Barat Vüsalla «Ruh gəmisi»ndə

Vaqif Yusifli

Müasir ədəbiyyat

 

Azərbaycanda şeirsevərlər arasında Barat Vüsalı tanımayan yoxdur,-desəm, heç də səhv etmərəm. Artıq 62 yaşına qədəm qoyan, kifayət qədər təbliğ olunan və kifayət qədər nəşr edilən Barat Vüsal sözün əsl mənasında istedadlı bir şairdir. O, düz iyirmi ildir ki, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialına rəhbərlik edir, Əməkdar İncəsənət Xadimidir. Qazax rayonunun Kosalar kəndində yaşayır və əsl kəndçi ömrü yaşayır. Və burda Baratın yurddaşı Nizami Cəfərovun sözlərini xatırlayıram: «Sənin yaradıcılığını «Şairlər vətəni»ni tərk edib Bakıda məskunlaşan hər hansı şairin yaradıcılığı ilə müqayisə etsək, geri qalmazsan. Və sən yalnız doğma yurda etibarlılığınla yox, Azərbaycan poeziyasının geniş miqyasında görünməyinlə də seçilirsən».

Bu yazını qələmə almaya da bilərdim, çünki kifayət qədər təbliğ olunan Baratın bəlkə də mənim onun şeirləri barədə fikir və mülahizələrimə ehtiyacı yoxdur. Maşallah, onun haqqında zəmanəmizin böyük yazıçısı İsa Hüseynov fikir söyləyib, MEA-nın müxbir üzvü Nizami Cəfərov söz deyib. Hələ Xalq şairi Nəriman Həsənzadəni demirəm. Gözəl tənqidçi Rüstəm Kamal Barat Vüsalın «yüksəklik sevdası»ndan söz açıb. Əjəba, bundan sonra deməyə bir şey qalırmı? Əlbəttə, hərənin öz fikri…Biz də Baratın şeirləri ilə bağlı bəzi mülahizələrimizi onun təzəjə çapdan çıxan «Ruh gəmisi» kitabından əsirgəməyəcəyik. Amma «Ruh gəmisi»nin sərnişini olmamışdan əvvəl Barat Vüsalın müxtəlif illərdə nəşr olunan «Ürəyimdən bir çay axır», «Yolumuz eşqə bağlıdı», «Ömür bitər, yol bitməz», «Qazaxda yaşadım mən öz ömrümü» kitablarına da bir «səyahət» edib bəzi ümumi mülahizələrimizi söyləyək.

Barat Vüsal kitabdan kitaba öz şair fərdiyyətini hifz edən bir şairdir və eyni zamanda, kitabdan kitaba bir az da irəliləyən, inkişaf edən şairdir. Olsun ki, on ildən sonra o, əvvəlki mövzusuna bir də qayıdır və hiss olunur ki, təzə söz deməyə can atır və deyə bilir. Barat Vüsal pıçıltı şairi deyil, hətta ən həzin şeirlərində də Baratdakı poetik enerji SƏS üzərində qurulub və bu fikri söyləyərkən, mən onu qətiyyən tribun şair kimi qələmə vermək istəmirəm. SƏS fikrin daha inamla və cəsarətlə söylənməsinə köklənir və bu məqamda mən həmkarım Rüstəm Kamala haqq qazandırıram ki: «Barat Vüsal poeziyasının maraqlı əlaməti-təbiiliyi və şair çılğınlığıdır. Poetik nitqi sərbəstdir və bu sərbəstlik öz gücünü danışıq dilinin informasiyasından alır».

Barat Vüsalın SƏSi Xalq, Vətən, Millət deyib kürsüdə, tribunada boğaz cıranların səsi deyil. O SƏS Xalq, Vətən, Millət sevgilərini ürəyinin dililə poeziyada əks etdirən bir şairin özünüifadəsidir. O SƏS sahibinin ürəyindən bir çay axır, adı Kürdür. O SƏSin sahibi deyir ki:

 

Vətənsiz, tarixsiz günüm olmasın,

Başımın üstündə günəş, ay-ulduz.

Bir gün də a tanrım, ömrüm olmasın,

Mənim Koroğlusuz, Şah İsmayılsız!

