Ədəbi tənqid şəxsi
münasibətlərlə nizamlanır
Kənan
Hacı: Ədəbiyyatımızda heç vaxt indiki kimi
qaynar mühit olmayıb
Kənan Hacını ədəbiyyat
adamları yaxşı tanıyır, onun
şeirlər, hekayələr və “Yağ
kimi”, “Çəhrayı qan”
adlı romanları çap olunub. Kənan bəy daim ədəbiyyatda
üzdə olan təkcə bədii
yaradıcılıqla yox, publisistik
və tənqidi yazılarla da tez-tez çıxış edən ədəbi
simalardandır. Kənan bəylə yazıları və ümumi ədəbiyyat məsələləri
barədə söhbətləşdik
– Kənan
bəy, janrların şərtiləşməsi, sizcə, ədəbiyyata
nə verir? İndi bu
cür şərtiliklər kontestində
hansısa romanın roman janrına cavab verib- verməməsi
mübahisə mövsuzu sayıla bilərmi?
– Janrların şərtiləşməsi sözsüz ki, müəyyən diskussiyalara, müzakirələrə yol açır. Bunu qəbul edən də olur, etməyən də. Biz son dövrlər roman janrının tələblərinə cavab verməyən kifayət qədər əsərlərlə tanış olduq. İstər dünya nəsrində, istərsə də Azərbaycan nəsrində miniromanlar və yaxud vahid süjet xətti olmayan, bəzisi memuar xarakteri daşıyan romanlar yarandı. Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. İndi roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev elə sənin də iştirak etdiyin söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, siz dediyiniz kimi, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq.
–
Hekayələr də yazdınız, romanlar da, amma nədənsə
şair kimi qəbul olunursunuz, çox adamlar sizin şeirlərinizi
sevir, hətta mənim yanımda bu sözləri sizə bir
başa deyən oxucular olub. Belə hallarla
rastlaşanda hansı hissləri keçirirsiz və özünüzü
daha çox şair kimi hiss edirsiz, yoxsa
nasir kimi?
– Çox qəribədir. Zövqünə
inandığım qələm dostlarımdan bir
neçəsi bunun əksini mənə deyib. Şeirlərimi daha çox xanımlar bəyənirlər. Bu suala cavab
verməkdə çətinlik çəkirəm, Fərid. Çünki nəsr də, poeziya
da daxili tələbatdan
yaranır. Dünyada şairin
nasirə, nasirin şairə çevrilməsi
kriteriyaları mövcud deyil.
Bəzən olub ki, epik şeir
yazmağa cəhd etmişəm,
görmüşəm ki, bu
motiv heç cür şeirə sığışmır,
onu hekayəyə çevirmişəm. Şeir hissin məhsuludur,
gəlib keçir.
Çalışırsan ki, o məqamı tutub
kağıza köçürəsən. Amma mənim nəsrdə demək istədiklərim
çoxdur.
– Oxuyub bəyəndiyin kitablar barədə dərhal məqalə yazırsız. Reaksiya vermək istəyindən danışasınız bəlkə.
– Bu vərdiş məndə hələ orta məktəb illərindən yaranıb.
Yadımdadır ki, X sinifdə oxuyanda Viktor Hüqonun “Səfillər”ini oxuyub
qalın bir dəftəri qeydlərlə doldurmuşdum. Həmin dəftər indi də məndə qalır. Bundan başqa, Tolstoyun “Hərb və sülh”
romanının mütaliəsi prosesində o
qədər qeydlər aparmışdım ki,
sonra o qeydləri heç cür sahmana sala bilmədim. O qeyd dəftərlərini indi
də saxlayıram. Sonra mütaliə
artdıqca oxuduğum əsərləri təhlil
süzgəcindən keçirmək istəyi yarandı, bu vaxt artıq mətbuatda
yazılarım dərc olunurdu.
Başladım oxuduğum əsərlər
haqqında yazılar yazmağa. Bu, əslində, reaksiya yox, paylaşmaq istəyindən
yaranır. İstəyirəm ki, mənim
oxuduğum yaxşı əsərləri
başqaları da oxusun.
– Az qala, 20 ildir ki, ardıcıl olaraq yazırsız, demək olar ki, hər həftə ədəbi mətbuatda sizin hansısa yazınız görünür. Bu ardıcıllıq sizi çaş-baş salmır ki? Yazılarınızın say-hesabını bilirsiz?
