seçirdi. Ani olaraq yadıma
səfər boyu yanımızda olan Şimali Kipr Türk
Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin
keçmiş rəhbəri Zəki Qazioğlu ilə o hələ
Bakıdaykən etdiyimiz söhbət düşdü. Ölkəmizdəki
fəaliyyəti başa çatmış cənab Qəzioğlu
Mətbuat Şurasının qonağı idi. Mənə
çox maraqlıydı deyə bəlkə bir az da ərkyana
Zəki bəydən tanınmamış ölkənin
diplomatı kimi fəaliyyət göstərməyin necə
hiss olduğunu sormuşdum. Cavabında əhval-ruhiyyəsindəki
ovqatı sifət cizgilərinin ahəstə hərəkətilə
xəfif duyulacaq tərzdə dəyişə-dəyişə
sanki ürəyini boşaltmışdı. Dünyada 16
nümayəndəliyə malik Kıbrısa beynəlxalq
miqyaslı tədbirlərdə ciddi maneələrin
yaşadıldığını demişdi. Bildirmişdi ki,
müxtəlif təzyiqlər nəticəsində qatılmaq
imkanlarının tanınmadığı konfranslarda
üzücü vəziyyətlərlə
qarşılaşırlar. Kiprin yunan kəsimi təmsilçilərinin
hətta İslam ölkələri təşkilatlarının
tədbirlərinə də nümayəndə göndərib
iştiraklarını əngəllədiklərini diqqətə
çatdıraraq hər toplantının mücadilə ruhuna
kökləndiyini vurğulamışdı. Onu da
xatırlayıram ki, «bizim üçün rahat başa gələn
heç nə yoxdur» deyərək söhbətinə
çox qısa ara vermişdi. Kıbrısda olduğum
müddətdə daha yaxından tanıdığım Zəki
bəy kimi insanlarla söhbətləşmək sadəcə
zövq verirdi. Bu zövqü istər prezident Dərviş Əroğlunun,
baş nazir İrsən Küçükün, xarici işlər
naziri Hüseyn Özgürgünün qəbulundaykən, istər
media qurumlarımdakı təmaslarımızda, istərsə
də Rəşadla ortaq qəhrəmanımız olan
Yakın Doğu Universitetinin qurucusu Suat İrfan Günsellə
görüşümüzdə təkrar-təkrar
yaşadım. Hava limanındakı möhür məsələsində
isə söhbətə ara verən və köks ötürən
mən idim. Son dərəcə təsirli səhnəylə
üzləşmişdim və onu da hiss etmişdim ki,
buradakıların hər biri Bakıdan
tanıdığım Zəki Qazioğlu qədər vətənsevərdirlər.
Kıbrıs
türkləri o qədər vətənpərvərdirlər
ki, doğma yurdlarının tarixini nəinki el-el, oba-oba, hətta
ən kiçik daşına qədər bilir və bildiklərini
danışmaqdan zövq alırlar. Hər kəs salnaməçi
təəssüratı yaradır. Hadisə və prosesləri
anlamaq və anlatmaq tərzləri içərilərindəki
vətən sevgisi ilə çulğalaşaraq heyrətamizlik
doğurur. Heç yorulmadan ötən əsrin 50-ci illərinin
ortalarında yunan millətçi təşkilatı olan
EOKA-nın törətdikləri vəhşiliklərdən və
bununla da hazırda sayları 300 minə çatan Kipr türklərinə
qarşı ayrı-seçkilik siyasətinə start
verildiyindən danışırdılar.
50-70-ci
illərdə mübarizə ruhuna köklənmiş hər
bir kıbrıslının mahiyyətinə bir toplum olaraq
ayaqda qalma, özünü təsdiqləmə istəyi,
arzunu gerçəkliyə qovuşduracaq çoşğu, ən
əsası isə örnəkləri hər
addımbaşı özünü göstərən
doğma torpağına inanılmaz sevgi hissi hakim kəsilmişdi.
