Öz sözlərini səsi ilə
deyənlər
Muğam
müsabiqələrinin mədəniyyətimizin və
muğamımızın inkişafında əvəzsiz rolu
var
Muğam Azərbaycan xalqının tarixi sərvəti olaraq minilliklərin yadigarı kimi günümüzə gəlib çatıb. O elə bir aləmdir ki, sehrinə düşən dinləyici təsirindən çıxa bilmir. Musiqinin bu növü ortaq Şərq sənəti olsa da, Azərbaycanda daha çox inkişaf edib, təşəkkül tapıb. Dövlətimizin muğama, muğam sənətinin inkişafına göstərdiyi qayğı isə göz qabağındadır. Bu qayğı həm muğam ictimaiyyətinin, həm də ölkə ictimaiyyətinin diqqətini, rəğbətini qazanıb.
Muğamla bağlı
dövlətin apardığı işlərin başında duran addımlardan biri də
davamlı olaraq televiziya
muğam müsabiqəsinin keçirilməsidir.
Milli-mədəni dəyərlər sistemində özəl yeri olan muğam
Heydər Əliyev Fondu tərəfindən
diqqətdə saxlanır. Artıq 2005-ci ildən başlayaraq ənənəvi televiziya
muğam müsabiqələri keçirilir. SMS müdaxiləsi
olmadan keçirilən televiziya
muğam müsabiqələri dövlətimizin
xalq musiqi sənətinin
təbliğində həyata keçirdiyi
uğurlu siyasətin nəticəsi olaraq özünü təsdiqləyir.
Çoxlu sayda
istedadlı yeniyetmə və gənc bu
müsabiqələrə qatılaraq özünü
ifadə etməyə çalışır. Hazırda
hər kəsin diqqəti paytaxtımızda keçirilən
“IV Beynəlxalq Muğam müsabiqəsi”-nə
yönəlib.
Müsabiqədə
SMS-dən istifadə olunmur
İndi
televiziyada tez-tez rastlaşdığımız və beynəlxalq
muğam yarışmalarında ölkəmizi uğurla təmsil
edən, professional sənətdə öz sözlərini səsi
ilə deməyi bacaran xanəndələr məhz bu
müsabiqənin tələbələridir. Muğam
müsabiqəsində münsif qismində
çıxış edən xalq artisti Mənsum İbrahimov
bizimlə söhbətində müsabiqənin gənclərə
olan təsirindən danışdı. Onun sözlərinə görə, hazırda
gənclərimiz arasında muğama çox böyük maraq yaranıb: “Sevindirici
haldır ki, keçirilmiş
olan 3 muğam
müsabiqəsinin nəticəsində neçə-neçə
gənc xanəndələrimiz bu sənətlə
professional şəkildə məşğul
olmağa başlayıb. Artıq 4-cü muğam müsabiqəsində də yeni-yeni ifaçılar, səslər meydana çıxır. Sözügedən
müsabiqə muğamımızın inkişafına çox müsbət təsir göstərir.
Hər bir muğam
müsabiqəsinə siması tanınmamış gənclər
cəlb olunur. Ümumiyyətlə, mədəniyyətimizin
və muğamımızın inkişafında bu müsabiqənin əvəzsiz rolu var. Müsabiqənin münsif üzvü və
bir xanəndə kimi bu irəliləyişə çox
sevinirəm”.
Xalq
artisti muğam müsabiqəsinin seçim turlarından
danışarkən, gözlənilməz hallarla
qarşılaşdıqlarını söylədi. Onun sözlərinə görə, seçim turlarına müxtəlif yaş qruplarından ifaçılar gəlir:
“Bu il seçim
turlarına gənclər həddən artıq çox qatılmışdı. Belə ki, 540 nəfərin içindən biz çətinliklə də olsa
21 nəfəri seçə bildik. Seçim turlarına bölgələrdən
başladıq. Müsabiqədə ən gənc
ifaçı Mirpaşa Şükürovdur
ki, onun 12 yaşı var. Yaşının az
olmasına baxmayaraq, gözəl səs diapazonuna malikdir. Müsabiqənin canlı şəkildə
keçirilməsinə baxmayaraq,
tamaşaçıların əyləşdiyi zalda müsabiqəni canlı izləmək üçün də həddindən
artıq tamaşaçı istəyi var.
