«Bədii ədəbiyyatın ictimai tərəqqiyə xeyri yoxdu»

 

Safruh Atalı: «Bir-birimizi məğlub eləməyə çalışmamalıyıq, biz bu gəminin xilası üçün çalışmalıyıq»

Safruh Atalı 1939-cu ildə Ağdam rayonunun İsmayılbəyli kəndində doğulub. Uzun illər Beyləqan rayonunun Bolsulu kəndində yaşayıb. Orta məktəbi bu rayonda bitirib. Həmin rayonda çıxan “Yüksəliş” qəzetində işləyib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1975-ci ildə filosof-tənqidçi kimi fəaliyyət göstərən Asif Ata (İnam Ata) ilə tanış olub. Onun Mütləqə İnam Ruhaniyyat Ocağına qoşulub. 2009-cu ildən Ocağın Ruhani Başçısıdır.

Safruh 16 mindən çox deyim (aforizm) yazarıdır. Yeddi kitabı çap edilib: “Görümlər. Duyumlar. Deyimlər” (Elman Ağaoğlu imzasıyla), “Yeni Oğuz Sözü”, “Oğuz yönü” ( “Başlanğıc”, “Ata Səcdəsində”, “İnama doğru. Haraylar”, “İnamın gəlişi” (Qanun, 2010, Yolruh Atalı ilə birgə). Bu günlərdə Safruh Atalı ilə görüşüb Mütləqə İnam, din, fəlsəfə və ədəbiyyat barədə söhbətləşdik.

– Sizcə, bugünkü reallığa görə Asif Ata Azərbaycan fəlsəfəsi və ədəbiyyatı üçün kimdir?

– Asif Ata “Azərbaycan fəlsəfəsi” deyimini gerçəkləşdirən yeganə simadır. Azərbaycanda Fəlsəfə İnstitutu, kafedraları var, amma Asif Ata ilk dəfə bütöv fəlsəfi konsepsiya yaradıb. Fəlsəfənin “ontologiya” deyilən sahəsi var. Əsl filosofun ontologiyası, yəni yaranış nəzəriyyəsi olur. Hansı filosofun belə bir nəzəriyyəsi yoxdursa, o, hərtərəfli filosof sayılmır. Asif Ata “Mütləqə İnam” adında dünyabaxış yaradıb. Asif Ata deyir ki, hər şey öz mənasından yaranıb. Platon isə deyirdi ki, hər şey ideyadan yaranıb. Asif Ata iddia edir ki, hər şey öz mənasından yaranıb, yəni dünya özünün dünyalıq mənasından, insan özünün insanlıq mənasından yaranıb. İnsanın mənası – insanlıqdır. Məsələn, deyir ki, təzahür – mahiyyətdən, hadisə – mənadan, nisbi – mütləqdən, yarımçıq – bütövdən yaranır. Asif Ata öz fəlsəfəsi, fəlsəfi konsepsiyası olan ilk türk filosofudur.

Filosofluğundan öncə Asif Atanın ədəbi-tənqidi fəaliyyəti də olub. O, əsərin, situasiyaların, obrazların fəlsəfi cəhətlərini açıb. Onun Sovet dönəmində “İnam və şübhə” və “Müdriklik səlahiyyəti” adlı ədəbi-tənqidi kitabları çap olunub. Asif Atanın ədəbiyyatla bağlı nəşr olunmamış “Yerdəkilərin göy həsrəti” adlı əsəri də var. Bu əsərdə isə Hüseyn Cavidin dramlarını araşdırıb. Adi həyatın ali həyat istəyi Cavidin əsərlərində necə ifadə edilməsi məsələlərini çözüb. H.Cavidin “Peyğəmbər” əsərində Peyğəmbər Allaha vurulur, onu da cavan qızlar sevir, o da onlara əhəmiyyət vermir. Qızlar ona deyəndə ki, niyə bizə baxmırsan, əhəmiyyət vermirsən, o cavab verir: “Mənim gözəlim göydədir.” Asif Ata yerdəkilərin göyə, adi həyatdakı müqəddəslərin ali həyata qovuşmaq istəyini əks etdirən möhtəşəm bir ideyanı izah edib.

