Maestro Niyazinin Yunis Əmrə və Aşıq Veysəl sevgisi

 

Yenə "gördüm" Maestronu! İlk görüşdəcə sevdiyim bu dahi şəxsiyyət yenə o boyda orkestrin nəbzini yaddaşıma ədədi həkk olunmuş o uzun, incə barmaqlarının ucunda "cəmləşdirmişdi". Saçları bir qədər pəjmürdə, gözlərinin dərinliklərində bütün ömrü boyu gəzdirdiyi kədər, dodaqlaının bir kənarında ilişib qalan və nədənsə mənə solğun ay işığının xəfif ziyasını xatırladan o təkrarsız təbəssümü ilə gözəllər gözəli, elə onun özü kimi səhnəmizin əfsanə ustadlarından birinə- Şövkət xanım Ələkbərovaya qoşulub şövqlə oxuyurdu:

 

Nə sənə qız gərəkdir, nə mənə oğlan, Qaragilə,

Əgər məni sevmirsən... get ayrı dolan, Qaragilə...

 

Necə şahanə duruş, necə vüqarlı, əzəmətli baxış, necə içdən gələn bir sevgi ilə yoğrulmuş təkrarsız və nadir ifa idi bu, İlahi! Özümdən ixtiyarsız pıçıldadım: nə bəxtəvÿðmişəm bir zaman, Allah! Mən bu insanlarla ünsiyyətdə olmuşam, bir süfrə arxasında əyləşmişəm, Şövkət xanımın öz əlləri ilə dəmlədiyi çaydan içmişəm, Maesro Niyazi ilə Şuşada saatlarla üz-üzə, göz-gözə oturub musiqidən, ədəbiyyatdan danışmışam, hətta, onunla mübahisəyə belə ürək eləmişəm! Bəs bu cəsarət, bu inam hardan qaynaqlanırdı, deyəcəksiniz!? Təbii ki, onların sadəliyindən, səmimiyyətindən, böyüklüyündən! (Təəssüf ki, sonralar mən, biz jurnalistlərin yaza-yaza, tərifləyə-tərifləyə cəmiyyətə tanıtdıqlarımızda bu böyüklüyü, bu sadəliyi və səmimiyyəti görmədim, əksinə, gözümün önündəcə cılızlaşan, sənət əvəzinə, təlxəklik eləyən, telefonunu cangüdəninə açdıran, suallara köməkçisi ilə cavab göndərəcəyini söyləyən, menecerinə çantasını daşıtdırması ilə öyünən, kimlərinsə hesabına alınan maşınını ekrandan az qala adamın gözünə dürtən bu müğənniciklərlə eyni məkanda olmağa da utandım! (Nə isə, sağlıq olsun, bu ayrı bir mövzunun söhbətidir...) Bəlkə elə bu üzdən, bu nostalji əhval-ruhiyyəmdən dolayı, elə ötən əsrin o qızıl illərində qalmaq istədim, ədəbiyyatımızın, mədəniyyətimizin, sənət və sənətkarlığımızın, mənəviyyatımızın yüksəliş, ilk növbədə isə qənimət insanlarımızın, qüdrətli Ustadlarımızın yaşadığı intibah dövrünə dönmək keçdi ürəyimdən!

Niyazinin barmaqlarının ucundaydı dedim ya, orkestrin nəbzi, nəfəsi! Yadıma Maestronun elə o Şuşadakı qollu-budaqlı bir palıd ağacının kölgəsində apardığı məşqlər düşdü. "Üzeyir Hacıbəyov musiqi günləri" keçirilirdi oradadahi bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestritam heyətlə bu tədbirə dəvət olunmuşdu. Maestro, ömür-gün yoldaşı Həcər xanımla bərabər səhərdən axşamadək elə bu sərinlikdə, musiqiçilər və jurnalistlərlə bir arada olmağı rəsmi görüşlərdən üstün bilmişdi. Həm də axşama ilk konsert təyin olunmuşdu. Niyazi də ayrı-ayrı ifaçılarla bir-bir söhbət edir, nələrisə məsləhətləşir, sonra partituradanot vərəqlərində qeydlər aparırdı. Günorta yeməyini də burada yeyəcəkdik.

... Maestro Həcər xanımla yanaşı oturmuşdu, mən də operatorla bərabər uzun yemək masasının o biri küncündə əyləşmişdim. (Heç vaxt dəvət olunmadığım halda başa keçmək və ya bir özgəsi üçün nəzərdə tutmuş yerdə oturmaq mənim xasiyyətim deyil.) Camaat əlini təzəcə süfrəyə uzatmışdı ki, bizə qulluq edən cavan oğlanlardan biri yaxınlaşıb astaca pıçıldadı:

-Niyazi müəllim (elə belə də dedi!) sizi çağırır!

