İnqilab və Mədəniyyət” kimdən, nədən və neçə yazırdı?

 

20-ci yüzilliyin əvvəllərində xüsusən də 1925-40-cı illər arası çap olunan mətbuatımızın demək olar ki, böyük əksəriyyəti yalnız hakim partiyanın siyasi ideologiyasını kör-koranə təbliğ edirdi. O zamanlar ədəbi prosesin ədəbi qanunlarla deyil, siyasi göstərişlər və mülahizələr əsasında idarə edilməsi məlum idi. Ona görə də ədəbi məclislər məhkəmə müşavirələrinə çevrilmişdi. Bu isə Azərbaycanda nə ədəbiyyatın, nə də mədəniyyətin inkişafına gətirib çıxara bilməzdi. Səbəb yalnız bolşevizmin “qayda-qanun”larını zor gücünə xalq arasında təbliğ etmək, xalqı Şura deyilən bir hökumətə inandırmaq idi. İstəsələr də, istəməsələr də mərkəzin əmri bu idi.

...“Ədəbiyyatın, ədəbi prosesin partiyalı olması prinsipi bolşevizmin sonrakı fəaliyyətində əsas prioritetlərdən birini təşkil etdiyi” üçün həmin dövrün ədəbi prosesində bütün açıqlığı ilə özünü əks etdirib. Yalnız və yalnız zor gücünə təbliğ edilən ideologiya. Bunu o illər də çap olunan mətbu orqanlarının adlarından da görürük - “Hücum”, “Mədəni Hücum”, “İnqilab”, “İnqilab və Mədəniyyət” və s. (İnqilabın, hücumun mədənisi də olarmış?). Bu jurnalların redaksiya heyyəti və yazarları azərbaycanlılar olsa da onlar dahi Mirzə Cəlilin azərbaycançılıq ideologiyasına qənim kəsilmişdilər.

“İdeologiya cəmiyyətdə milli birliyin və ümumxalq münasibətlərini qorumaq, millətin tarixdəki mövqeyini izah və təsdiq etmək üçün yaradılır”. Fikir verin millətin tarixdəki mövqeyini! Bu mövqe var idimi yuxarıda adlarını sadalananonlarla sadalanmayan mətbuat orqanlarımızda. Əksinə milləti tarixindən, keçmişindən, milli varlığından qoparmaq üçün yazılan haqqsız, amansız, bitib-tükənməyən tənqidlər və hətta təhqirlər...

Tənqid olunanlar kimlər idi? Özümüzünkülər. Tənqid edənlər kimlər idi? Özümüzünkülər. Bəs onda bir medalayaxud bir “molodesə” görə Tanrısını, vicdanını unudaraq qaraya , ağa qara deyərək, qanı-qanından, canı-canından olan millətdaşına “xalq düşməni” damğası vurduraraq oçağını söndürməyə dəyərdimi?!

....Qarşımda təməli 1923-cü ildə qoyulan “İnqilab və Mədəniyyət” jurnalının (ilk sayları bir müddət “Maarif və Mədəniyyət” adı ilə çıxıb və sovet dövründə digər nəşrlərə nisbətən ən uzun ömürlü jurnal olub, müxtəlif illərdə adını dəyişərək “İnqilab və Mədəniyyət” olub. Bu gün çap olunan “Azərbaycan” jurnalı məhz bu ədəbi orqanın varisidir) 1936-cı ildə yəni bir il ərzində çap olunan on iki sayıdır. Niyə məhz 1936-cı il. Çünki Azərbaycan ziyalısının həyatına qənim kəsilən 1936-37-ci illər oldu. (Doğrudur bu prosesə hazırlıq 1925-30-cu illərdən başlasa da 1936-1937-ci illər də Azərbaycan xalqının taleyinə misli görünməyən bir faciə “bəxş” edildi). Yüzlərlə Azərbaycan oçağı qaraldı, ailələr başsız qaldı. Təkcə ailələrmi? Təəssüflər ki yox! Mətbuatımız, ədəbiyyatımız, ədəbi mühitimiz, cəmiyyətimiz, bütövlükdə Azərbaycanımız başsız qaldı...