– İyirmi ilə yaxındır ki,
dövrü mətbuatda yazılarım dərc
olunur. Beş ildir yazılarımı kompyüterdə
yazıram. Bilirsiniz ki,
xeyli müddət “İki
sahil”, “Ədalət” və digər qəzetlərdə
çalışmışam. Yüzlərlə, bəlkə
də minlərlə yazı yazmışam.
Yazılarımın böyük əksəriyyətinin
elektron versiyası, hətta əlyazması
belə yoxdur. Ancaq qəzetlərdə
dərc olunmuş bütün
materialları saxlamışam, böyük
arxivim var. Hərdən
ürəyimdən keçir ki, o yazıları
toplayıb bir neçə kitab nəşr etdirim. Amma təəssüf ki, buna imkanım yoxdur. Bu mənada, sən düz
deyirsən, bəzən çaş-baş
qalıram. Hansısa yazımı axtarıb tapmaq
üçün bəzən saatlarla qəzetlərin içində vurnuxuram.
– Hekayələrinizi
oxumuşam, oxucu kimi fikrim budur ki, poetik tələskənlik
var, şair nəsri olduğu aydın duyulur, amma “Çəhrayı
qan” romanı həcmcə az olsa da ağır-ağır
yazmağı bacarmısız. Düzmü, müşahidə
etmişəm?
– Düzgün müşahidədir.
İndi bunun səbəbini deyim. Mən hekayəyə
şeirdən sonra keçmişəm və
görünür, o
hekayələri yazanda şeirin
havasıyla yaşamışam. Hətta “Çəhrayı
qan”ı yazmağa başlayanda
da o havayla
yaşayırdım. Doğrudur, o əsərin həcmi az olsa da yazılma prosesi çox ağır
keçib. Üç
il ərzində yazılıb. Amma bu əsərdən sonra
içimdəki roman xofunu
dəf etdim, ondan həcmcə
iki dəfə böyük
olan “Yağ kimi” romanı isə üç
ay ərzində yazıldı. O romanı
yazanda heç bir əziyyət çəkmədim, bircə
cümlədə belə ilişmədən çox
rahat yazıldı. Artıq bu əsərdə sizin
dediyiniz şair nəsrindən
əsər-əlamət yoxdur.
Bacardıqca obrazlı cümlələrdən
qaçmışam. Belə deyək, bu əsərdə
qələmin başını buraxmışam. Ondan sonra avtobioqrafik
bir roman yazdım, “Yaddaş kartı” adlanır. Hələ çap olunmayıb. Payızda yəqin ki, kitab halında
çıxacaq. Onu da
çətinliklə yazmışam. Təxminən iki il çəkdi.
Hal-hazırda şərti adı “Fironun dəftəri”
olan bir nəsr əsəri
üzərində işləyirəm. Povest
ya roman
olacağını bilmirəm, hələ ki,
yazıram və hiss edirəm ki, istədiyimi asanlıqla yaza
bilirəm, bu da
yazı təcrübəsindən irəli gəlir.
Açığı, bu, mənə ləzzət
verir.
– Sizcə,
yazarın ədəbi tənqiddən umacağı nə
olmalıdır və ya olmalıdırmı?
– Yazar yazanda ədəbi tənqid
haqda düşünmür.
Şəxsən mən ədəbi tənqiddən heç nə ummuram. Çünki son dövrlərdə
ədəbi tənqid şəxsi münasibətlərlə
nizamlanır. Bu haqda geniş danışmağa heç
ehtiyac da yoxdur. Görünən dağa
nə bələdçi? Sovet
dövründə tənqidçi “tendensiyalı ədəbiyyat”ı
yönləndirməklə məşğul idi.
İndi buna ehtiyac yoxdur, çünki ədəbiyyatın ideoloji asılılığı yoxdur. Əvvəl deyirdilər ki,
tənqidçi yazıçı ilə oxucu
arasında bir vasitəçidir. Boş söhbətdir. Yaxşı əsər
öz oxucusunu çox tez tapır. Vasitəçiyə
ehtiyac yoxdur. Folkner deyir ki,
yazıçının tənqidçini dinləməyə
vaxtı yoxdur, o,
yalnız yazır və hər halda nə
yazdığını, necə yazdığını tənqidçidən
daha yaxşı bilir.
Heç bir tənqidçi
yazıçını islah edə bilməz.