O, Azərbaycan ədəbi tənqidində fəlsəfi-tənqidi gerçəkləşdirən yeganə şəxsdir. Ata yazıçıların əsərlərində onların özlərinin deyə bilmədiyini deyir, göstərirdi. O, eləcə də fəlsəfi-tənqidi esse janrının yaradıcısıdır.

– “Mütləqə İnam”ın ateizmdən və dindən fərqi nədir? Bir də Asif Atanın düşüncəsinə görə, “ruhani” və “dindar” anlayışının da fərqi var. Bu barədə nə deyə bilərsiniz?

– “Mütləqə İnam” – Asif Atanın irəli sürdüyü dünyabaxışın adıdır. Dünyabaxış da o şeyə deyilir ki, onun həm fəlsəfəsi, həm də inanc sistemi var. Bu inancın ateizimdən fərqi odur ki, o müqəddəsliyi, əzəliliyi, əbədiliyi, Allah ideyasını inkar eləmir. O, Allah ideyasını insanın özünün çatmaq istədiyi ali məqam kimi qiymətləndirir. İnsan o ideyaya doğru gedir, Allah ideyasına çatıb özünü dərk edir. Asif Atanın “İnsan” əsərində deyilir ki, “yalnız heyvanın Allahı yoxdur”. İnsanın Allahı, yəni yetmək istədiyi ali Həqiqət var, o ölməzdir, amma o Allah deyil.

Asif Atanın “Mütləq” adlandırdığı yeri-göyü yaradan Allah deyil. Asif Ataya görə, dünya öz mənasından yaranıb, öz mənasından yarananı yaratmaq olmaz. Atanın dünyabaxışında yaradana yer yoxdur. Yaranış ayrıdır, yaradılış ayrı. Yaradılış – qıraq iradə tərəfindən yaradılandır. Yaradılanın başlanğıcı və sonu olur. Yaranış – hər an özündən yaranmadır, əzəli, əbədi var olmadır.

Belə bir yəqinlik var ki, hər bir yaradıcılıq müəyyən zamanda və məkanda baş verə bilər. Ona görə də istənilən yaradıcılıq nisbidir. Fərz etsək ki, yeri-göyü Allah yaradıb, bu, yaradıcılıq olduğuna görə nisbidir. Fərz elə ki, dünyanı yaradırsan, bu müəyyən zaman və məkan içində olmalıdır. Deməli, Allahın yeri-göyü yaratmasını demək, Allahın nisbiliyinə istinad verir. Məntiqlə belədir. Din deyir ki, bu dünya fanidir, sınaq yeridir. Bu dünyada savab qazanıb əbədi xoşbəxtlik dünyasına gedib düşürsən. Bu, dini dünyagörüşdür. Asif Atanın fikrincə, bu dünyada yaxşı yaşamağa çağırırsınız, fanidirsə – niyə yaxşılıq üçün çalışmalıyam? Məntiqlə fani üçün çalışmalı deyiləm. “Quran”da axirət dünyasını təsvir edərkən o dünya adına bu dünyadan fərqli heç nə deyilmir. Deyilən süd arxı-filan da yaxşı yaşamaq anlamına gəlir.

“Mütləqə İnam” o dünyanı qəbul etmir. Mütləqə İnamın tərifi belədir: “Mütləq – bugündə nişanələriylə, əbədi sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, dünyaya, həyata, insana ali daxili qüvvə, istiqamət və meyar olan bir qüdrətdir.”

Dindar – mövcud olmayana inanandır. Fövqəltəbii qüvvənin varlığı barədə olan düşüncələri heç birini alim isbat etməyib. Bu məsələni “Metafizika” əsərində inadkarcasına araşdıran Aristotel olub. O da dəqiq qərara gəlməyib. Xristian və İslam alimləri Aristotelin o baxışından istifadə edib sübut eləməyə çalışır ki, onun dedikləri Allahın varlığına sübutdur. Mütləqə İnam dünyabaxışı fövqəltəbii qüvvələrə inanmır. Bu isə ateizm deyil.

– İndiki reallıqda Mütləqə İnam sizcə, nə dərəcədə ağla batandır?

