Ayna Sultanova kim idi?

 

Hörmətli redaksiya . Əvvəla öz adımdan və yüzlərlə tələbələrimin adından mətbuatımızın, mədəniyyətimizin bir sözlə kimliyimizin tarixindən bəhs edən bu məzmunlu yazılarımı geniş ictimaiyyətin diqqətinə çatdırdıqları (heç bir redaktə, ixtisar prosesi olmadan) üçünKaspi” qəzetinin redaksiya heyyətinə, xüsusən də tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist, xeyriyyəçi Sona xanım Vəliyevaya və qəzetin redaktoru “Əməkdar jurnalistNatiq Məmmədliyə çox böyük minnətdarlığımı bildirirəm. Bu məzmunda olan məqalələri yazmaq da məqsədim yalnız gənclərimizə ke÷mişimizi, dünənimizi aydınlaşdırmaqdır. Niyə həqiqət onlardan izlədilməlidir? Onsuz da hər şeyi faş edən tarix bir gün bunları da bəyan edəcəkdir!

Sovet dövrü ədəbiyyatlarından və arxiv sənədlərindən bəlli olur ki, Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını çox səxavətlə həyata keçirən siyasi xadim və milli hökumətə qarşı silahlı üsyanın nəyin ki, təşkilatçılarından hətta rəhbərlərindən olan, Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun ömür-gün yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

Onun sovet hökumətinə sədaqəti haqqında Hökumə Sultanova yazırdı: “Ayna ömrü boyu marksizim-leninizim ideyalarına sadiq olmuşdur” (Bax. H.Sultanova. Ayna Sultanova. Azərnəşr. Bakı, 1965, s.79). Əksər tədqiqatçılar isə Ayna xanımı “Lenin partiyasının sədaqətli qızı” adlandırırdılar. Hətta tədqiqatlardan birində belə bir faktla rastlaşdım ki, Ayna xanım Leninə, onun partiyasına olan sonsuz məhəbbəti sayəsində övladlarından birinin adını Vladleni qoyur. (Bax:H.Sultanova. Ayna Sultanova. Azərnəşr. Bakı, 1965, s.42). Bu doğurdandamı belə idi? Buna görə Ayna xanımın həyat və yaradıcılığına geniş şəkildə nəzər yetirək üçün üz tutdum bir neçə arxiv və kitabxanalarımıza.

Məqalənin hazırlanması üçün daha çox yardımçı oldu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər arxivinin əməkdaşları. Mətləbdən bir az uzaqlaşsam da onu da qeyd etmək çox yerinə düşərdi ki, bu arxivdə dünənimizi, kimliyimizi bilmək və təbliğ etmək üçün çox gözəl şərait yaradılıb. Bunun üçün bir tədqiqatçı ziyalı kimi ilk növbədə hörmətli Prezidentimiz İlham Əliyev cənablarına, arxivin rəhbəri Mayis müəllimə və onun hər bir əməkdaşına minnətdarlığımı bildirirəm. Dünənimizə belə qayğı çox yaxşıdır. Çünki gələcək nəsillər bilməlidir ki, kim kimdir ...

...Ayna xanım haqqında hələ BDU-nun Jurnalistika fakültəsində oxuyarkən az-maz məlumatım olmuşdur. Amma arxivlərdə, kitabxanalarda onun haqqında topladığım məlumatlar doğrusunu deyim ki, məni çox məyus etdi. Çünki Ayna xanım ən azından bir publisist, redaktor, qələm əhli də olub. Əsasən rus dilli mətbuatda “Pravda”, “Bakinski raboçi”, “Turud”, “Zaraya Vostoka” qəzetlərində bolşevizmin ideyalarını təbliğ edən onlarla publisistik məqalələr çap etdirib. Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin orqanı olan “Şərq qadını” (sonralar “Azərbaycan qadını”) jurnalının ilk redaktoru olub. Bir qələm əhli kimi milli duyğusallıq doğurdanmı ondan çox uzaq olub? Axı ondan əvvəl də mətbuat, mədəniyyət aləminə gələn qadınlarımız olub. Həmidə xanım Məmmədquluzadə, Hənifə xanım Zərdabi, Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Əlibəyli, Sara xanım Vəzirova, Sona xanım Axundovabir neçə xanımlarımız ki, onlar da Ayna xanım kimi bolşevizmin tüğyan etdiyi ilk illər də yaşayıb –yaratmışlar. Amma onların istər yaradıcılığına, istər şəxsi həyatına nəzər saldıqda heç biri Ayna xanım kimi bolşevizmi, onun qəddar “qayda-qanun”larını nə sevmiş nə də dəsdəkləmişdilər.

 

Bu xanımlar “Millətlərə azadlıq, yoxsullara bərabərlik”- deyə silah gücünə hökuməti zəbt edən bolşeviklərin bu sadə, kasıb xalqa heç zaman xoşbəxtlik gətirmədiklərini gördükləri və duyduqları üçün onun sadiq əsgərinə şevrilmədilər. Əslində Ayna xanım özüçox kasıb bir ailədə dünyaya gəlib. Dəvəçi rayonunun Pirəbədil kəndində böyüyən Ayna ilk təhsilini Həsən bəy Zərdabinin xanımının rəhbərlik etdiyi qız məktəbində alıb. İlk dəfə ona təhsil verən, dünyaya gözünü açan bu məktəbi sonradan Ayna xanımın silahdaşlarının bəyənmədiyi və ailəsini doğma vətənindən didərgin saldığı Hacı Zeynalabdin Tağıyev tikdirmişonun himayəsi ilə yüzlərlə Azərbaycanlı qızı (elə Ayna özü də) təhsilə yiyələnmişdir.

