Bir hekayənin izi ilə

 

(Kamran Nəzirlinin hekayələri haqda)

Müasir ədəbiyyat

 

Dövrümüz lirika əsridir və kimsə inkar eləməz ki, bu xalqın, millətin ürəyindən poeziyaya məhəbbəti silib aparmaq mümkündü. Şeir yenə də bütün ədəbi formaları üstələməkdədir. Amma bu o demək deyil ki, nəsr, dramaturgiya, publisistika və ədəbi tənqid oxunmur, sevilmir, təbliğ olunmur.

Nəsr bu ədəbi formaların içərisində son illərdə daha çox diqqəti cəlb etməyə başlayıb və doğrudan da, artıq «roman böhranı» aradan qalxmaqdadır, indi lap cavan ədiblər də roman yazmağa girişiblər, şairlər də, hətta qeyri peşə sahibləri də roman «istehsal» etməklə məşğuldurlar. Nəsrin digər formaları da kəmiyyət mənasında heç də bizi darıxmağa qoymurlar. Povestlər də yazılır, hekayələr də... Təbii ki, kəmiyyət yaxşı şeydir, amma həddini aşanda pis. Ona görə də, yaxşı hekayənin, povestin və romanın yaranması bizi sevindirməyə bilməz.

Bu xüsusda söhbəti uzatmaq istəmirəm və bu yaxınlarda oxuduğum bir hekayə ilə bağlı fikirlərimi oxujularla bölüşmək istəyirəm.

«Axtarış» adlı bu hekayə 16 mart 2013-cü il «525-ci qəzet»də dərc edilib və onun müəllifi istedadlı nasir Kamran Nəzirlidir. Onu da bilirəm ki, müəllifin bu hekayənin qəhrəmanlarının adları ilə («Tokay və Manana») hekayələr kitabı da işıq üzü görüb. Amma hələ əlimə o kitab gəlib çatmayıb.

Kamran Nəzirli neçə povestin, neçə hekayənin müəllifidir və müasir nəsrimizdə özünəməxsus fərdi dəst-xətti, üslubu olan bir müəllifdir.

«Axtarış» hekayəsində biz Kamranı artıq yetkin, kifayət qədər təcrübəli bir nasir kimi görürük və məsələ burasındadır ki, bircə hekayə ilə də yazıçının nəyə qadir olduğunu izləmək mümkündür.

Hekayə nəsrin «boyca balaca», amma «ağılca» ən yüyrək bir janrıdır. Deyirlər və yazırlar ki, yaxşı bir hekayə ilə romanın yaxud povestin əhatə etdiyi məzmunu ifadə etmək olar. Zənnimcə, buna heç ehtiyac yoxdur. Çünki hekayədə əks olunan həyat həqiqətləri, obrazlar və onların qarşılıqlı münasibətləri, təsvir edilən hadisələr məhz hekayə tipi üçün nəzərdə tutulur. Yalnız yazıçı istedadı imkan verir ki, bir hekayədə son dərəcə aydın bir mətləb ifadə etsin, elə bir obraz yaratsın ki, o obraz həyatdakı prototipini ləyaqətlə təmsil eləsin (Novruzəli, Qurbanəli bəy, Usta Zeynal, Şeyx Şəban, Erkək Tükəzban və s. kimi), elə hadisə təsvir eləsin ki, o hadisədən oxucu təsirlənsin, sarsılsın ya da ibrət dərsi götürsün. Buna görə də hekayənin missiyası böyükdür və bu gün onlarla, yüzlərlə hekayə içindən belələrini tapmaq o qədər də asan deyil. Amma hər halda var və olacaq.

Kamran Nəzirlinin «Axtarış» hekayəsi bir neçə aspektdən diqqəti cəlb edir. Birincisi, bu hekayənin oxunaqlı olması önəmli faktdır. Oxucu üçün maraqlı səhnələr, təsvirlər, dialoqlar təqdim edilir və müəllif bütün bunları səliqə ilə, bir xətt boyunca yerləşdirə bilir. İkincisi, sona qədər həm müəllif təhkiyəsində, həm də obrazların bir-biri ilə münasibətində dil aydınlığı, səlisliyi ilə qarşılaşırsan. Kamran Nəzirlinin nəsri məhz elə bu xüsusiyyətinə görə də seçilə bilir. Onun nəsrində dil canlıdır, necə deyərlər, insan kimi nəfəs alır, nəfəs verir, koloritli və şirəlidir. Üçüncüsü, təqdim olunan hadisələr və obrazlar müəllifin bədii təxəyyülündən doğsa da, canlı həyata və canlı insana çox oxşayır. Elə bil, həyatın bir parçası ilə üz-üzə gəlirsən.

