“Vətənin özüdü muğam

 

Gülnar İsayeva: "Mən öz ad günümü o gündən hesablayacam"

Musiqi həvəskarları "Yenilməz batalyon"filmindən Teymurun mahnısını yaxşı xatırlayırlar. Anatollu Qəniyevdən, Gülağa Məmmədovdan üzübəri bu mahnı dillərdən düşmür. Hamımızın uşaqlığımızdan yaddaşlarımızda bir "yel əsir".

Mən həmişə elə düşünürdüm ki, bu mahnını ancaq güclü səsi olan kişi sənətkarlar ifa edə bilər. Ta ki, balaca boyuyla səhnədə sözün əsl mənasında cəng eləyən bir qızı tanıyana qədər. Aman Allah, bu qız Ərəbzəngi kimi meydan sulayırdı və elə ürəklə oxuyurdu ki, sanki səsini yelə verib bütün dünyaya eşitdirmək istəyirdi.

Müsahibim muğam ustası Gülnar İsayevadır. Bəlkə də özünü bəyənən sənət adamları bu usta sözünə görə məni qınayacaqlar amma mənə bu sözü ona demək haqqını bu dəli-dolu qazaxlı qızının ilk öncə sənəti, daha sonra da çox özündən deyən "sənət adamının" lütf edib gəlmədiyi vətənpərvər tədbirlərdə iştirakı verir. Onu tanımaq istəyənlər, efirlərdə axtarmayın boşuna, harda Azərbaycan adına bir tədbir, bir fəaliyyət varsa ora tutun üzünüzü. Çünki, Gülnar kimilərinə xırda, cılız televiziya kanallarının qapısı deyil, Vətənin bağrı açıqdır!

- Gülnar İsayeva kimdir və özünü necə təqdim edər?

-...usaq ikən həyatı nağıllardakı kimi düşünən, özünü bildiyi, dərk elədiyi gündən bəri isə həyatın əslində nə qədər çətin və zalım olduğunun fərqinə varan adam. Daha dəqiq desək İsayeva Gülnar Tahir qızı.

-Bir az uşaqlığından bəhs edərsənmi?

-Yaddaşıma həkk olunub uşaqlığım. Əslində kim unudur ki. Amma məndən bəzən kimin qızı olduğumu soruşanda, cavabım belə olur: atamın adı əziyyət, anamin adı isə zəhmət. Yəni zəhmətlə, min əziyyətlə ailəsini dolandıran atanın, bu möhnətlərdə onu tək qoymayan ananın qızıyam mən. Bəzən ağıllı, sakit, bəzən də dəli biri. Həmişə oğlanlarla dostluq edirdim, qızlarla heç aram yoxuydu. Bilirsiz, mən əslində uşaq olmağı çox istərdim.

-Niyə muğam?

- Bu sənəti sevirəm elə bilirəm muğam mənim o biri yarımdır. Mən onunla tam oluram. Eyni zamanda ruhi dincliyimdir. Bu sənətə gəlişim demək olar ki, təsadüfi olub. Janrı tam bəlli olmayan musiqi ilə uşaqlıqdan məşğul olurdum. Heç yadımdan çıxmaz, məktəblərdə, tədbirlərdə çıxış edərdim, deyərdilər ki, "bu qızın gözəl gələcəyi olacaq". Bunu eşitdikcə mən daha da həvəslənirdim, bəlkə musiqiyə yönəlməyimdə mühitin rolu vardı, deyə bilmərəm. Qazaxda gözəl xanəndə, eyni zamanda gözəl insan Sədi Əfəndiyevin rəhbərliyi ilə müsabiqə keçirilirdi. Mən orda öz ağlım kəsən kimi Bayatı-Şiraz muğamından bir parça oxudum bu, onun çox xoşuna gəldi. Sədi müəllim məni öz sinfinə dəvət elədi. Mənə muğam dərsləri verdi, mənim sənət həyatımın bünövrəsini Sədi müəllim qoydu. Necə deyərlər, o, mənə çox kömək oldu. Bununla bərabər Oqtay Hüseynovdan saz dərsi alırdım.