21 iştirakçının hər birinin
gələcəyin yaxşı bir xanəndəsi
ola biləcəyini düşünürük.
Kim daha çox öz zərində
çalışırsa, ona yüksək
qiymət verərək, əziyyətini qiymətləndiririk.
Bizim müsabiqədə SMS-dən istifadə
olunmur. Ballar sənətkarlar
tərəfindən canlı şəkildə verilir.
Bundan öncəki müsabiqələrdə
iştirak edən
iştirakçılarımız hazırda sənət
meydanında kifayət qədər tanınıb və öz sözlərini gözəl şəkildə
deməyi bacarırlar. Muğam müsabiqəsinin
keçirilməsində əsas rolu oynayan Heydər Əliyev Fondunun
prezidenti, respublikanın birinci
xanımı Mehriban Əliyevaya minnətdarlığımızı
bildiririk. Çünki
muğamımızın beynəlxalq arenada
tanımasında onun müstəsna rolu var. Onun
muğama qayğısı təkcə bu müsabiqə ilə kifayətlənmir. Belə
ki, paytaxtımız beynəlxalq muğam festivallarına ev
sahibliyi edir”.
3
yaşından səhnədə olan, iştirak etdiyi bir
çox müsabiqələrdə Qran-Pri mükafatı
qazanan istedadlı xanəndə Bəyimxanım Vəliyeva
bizimlə söhbətində müsabiqədə iştirak
edən ifaçılara uğurlar arzuladı və müsabiqəni
həvəslə dinlədiyini söylədi: “Beynəlxalq
Muğam Festivalını, bu müsabiqələri
özümüzü görüb, tanıyıb, dərk etmək,
bir sözlə, kökümüzə qayıdış
istiqamətində çox əhəmiyyətli hadisə kimi
qiymətləndirirəm. Muğam
ifaçıları üçün belə
müsabiqələrin keçirilməsi yaxşıdır ki, yeni nəsil muğam ifaçıları meydana
çıxır. İllər ötdükcə gənclərin
muğam sənətinə diqqəti daha da artır. Bu isə çox sevindirici haldır. Bu da bizim qədim musiqimiz olan muğamın
unudulmamağına dəlalət edir.
Artıq müsabiqənin iki sayına tamaşa etdik. Çox maraqlı səslər var burada. Hesab
edirəm ki, bu
müsabiqədə də çox
istedadlı gənclər üzə çıxarılacaq və
onlar da gələcəkdə
bizim qədim muğam
sənətimizi layiqli şəkildə təmsil
edə biləcəklər”.
“Hər oxuyan da Molla Pənah
Vaqif olmur”
“Muğam müsabiqəsi
2007”nin qalibi Güllü Muradova muğam müsabiqəsinin
onun həyatında dönüş nöqtəsi
olduğunu söylədi.
Onun sözlərinə
görə, muğam müsabiqəsinə gəlişi
zamanı artıq seçim turları bitibmiş: “Müsabiqəyə
gəlişim çox
maraqlı hadisə ilə başladı. Belə ki, müsabiqə üçün sənəd
verəndə artıq
seçim turları bitmişdi. Mən də dedim ki,
hər ehtimala qarşı siz bu sənədləri götürün. Daha sonra
mənə zəng edib dedilər ki, artıq siz müsabiqədən keçmisiniz, seçim turlarına gələ bilərsiniz. Çox təəccübləndim.
Ondan sonra seçim turlarına getdim. Bir də onda baxdım
ki, müsabiqənin qalibiyəm”.
Xanəndə muğam müsabiqəsinin
onun həyatında dönüş nöqtəsi
olduğunu qeyd etdi: “Muğam müsabiqəsi həyatımda
çox şeyi dəyişdi və mənim dönüş mərhələm oldu, həyatımda çox böyük rol oynadı. O müsabiqədən
sonra məşhurlaşdım.
