Mənəvi mühitin
diqtələri
Salatın ƏHMƏDOVA, filologiya üzrə fəlsəfə doktoru
Mən Natiq Məmmədlinin
özü ilə şəxsən
tanış olmasam da,
yazılarından istedadlı bir publisist və səriştəli bir redaktor kimi
tanıyırdım. Sözü
yerli-yataqlı işlətməyindən onun
sözə, kəlməyə necə qiymət verməsi bütün oxucular kimi, mənə də bəlli olurdu.
Bu
yaxınlar Natiq Məmmədlinin hekayələr kitabı əlimə
keçmişdi. Onu oxuyacağım
kitabların arasına qoymuşdum. Bir balaca vaxt
tapan kimi yeni nəşr olunmuş
və məndə olan kitabları oxumağa çalışıram. Növbəti
oxuducum kitab isə Natiqin «Ləyaqət düsturu»
hekayələr kitabı oldu. Əsər var ki, oxuyub
kənara qoyursan, əsər də var ki, oxuyarsan
heyrət edirsən. Sən də bu
şeyləri görürsən, eşidirsən, şahidi olursan. Ancaq yanından biganə keçirsən. Keçib də bəzən unudursan.
Ci de Mopassanın hiss, həyəcanı,
Cəlil Məmmədquluzadənin can
yanğısı, İsmayıl Şıxlının köhnə
kişilərə xas qüruru,
min bir məna bildirən
bığaltı gülümsəməsi, Anarın
satirası, sözaltında demək istədiyi ideyalar Natiq Məmmədlimnin
hər bir hekayəsində boy verib özünü
göstərir. N.Məmmədli publisistikası və hekayələri
Azərbaycan ədəbiyyatını zənginləşdirməyə
xidmət etmişdi. Onun
bu hekayəsində mühüm
sosial mətləbləri son
dərəcə yığcam bir şəkildə,
məharətlə əks etdirmək baxımından
adlarını çəkdiyim yazıçıların əsərləri
ilə bir doğmalıq, yaxınlıq duyulur. Hekayələri oxuduqca
insanın üzünün mimikası da dəyişir; gah
gülümsəyir, gah qaşları
çatılır, gah ürəkdolusu köks ötürüb təəssüf
hissini keçirir. Natiqin hər bir hekayəsi
böyük bir
romanın süjet xəttini təşkil
edə bilər. Onun
yaradıcılığında obrazlar çox bitkindir. Hadisələri
zəngin dəqiqliyi ilə seçib təsvir
edir. Oxucu da onu öz
gözləri ilə gördüyünə tam
əminlik yaradır. Kitabı «Ləyaqət düsturu»
adlandıran müəllif bütün
hekayələrini, ləyaqətlə, cəsarətlə, bəzək-düzəksiz,
sözçülükdən kənar oxucularına
çatdıra bilib. Hər hekayənin öz dadı-duzu, çatacağı ünvan var. «Ləyaqət
düsturu» adlı birinci
hekayəsini oxuduqda orada
püxtələşmiş bir
yazıçı obrazını görürsən. Səliqəli-sahmanlı
hekayələr toplusu insanı ahəngrubə
kimi özünə çəkir və o biri hekayələri oxumağa məcbur edir.
Hekayələrin süjet xətti qondarma, süni yox, acılı-şirinli, enişli-yoxuşlu,
həyat hadisələrindən götürüb.
«Ləyaqət
düsturu» hekayələrindəki Cəsarət adını
axıra kimi qoruyub-saxlaya bilmir. Cəsarət
dolanışığın yolunu bilən,
müdirin sevimlisi olan bir tipdir.
Ancaq, hansısa bir qəzet
onun haqqında mənfi fikir
söylədiyində onun qəzəbi
aşıb-daşır, qəzeti ləyaqətini
alçaltdığına görə məhkəməyə
vermək istəyir. Yaxınları ona məsləhət
görür ki, ləyaqətini
ucuz satma, qəzetdən
ləyaqətinə uyğun pul tələb elə. Əsil həngamə də
bundan sonra
başlayır. Cəsarət ha baş sındırır ki,
onun ləyaqəti görəsən
neçə olar, tapa
bilmir. Hamı onun ləyaqətinin neçəyə
olmasını səbirsizliklə gözləyir. İşdəki
vəkil, müdir, evdə ərinin ləyaqətini
satmaqla xoşbəxt olmaq
istəyən arvadı, uşaqların içində «07»
sürməklə özünü ləyaqətsiz
hesab edən oğul,
gözlərini onun ləyaqətinin
qiymətinə zilləyib fürsət gözləyən
qohumları – hamı onun ləyaqətinə
qoyacağı məbləğlə maraqlanır. Ləyaqəti
tapdanmış Cəsarətin bu vəziyyəti
çox gülünc
olmaqla bərabər bir
həyat faciəsidir. Ləyaqətimə düz-əməlli
qiymət qoya bilməyən Cəsarət
axırda ağlını itirir. Bu dinamik həyatda baş çıxarmaq, ləyaqətini qoruyub saxlamaq Cəsarət
kimilərdən cəsarət tələb edir.