Hekayədə təsvir olunan hadisələr Azərbaycandan kənarda-Sarpi qəsəbəsində (Batumidə), turistlərlə dolu olan «Kameo» hotelində cərəyan edir. «Sarpi qəsəbəsindəki turistlərlə dolu olan «Kameo» hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çimən, gecələr isə gürcü mətbəxi və şərabının ləzzətindən yorğunluq çıxaran hotel sakinlərinin şirin yuxusuna mane olmurdu. Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq tünd mavi şüşəli açıq qapıdan içəri dolurdu». Hekayə hadisələrin cərəyan edəcəyi məkanın təsviri ilə başlayır və təbii ki, burada hələ başlanacaq münasibətlərdən, konfliktdən xəbər verilmir. Deməli, Kamran Nəzirli əksər hekayələrə xas olan «tədrici inkişaf» sxeminə sadiq qalır. Bəli, bu təsvirlərdən sonra əsərin qəhrəmanlarının təqdimatı gəlir: «Vestibülün baş tərəfində pardaqlanmış lövhənin üstündə «hotel inzibatçısı» sözləri yazılmışdı; üstü şüşəli enli arakəsmədən səliqə ilə daranmış qısa, şabalıdı qız saçları görünürdü; qızın başı aşağı əyilmişdi, o da nəsə hesablayır, yazıb-pozur, sonra gərgin və narahat halda başını qaldırıb qapıya tərəf, hotelin qabağındakı baxçada üstüörtülü çardaqda oturub dalğın-dalğın xəyallar quran nimdaş köynəkli oğlana göz qoyurdu, sonra başını yenə aşağı sallayıb kompütkrdə nəsə yazırdı». Az sonra məlum olacaq ki, oğlan və qız bir-birlərini sevirlər və nişanlıdırlar. Qız-Manana gürcü, oğlan-Tokay-azərbaycanlıdıdır. Yox, müəllif yeni «Şeyx Sənan-Xumar» ya da «Əsli-Kərəm» faciəsini qələmə almaq fikrində olmayıb. İndi XXI əsrdir.

Hotel sahibi Nodar Canidze oğlanı qızın yanında görəndə çox təəccüblənir, amma Manana söyləyir ki «Biz Tokayla nişanlı kimiyik. Bir az pul toplayan kimi toyumuzu edəcəyik!».

Hekayənin başlanğıc mərhələsi burada tamamlanır və oxucu gözləyir ki, bundan sonra əsl «həngamə» necə olacaq… Budur, hekayədə üçüncü obraz peyda olur, Almaniyadan gələn turist qadın-xanım Şrayner gəlib çıxır. Məlum olur ki, o, gürcüdür, adı da Manana, iyirmi beş il əvvəl bir almana ərə getmiş və tamamilə dəyişmişdir. Əvvəla, gürcü qızğınlığını alman soyuqluğu ilə əvəz etmişdir, qupquru, soyuq təbiətli bir insana dönmüşdür. İkincisi, öz doğma dilində də danışmağı yadırğamışdır, çünki uşaqları alman dilində danışır. Xanım Şrayner bircə ona sevinir ki, Gürcüstanı tanıya bilmir, «Gürcü xalqı axır ki ağ günə çıxdı» deyir.

Hekayədə hadisələrin əsas nüvəsini müəyyənləşdirən bir olay baş verir. Hotel sahibi onu işə götürür, hələlik həyətdəki bağçaya baxmağı tapşırır. Bu şad xəbəri sevgilisinə çatdırmaq üçün hotelə tələsir. Yolu sahildən keçir və bu zaman baxıb görür ki, xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edir. Və bu zaman gözlənilməz bir hadisə baş verir; havanın üzü birdən-birə dönür, xanım Şrayner güclü dalğa nəticəsində dənizdə batmaq üzrədir. Onu xilas etmək üçün Tokay ölüm-dirim savaşına girişir: «Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini sahilə dartan oğlanı göstərib deyirdilər:

-Uşaqda cəsarətə bax e!»

Əlbəttə, müəllif öz qəhrəmanını-həyata yenicə atılmış, amma kifayət qədər müsbət enerciyə malik azərbaycanlı Tokayı oxucuya sevdirə bilir. Hiss olunur ki, K.Nəzirli təsvir etdiyi obrazın düşüncə tərzi ilə hərəkətləri arasında bir vəhdət yaratmağa çalışır. Hərçənd ki, Tokayla Manananın bir-birilə qarşılıqlı münasibətləri istənilən bədii effekti yaratmır. Oxucuya məlum olmur ki, bu sevgi necə yaranıb?