Yazıçı islaholunmaz
varlıqdır.
– Sosial
şəbəkələr yazıçıya hansı
imkanları tanıyır və eyni zamanda, nələrdən
edir?
– Yazıçının
sosial şəbəkələrə sərf
etdiyi vaxt itirilmiş vaxtdır. İnternetin
yaratdığı bu imkanlar
yazıçının tanınmasında az-çox
rol oynayır. Bundan əlavə,
dostlarla rahat ünsiyyət
üçün yaxşı vasitədir.
Amma indiki vaxt qıtlığında papağı
günə yandırmaq olmaz.
Qarşısına yazmağı məqsəd qoyan
yazar bacardıqca sosial
şəbəkələrdən az istifadə
etməlidir. Kobud səslənsə də,
deyəcəm, sosial şəbəkələr
sanki enerji vampirləridir.
Ora da ayrıca bir dünyadır və cazibəsindən
çıxmaq olmur. Virtual
məkanda çox görünmək
yazıçıya heç bir xeyir vermir.
Amma nə qədər desək də bu məkan həyatımızın ayrılmaz
tərkib hissəsinə çevrilib.
İstərdim ki, gənc yazarlar
facebooka çox vaxt ayırmasınlar, istedadlarını statuslara xərcləməsinlər, bədii mətnlər
yazsınlar. Bundan daha
vacibi, çox oxusunlar. Dünya ədəbiyyatını
oxusunlar, sonra itirilmiş vaxt üçün heyfsilənəcəklər.
– Kənan
bəy, bir yazıçı kimi Azərbaycan ədəbiyyataındakı
boşluqları nədə görürsüz və
yazıçıların necə əsərlər
yazmasını istərdiniz?
– Azərbaycan ədəbiyyatında kifayət qədər yaxşı əsərlər yaranır. Ciddi bir boşluq görmürəm. Əksinə, düşünürəm ki, ədəbiyyatımızda heç vaxt indiki kimi qaynar mühit olmayıb. Yeni nəsil zəngin mütaliə imkanı qazanıb, bu, böyük nailiyyətdir. Əvvəllər biz dünya nəsrinin kiçik nümunələrini qəzetlərin ədəbiyat əlavələrində çox çətinliklə tapıb oxuyurduq. Amma indi istənilən əsəri bizim dildə tapıb oxumaq mümkündür. Yadımdadır, mən Bulqakovun “Master və Marqarita”sını uzun axtarışdan sonra rus dilində tapıb oxumuşdum. Eləcə də Platonovun hekayələr kitabını çox böyük çətinliklə tapdım. 1978-cildə Moskvanın “Xudojstvennaya literatura” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərləri”nin birinci cildini bir qohumumuz ordan alıb mənə yollamışdı. Həmin kitaba Platonovun yaradıcılığının ilkin dövründə yazdığı hekayələri toplanmışdı. Bu kitab mənim üçün əvəzsiz bir nemət idi. Bu, o vaxtlar idi ki, bizdə ədəbi jurnallar çıxmırdı, ədəbiyyat cançəkişmə dövrünü yaşayırdı. İndi isə hüdudsuz imkanlar yaranıb və inanıram ki, daha gözəl əsərlər yaranacaq. Sözsüz ki, yazıçılıq üçün bundan da vacib olan şeylər var. İstedad öz yerində, bundan əlavə, təxəyyül, güclü müşahidə qabiliyyəti və bir də təcrübə. Yazıçının qələmi püxtələşənə qədər o, əzablı yollardan keçməli olur, bəzən bütün yazdıqlarını cırıb atmalı olursan, hər şeyi yenidən yazırsan. Bu hal bir neçə dəfə təkrarlanır, ta istədiyin nəticəni alana qədər. Yazıçılıq ən əzablı peşədir. Sözlə işləmək daşla işləməkdən min qat ağırdı. Sözün qara fəhləsi olmağa hər istedad sahibinin də dözümü yetmir. Gözün qorxdusa, saatlarla yazı masana qapılıb oturmağı bacarmadınsa, tab gətirə bilmədinsə, yaza bilməyəcəksən. Mən bu qənaətə gəlmişəm və son dövrlərdə Azərbaycan ədəbiyyatından oxuduğum yeni əsərlər nikbin olmağıma əsas verir. Dözənlər və yazanlar var.
Fərid Hüseyn
Kaspi.-2013.-17 avqust.-S.15.