Tapmayanda olan-qalan ləyaqətini
də Cəsarət kimi ləyaqətin
qurbanı olur. Ləyaqətinə qiymət
qoya bilməmək – bu,
ən dəhşətli faciədir!
Natiq Məmmədlinin bu kitabında 18 hekayə özünə yer alıb. Hekayələrin süjet xətti heç biri o birini təkrarlamır, biri o birindən maraqlı, düşündürücüdür. «Korun gördüyü gələcək» hekayəsində müasir həyatımızda cərəyan edən hadisələrin bir epizodu verilib. Kor adam çəliyini hara qoyursa, hər yer ona tanış gəlir, çünki doğulandan burada yaşayıb. Günlərin birində kor evinə qayıdarkən yolu azır. Yolunu azmış kor evinə qayıda bilmir, onun hiss etdiyi yasəmən iyi yoxa çıxmış, daşlarına əlini vurmaqla tanıdığı bir-iki mərtəbəli evlər sökülmüş, yerində göydələnlər tikilmişdi. Kor adamın hissiyyatı görən adamdan çox güclü olur. Kor adam bütün bu dəyişiklikləri belə ümumiləşdirir: «Mən gələcəyi his edirəm. Mən hamının kor-təbii və bəzən vəhşi etirasla aldığı gələcək deyilən qeyri-müəyyənlikdən yaxşı heç nə hiss etmirəm» və yaxud; göydələnlərin yenicə asfaltlanmış küçələrində dərin-dərin quyular qazırlar. Kor adam soruşdu: «Nə axtarırsınız?» ona cavab verirlər: «Allahı axtarırıq». Kor deyir: «Axı siz Uca Yaradanı niyə göydə yox, yerdə axtarırsınız?» Adamlar cavab verir: «Göydəki Allahı xərcləyib qurtarmışıq, indi yerin altındakı Allahı axtarırıq». Bu da həyatın bir fəlsəfəsidir. Adamlar çox naşükür olublar. Dünyanın hər yerində çaxnaşmalar baş alıb gedir. İnsanlar sakit, dinc yaşamağı sanki yadırğayıblar. «Ərəb baharı» adı altında ərəb dünyasını deşik-deşik ediblər. Türkiyədə Gəzi parkında bir-iki ağac kəsməklə türk dövlətinə milyonlarla ziyan vuruldu. Əfqanıstanda, Pakistanda insanlar vahimə içində yaşayırlar. İngiltərədə, Yunanıstanda, İspaniyada tətillər səngimək bilmir. Almaniyanı sel ağzına götürüb. Allah da öz bəndələrindən bezib göydən yerə pənah gətirib. Nankor bəndələrinin əlindən yerin təkində gizlənib. Kor adamın görə bilmədiklərini gözlü adam görə bilmir, ya da görmək istəmir.
Natiqin
«Kloun» hekayəsi də bir insanın timsalında adamların
öz həmcinsləri tərəfindən
alçaldılmasından, rəzil edilməsindən bəhs
edir. Sonradan bəylik, ağalıq statusuna yiyələnmiş, kənddə
eşşəkdən başqa heç nəyə minə bilməyən,
indisə xarici markalı
maşınlarını tez-tez dəyişən
Lütfi klounu adam yerinə qoymurlar. Dünyada alaloqu olmayan ərköyünlük və həyasızlıqla
onun əziz-xələf oğlunu
əyləndirən klounu arxasına təpik
vuraraq yaxındakı gölə
salır. Uşaq bu mənzərələrdən
sarsınır, o, atası, əmisi,
dayısı kimi «kişi»
yox, kloun olmaq istəyir. O bir uşaq düşüncəsi ilə,
hissiyyatı ilə başa düşür ki,
atası kulouna qarşı düzgün hərəkət etməyib. Böyük Cəmaləddin Rumi
yazırdı: «Ya olduğun
kimi görün, ya da göründüyün
kimi ol». Yazıqlar olsun ki, sonradan
varlanmış Lütfi olduğu
kimi görünə bilmir,
vəhşi bir lovğalıqla insanlara yuxarıdan aşağı baxır.