Bəli, alman turisti xanım Şrayner boğulmaqdan xilas olur. Əvvəlcə alman səfirliyi ölkəsinin vətəndaşını ölümdən xilas etdiyi üçün Tokaya təşəkkürünü bildirir, sonra xanım Şrayner bu igidliyinə görə Tokaya minnətdarlıq edir. Amma hekayədə yeni bir olay üzə çıxır. Məlum olur ki, xanım Şraynerin üzüyü dənizdə itib. Özü də bu üzük dəyərinə görə çox qiymətlidir: «Qadının barmağındakı üzüyün qaşı zeytun rəngində idi, günəş şüası düşən kimi qırmızıya çalır və yanırdı: daşın qıraqlarında xırda beşguşəli darçın rəngli yaqut və sapfirlər vardı; onu qadının əri Erix toy günündə arvadına bağışlamışdı. Üzüyün təxminən iki əsr yaşı vardı, Erixin nənəsinə məxsus idi…üzüyün ortasındakı iri dairəvi qaş almaz idi; Erixin nənəsi deyirmiş ki, bu daş qəzəbi söndürür, insanın ruhunu sakitləşdirir».

Əgər bu üzük əhvalatı olmasaydı, hekayəni həmin məqamdaca bitirmək olardı. Onda hekayə sovet dövründə yazılan bəzi hekayələr kimi «müsbət qəhrəman»ın «qələbəsi» ilə bitərdi. Amma oxucu da hiss edir ki, hekayəni burada bitirmək olmaz. Ona görə də intizarla hadisələrin sonrakı gedişatını izləyir.

Kamran Nəzirlinin «Axtarış» hekayəsini səciyyəsinə görə «hadisə, vəziyyət» tipli hekayə kimi xarakterizə etmək olar. Doğrudur, burada təsvir olunan obrazlar da diqqətdən yayınmır, amma onların xarakteri məhz hadisələrdə açılır, aydınlaşır.

Xanım Şrayner Almaniyaya yola düşür və gedəndə Tokayla, Manana ilə səmimi görüşür, onları toydan sonra «bal ayına»-Almaniyaya dəvət edir.

Tokayla Manananın toyu olur və bir ildən sonra onlar Almaniyaya-xanım Şraynerin yaşadığı Frankfurt şəhərinə yola düşürlər. Məqsəd həm Manananı həkimə göstərmək, həm də xanım Şrayneri görməkdir.

Oxucunu intizarda saxlayan elə bu görüşdür. Doğrudan da, fikirləşməyə dəyər, görəsən, bu görüş baş tutacaqmı?

Budur, Manana hoteldən xanım Şraynergilə zəng vurur. Və gözlənilməz bir hadisə baş verir: «Dəstək Manananın əlində qaldı; gənc qadın qurumuşdu. Telefon dəstəyini çarpayının üstünə atdı. Tokay heç nə başa düşmədi, heyrətlə soruşdu: -Nooldu? Bir şey baş verib? Nə dedi? Manana pörtmüş halda qabağa çıxmış qarnını tutdu, ehmalja çarpayının üstünə əyləşdi…Tokay yenə heç nə başa düşmədi və qadınının qarşısında diz çöküb onun qarnını qujaqladı, pıçıltıyla dedi:-Əzizim, sakit ol. Sənə həyəcanlanmaq olmaz. Erix nə dedi? Mananaya bir şey olub?

-Yox! O, bizi tanımadı

Bu hadisə, yəni xanım Şraynerin ərinin onları tanımaması Tokayı və Mananı çox pərişan edir. Amma onlar Frankfurtdan təyyarə ilə Tbilisiyə qayıdanda «uzaqdan adamları yara-yara onların uçuş qapısına tərəf tələsən xanım Şrayneri və uşaqlarını» görürlər. «Tokay başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü vuran boylu qadınını dümsüklədi.

-Ora bax, gör bizə tərəf kimlər gəlir

Doğrudan da bu sonuncu səhnə oxucunu nigarançılıqdan qurtarır və o, rahat nəfəs alır. Heç ola bilərdimi dənizdə az qala boğulan bir qadın öz xilaskarına doğru yüyürməsin? İnandırıcıdır.

Amma Erix Şraynerin hərəkəti lazımınca əsaslandırılmamışdır. Əvvəla, hekayədə onun haqqında yalnız bir-iki kəlmə məlumat verilir, bu alman kişisinin səciyyəsi, xarakterik cizgiləri barədə heç nə deyilmir. Axı, onun xoşagəlməz hərəkətini doğuran bir səbəb olmalıydı və biz inanmalıydıq ki, bu alman kişisi belə naqis hərəkət edə bilər. Ona görə də onun hərəkəti bizdə təəccüb doğurur. Fikirləşirik ki, görəsən bütün alman kişiləri bu cür kobud və qonaqsevməzdirlər? Əlbəttə, belə deyil!

