Tarixi Şah Qacarın teatr tarixi

 

(ikinci yazı)

 

Eyniadlı ötən yazının sonunda söz verdiyimiz kimi, bu mövzunun “davamı var...”. Beləliklə, tarixi qəhrəman Şah Qacarın teatrımızda yaradılan obrazları təkcə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində deyil, sonrakı mərhələdə Səməd Vurğunun “Vaqif”ində öz əksini tapdı.

Səməd Vurğun başqa bir ictimai şəraitin, dövrün və mühitin şairi kimi “Vaqif” pyesini yazarkən dövrün ənənələrinə yaradıcı yanaşaraq, şair və xalq, zaman və şair məsələlərini qarşıya qoyub yüksək bədiiliklə həll edə bildi.

Bu əsərin ilk tamaşası o zamankı M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında, rejissor Adil İsgəndərovun quruluşunda təqdim olundu. Hələ bu əsər ərsəyə gəlməmişdən öncə Səməd Vurğun A.İsgəndərova demişdi: “Ayə bilirsənmi səhnə üçün bir əsər yazmaq istəyirəm. Mən hələ körpəlikdən Vaqif sənətinin pərəstişkarıyam. Poeziyamızın bu böyük sənətkarı, xalqımızın doğma oğlu Vaqifin taleyi məni uzun müddət düşündürmüşdür. Onun haqqında bir poema yazdım, bu məni təmin etmədi. Düşündüyümdən çox zəif çıxdı. Bu zaman bu temada bir pyes yazmağı qərara aldım. Pyes indi demək olar ki, hazırdır. Əsəri sənə oxumaq istərəm”.

Pyes müzakirə olunub qurtardıqdan sonra şairlə rejissor uzun müddət əsər üzərində işlədilər. Əsər yetkinləşdi və səhnə üçün yararlı bir hala düşdü. Sonucda gözəl bir tamaşa ərsəyə gəldi.

Tamaşada peşəkar aktyor heyəti çıxış edirdi: Vaqif – Ələsgər Ələkbərov, Kazım Ziya, Qacar - Sidqi Ruhulla, Xuraman - Fatma Qədri, Eldar - Möhsün Sənani, Rza Əfqanlı, Vidadi - Əli Qurbanov, Əlibəy - İsmayıl Dağıstanlı və s. aktyorlar “Vaqif” tamaşasının ilk qəhrəmanları oldular.

Əsər Azərbaycan xalqının XVIII əsrdəki həyatına, mübarizəsinə həsr olunub. Yerli bəylərin, xanların zülmü, yadelli işğalçıların talançılıq yürüşləri xalqı cana gətirmiş, onu öz ləyaqəti, azadlığı uğrunda döyüşlərə qaldırmışdı. Vaqif isə bir şair, dövlət xadimi və bir vətəndaş kimi bu mübarizə prosesində xalqın və onun arzularının ifadəçisi olan Eldarın tərəfini saxlayır, onu müdafiə edir.

Əsərdə tarix tam təhrif olmasa da, yaradıcılıq idealı naminə müəllif tarixi faktlarda müəyyən sərbəstliyə yol vermişdir. Məsələn, tarixdən məlumdur ki, İbrahim Xəlil xan Ağa Məhəmməd şah Qacarı öldürüldükdən sonra yenidən Şuşaya qayıtmışdır. Ağa Məhəmməd şah döyüşdə yox, öz yatağında saray adamları tərəfindən öldürülmüşdür. Vaqifi oğlu ilə bərabər Qacar yox, Məhəmməd bəy Cavanşir öldürtdürmüşdür. Bu faktlar ümumi mənada tamaşanın ədəbi-bədii gücünü azaltmır, əksinə yeni yanaşma təklif edirdi.