– Mütləqə İnam adi ağla batmayan ideyadır. İnsanlaşan, kamilləşən insan idrakı bunun həqiqət olduğunu anlayır. Bizim fəlsəfədə bunun üçün ruhani idraka yetmək tələb olunur. Məsələn, Məhəmməd peyğəmbərin ideyası təkallahlılıq idi. O deyirdi ki, Allah birdir, ona görə də o qəbilələrin bütlərini sındırdı. O adamlar bilmirdi ki, Allah birdir, yoxsa yox. Məhəmməd peyğəmbərin gətirdiyi dini də insanlar anlayaraq qəbul etmədilər. Mütləqə İnam da belədir, zahirən ağla batmayan görünür, ancaq inanmaq lazımdır, çünki dərkediləndir.

Bir də var Buddaçılıq. Onlar deyirlər ki, həyatdan imtina etmək lazımdır, ona görə ki, insan həyatı ağrı və əzabla doludur. Bu ağrıdan, əzabdan xilas olmağın bircə yolu var, o da insanın doğulmamasıdır. Bu düşüncəyə görə insan həyat nemətlərindən, zövqlərdən imtina etməlidir. Kim eləyər bunu? Uzağı milyon adamdan biri. Bu ideya da ağla batmayan ideyadır. Ali ruhani ideyalar adi insanlar üçün ağla batmayan görünür. Amma bu ağla batmayan ideyalar insanı sağlam yaşamağa sövq edir.

– Üç inam sistemindən danışdınız, bu sistemlərin fonunda ədəbiyyatın gərəkliyi nədədir?

– Mən Ocağın toplantılarında da deyirəm ki, bədii ədəbiyyatın ictimai tərəqqiyə heç bir xeyri yoxdur. Vaxtilə olub. Ramiz Rövşən, Salam Sarvan, Günel Şamilqızının gözəl lirik şeirləri var. Ancaq o şeirlər insanların qurulmasına xidmət eləmir. Bu da o şairlərin günahı deyil. İnsan ədəbiyyatdan o qədər istifadə edib ki, doymuş məhlula çevrilib. “İncil”də deyilir ki, başlanğıcda söz var idi. Bir dəfə rus mətbuatında buna ironiya kimi yazmışdılar ki, əvvəl söz var idi, indi sözçülük var. Ona görə də daha ən yaxşı ideyanı da qəbul etmirlər. İndi bütün dünyada bunun harayı çəkilir. Bu, bütün insanlara gərək olan yeni bir ideya yaranana qədər çəkəcək. İnam əmələ gətirmək lazımdır ki, insanlar yaşasın, ruhdan düşməsin. Çox pis haldır ki, insanları dünyanın dağılacağına inandırmaq istəyirlər. Məktəblər niyə tənəzzülə uğrayır? Çünki məktəbə, müəllimə inam yoxdur. İnam vacibdir.

– Ocaq olaraq Orxon-Yenisey əlifbasından istifadə edirsiniz, indi bu əlifbanın aktuallığı nə dərəcədədir, yoxsa simvolik xarakter daşıyır?

– Asif Ata deyirdi ki, bizim öz əlifbamız olmalıdır. Bu gün onun nəzərdə tutduğu əlifba var. Bizim İnamruh adında ocaqçı qadın var idi, o iki ay çalışdı və Orxon-Yenisey əlifbasını yeni qrafika əlavə etmədən təkmilləşdirdi. Məsələn, Orxan-Yenisey əlifbasında “k” hərfi var, bu hərf həm “q”, həm “ğ”, həm də “x” kimi oxunur. Amma indiki zamanda bu cür yazmaq mümkün deyil, ona görə də İnamruh eyni hərfə üst işarələr, çərtmələr və s. xətlər qoyaraq, əsas hərfi dəyişmədən onu təkmilləşdirdi. İndi bu əlifbanın bilgisayar üçün şriftini də hazırlamışıq, bu qrafika ilə kitab da çap etmişik. Mən də həmin əlifbayla yazıram. Dövlət arxivinə 15 dəftərimi vermişəm, o dəftərlərdə mənim yazılarım hamısı bu əlifbadadır. Bu əlifba da latın əlifbası kimi soldan sağa yazılır. Orxon-Yeniseydəki əlifba inkişaf edəcəkdi, ərəblər qoyamadılar, o yerləri işğal edib mədəniyyəti dağıtdılar. Bu bizim əlifbadır, türk əlifbasıdır. Nəyə görə bizim öz əlifbamız olmamalıdır?! Dinimiz yoxdur, İslam dini ərəblərindir. Bizi bizə oxşadan dinimiz yoxdur, əlifbamız, fəlsəfəmiz yoxdur. Məscidimiz yoxdur, məscidlərin hamısında ərəb tarixini danışırlar. Dünyanın hansı fəlsəfə kitabını açırsan, türk fəlsəfəsi yoxdur, amma olmalıdır. Əlifba isə həll olunmalı birinci problemdir.