Həmin hiss hər cür məhrumiyyətlərə,
amansız qətllərə, təzyiqlərə və təqiblərə
baxmayaraq onu ayaqda saxlamış, tarixə Enozis kimi düşən
Kiprin Yunanıstana birləşdirilməsi
avantürasının gerçəkləşməsinə
yol verməmiş, nəhayət 1974-cü ilin yekun zəfərinə
daşımışdı. Kıbrıslılar türk əsgərinin
adaya girişi ilə gerçəkləşən tarixi qələbədən
danışanda ayrı-ayrı epizodları anbaan
xatırlayırlar. Onların söylədiklərinə diqqət
yetirərkən gözlər önündə
keçmişin türk tarixinin şanlı səhifələri
canlanır. Sultan II Mehmet İstanbulun fəthi yolunda hansı
möcüzəni gerçəkləşdirmişdisə,
deyilənə görə, Türkiyə qoşunlarının
Kibrısa qan bir qardaşlarını zülmdən və
istibdaddan qurtarmaq üçün yetişməsi də
inanılmaz səhnələrlə yadda qalıb. Bələdçimiz
İbrahim bəy yunanların bütün mümkün
giriş nöqtələrini nəzarətdə saxlaması səbəbindən
türk ordusunun heç kəsin gözləmədiyi şəkildə
keçilməsi mümkünsüz görünən
sıldırımı aşaraq köməyə
yetişdiyini nəql edir və böyük fəxrlə tarixi
igidliyin vaqe olduğu məkanın incəliklərinə
varır. O zaman yunan zülmünün canlı şahidlərindən
olan ahıl yaşlı kişi isə yaşadığı
kəndin 80-dən artıq qadınının,
uşağının və qocasının
öldürüldükdən sonra xəndəkdə
yandırıldığı yeri göstərir. İndi həmin
məkanda ucaldılmış xatirə abidəsini ziyarətlə
təskinlik tapdığını deyir. Ümumxalq ziyarətgahına
çevrilmiş bu məkanda doğmalarını anır.
Türkiyədəki,
elə digər türk respublikalarındakı
dostlarımız inciməsinlər, ancaq Kıbrıs türkləri
öz davranışları ilə daha çalışqan, məsuliyyətli,
təvazökar və məqsədyönlü insan obrazı
yaratdılar. Orada özümü sözün həqiqi mənasında
evimdəki kimi hiss etdim. Kıbrıs türkü türk
bağlılığımızı daha çox
xatırlatdı. O, Avropalaşıb, batilən dünyəvi,
daxilən xurafatı yaxın qoymayan dindardır,
solçuluğun və sağçılığın təsirinə
uğramayandır, nümunədir, haradasa etalondur, modeldir də.
Malik olduğu, qazandığı dəyərlərin qədrini
daha çox biləndir. Problemlərini görəndir,
onların həlli yollarını etiraz səsini aləmə
car çəkməklə deyil, barışda, dialoqda və
kompromisdə axtarandır. Mavi dənizi dərin və mənalı
baxışlarla seyr edən, hələ də xəyallarında
gəzdirdiyi, görmək istədiyi günün xiffətini
çəkəndir.
Şimali
Kiprdə insanlar yaşadıqları kiçik və
kiçik olduğu qədər də əzəmətli məmləkətlə
bağlı olayların müxtəlif təfərrüatlarından
söz açarkən o qədər var-gəl edirlər ki, elə
bil, nəyisə unutmaqdan qorxurlar. Təbii, onların xarakterləri
bənzərsiz istiqanlılıqlarının təcəssümüdür.
Amma düşünürəm ki, bu, eyni zamanda mövcudiyyətini
imkanının düşdüyü hər fürsətdəcə
bəyan etmək kimi müqəddəs vəzifənin
icrasıdır. Hazırda hər bir Kıbrıs türkü
üzərinə düşən bu missiyaya
çalışdığı sahədə konkret əməli
ilə sadiqdir və sadiqliyin bariz təzahür formalarından
biri də tanınmayan ölkənin ali məktəblərinin
dünya miqyasında qəbuludur. Həmin ali məktəblərin
tələbələri içərisindən 80-dən artıq ölkənin
nümayəndələri, o cümlədən azərbaycanlı
gənclər də var. Onların sayı ilbəil
artır. İlk başlanğıcdakı 127 rəqəmi
sonradan 400-ə, 950-yə çevrilib, hazırda 1500-ün hədəfləndiyi
bildirilir. Təhsilin səviyyəsinə gəldikdə,
baş çəkdiyimiz universitetlərdə
qarşılaşdığımız mənzərə azərbaycanlı
övladı da daxil olmaqla türk övladının etibarlı
əllərdə olduğunu təsdiqləyirdi. Zənnimcə,
bu etibar təkcə dərs prosesinin yüksək peşəkarlıqla
qurulmasından irəli gəlmir. Məsələ həmin
prosesə rəhbərliyin ideya adamlarının əlində
olmasındadır. O ideya adamlarının ki, hər cür
malı-mülkü, varı-dövlət qazanmaq
imkanlarını deyil, millətini, xalqını
düşünürlər. Zatən millət və xalq da
onların çiyinləri üzərində dayanır. Sizin
çiyinləriniz üzərində - deyə söhbətimin
əvvəlində haqqında bəhs etdiyim Yakın Doğu
Universitetinin qurucusu Suat İrfan Günselə xitab etmişdim.