Azərbaycan Şura Yazıçıları İttifaqının orqanı olan “İnqilab və Mədəniyyət”in 1936-cı ildə çap olunan saylarının redaktoru M.K.Ələkbərli, (jurnala bir müddət kommunist Ruhulla Axundov da redaktorluq edib) redaktor müavini Mehdi Hüseyn, məsul katibi Əvəz Sadıq, redaksiya heyyəti M.K.Ələkbərli, H.Nəzərli, T. Şahbazi, Ə.Əbülhəsən idi. İlk sayı 40 səhifədən ibarət olan jurnalın 30 səhifəsindən çoxu Leninə, Stalinə, inqilaba həsr edilən yazılardır. İl boyu çıxan sayların hamısında ən azı 25-28 səhifə “müqəddəs” rəhbərlərə həsr edilib. Sonuncu 11-12-ci sayı 75 səhifədən ibarət olan jurnalın 45-səhifəsi yalnız Stalinə həsr edilib. S.VurğununAzad ilham”, Aşıq Hüseyn Bozalqanlının “Stalin”, S.Rüstəmin “Stalin”, M.Müşfiqin “Azadlıq dastanı”, M.RahiminStalin”, Aşıq Əsədin “Stalin”, Mirzə Səmədin “Stalin yoldaşa”, Şair Nəcəfin “Stalin”, Süleyman StaliskininUlu Stalin yoldaşa” və s. Bax bu ifrat dərəcədə məddahlıq deyil, bəs nə idi?).

İlk sayı rus şairi Vladimir Mayakovskinin “Vladimir İliç Lenin” adlı şeri ilə açılan jurnalda İ.Stalinin “Lenin haqqında” xatirələri, V.İ.Leninin “Lev Tolstoy rus inqilabının güzgüsü kimi” məqaləsi, İ.K.Krupskayanın “Xatirələr”i, D.Simonyanın (Ermənistanın proletar şairi haqqında) “Nairi Zaryan” məqaləsi, İ. Dmitriyevin (Taçikstanın inqilabçı şairi haqqında) “Qasum Lanuti” məqaləsi, Peter Merinin “Rollanın həyatı” hekayəsi, Romen Rollanın “Mənim şura dostlarım” xatirələri və s. İndi kim sübut edə bilər ki, bu jurnal Azərbaycan ədəbiyyatını, mədəniyyətini necə təbliğ edən bir mətbuat orqanımız olub.

02.1936. (N-2) Bu sayda Azərbaycanın xalq şairi Səməd Vurğuna Lenin ordeni verilməsi münasibətilə onun çıxışı və “Komsomol poeması”ndan bir parça da verilib. Uzun –uzadı çıxışın, minnətdarlığın sonunda S.Vurğun demişdi: “...Ürəyimin döyünməsi bütün şura ziyalılarının ürəklərinin böyük mühəndisi Stalin yoldaşaonun sadiq silahdaşları Molotov, Kalinin, Voroşilov, OrçonikidzeMikoyan yoldaşlara təbrik alqışlarıdır”.

Jurnalın 3-cü sayı. Müəlliflər; Andreyev, A.V.Qosaryev, Ninoşvili, Simuroq, Alazan, N.A.Dobrolyubovs. Məzmun; Lenin, Stalin, Marks, Engilis, inqilab, komsomols.

Həmin sayda diqqətimi daha çox cəlb edən rus tənqidçisi N.A. Dobrolyubovun yaradıcılığına Məmməd Arifin həsr etdiyi “Mübariz tənqidçi” məqaləsi oldu. Məqaləni oxuyarkən mat-məhəttəl qaldım. Bilinmir söhbət bir tənqidçi kimi Dobrolyubovun yaradıcılığından gedir ya Lenindən, Stalindən. Yeri gəldi gəlmədi məddahlıq. Bunun başqa adı varmı?