 

Ümumiyyətlə, Barat Vüsal kimi şairlərin Xalq, Vətən, Millət adından danışmağa ixtiyarları çatır. Birincisi; onların şəxsi həyatı ilə yaradıcılığı, poeziyadakı Vətən sevgisi ilə həqiqi vətənpərvərliyi arasında heç bir uçurum yoxdu. İkincisi; onların şairlik missiyasına keçmişlə, tarixlə, kök və qaynaqla müasirlik arasında KÖRPÜ rolunu həyata keçirmək vəzifəsi də daxildir və Barat Vüsal kimi şairlər bu vəzifəni şərəflə yerinə yetirirlər. Vətəndən ötrü daxili-ruhi bir nigarançılıq, onun başının üstünü təhlükə alanda keçirdiyi narahatlıq hissini şeirlərində izləyirik:

 

Bu əkin kimindi, əkənək kimin,

Qovurlar, uçuruq kəpənək kimi.

Bir namərd başını əkənə kimi,

Yüz namərd böyürdən hazırdı, çıxır.

 

Hayıf, hayıf səndən Vətən torpağı,

Kim geri qaytarsın gedən torpağı.

Tökürlər gözünə bu mən torpağı,

Məzarı qazmırıq…qazılı çıxır.

 

Tarixlə, tarixi həqiqətlərlə, tarixdəki babalarla «ünsiyyət», sələf-xələf sevgisi Baratın əksər şeirlərində kimliyimizin səciyyəsi kimi mənalanır. Onun şeirlərində Füzuli, Nəsimi, Koroğlu, İsrafil ağa, Qaçaq Kərəm, müasirlərdən İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk ucalıq rəmzidirlər, tarixin palıd kökləridir.. «İsrafil ağalar, Qaçaq Kərəmlər, Nə olar, bir qalxın yerin təkindən! Söyüd kölgəsinə güvənmək olmur, Aşır işlərimiz palıd kökündən

Barat Vüsalın tarixlə, babalarımız və igidlərimizlə ünsiyyəti milli-mənəvi dəyərlərimizlə, onların rəmzi və simvolları ilə də davam edir. «Yaman darıxmışam sazdan ötəri, Başımda «Divani2, «Təjnis» havası». «Sazdı gözümdəki gur işıq, aşıq, Mənim də gözümü saz açıb, aşıq. «Başımın üstündə Allahtalamdı, «Ruhani» havası mənim havamdı. «O günü gördüyüm qaya deyildi, Bir igid atının kişnərtisiydi».

Barat Vüsalın bütün şeirlərinin içindən bir KİŞİ OBRAZI canlanır. Rüstəm Kamal deyir ki: «Kişilik azərbaycanlı kübarlığıdır, onun varlığını şərtləndirən amildir. Yaradıcılığı bir qədər mühafizəkar təsir bağışlayan Barat Vüsal millətə, ölkəyə insan olan münasibətlərin kişilik əxlaqı əsasında qurulmasını istəyir. Çünki xalqımız öz tarixində elə ruh hazırlayıb ki, onun nəsillərdən-nəsillərə ötürüblər, yaşadıblar. Buna xalq ruhu da deyilir. Kişilik həmin ruhun qutsal qatıdır». Bu fikirlərlə razılaşıram. Onu əlavə edirəm ki, Barat Vüsalda kişilik anlayışının konkret mənaları var. Deyəndə ki: « Bizdə kişilərin özündən qabaq Kişinin adını əzizləyirlər...«Ocağın başında kişi duranda, Torpağı qorumaq çox asan olur… Kişilər ölsə də, ölməz olurlar, Kişilər ölümdən qorxmur cahanda». Bu sözlər konkret olaraq Baratın ayrı-ayrı Azərbaycan kişilərinə həsr etdiyi şeirlərdə poetik reallıq əldə edirKönlüm sizi istəyir, köhnə kişilər, sizi!- deyir Barat Vüsal. Kimdir bu köhnə və köhnəlməyən kişilər?

 

Öləndə də…Hüseyn Arif olasan!

Olanda da Hüseyn Arif olasan!