Sidqi Ruhullanın Qacar surəti onun ən böyük rollarından biridir. Bu da təsadüfi deyildir. Sidqi Ruhulla Qacar rolunda, ümumiyyətlə isə İran şahlarının surətini yaratmaqda 36 illik bir təcrübəyə malik idi. Sidqi Qacar rolunda ilk dəfə məhz Ə.B.HaqverdiyevinAğa Məhəmməd şah Qacarfaciəsində çıxış etmişdi. 1920-ci ilə qədər demək olar ki, hər il bu rolu oynamışdı. İkinci dəfə isə o, 1922-ci ildəMolla Pənah Vaqifadlı başqa bir dramada, Qacar rolunu ifa etmişdi. Nəhayət, 1938-ci ildə Səməd VurğununVaqifdramasında Qacar rolunu sənətkarlıqla yaratmıışdır. Sidqi Ruhulla Qacardan başqa Nadir şah şah Təhmasib kimi surtələri yaratması onun bu rolda daha təcrübəli peşəkar çıxışına imkan vermişdi.

Onu da qeyd etmək lazımdır ki, keçən yazıda söylədiyimiz kimi Qacar rolunu HaqverdiyevinAğa Məhəmməd şah Qacardramasında Sidqidən əvvəl böyük tragik Hüseyn Ərəblinski yaratmışdır. Sidqi Ruhulla isə uzun zaman Ərəblinskinin dublyoru olmuş demək olar ki, bu surəti daha mükəmməl yaratmaq üçün ustad ilə şagird arasında həmişə xüsusi bir yarış getmişdir.

... 1938-ci ildəVaqifəsərinin ilk tamaşası hazırlanır. Rejissorla müəllifin mətn üzərində işi tamamlanmış, rollar çoxdan bölünüb aktyorlara paylanmış, stol arxası hazırlıq dövrü arxada qalmışdı. Aktyorlar səhnəyə çıxmışdılar. Məlumdur ki, hər bir tamaşanın hazırlanmasında bu ən ağır, gərgin məsuliyyətli dövrdür. Bu dövrdə artıq bədii surətlər səhnə obrazlarına çevrilməyə başlayır, rejissor, artıq tamaşanın əsas cəhətlərini aydın təsəvvür edir. Aktyorlar xarakterin səciyyəvi xüsusiyyətlərini canlandırmaq üçün qızğın axtarış aparırlar. Həmin dövr üçün ən vacib olan da budur, yəni aktyorların xarakter yaratmağa səy göstərməsi, oynadığı rolu bütün real insani cizgiləri ilə canlandırmağa çalışmasıdır. Bu dövrdə səhnədə hər şey qaynayır, qeyri-adi bir canlılıq, gərginlik, bəzən hədsiz əsəbilik hiss olunur. Bi sözlə əsl yaradıcılıq prosesi başlanmış olur. Bir tərəfdə rejissor aktyorların bir neçəsi ilə səhnədə əsərin müəyyən epizodlarını məşq edir, o biri tərəfdə digər aktyorlar səhnənin dalında gəzinərək hərəsi öz rolu üzərində çalışır, dodaqaltı danışır, müxtəlif pozalar alır, müxtəlif jestlər edirlər. Beləliklə... Sidqi Ruhullanın bu mərhələdəki axtarışları gərgin bir prosesi ilə bağlı oldu. O, Qacarı hazırlayarkən özünə qapanır, həqiqi aləmdən təmamilə uzaqlaşırdı, sanki bir şey görür, bir şey eşidirdi.

Haşiyə çıxaraq qeyd edim ki, o zamanVaqiftamaşasını yalnız teatr ictimaiyyəti deyil, adi seyrcilər böyük maraqla gözləyirdi. Bu da təbii idi. Əvvəla, əsər haqqında xalq arasında müsbət yanaşmalar çoxluq təşkil edirdi. İkincisi isə bu o zamanki cəmiyyətin fikri, psixoloji həyatı ilə əsər müəllifinin bir qədər təlatümlü yaşamı ilə bağlı idi. Bu o zaman idi ki, Səməd Vurğunun şöhrəti parlayıb, yayılmışdı. Eyni zamanda onun gündəlik həyatında, böyük sənət uğrunda gedən mübarizədə gərginliyin artdığı, haqqında müxtəlif şayiələrin yayıldığı dövr idi. Buna görə cəmiyyətin demək olar ki, bütün təbəqələrinin diqqəti onda idi.