Natiq
Məmmədli özü mətbuat adamıdır. Qəzet, jurnalın nə olduğunu gözəl bilir. İlk yazısının mətbuatda getməyin sevincini yaşayıb.
Bu hiss, həyəcanı özünün «Mənim
birinci yalanım» yazısında qabarıq şəkildə göstərib.
Yalanın necə, «qarın sancılanması»nın şahidi olub.
«Beş atanın
ögey oğlu» hekayəsi Azərbaycan ədəbiyyatında işlənməyən
bir mövzudur. Natiq bu hekayəsində çox maraqlı bir süjet xətti qurub. Hamının eyni bir adam kimi düşündüyü, yalnız
bir nəfərin – ögey oğlun başqa cür düşündüyünü qələmə alır. Ağsaqqalların on yaşına qədər
tərbiyə etdiyi oğlanların hamısı
bir nəfər kimi eyni düşüncəyə
malikdir. Ancaq beş atanın
bir ögey oğlu Qərbli kimi – yəni, yeni dünyagörüşlü,
mütərəqqi düşüncəli,
aydın baxışlı,
azad fikirli və gələcəkdə
xalqının işıqlı
dünyaya çıxaran
ağ atlı oğlan kimi təsvir olunub.
Natiq Məmmədli
həyatı, hadisələri
çox ustalıqla seyr edir, peşəkar
yazıçı dəqiqliyi
ilə tutur və ondan nəticələr
çıxarmağı bacarır. «Yaxşı anaların oğulları» hekayəsində
Natiqin diqqətini üç ananın söhbəti cəlb edir. İki ana böyütdüyü
oğulların naqisliyindən,
nankorluğundan danışır.
Üçüncü ana isə oğlunun qəhrəmanlığını
dilə gətirmir və özlüyündə
belə nəticəyə
gəlir ki, yaxşı ki, Şəhidlər Xiyabanında
uyuyan oğlumun üstünə qırmızı
paltar geyinib gəlib. Oğlunun qəhrəmanlıqla həlak olması, diri ikən ölənlərdən fərəhlənir.
«Vaxtı keçmiş
ştatlar» hekayəsində
də güclü bir sarkazm, zəmanəsinə
tuşlanmış bir
cinayət, axırı
isə acı gülüşlə nəticələnən,
yaşanan bir həyat var. Elmlər namizədi olmaq istəyən savadlı bir cavan həyatın
ağrı-acısına dözə-dözə
yaşadığı dövrün
fəlsəfəsinə uyğunlaşmağa
çalışır. Elmi işlərdə
hakimiyyətdə olan
rəhbərdən mütləq
sitatlar gətirməlidir.
Sovet quruluşunun axır illərində baş katiblərin bir-birinin ardınca vəfat etmələri onun elmi işinə əngəl törədir.
Onlardan gətirdiyi sitatları tez-tez dəyişəsi olur. Fikirlər eyni olsa da, dəyişən ancaq baş katiblərin adları və soyadları olur. Əsərin baş qəhrəmanı
Qələndərlinin kiçik
oğlu atasının
elmi işi qoyulmuş qırmızı
qovluğu açıb
oxumaq istəyir.
Atası icazə vermir, deyir: «Balaca, bu qovluğu
atmaq olmaz. Onu açanda adamın arzuları ölür».
Atasının öyüdünə baxmayaraq maraq ona güc gəlmiş,
qovluğu açaraq vaxtı ölmüş sitatları oxumuşdu.
Uşaq fəhmi ilə atasının əzab-əziyyətini hiss etmiş
və qorxa-qorxa atasından soruşmuşdu:
«Ata, mənim bu arzularım öləcək?» Müəllif bu hekayəsində
o dövrün süründürməçiliyini,
bürokratizmini, heç
kimə xeyir gətirməyən, heç
kimə xidmət etməyən şişirdilmiş
bədənlərini açıb
indiki oxucu üçün bir aydınlıq gətirib.
Natiq Məmmədlinin
hekayələri biri-birindən
maraqlıdır. İstər «Balaca məmurun
təbriki», istər «Arzuların qənimi» və digər hekayələrində həyatdan
götürdüyü detalları
çox maraqla işləyib. Bu da müəllifin çox diqqətli və həyata fərqli baxışlarının
real ifadəsidir. Natiq Məmmədlinin
hekayələrini oxucuya
sevdirən qələmə
aldığı mövzudursa,
ikincisi və əsası onun dilidir. Onun hekayələri çox
axıcıdır, oxucu
asanlıqla və birnəfəsə oxuyur, tez qavrayır, üzündə gülümsər
ifadə yaranır, birdən ciddiləşir,
gülüşü üzündə
donur. Çünki, onun qələmə
aldığı məsələlər
həm də düşündürücüdür.