 

Gəlib səsimizə səs verə idi,

Bir də hamımıza dərs verə idi.

Adamlıq nə şeydi, göstərə idi.

Qalib gələsiydi dərya kamalım,

İsmayıl Şıxlını mən hardan alım?

 

Və beləcə Aşıq Ələsgər, Qaçaq Kərəm, İsrafil ağa, Osman Sarıvəlli, Xəlil Rza Uluturk, Ustad Kamandar kimi kişilər Baratın şeirlərində simvola, rəmzə çevrilirlər.

Barat Vüsalın şeirlərində onun öz obrazı da canlanır və biz bütün varlığı ilə öz soykökünə, türklüyünə bağlı, sufi düşüncəli müasir bir azərbaycanlı tipini görürük. «Sən kimsən, Barat-onda deyir ki:

 

Allahı tək türkdənəm,

Varlığı haqq türkdənəm.

Dərbənddən, Borçalıdan,

Təbrizdən, Kərkükdənəm.

 

Gəzib hardan gəlirəm,

Yazın, Ordan gəlirəm.

Əsrlərdən gəlirəm,

Neçə minillikdənəm.

 

Mənəm o Oğuz Xaqan,

Öz gücünə inanan.

Qonanda qartal qonan

Daşdan, qayalıqdanam.

 

Bir babam var mərd, ərən,

Bir atam var, mərdə tən!

Bu torpağı yurd edən,

Süddənəm, Sümükdənəm!

 

Nər dizimi bükəmməz,

Mən çəkəni çəkəmməz.

Ömrüm bitməz, tükənməz,

Qandanam, ilikdənəm.

 

«Ruh gəmisi»nin sərnişiniyik və Baratın bizi qədimlikdən müasirliyə gətirib çıxaran bu gəmisində sevgidən, eşq nəşəsindən tutmuş türk dünyasının nağıllı, əfsanəli, gözəlliklərlə dolu, dopdolu mənəvi ənginliklərinə, hücrələrinə baş vururuq. «Ruh gəmisi»ndə filosofluq iddiasında deyilik, amma gəminin kapitanı Barat öz sadə, xalqdan gələn fəlsəfi düşüncə tərzi ilə bizi heyrətləndirmək istəyirQiyamət gününə bir saat qalıb, Mən ağac əkirəm, şeir yazıram. Duaçım Məhəmməd Əleyhüssəlam, Mən ağaj əkirəm, şeir yazıram».

Barat böyük Azərbaycan şairlərinin doğulduğu bir diyarın övladıdır. Saz-söz paytaxtlarımızdan birində-Qazaxda dünyaya gəlib və indi də ordadır. Nizami Cəfərov deyir ki: «Baratın Barat olmasında üzərində gəzdiyi, suyunu içdiyi, havasını udduğu torpağın-diyarın rolunu nəzərə almamaq ən azı insafsızlıq olardı. Və Baratsız da Qazağın poetik landşaftında bir zirvə çatışmazdı…Vidadisiz, Vaqifsiz, Səməd Vurğunsuz, Hüseyn Arifsiz, Nəriman Həsənzadəsiz..Və Barat Vüsalsız Qazax Qazax olmazdı». Çox təntənəli sözlərdir,Barat gör kimlərlə tən tutulur, amma həm də haqqına deyilir bu sözlər.(Mən Nizami Cəfərovun söylədiyi o adlar sırasına Akif Səmədi və Məmməd İlqarı da əlavə edərdim).