Yenə də Məmməd Arifin jurnalın 4-5-ci saylarında kı, (aprel-may) “Vladimir Mayakovsqi” adlı məqaləsinə diqqət yetirək. Müəllif yazırdı: “Mayakovski, qələmin süngülərlə bərabər tutulmasını arzu edirdi, o elə bir şeir yaratmaq istəyirdi ki, rəhbərimiz Stalin yoldaş o barədə qurultayda məruzə etsin”. (Məşədi İbadın sözü olmasın “heç hənanın yeridir?!).

Həmin sayda Əvəz Sadığın “Mübarizə davam edir” sərlövhəli böyük həcmli bir məqaləsi də var. Məqalədə Azərbaycan Şura Yazıçılar İttifaqında keçirilən müşavirədən bəhs olunaraq bildirilir ki, müşavirədə görkəmli dramaturq Hüseyn Cavid haqqında çox kəskin çıxışlar və qərar olub. Müəllif məqaləsini elə fəxr edici bir tərzdə başlayır ki: “Azərbaycan ədəbiyyatı tarixində hələ heç kəs bu qədər canlı bir müşavirəni xatırlamayır. Şura Yazıçılar İttifaqının salonu başdan-başa dolu, qapılar bütün gələnlərin üzünə açıq idi”. Bu sətirləri oxuyarkən İttifaqda nə isə yaxşı bir tədbirin keçirilməsini düşünürsən. Amma sonrakı sətirləri oxuyanda çox böyük təəssüf hissi keçirirsən ki, bu müşavirə səma şairimiz Hüseyn Cavidixalq düşməni” çıxarmaq üçün toplanmış bir məhkəmə prosesi imiş. Ə.Sadığın bunu şadyana qeyd etməsi isə yalnız təəssüf doğurur. (Görəsən H.Cavid hansı xalqın nümayəndəsi idi ki, Ə.Sadıq onun tənqid olunmasına bu dərəcə də sevinirdi?).

“Bir neçə yazıçı vardır ki, hər hansı bir müşavirədə, iclasda mütləq onların adı çəkilməli və onlardan bəhs olunmalıdır. Bu yazıçılardan biri Caviddir”- söyləyən Ə.Sadıq məqaləsinin sonda yazırdı ki: “Müşavirə qəti hökmünü verir: Öz yaradıcılığını əməkçi xalqın taleyi ilə bağlamayan, xalqının sevincilə gülməyən yazıçı böyük yazıçı ola bilməz. Xalq tərəfindən sevilmək istəyən yazıçı xalqını sevməli, ondan qaçmamalı...”. (Hörmətli Ə.Sadıq bir zaman xalqını “sevən” adlandırdığı qələm əhlilərinin bugünkü halını görsəydi görəsən bu yazdıqları üçün xəcalət hissi keçirərdimi? Stalinin, Leninin, Marksın, Engilisin şərəfinə yazılan saysız-hesabsız o qalaq-qalaq kitabları görəsən indi haradadır? Xalq onları yaşatdı yoxsa Cavidi?).

Məqalədən də çox hiddətə səbəb olan xalq rəssamı Əzim Əzimzadənin çəkdiyi karikaturadır. H.Cavidin əyilməz şəxsiyyətinə, qüruruna, ağır təbiətinə sığmayan, hörmətinə yaraşmayan bir karikatura...

Onu da qeyd edim ki, bu məqalədə Ə.Sadıq H.Cavid yaradıcılığı ilə yanaşı Əhməd Cavad, Mikayıl Rəfili, Rəsul Rza, Seyid Hüseyn yaradıcılığı haqqında da eyni sözləri söyləyir və sonda müşavirə iştirakçılarına belə bir sualla müraciət edir ki: “Rəfili şairdirmi, deyilmi? Rəsul şairdirmi, deyilmi?”.

