Sönməyən
işıqlar, yaxud üç
şəhərin övladı
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Naxçıvanda teatr sənətinin
təşəkkülündə yazıçı-publisist, ictimai xadim Eynəli bəy
Sultanovun böyük
xidməti olub. Mədəniyyət
tariximizə adını həm də teatr
xadimi və tənqidçisi kimi həkk etdirən Eynəli bəy Sultanov dövrünün
tanınmış ziyalılarından, geniş
dünyagörüşünə malik, olduqca məlumatlı, bilikli
və istedadlı bir şəxsiyyət olub. Öz evində
«Ziyalılar» cəmiyyəti təşkil edəndə
çox cavan idi – cəmi 20 yaşı vardı.
Naxçıvanın tanınmış sənət
adamları, elm, urfan
sahibləri, savadlı gənclər və məsləkdaşları
ilə bir araya
yığışaraq şəhərin, bütövlükdə
Naxçıvan vilayətinin mədəni cəhətdən
inkişafı üçün müzakirələr
aparır, yollar arayır, nəcib və xeyirxah işlər görürdülər. Bu cəmiyyətdə birləşən insanlar sonralar öz yaradıcılıqları və ictimai fəaliyyətləri ilə Azərbaycanın
tanınmış ziyalıları kimi ad-san qazandılar: Mirzə Cəlil Mirzəyev
(Şürbi), Mirzə Ələkbər
Xəlilov, Əsəd ağa Kəngərli,
Qurbanəli Şərifov, Baxşəli ağa
Şahtaxtlı, Nəsrullah Şeyxov və
başqaları.
Eynəli
bəy Sultanovun təşkilatçılığı ilə
yaranmış ziyalılar cəmiyyətində dövrün
ictimai-siyasi, qadın azadlığı məsələləri
tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin
yolları araşdırılır, məktəblər,
kitabxanalar açmaq qərara alınır və digər mədəni
tədbirlər həyata keçirilirdi.
Eynəli
bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixinin ən
dolğun səhifələrini təşkil edib. Mükəmməl
biliyə malik bu unudulmaz insan əvvəlcə
Naxçıvan Qəza Məktəbində ibtidai
təhsil almışdır. Bəzi yazılarda
onun hansı gimnaziyada
oxuduğu qeyri-dəqiq göstərilsə
də, akademik İsa
Həbibbəyli apardığı tədqiqatlar nəticəsində
əldə etdiyi sənədlər əsasında
həqiqətən də Eynəli bəy Sultanovun
İrəvan gimnaziyasında təhsil aldığı təsdiq
edilmişdir. O, burada
rus, latın, yunan dillərini
öyrənmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və
digər fənləri dərindən mənimsəmişdir. Sonralar çox dil bilməyi onu tərcüməçilik
fəaliyyəti ilə də məşğul olmağa
sövq etmişdir.
Maraqlıdır ki, o,
gimnaziyada oxuduğu
illərdə Qori Seminariyasının məzunu
şuşalı Firidun bəy
Köçərli də müəyyən müddət Eynəli
bəyə dərs demişdir. İsa Həbibbəyli yazır: «Gimnaziyanı
bitirdikdən sonra Eynəli bəy Sultanov… bir müddət
Naxçıvanda yaşayıb yaratmışdır». Bu müddət ərzində o,
şəhərdə teatr hərəkatının
formalaşmasında böyük zəhmət
çəkmişdir. Faktlardan bəlli olur ki, Naxçıvanda
teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan
teatrının yaradılmasının 10 illiyinə təsadüf
edib. O dövrdə
Naxçıvanda fəalyiyət göstərən
«Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti»nin nümayəndələri
Eynəli bəy Sultanovun rəhbərliyi
ilə Mirzə Fətəli Axundzadənin «Müsyö
Jordan və Dərviş Məstəli şah» əsərini tamaşaya hazırlamışdılar. Tamaşa ilk dəfə
1883-cü ilin may
ayında Hacı Nəcəf Zeynalovun
evində göstərilib.