Onun bizimlə görüşdə həssas duyğulara
köklənərək söylədikləri
hamımızı duyğulandırmışdı. Həm
qorxunun, həm də sevginin
yaratdığı gücün təsirindən ayrılmaq
mümkün deyildi. Nüfuzlu «Forbes» jurnalının
siyahısındakı zəngin türklərdən olan Suat bəy
az qala bir məmləkətin tarixi ilə qoşa addımlayan
həyat hekayəsini anlatdıqca nəzərimdə Azərbaycan
milli mətbuatının banisi, dahi mütəfəkkir Həsən
bəy Zərdabini, XIX əsrin sonu XX əsrin əvvəllərindəki
digər ziyalılarımızı - Əlimərdan bəy
Topçubaşovu, Əli bəy Hüseynzadəni, Əhməd
Ağaoğlunu və başqalarını canlandırdım.
Onların hansı məhrumiyyətlərə
qatlaşmasına, əzab-əziyyətlərə sinə gərdikləri
gözümün önündən kino lenti kimi keçdi. «Əkinçi»nin
mənəvi irsindən qidalanan nəsil əsrin əvvəllərindəki
azərbaycanlını sanki qəflət yuxusundan
ayıldıb mübarizəyə səsləmişdi. Bu səsləyiş
tarixin ənginliklərində itib-batmaqda olan dövlətçilik
ideyasını dirçəltmiş, yekunda müstəqil
respublikamızın yaranmasına gətirmişdi. Beləcə
sayları çox az olan ideya adamlarının haradasa qeyri-bərabər
təsir bağışlayan mücadilədəki
böyük zəfəri gerçəkləşmişdi.
Hesab edirəm ki, bugünkü Kıbrıs özünün
inkişaf xüsusiyyətlərilə qurucu prezident mərhum
Rauf Denktaş başda olmaqla məhz ideya
carçılarının ərsəyə gətirdikləri
şah əsərdir. Həmin carçılardan biri kimi
gördüyüm Suat İrfan Günsellə söhbətləşmək,
fikir mübadiləsi aparmaq necə də xoş id,
inanılmaz daxili rahatlıq hissi gətirirdi. O hiss məni
heç tərk etməyəcək kimi görünür.
Yavru
Vətəndən ayrılmaq vaxtı gəlir. Zəngin təəssüratlar
altında Kıbrısa ayaq basdığımız ilk yerə
- Ərcan hava limanına doğru yön alırıq.
1974-cü il müharibəsinin qəhrəmanlarından olan
türk pilot Fəhmi Ərcanın şərəfinə
adlandırılmış bu məkana gedən yol boyu Kiprlə
bağlı bildiklərimi yada salıram - 1983-cü ildə
adanın türk kəsiminin müstəqilliyini elan etməsi,
bununla bağlı bəyannamədə yunan Kipri ilə
uyğun anlaşmanın mümkünlüyünün əksini
tapması və nəhayət, «Annan planı» ilə birləşmə
üçün real şansın yaranması. Amma 2004-cü
ilin referendumunda türk tərəfi vahid dövlətdə birləşməyə
«hə», yunanlar «yox» dedilər. Beləcə ada ilə
bağlı illər ərzində sürən
danışıqlar yenə də dalana dirəndi. Mövcud
durumda nə birləşmə, nə də tanınma var. Zənnimcə,
hazırkı status-kvo təkcə kıbrıslıları
deyil, ümumilikdə ürəyi Kıbrıs insanı ilə
birgə döyünənlərin hamısını
sıxır. Nə olacaqsa, bir an öncə olsun, bitsin -
kıbrıs türkləri yaranmış naməlum vəziyyətlə
bağlı belə söyləyirlər. Onların səbr
etmək niyyətləri yoxdur. Bu, sərfəli də deyil.
300 minlik toplum keçdiyi yolla, qazandığı nailiyyətlərlə
həm mənəvi, həm də siyasi baxımdan haqqı
çatan müstəqilliyinin təkcə kağız
parçası üzərində yer almış bir məqam
olmadığını isbatlayıb. Heç şübhəsiz,
vətənə, torpağa hədsiz sevginin gətirdiyi bu ali
hiss - müstəqil Kipr Türk Cümhuriyyətini
tanıdacaq. Mütləq tanıdacaq!
Əflatun Amaşov,
Azərbaycan Mətbuat
Şurasının sədri
Kaspi.-2013.-26 aprel.-S.6.