8 səhifədən ibarət olan bu məqaləsində Ə.Sadıq o dövrün ədəbi mühitinin mənzərəsini tamamilə açıqlaya bilmişdir. Buna baxmayaraq müəllifin əsas tənqid hədəfi kimlər idi? Bütün varlığı ilə xalqının azadlığına çalışan Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn. Bu müşavirədən sonra hər üçü dəhşətli 37-nin qurbanı oldular.

“İnqilab və mədəniyyət”in iyul (N-6) sayı demək olar ki, başdan ayağa rus yazıçısı Maksim Qorkinin vəfatı münasibət ilə onun həyat və yaradıcılığına həsr edilib. Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin şerləri və s.

Jurnalın avqust sayı (N-7-8) L.Beriyanın “Sosializim düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsi ilə açılır. Hər sözündə, cümləsində bir üsyankarlıq duyulan məqalədə “dahi ataları” Lenini, Stalini qəbul etməyənləri dəhşətli ölüm kabusu gözləyir fikri açıq-aydın hiss olunur. Elə həmin sayda da məqalə və şerlərin əksəriyyəti Stalinə həsr edilən yazılardır. Səməd Vurğun “Günəşin keşiyində” adlandırdığı şerində deyirdi:

 

Əzizim Stalin! Ey ulu rəhbər!

Canım da, şerim qurbandır sana...

 

...1918-ci il 10 iyulda V Ümumrusiya sovetlər qurultayında qəbul edilmiş Konstitusiyada Sovet respublikasının əsas vəzifəsi aşağıdakı şəkildə müəyyənləşdirilmişdi: “İnsanın insan tərəfindən hər növ istismarının məhvi, cəmiyyətin siniflərə bölünməsinin tam aradan qaldırılması, istismarçıların müqavimətini amansızçasına qırmaq...”.(Gözəl qanundur. Amma. Atalar demiş: “Avazı yaxşı gəlir oxuduğu Quran olsa”. Bütün arxiv sənədləri, dövrü mətbuat və real həyatda gördüklərimiz bir daha sübut etdi ki, Sovetlər Birliyi zamanı yazılan qanunların tam əksi Azərbaycan xalqına şamil edildi).

Birdə ki, bu Konstitusiya qəbul ediləndə 1918-ci ilin iyulu idi. Təkcə Səməd Vurğun yox, Əli Vəliyev, Mehdi Hüseyn, Məmməd Arif, Süleyman Rüstəm, Məmməd Cəfər, Məmməd Rahim, M.Rəfili və daha onlarla yazarlarımız canını, qanını əziz rəhbərə qurban edirəm deyəndə isə 1936-cı il idi. Azərbaycan ziyalısının ziyasının son işartıları da vəhşicəsinə məhv edildiyi bir il... Bu fərqi ziyalılarımız görməyə, duymağa qorxurdular.

Jurnalın sentyabr-oktyabr sayında (N-9-10) bir elan diqqətimi cəlb etdi. Elanı olduğu kimi yazıram. “Azərbaycan Sovet Yazıçılar İttifaqı “Stalin Azərbaycan poeziyasında” adlı qəşəng bir kitab buraxmağa hazırlaşır. Bu kitabda Azərbaycan sovet şairləri ordenli S.Vurğun, M.Müşfiq, S.Rüstəm, M.Rahim və digər yoldaşların ulu Stalinə həsr etdikləri şeir və poemaları çap olunaçaqdır”.

Sonuncu noyabr-dekabr sayları 75 səhifədən ibarətdir olan jurnalın 45 səhifəsi təkcə Stalinə həsr edilib. Müəlliflərin böyük əksəriyyəti birmənalı olaraq özümüzünkülərdir. Məncə şərhə heç ehtiyac yoxdur.

 

Qərənfil Dünyamin qızı

BDU-nun fəlsəfə doktoru

Kaspi.-2013.-24-26 avqust.-S.17.