Baratın əsl qazaxlı olmağını ondan bilirəm ki, onun şeirlərində, poetik ləfzində Vaqifin, Vidadinin, Səməd Vurğunun, Osman Sarıvəllinin, Hüseyn Arifin ruhu yaşayır. Əlbəttə, mən qazaxlı deyəndə bu sözü xüsusi tərzdə nəzərə çarpdırmaq istəmirəm. Qazaxı poetik məkan mənasında işlədirəm və onu da yaxşı bilirəm ki, joğrafi məkanın şairlərin, ümumən istedadlı adamların yetişməsində, onların müəyyən bir ənənəyə bağlılığında rolu var. Qazaxda bu ənənə o qədər güclüdür ki, az qala hamı şeirlə danışır, hamı saz çalır, hamı şeir yazır. Amma təbii ki, hər oxuyan Molla Pənah, hər saz çalan Ədalət olmur. Amma Kosalar kəndindən Alıyev Barat Alı oğlu ŞAİR oldu. Deyir ki: «Evimizdə ilk gördüyüm kitab Səməd Vurğunun kitabı, ilk eşitdiyim qoşqu nənəmin bir oxşaması olub. İlk gördüyüm yazıçı İsmayıl Şıxlıdı. İlk şeirimi Kəsəmən təpəsinin yanındakı tozlu yola yazmışam».

«Ruh gəmisi»ndə biz Barat Vüsalın xeyli sayda qoşma, gəraylı, təcnis və hecanın müxtəlif ölçülərində qələmə alınan şeirlərini dinlədik. Bu qoşma və gəraylıların demək olar ki, əksəriyyəti yalnız şəkli cəhətdən öz əsilliyini hifz edir, məzmunca tamam yenidir və deyərdim ki, XX-XXI əsrlərin bədii təfəkkürünü təmsil edir. Aşağıda Baratın bir qoşmasından bir neçə bənd misal gətirəcəyəm, görəcəksiniz ki, bu qoşma XXI əsrin qoşmasıdır. Necə deyərlər, Barat Vüsal «köhnə hava»da təzə notlar səsləndirir:

 

Aparıb sərçələr yuva da qurmaz,

Endirib götürməz ley papağını.

Odur bax, çoxdandı harmada qalıb,

Saxla papaq üstdən gey, papağını.

 

Vətən dara düşüb, yurd dara düşüb,

Hardaydı, kiçilib gör hara düşüb,

Fürsət daha çaqqal-çuqqala düşüb,

Soydun Nəsimini…soy, papağını!

 

Gəzmə, Göyün, Yerin harasındadır,

Axşamın, səhərin harasındadır.

Bir bax, iki şirin arasındadır,

Bəy oğlu, gəl götür, Bəy papağını!

 

Nə deyim, nə yazım olana dair?

Necə qalıb deyim qalana, şair!

İçində qartallar balalamayır,

Siçanlar oynadır vay, papağını!

 

Yurd oğlu! Sən kiçik deyil, böyüksən,

Barat inanmaz ki, qorxaq, dönüksən.

Sən hələ gözümdə Yer boyda türksən,

Qaytar qoy başına Göy papağını!

 

Baratın nisbətən adi, sıravi qoşmalarından birindən misal gətirdik və bu qoşmada məzmun ondan ibarətdir ki, başlar papaqsız qalıb. Papaq arxaik, milli təsəvvürə görə kişilik rəmzidir və Yaddaşda insanın təkjə zahiri görünüşünü deyil, həm də cəmiyyətdə, mənəviyyat aləmində yerini tənzimləyən bir anlam kimi düşünülür. Barat da buna işarə edir və bu mənada kişiləri, xüsusilə, türk kişilərini başı papaqsız görmək istəmir. Qoşmada formanın əzəli struktuna xələl gəlməyib . Məzmunsa, qeyd etdiyimiz kimi yenidir və Barat Vüsalın əksər qoşma və gəraylıları bu baxımdan seçilirlər. Baratın «Ruh gəmisi»ndə təcnislərə də diqqət yetirdik və Qazax ədəbi mühitinin yetirməsi olan bir şairin təcnisdə məharət göstərməsi də bizi təəccübləndirmədi.

Barat Vüsalın «Ruh gəmisi» əslində, bizi müasir Azərbaycan poeziya məmləkətinin «Xalq şeiri» ümmanında gəzdirdi. Səyahətimiz bitəndə, o gəminin ən uca yerində bu dörd misranın həkk olunduğunu gördük:

 

Şaham, fərman verirəm,

Dərdə dərman verirəm.

Söz haqqı, can verirəm,

Saz haqqı, ölmərəm mən!

 

Sözü və sazı həmişə uca tut, Barat Vüsal!

Kaspi.-2013.-3-5  avqust.-S.17.