Başımı qaldırdım, Maestro əli ilə "bura gəl!"- işarəsi verdi. Bir az təəccüblə, bir az da ürkək- ürkək onlara yaxınlaşdım, yanındakı boş stulu göstərdi;

-Burada əyləş, bizdən niyə uzaq qaçırsan ki?

Burnumun altında nə isə mızıldandım, o isə ərklə əlimdən tutub məni yanındakı stula əyləşdirdi:

- Sən də mənim kimi incə-mincəsən, (hə, 55 kq olan vaxtlarım da vardı) deyəsən, evdə yemək vermirlər sənə, eləmi?

Həcər xanım gülə-gülə:

- Deyirsən ki, o da mənim kimi şişman olsun? Bax, sən onun sözünə qulaq asma, qızım-dedi,- bir soruş ki, özüyeyir, necə yeyir? İnan ki, mən onu süfrə başına oturdanacan gedib o dünyanı görüb qayıdıram...

Niyazini gülmək tutdu:

- Ay Həcər xanım,-dedi- bəs o dünyaya gedəndə adama salamdan-zaddan gətirməzlər? Sən niyə hər dəfə əliboş qayıdırsan?

Ətrafdakılar uğunub getmişdilər, məclisin yuxarı başında qoşa göyərçin kimi baş-başa verib əyləşmiş bu iki dəyərli insanın şən zarafatı, xoş əhvalı hamıya sirayət eləmişdi.

Bir azdan hərə bir tərəfə dağılışdı, qaldıq üçümüz. Birdən Maestro astadan zümzümə etməyə başladı:

 

Təbib, sən əlləmə mənim yaramı,

Məni bu hallara salanı gətir,

Kabul etmem, bir gün eksis olarsa,

Məndən bu ömrümü çalanı gətir.

Get ara, bul, gətir,

Saçlarını yol, gətir...

 

Həcər xanımın yol çəkən gözləri elə qayğılı idi ki... Maestro isə gözlərini yumub başını sevgili xanımının çiyninə söykəyib unutmuşdu dünyanı:

 

Mərhəmət eləmə, gözüm yaşına,

Sən dərman arama boşu-boşuna,

Ölərəmsə məzarımın başına,

Həyatıma səbəb olanı gətir,

Get ara, bul, gətir,

Saçlarını yol, gətir...

 

Yumşaq, şirin səsi vardı. Sinəsinin xışıltısı, tez-tez təngiyən nəfəsi belə, onun mahnını sonacan oxuyub qurtarmasına mane ola bilmədi. Susdu o an mənə elə gəldi ki, bayaqdan bəri özünü sahilə atan dalğalar bir eşq nəğməsini sona çatdırdıqdan sonra başını mamır örpəkli qayaya söykəyib uyumuşdu.

Yerimdən qalxmağa, onu oyatmağa, dalğanı qayadan ayırmağa ürək eləmirdim. Handan-hana gözlərini açdı:

- Eşitdiyin parça məşhur Aşıq Veysəldəndi. Tanıyırsanmı Aşıq Veysəli? - deyib məndən cavab gözlədi.

Çiyinlərimi çəkdim. İllər öncə Türkiyə bizə nağıl kimi görünəndə, İstanbula əfsanə kimi baxdığımız vaxtlarda, ara-sıra səsi qulağımıza çatan ünlü aşıqlardan biri idi Aşıq Veysəl Maestronun bu sevgisi adamı valeh edirdi, əslində, içimdə qibtə hissi vardı. Bütün ömrü musiqi, özü çox ciddi klassik musiqi ilə yoğrulan bir insan Türk ədəbiyyatının incilərini belə dərindən oxuyub öyrənməyə haradan vaxt tapırdı görəsən?

Maestro uzun barmaqlarını daraq kimi saçına çəkib şəfqətlə Həcər xanıma baxdı, onun üzündəki təbəssümmü, gözlərindəki sevgimi Maestronu dilləndirdi, bilmədim, yadımda qalan budur ki, o isti yay günündə yaddaşıma yazılan daha bir neçə şeiri onun ifasında dinlədim:

-, xanım qızım, Maestro hər kəslə söhbətdə belə səxavətlə qəlbindəkiləri bölüşmür ha, bu gün sənin bəxtin gətirib, deyəsən mənim Knyazım bu gün Şuşanın gözəlliyindən vəcdə gəlib. Niyazisə öz aləmində idi:

 

Yüyürürəm yana-yana,

Eşq boyadı məni qana,

aqiləm, divanə,

Gəl gör mənə eşq neylədi!

 

...Mən Yunisi- biçarəyəm,

Başdan-ayağa yarəyəm.

Dost elində avarəyəm,

Gəl gör mənə eşq neylədi!