– Onun üçün ədəbiyyatın önəmi nə idi ki, Asif Ata öz dövründə yaranan əsərlərə dərhal münasibət bildirirdi?

– Asif Ata ədəbiyyatı müqəddəsliyin ifadəsi sayırdı. Bədii ədəbiyyatın yalnız ruhani ədəbiyyatdan zəif olduğunu qeyd edirdi. Biz içində yaşadığımız zamanda isə bədii ədəbiyyat öz məqsədindən sapıb. Son 20-30 ildə bədii ədəbiyyat yaradan insan həyatdakı zərurəti göz önündə tutmur. Ədəbiyyat – həyatdakı zərurətə cavab vermək üçündür. Qabaqlar ədəbiyyat cəmiyyətin 50-100 il sonrakı durumunu göstərir, cəmiyyət də gəlib o fikrə çatırdı. İndi ədəbiyyat həyata reaksiyasını itirib. İndi “postmodernçilik” adı ilə keçmiş dəyərləri qiymətdən salırlar. Ədəbiyyat həyatın problemləri ilə məşğul olmalıdır. Ədəbiyyatın borcu insana xidmət etməkdir. Asif Ata ədəbiyyatın önəmini, gücünü bildiyinə görə zərərli əsərlərin sıradan çıxması üçün dərhal sərt reaksiya verirdi.

– Asif Atanın daim oxuduğu, müraciət və tövsiyə etdiyi kitablar hansılar idi?

– Asif Ata dünyadakı özünə qədər bütün idrak yiyələrinin yazdıqlarını, bir sözlə, insanlığın yaratdığı müxtəlif sahələrə aid dəyərli, ciddi ədəbiyyatların hamısını oxumuşdu. Sivilizasiya qurucularının və fəlsəfənin sütunları sayılacaq filosofların əsərlərini oxuyurdu. Onun bizə “25 söz” adlı tövsiyəsi var. Orada Tolstoyun “Etiraflarım”, H.Cavidin “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərlərinin adları var. Bir də Mirzə Kazım bəyin “Bab və babilər” kitabını, Albert Şveyserin “Mədəniyyət və etika” əsərini oxumağı bizə məsləhət görmüşdü.

– Bir az da öz yaradıcılığınızdan danışın...

– Mənim yazılarım Mütləqə İnama çağırışdır. Mən insanı öz ləyaqətini, başqa insanın ləyaqətini bilməyə, görməyə, öz ailəsinə, cinsinə bağlı olmağa, cinsinin tələb elədiyi aliliyə yetməyə çağırıram. Vətənimi, millətimi öyürəm, mənim millətçiliyimlə, başqalarının millətçiliyi arasında ciddi fərq var. Başqalarının millətçiliyi öz millətini öymək, onun qabiliyyətlərini qabartmaq, göstərməkdir və s. Mən öz millətimi ona görə öyürəm ki, o millət sənin üçün tərzdir: insan kimi inamlı olmalısan, başqa insanlar sənə inananda sən onların inamını doğrutmalısan. Mən deyirəm ki, insanlıq gəmisi batmağa doğru gedir, biz hamımız bu gəminin içindəyik, biz nəzərə almalıyıq ki, bu gəmi hara gedir, ona görə də bir-birimizə qalib gəlməyə, bir-birimizi məğlub eləməyə çalışmamalıyıq, biz bu gəminin xilası üçün çalışmalıyıq. Qalib gələn nəzərə almır ki, onun məğlub elədiyi inləyir. Yarışlara, yüyürüşmələrə qarşıyam.

 

Fərid Hüseyn

Kaspi.-2013.-3-5 avqust.-S.15.