Təəccüblü deyil ki, “Vaqiftamaşasının ictimai baxışına çoxlu adam toplanmışdı. Burada çağrılmamış adamlar da az deyildi. İctimai baxış çox böyük maraqla izləndi. Vaqifteatr sənətinin, teatr mədəniyyətinin mühüm bir hadisəsinə çevrildi.

Qacar - teatrın mühüm hadisəsinə çevrilinənVaqiftamaşasının ən baxımlı qəhrəmanlarından oldu.

Sidqi Ruhullanın Qacarına baxanda adama elə gəlirdi ki, hər bir hərəkət, hər bir jest səciyyəvidi. Böyük aktyor tam, bütöv bir surət yaratmışdı. Bu surətin bütün psixoloji cizgiləri, xarakterinin səciyyəvi ya qeyri-səciyyəvi bütün cəhətləri, bütün hərəkətləri parlaq boyalarla əks olunurdu, son dərəcə qabarıq təsirli idi. Sidqi Ruhullanın Qacarına baxarkən, heç bir şübhə yaranmırdı ki, tarixdə amansız bir qəhrəman kimi ad çıxarmış Qacar məhz bu cür ola bilər. O Qacar ki, o yalnız hakimiyyət şərabı ilə sərxoş olduğu üçün, qəsbkarlığa meyl etdiyi üçün bu qədər amansız olmayıb, insan kəllələrindən ehramlar düzəldirdi, bir ona görə ki, o, ümumiyyətlə insana nifrət edirdi, həmcinsini görməyə gözü yox idi. Adam görəndə sanki canavar görür, vəhşi, yırtıcı görürdü. Bu, Qacarın faciəsidir - hələ gənc ikən insafsız feodal çəkişmələri burulğanına düşərək amansızcasına axtalanmış kor bəxtiucundan insan həyatının ən böyük nemətlərindən olan məhəbbət... sevgi... ailə... hisslərindən məhrum olmuş bir adamdan insanlara qarşı kindən, qəzəbdən başqa gözləmək olar?

Sidqi Ruhulla Qacarın bu mürəkkəb psixoloji vəziyyətini, cismani mənəvi eybəcərliyini ritorikaya yol vermədən naturalizmə qapılmadan, ölçü-mizan duyğusunu bir an da itirmədən yüksək estetik planda, təbii boyalarla canlandırırdı. Bu surət vasitəsilə o, yalnız istibdadı, istilaçılığı, qeyri-bəşəri vəhşiliyi, hakim millətçiliyi, iyrənc vəhşi xisləti rədd etməklə qalmır, eyni zamanda Azərbaycan xalqının vətənpərvərliyini, zülmə qarşı nifrətini bu nifrətin haqlı, ədalətli olduğunu təstiq edirdi.

Lakin... bu gün Qacar obrazı səhnəmizdə yaşayır... Qeyd edim ki, mövsümün sonunda Akademik Milli Dram Teatrının səhnəsində Əli Əmirlinin pyesi əsasında hazırlanmışŞah Qacartamaşasının təqdimatı oldu. Bu tamaşanın quruluşçu rejissoru rəssamı Xalq artisti Azər Paşa Nemətov yeni yanaşma tam fərqli üslubda bir tamaşaya imza atdı. Əsərin qəhrəmanı Ağa Məhəmməd şah Qacar obrazını isə Xalq artisti Fuad Poladov ifa etdi.

Lakin... bu Qacarın teatr ömrünü yaşamını növbəti saylarımızdan birində sizin hüzurunuza əxz edəcəyik.

 

Davamı var...

 

Aygün Süleymanova

Teatrşünas

 

Kaspi.- 2013.- 17 avqust.-S. 12.