O, oxucunu məcbur edir ki, bu
məsələləri diqqətlə
izləsin, ondan yaxşı nəticə çıxartsın.
Məzmun və forma gözəlliyinin
vəhdəti və bədiiliyinin başlıca
meyarıdır. Natiqin hekayələrində həqiqəti, həyatı
əks etdirən məzmun səhihliyi var. Süni, qeyri-təbii mövzular, formaca gözəl, məzmunca kəsərsiz hekayələri
görmək qeyri-mümkündür.
Müəllifin hekayələri içində
müasir dövrümüzlə
həmahəng səslənən
və axıcı, rəvan bir dillə yazılmış
hekayələrindən biri
də «Tütək çalan oğlanın kitabı»dır. Müəllif burada
cərəyan edən hadisələri də bizim
yaşadığımız həyat hadisələrindən götürüb. Müəllifin gözünə
xoş görünmək istəyən bəzi
«oxucular» imza görəndə
«hərisliklə» kitab əldə etmək
istəyirlər. Təqdimatı aparan
adamı deyir: «İnanın, bu kitab onu
oxuyanları xoşbəxt edəcək». Xoşbəxtliyini
dilənməkdə görən balaca, qaragözlü dilənçi bu
kitabdan əldə etmək istəyir. Ancaq onu itələyib geri qovurlar. Bu «səadətə» çata
bilməyən dilənçi oğlan
bayıra çıxır, dilənməyində davam edir. Təqdimat bitir. Hamı dağılışır. Dilənçi
oğlanın birdən gözü zibil qutusuna
atılmış «Xoşbəxtlik» gətirən kitaba sataşır. Sevincindən dəlim olmaq dərəcəsinə gəlir.
Kitabı götürür və «Xoşbəxt»
olmağa gedir. Bu hekayədə müəllif yenə də müasir dövrümüzdə baş vermiş epizodu təcrübəli publisist
kimi seyr edərək
həqiqətən olmuş hadisəni
istedadlı yazıçı kimi
oxucularına çatdıra bilmişdi.
Natiqin,
yuxarıda qeyd etdiyim kimi rəvan, qüsursuz şirin və
duzlu yazı manerası, dili var. Onun bir cümləsində belə tələskənlik
yoxdur. Fikirləri dolğun
və bitkindir. Hadisələri qələmə
elə alıbdır ki, oxucuda
belə bir fikir
oynanır: müəllif bütün
olanları yaşayıb. Məşhur alman
filoloqu Vilhelm Humboldt demişdir:
«insanın dili bilavasitə onun təfəkkürü ilə
bağlıdır».
Natiq Məmmədlinin yazı dili həm də xalqın şifahi dilinə çox yaxındır. Qüsursuz, bəzəməsiz, təmtəraqdan uzaq, sadə xalqın dilindədir. Fikirləri rəvan, cümlələri dolğun, sözə qiymət verən, sözün qədrini bilən istedadlı yazıçıdır.
Natiqin
üslubu, dili, istifadə etdiyi həyatı hadisələri,
obrazlar sistemi, hekayələrin kompozisiya xüsusiyyətləri
geniş oxucxu kütləsi üçün yaxın və
doğmadır. N.Məmmədli hekayələrində
yaşadığımız cəmiyyətin ziddiyyətlərini,
ən yaramaz cəhətlərini
açıb göstərir. Onda həyata,
taleyə yaxınlıq, bələdçilik, məişət,
ictimai münasibətlər konkret və aydın bir
şəkildə qələmə almaq
qabiliyyəti güclüdür.
Yaradılan hər bir bədii nümunə,
əsər, abidə tarixi yaratmağa
və yaşatmağa xidmət edir. Natiq gənc olsa da onun
hekayələri bu amala
doğru yönəlibdir. O, nəsrin bədii
ümumiləşdirmə tələb edən hekayə
janrının bütün atributlarına
cavab verə bilib. Natiq Məmmədli istedadlı
yazıçıdır. Söz üçün, mövzu
üçün çətinlik çəkmədiyi
hiss olunur. Natiq Məmmədli
unudulmaqda olan sözlərimizi
hekayələrində işlədərək onları daha da zənginləşdirmiş,
mayasına bir şirinlik
qatmışdı. Mən əminəm ki,
onun «Ləyaqət düsturu»
kitabı ləyaqətli oxucularını tapacaq
və yeni-yeni «Ləyaqət düsturu» meydana gələcək.
Mən bu yolda ona uğurlar
arzulayıram. Oxucu olaraq
bu kitabda qələmə
aldığı əsərlər kimi əsərlər
gözləyirik.
Kaspi.-2013.-17 avqust.-S.17.