 

-Bu da Yunis Əmrədəndir, çox...həm çox...böyük şairdir, Yunis Əmrə, Türk dünyasının dahi söz adamıdır! Hələ onların Qaracaoğlan da var! "Nədəndir de, kömür gözlüm, nədəndir, Mənim bu gecəki uyumadığım"-deyən Qaracaoğlanı. Sonra da əlini çiynimə qoyub sakitcə:

- Bir gün gəl bizə -dedi- Həcər xanım yaxşı bir plov dəmləsin, mən Türk şairlərinin şeirlərini oxuyum, danışdıq!?

- Elə plovsuz da olar, Maestro, Həcər xanıma əziyyət verməyək-deyib ona təşəkkür etdim.

- Mənə xoşdur, vaxt istəsəniz buyurun, -dedi Həcər xanım.

Etiraf edim ki, Maestro həmin gün mənə yaxşıca dərs verdi, məni Türk ədəbiyyatı ilə daha yaxından tanış olmağa həvəsləndirdi.

O unudulmaz günlərdə, o gözəl Şuşada başlanan səmimiyyətimiz Bakıda da davam etdi. Düzdür, Həcər xanımın plovunu yeməyə vaxt tapmadım, lakin ara-sıra Maestro ilə Filormoniya- dakı görüşlərimizdə yenə onun dilindən Yunis Əmrənin, Aşıq Veysəlin şeirlərini eşitmək xoşbəxtliyini yaxalaya bildim.

Onunla son görüşüm Mərkəzi Klinik Xəstəxanada oldu. Maestroya baş çəkməyə getmişdim. Məni görəndə kövrəldi:

- Niyə zəhmət çəkirdin ki...Bir-iki günə çıxasıyam-dedi.

- Maestro, siz mənə şeir oxuyacağınıza söz vermişdiniz axı...Burada kimsə sizə mane olmaz. Mən dinləməyə hazıram!- deyib Həcər xanıma baxdım.

Maestro qalxıb oturdu. Rəngi avazamışdı, Sinəsi aramla qalxıb enirdi. O da Həcər xanıma baxırdı eləcə gözlərini onun üzündən ayırmadan aramla danışmağa başladı:

- Söz vermişəm, düzdür, söz vermişəm, dana bilmərəm. Sən yazmağa hazırsanmı?

Bloknotumun ağappaqz vərəqi onun deyəcəklərindən qaralmağa hazır idi.

Mənimçün həyat, yalandı sənsiz,

Könlümün evi talandı sənsiz.

Düşdüm müşkülə, susma, gəl dilə,

İl çatdı ilə, calandı sənsiz...

 

-dedi susdu. Bir xeyli bu sükutu pozmağa kimsə ürək eləmədi. Nəhayət, o uzun barmaqları ilə saçlarına sığal çəkdi şövqlə oxumğa başladı:

 

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun!

Bizim üçün xeyir-dua

Qılanlara salam olsun!

 

Əcəl bükə belimizi,

Söylətməyə dilimizi.

Xəstə ikən halmızı

Soranlara salam olsun!

 

...Bir sözünü, bir kəlməsini belə buraxmaq istəmədiyimdən fikrim yazıda qalmışdı, Həcər xanımın ağladığını lap sonda fərqimə vardım:

 

Dərviş Yunis söylər sözü,

Yaş doludur iki gözü.

Bilməyən bilsin bizi?!

Bilənlərə salam olsun!

 

...Bir neçə il sonra, 1984-cü il avqustun 2-də Azərbaycandan uzaqda, Kabardin-Balkar Muxtar Vilayətinin Adıl-Su deyilən bölgəsindəki alpinist düşərgələrindən biridə növbəti təlim-məşq toplantısından qayıdarkən yaşlı bir rus kişisi məndən soruşdu:

- Deyəsən, siz Azərbaycandansınız, eləmi? Sizin məşhur bir musiqiçiniz vəfat edib, adı yadımda qalmadı, amma çox məşhurdur, özü dirijormuş dedilər, radiodan eşitdim.

Az sonra kimsə "Pravda" qəzetini tapıb gətirdi. Sevimli Maestronun-Niyazi Tağızadə -Hacıbəylinin tanış çöhrəsi qara haşiyədən boylanırdı. Həmin gün düşərgədə tanımadığım onlarla insan bizə-oradakı iki Azərbaycanlıya baş sağlığı vermək üçün sıraya düzülmüşdülər.

Mənimsə yaddaşım o unudulmaz İnsanın səsi bir Həcər xanımın göz yaşlarları ilə ağlayırdı o gecə:

 

Bilməyən bilsin bizi?!

Bilənlərə salam olsun!

 

Telli Pənahqızı

Kaspi.-2013.-2 avqust.-S.7.