O zamana qədər iştirak etdiyim müsabiqələrdə bu
səviyyəyə gəlib
çıxmamışdım. Ümumiyyətlə, yaxşı muğam
ifaçısı olmaq
üçün ilk növbədə
xanəndənin gözəl
səsi olmalıdır.
Səs olmayandan sonra yaxşı ifaçı
olmaq qeyri-mümkündür.
Səsdən sonra qəzəli,
əruzu və muğamlarımızı bilmək,
eyni zamanda, onu mənimsəmək lazımdır. Təbii ki,
bunları öyrənib
dayanmaqla nəyəsə
nail olmaq mümkün
deyil. Bunları daim istifadə
etmək və zümzümə etmək
lazımdır. Bütün bunlarla
yanaşı, yaxşı
xanəndə olmaq üçün insanda həvəs də çox vacib məsələdir. Bu gün gənclərin muğama marağı çox böyükdür.
Əgər fikir vermisinizsə, son beş ildə əksər ifaçılar
muğam ifa etməyə çalışırlar.
Yəqin
bu, dövlətin muğama olan qayğısının nəticəsidir
ki, hər kəs bu sənətə
belə həvəslidir.
Amma onu da deyim
ki, “Hər oxuyan da Molla
Pənah Vaqif olmur””.
Gənclərə verilən töhfə
Musiqişünas Aybəniz Məmmədlinin
sözlərinə görə,
televiziya muğam müsabiqələrinin keçirilməsi
ictimaiyyətin həyatında
yeni bir səhifə açıb. Musiqişünas
bildirdi ki, Azərbaycan Mədəniyyəti
Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsinə
hər dəfə yenidən start veriləndə
ictimaiyyət arasında
xoş bir canlanma yaşanır: “Televiziya muğam müsabiqəsi 2005-ci ildən
başlayaraq keçirilir.
Bu müsabiqə ekranlara çıxdığı
gündən Azərbaycan
ictimaiyyətinin diqqətini
cəlb edib. Azərbaycan musiqisinin təbliği sahəsində həyata keçirilən dövlət
siyasətinin əsaslarından
birini təşkil edən televiziya muğam müsabiqəsinin
keçirilməsi sayəsində
çoxlu sayda istedad üzə çıxarıldı. Hazırda “Mədəniyyət”
kanalı vasitəsilə
nümayiş olunan bu müsabiqənin əvvəlki saylarında
elə gənc xanəndələr, milli alət ifaçıları-müşayiətçilər
xalqımıza təqdim
edilib ki, onların istedadı çox böyükdür.
Bilirik ki, televiziya muğam müsabiqəsinin münsiflər
heyətinə Əlibaba
Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum
İbrahimov, Nadir Axundov
və Sərdar Fərəcov daxildir. Bu insanların hər
biri Azərbaycan muğamını dərindən
duyub, bilən sənət adamlarıdır.
Onların bu müsabiqələrdə
seçdiyi gənclər
milli musiqimizin gələcək sənətkarlarıdır.
Müsabiqənin münsiflər heyəti
üzvləri seçim
üçün bölgələrə
gedir. Əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılan seçim sayəsində gənc istedadlar bəlli olur. Burada bir nüansa
xüsusi diqqət yetirməyinizi istəyirəm.
Bilirik ki, Azərbaycanda hələ XX əsrin əvvəllərindən başlayaraq
böyük sənətkarlar
bölgə-bölgə gəzərək
istedadlı uşaqları
axtarıb tapır, onları musiqi sənətinə cəlb
edirdilər. Bu məsələyə sovet
dövründə də
xüsusi diqqət yetirilirdi”.
A.Məmmədli muğam müsabiqələrinin
ənənəvi xarakter
daşıdığını söylədi: “Muğam bizim milli sərvətimizdir.
Azərbaycan xalqının sərvətidir.
Bu aylar ərzində
bütün Azərbaycan
xalqı muğam sənətini daha da dərindən dərk edə bildi. Artıq bu müsabiqə
ənənəvi xarakter
daşıyır. Əminəm ki, bundan sonrakı
illərdə də bu müsabiqə keçiriləcək və
beləliklə, muğam
yaşayacaq, inkişaf
edəcək”.
Xəyalə Rəis
Kaspi.-2013.-17 avqust.-S.8.