Eynəli
Sultanov Naxçıvanda mədəni-maarif tədbirlərinin
təşkilatçısı, tərəqqisevər
ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi
kimi tanınmışdır. Abbas Zamanov «Əməl dostları» adlı məqaləsində
bildirirdi ki, əslində
Eynəli bəy Sultanov Cəlil Məmmədquluzadənin
timsalında özünün məslək
və əməl dostunu
tapmışdır. Bu barədə Mirzə
Cəlil Məmmədquluzadənin yazılarında da qəribə fikirlərə rast
gəlinir. Cəlil Məmmədquluzadə həddən
artıq çox sevdiyi
və dəyərləndirdiyi Eynəli bəy Sultanovu
«səsinə səs verən sirdaş» kimi qiymətləndirib. Başqa
mənbələrdən aydın olur ki, Naxçıvanda kitabxana
açdırmaq məsələsində də Eynəli bəy
Sultanovun böyük əməyi
olub. Beləliklə, bu
şəhərdə maarifçi mühitin formalaşması Eynəli bəy Sultanovun adı ilə bağlıdır. Sonra Eynəli bəy Sultanov
bir müddət İrəvan dairə məhkəməsində
tərcüməçi işləyib. Hüquq
idarələrində təcrübə qazanan
Eynəli bəy Sultanov prokurorluq
orqanlarına işə keçirilib. Onun prokuror köməkçisi
işləməsi haqqında da faktlar var. Akademik
İsa Həbibbəyli yazır:
«Şübhəsiz, bu illərdə Cəlil
Məmmədquluzadənin də pedaqoji fəaliyyətindən
hüquq idarələrinə işə
keçməsində, İrəvan şəhərinə
köçməsində onun mühüm xidməti olmuşdur.
Hətta fikrimizcə, Mirzə Cəlilin rusdilli
mətbuat orqanları ilə əməkdaşlığa
istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır». Bu faktlar
inandırıcıdır. Çünki
Eynəli bəy Sultanovun özü
də rus dilində çıxan «Novoye obozreniye» qəzetində
müntəzəm çap olunurdu. Bu qəzet vasitəsilə
o, istedadlı publisist
və yazıçı kimi
tanınmışdır. Məhz Cəlil Məmmədquluzadənin
də rusdilli mətbuata maraq
göstərməsi özünün də
etirafına görə dostunun səsinə
səs verməsi kimi səciyyələnir.
Yazıçı,
şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq,
teatr xadimi, teatr tənqidçisi, ictimai xadim, vətənpərvər
fədai. Bütün bu məziyyətlərin və keyfiyyətlərin
hamısını öz şəxsində
birləşdirən Eynəli bəy Sultanovun
Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmayıb. Halbuki 1905-1908-ci illərdə Eynəli bəy
Sultanov «Kaspi» qəzetinin
İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olub. Onun bu
qəzetin səhifələrində olduqca
maraqlı, dövrünün ictimai-siyasi hadisələrinə ayna tutan məqalələri,
hekayələri və şeirləri dərc edilib.
Bir tərəfdə
müxbirliklə məşğul olan, onu narahat edən,
düşündürən problemlərdən, mövzulardan, qəzetlərə
ardıcıl surətdə məqalələr yazıb
göndərən Eynəli bəy Sultanov,
eyni zamanda insan hüquqlarının keşiyində
dayanırdı. 1906-cı ildən etibarən İrəvan
dairə məhkəməsinin prokurorunun
Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsini
daşıyıb. Hətta həmin dillərdə Dövlət
Dumasının deputatı da olub.
Eynəli
bəy Sultanov mərd, səxavətli, rəiyyətin
halına yanan, xeyriyyəçiliklə məşğul olan
bir şəxsiyyət kimi də adını tarixə
yazıb. Məlumdur ki, o, bəy ailəsində anadan
olmuşdur. Atası, ulu
babaları – hamısı bəy nəslindən idi. kəndləri, geniş
torpaq sahələri, tarlaları, kəhrizləri,
bir sözlə, daşınmaz əmlakları
çox idi.
Araşdırmalar göstərir ki, 1907-ci
ildə Naxçıvan ətrafındakı Göynük,
Sürməlik və Sirab kəndlərindəki
şəxsi torpaq sahələrini kəndlilərə
paylamışdır. Humanist və mərhəmətli ürək sahibi olan Eynəli bəy Sultanov xalqının övldalarını həm
savadlı, oxumuş, geniş
dünyagörüşlü görmək
istəyirdi, həm də onların həyat tərzinin
yaxşılaşdırılması üçün
əlindən gələni əsirgəmirdi. Xatirələrdən
də bəlli olur ki,
onun ürəyində böyük
millət sevgisi var idi. Bu səbəbdən də
həm daxili zənginliklərini – biliyini, savadını, həm də şəxsi
əmlakını, var-dövlətini xalqının yolunda fəda etməyi bacarırdı.