- Xasiyyətini bilməsəm deyərdim ki, incəsənət aləminin pərdəarxasındakı oyunlara gücün çatmır, amma bilirəm ki, dəli-dolu qızlar hər maneəni aşar...

- Mən özümün dəf elədiyim maneələri, özümün qazandıqlarımı uğur hesab edirəm, əlimdən kiminsə tutmağını deyil!

- Gülnar İsayeva neçə yaşındadır?

- İyirmi səkkiz.

- Ənənəvi sual-efirlərə niyə çıxmırsan ya efirlərin qapısını üzünə açanamı ehtiyac var?

- Bu suala cavabım dəyişmir, həmişə demişəm yenə deyirəm, bu gün efirlərə çıxmaq üçün müəyyən maddi imkanın olmalıdır, ya da ki, illərlə çalışmalısan ümid etməlisən ki, bəlkə zəhmətinin bəhrəsini görəsən. Kimsə sənin əziyyətini görə bu zəhmət dəyərləndirilə. Çətin ki, buna da ömür vəfa edə.

- Nədi muğam? Mən səni dinləyəndə bir dəli küləyin burnuma gətirdiyi yovşan qoxusunu hiss edirəm. "Yel hara əsir, ya da hardan əsir?"

- Özünü dərketmə, mənəvi aləmin, ruhi dünyanın sevimlisi. Milli dəyərimiz, elə Vətənin özüdü muğam. Mənim üçün çox şeydi. Əgər bir adam sənin ifanı dinləyəndə xoş hisslər keçirirsə demək o səni sevən adamlardandı, demək ki, "yel əsib" pislikləri qovub, yerinə yaxşılıqları gətirib. Mənə elə gəlir ki, muğamı çox mənalandırmaq olar.

- Zəngulənin zili qədərdi?

- Zəngulələr muğamın şöbələrində, lazımi yerlərdə vurulur, xanəndədə zəngulə mütləqdir. Əgər "Şahnaz", "Xaric Segah", "Şüştər" muğamında yetərincə zəngulə vurmağı bacardınsa demək xanəndə ola bilərsən.

- Çatmaq istədiyin zirvə...

- Çox arzu edərdim, öz müəlliməm, gözəl xanəndəmiz Nəzakət Teymurova zirvəsinə çatım. Bir ki, Allahın vacib bildiyi yerə, Analıq zirvəsinə...

- Azərbaycan-sənin üçün ifadə edir?

- Mənim üçün AZƏRBAYCAN - Yer kürəsidi, bütün dünyadı, gördüyüm bütün rənglər, TÜRK dövləti, VƏTƏNDİ!

- Arzuların...

-Hansı birini deyim? Arzularım çoxdur. Sənətimdə istədiyim məqama çatmaq, insanlar tərəfindən sevilən bir xanəndə hörmət olunan biri olmaq. Bölünməz Qarabağın alınması... Bilirsiz, mən öz ad günümü o gündən hesablayacam. Ən əsası isə insanlar bir-birini yaxşı başa düşsünlər, həyatın fani olduğunu anlasınlar. Bunu dərk etsələr Yer üzündə pislik qalmazdı. Sokratın bir sözü yadıma düşdü, deyir: "mən dedim ki, insanlar yemək yeməlidilər ki, ölməsinlər, daha demədim ki, bir-birilərini yesinlər".

- Yeniliklərin varmı? Varsa nələrdir?

- Hələ ki, yoxdur. Amma arzu edərdim ki, bərabərlik olsun mən mənim kimi muğam ifaçlarımıza da yer verilsin ki, biz yenilik etməyə həvəslənək.

 

Söhbətləşdi:

Nigar İsfəndiyarqızı

Kaspi.-2013.-8 avqust.-S.8.