Kamran Nəzirlinin «Axtarış» hekayəsi bir daha göstərir ki, bugünkü nəsrdə hekayə yenə keçən əsrdə olduğu kimi maraqlı, orijinal nümunələrlə diqqəti cəlb edə bilər.

Amma söhbətim hələ tamamlanmayıb və mən istərdim Kamran Nəzirlinin «Axtarış»dan öncə qələmə aldığı bəzi hekayələrindən də qısaca söz açım.

Kamran səhv eləmirəmsə, hələ ilk romanını yazmayıb. Onun «Şeytan işığı», «Komada olan adam» kimi maraqlı povestləri var. Amma mən Kamran Nəzirlini bir hekayənəfis kimi tanıyıram və onun nəsrdəki uğurları elə bu hekayələrlə bağlıdır. «Qoja uşaq», «Ağlaya bilməyən adam», «Xalq artisti», «Lidiya İvanovnanın qəyyumları», «Üç milyon dollarlıq ürək», «Dəcəl əcəl», «Qorxulu sevgi»…bu hekayələr «kiçik» janrda uğur qazanmağın göstəriciləridir.

Kamranın bu hekayələrin bir çoxu «portret» hekayələrdir. Yəni həmin hekayələrdə təsvir olunan obrazlar daha çox diqqəti cəlb edir, nəinki hadisələr, olaylar. «Qorxulu sevgi» artıq həyatda başı çox bəlalar çəkmiş bir insanı-on beş il həbsdə yatıb öz doğma kəndinə qayıdan Dəmir Adamın hekayəsidir. O, sevdiyi qızın nişanlısını bıçaqlayıb, onu qətlə yetirib, indi eşidir ki, həmin qızı –Zahiməni öldürdüyü oğlanın qardaşı İlyasa veriblər və iki uşaqları da var. Öz çılğın təbiətinə sadiq qalan Dəmir Adam (bu ləqəbi ona türmədə veriblər) İlyasgilə yüyürür, onu öldürəcəyi ilə hədələyir və doğrudan da, qəflətən işıqlar sönməsəydi və evdə yanğın baş verməsəydi, o, istədiyini həyata keçirəcəkdi. Amma yanğın baş verir və bu anda biz Dəmir Adamın evin içindən yananları xilas etdiyini görürük. Bəlkə də bu hekayə kiməsə macəra tipli bir hekayə təsiri bağışlayacaq. Amma çılğın xarakterli, özü də əvvəli qatil olan bir insanın belə bir hərəkəti İNSANIN İÇİNDƏ İNSANLIQ MEYARININ ÖLMƏDİYİNƏ bir sübutdur.

Kamran Nəzirlinin on bir əvvəl yazdığı «Qoca uşaq» hekayəsi isə «hadisə, vəziyyət» («Axtarış» hekayəsində olduğu kimi) hekayə tipinə aiddir. Hekayəni oxuyursan və doğrudan da, təsirlənir, həyəcanlanırsan. Yurddaşlarımızı çadırlarda yaşamağa, səfil, sərgərdan həyat keçirməyə məcbur edən hadisələr, vəziyyətlər səni də düşündürür. Kamran Nəzirli bu çadırlarda yaşayan (əlbəttə, söhbət 90-cı illərdən gedir-V.Y.) insanların ağır güzəranını, qəmli gözlərini kövrək sətirlərə hopdurur. Və sonda çadırda doğulan uşağın «Allahın möcüzəsi» kimi dünyaya «qoca» gəlməsi də simvolikdir, rəmzi xarakter daşıyır.

Başqa bir hekayə-«Lidiya İvanovnanın qəyyumları»- bir az gülməli, bir az ciddi, bir az da ağlamalı hekayədir. Amma müəllifin ən başlıca uğuru həmin o rus qadının xarakterik obrazını yaratmasındadır.

Kamran Nəzirlinin hekayələrində məkan tez-tez dəyişir, amma onun kəndlə bağlı hekayələri öz təbiiliyi ilə seçilir və hiss edirsən ki, bu hekayələrdə təsvir olunan hadisələr canlı müşahidələrin məhsuludur. Yaşanmış hisslər, duyğulardır, tanıdığı, ünsiyyətdə olduğu insanlardır bu hekayələrdə əks olunan.

 

«Axtarış» hekayəsinin müəllifinə sənətkarlıq axtarışlarından dönməməyi arzulayaq!

 

Vaqif Yusifli

Kaspi.-2013.-17 avqust.-S.21.