Naxçıvandan, İrəvandan sonra Eynəli bəy Sultanov öz nəcib məramını Tiflisdə davam etdirib. Bu unudulmaz şəxsiyyətin Tiflis dövrü fəaliyyəti də maraqlı məqamlarla müşahidə olunub. O zaman Tiflis Azərbaycan mədəniyyətinin beşiyi idi. Burada müxtəlif qəzetlər, jurnallar nəşr edilir, cəmiyyətlər, klublar fəaliyyət göstərirdi. Eynəli bəy Sultanov Tiflisdə işıq üzü görən bütün mətbuat orqanlarının, xüsusilə də «Molla Nəsrəddin» jurnalının ən mükəmməl yazarlarından biri idi. «Molla Nəsrəddin» jurnalının və mollanəsrəddinçilərin müdafiəsi keşiyində dayanan Eynəli bəy Sultanov bir vətəndaş olaraq həmişə xalqının taleyini və gələcəyini düşünüb. Onun bütün yazılarının ruhu da məhz bu məhəbbətdən qidalanıb. Harada yaşamasından, çalışmasından asılı olmayaraq heç zaman Naxçıvanı unutmayan Eynəli bəy Sultanov mətbuat səhifələrində doğma diyarla bağlı silsilə yazılarla çıxış edərdi: «Naxçıvan xəbərləri», «Naxçıvanda nə danışırlar», «Naxçıvan əhli», «Naxçıvan publikası», «Naxçıvan kişi gimnaziyası» və s. Azərbaycan gerçəkliyini rusdilli mətbuatda geniş oxucu kütləsinə çatdıran Eynəli bəy Sultanov xalqını azad insanlar, xoşbəxtlər içərisində, maarifçilər arasında görmək istəyirdi.
Xeyli müddət Tiflisdə
yaşayan Eynəli bəy Sultanov
burada da teatr mühitinin
inkişafına kömək etmişdir. Tiflis
teatrında göstərilən müxtəlif tamaşalar
barəsində resenziyalar, ayrı-ayrı
aktyorların oyunları haqqında məqalələr
yazardı. Teatr tənqidi ilə məşğul
olmaqla bərabər Eynəli bəy Sultanov bir pedaqoq
kimi də öz bilik və bacarığını gənclərdən
əsirgəmirdi. 1912-1916-cı illərdə Tiflisdə
fəaliyyət göstərən qadın gimnaziyasında rus dili dərslərini tədris
etmiş, sonralar isə
ana dili müəllimi
və sinif nəzarətçisi vəzifəsində
çalışmışdır. Hətta əlifba
islahatı uğrunda da
ardıcıl mübarizə aparan Eynəli
bəy Sultanov 1924-cü ildə yeni əlifba komitəsinin Tifli
şöbəsinin katibi vəzifəsini
daşımışdır.
Bu unudulmaz qələm sahibi həm də bədii yaradıcılıq sahəsində də öz istedadını göstərə bilmişdir. Əsasən dram və nəsr əsərləri yazan müəllifin «Tatarka» («Azərbaycan qızı») pyesi ilk dəfə Naxçıvanda tamaşaya qoyulub. İrəvanda isə kitab halında (1904-cü ildə) çap edilib. Qadın azadlığı məsələsinə həsr edilən bu pyes dövrün ziddiyyətli məqamlarına, qadına olan ögey münasibətə, əsarətdə yaşayan zərif varlıqların arzularına güzgü tutub. Bu komediya həm də Mirzə Fətəli Axundzadə irsinin davamı kimi də qiymətləndirilə bilər. Tiflisdə yaşadığı illərdə də teatr mühiti ilə bağlı olan Eynəli bəy Sultanov müxtəlif səhnəciklər qələmə almışdır. Eləcə də böyük müəllimi, ədəbi irsindən daim bəhrələndiyi Mirzə Fətəli Axundzadənin «Molla İbrahim Xəlil kimyagər» və «Hacı Qara» komediyalarını rus dilinə tərcümə edib. Rus ədiblərini də Azərbaycan oxucusuna tanıdan Eynəli bəy Sultanov istedadlı nasir idi. İstər Naxçıvanda yaşadığı illərdə, istərsə də sonra qələmə aldığı hekayələrdə sadə insanlrın həyatı, başlarına gələn qəribə əhvalatlar, maraqlı, bədii mümumləşdirmələrlə qələmə alınıb. Eynəli bəy Sultanov ilk Azərbaycan nasiridir ki, öz hekayələrini rus dilində yaradaraq təbliğ edə bilib. Onun bütün nəsrində köhnəliyin tənqidi, maarifçi ideyaların təbliği, folklor motivlərinin tərənnümü, qədim adət-ənənələrimizin təsviri öz əksini tapıb.
XX əsr
Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı, eləcə
də ictimai fikir tarixində özünəməxsus yer tutan
Eynəli bəy Sultanovu bu gün oxuculara tanıtmaq, gənc nəsillərə
oxutmaq üçün əsərlərinin latın
qrafikası ilə çap edilməsi məqsədəuyğundur.
Bu, həm də bizim
klassiklərimizə olan ehtiramımız
və vətəndaşlıq borcumuzdur. Qafqazın üç böyük şəhərində –
Naxçıvan, İrəvan və Tiflisdə yaşayıb
yaratmış Eynəli bəy Sultanovun ömür çırağı sönsə
də, fədakarlıqla yandırdığı maarifçilik işığının
şöləsi mətbuatımızdan, ədəbiyyatımızdan
və teatr tariximizdən çəkilməyib…
Kaspi.-2013.-24-26 avqust.-S.16