Ayna xanımın bolşevik partiyasına keçməsi haqqın da filologiya elmləri doktoru Sabir Məmmədov “Azərbaycanın maarifpərvər qadınları” adlı əsərində yazır: “1918-ci ilin isti, cansıxıcı iyul axşamlarının birində Ayna bir neçə kommunistlə partiya komitəsinə gəldi.

-Yoldaş Əzizbəyov, bu ilk azərbaycanlı qızıdır ki, firqəyə daxil olmaq istəyir, -deyə onlar Aynanı Məşədi bəyə təqdim etdilər.

Məşədi bəy imtahan edirmiş kimi Aynaya dedi: -Qızım, firqəmizin hər bir üzvü böyük sınaqlar qarşısında özünü itirmir, lazım gəlsə öz canını qurban verməyə hazırdır.

-Olsun, heç bir çətinlik, ölüm məni qorxutmur”-deyə Ayna xanım bolşevik partiyasına daxil olur və sona kimi ona sadiq qalır”. (Əlbəttə onun bu sadiqliyi sonraböyük qardaşları” tərəfindən yetərincə qiymətləndirilir).

Elə Ayna xanımın yüksəlişi də bu addımdan başlayır. 1918-ci ildə milli hökumətə qarşı çıxaraq inqilabı hərəkata qoşularaq Həştərxana gedir. Burada Rusiya Kommunist (bolşevik) Partiyasının Həştərxan komitəsinin müsəlman bölməsi Rəyasət Heyətinin üzvüZaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri təyin edilir. Gənc qızın fəallığı təbii ki, bolşeviklərin nəzərindən yayınmır. Onu daha da ruhlandırmaq üçün 1919-cu ildə Moskvaya Y.Sverdlov adına Kommunist Universitetinə oxumağa göndərirlər. Ayna xanım burada təhsil almaqla yanaşı siyasi fəaliyyətini də davam etdirir. O, RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləməyə başlayır. Siyasi fəaliyyəti ilə Azərbaycanda milli hökumətin süqutuna yardım olduğu üçün Ayna xanım Bakıya qayıdarkən mərkəz onun bu fədakarlığını qiymətləndirir. Bolşeviklər hökuməti zəbt etdikdən sonra Ayna xanımı Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitənin aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsinə müdir müavini, sonra isə müdir təyin edirlər.

Ayna xanımı daha mükəmməl, nəzəri cəhətdən hazırlamaq üçün Moskvada Qırmızı Professorlar İnistutuna qəbul edirlər. Azərbaycan tarixçilərinin yazdığına görə mərkəz bu İnistutun tələbələrini xüsusi təlimlərlə və siyasi biliklərlə yetişdirərək öz ideyalarını təbliğ etmək üçün istifadə edirdi.

Ayna xanım siyasi fəaliyyəti ilə yanaşı təbliğatla da məşğul olmalı idi. Çünki bolşeviklərə bu havasu kimi lazım idi. Ona görə də Ayna xanım “Şərq qadını” jurnalına redaktor qoyulur. Onun redaktorluq etdiyi illərdə çap olunan saylar qarşımdadır. Baxıram. Burada da xanımın qatı bolşevik ideyalarının təbliğatçısı olması özünü büruzə verir. “Aprel inqilabı mənə nə verdi”, “Firqə təmizliyinə hazırlanmalı”, “Firqə qurultayı qadınların işi haqqında nə dedi?”, “Rəd olsun çadra”, “Türk qadını traktor başında”, “Pionerləri unutmamalı”, “Azərbaycanda qadınlar təşqilatı canlanmalıdır”, “Şura aparatını təmizləməyə hazırlaşın” hər və s. məqalələr Şura hökumətini, onun ideyalarını təbliğ etməyə bir çağrışdır.

“Aprel inqilabı mənə nə verdi?” adlı məqalədən: “Günümüz-güzaranımız çox pis keçirdi. Bu vaxt baxtımızdan Şura hökuməti gəldi. İşçi və kəndli hökuməti, yoxsulların yardımçısı. Aprel inqilabı qızları doğrudan da azad və xoşbəxt etmişdi" (1929,N-5.s.4).

Daha sonra müəllif yazırdı: “Hazırda Şuralar İttifaqının hər tərəfində Şura aparatının təmizliyinə hazırlıq aparılmaqdadır. Bir necə il ərzində bura zərərli adamlar daxil olmuşdu” (Şərq qadını” 1929-N-8, s.4). Ayna xanımın yazdığı bu təmizləmə Azərbaycan xalqına çox baha başa gəldi. Mirzə Cəlil kimi dahisi mədəni mühitdən tədric edilərək əsəb xəstəliyinə tutuldu və dünyasını dəyişdi. Müşfiqin, Seyid Hüseynin ocağı qaraldı, Cavid ölüm düşərgəsinin qurbanı oldu ...

1930-1937-ci illər. Azərbaycan tarixdə görünməmiş bir faciənin tüğyan etdiyi bir vaxt Ayna xanım və onun ömür-gün yoldaşı Həmid Sultanov tez-tez Mərkəz tərəfindən yüksək vəzifələrə təyin edilirdilər.

Məsələn, Ayna xanım Azərbaycan SSR Xalq Maarif Komissarının müavini, Zaqafqaziya Həmkarlar İttifaqları Şurası mədəniyyət bölməsinin müdiri, Ümum İttifaq Kommunist (bolşevik) Partiyasının Zaqafqaziya Ölkə Komitəsində qadınlar bölməsinin müdiri və kütləvi təşviqat şöbəsinin müdir müavini, Azərbaycan SSR Xalq Maarif Komissarı, sonra Azərbaycan SSR Ali Məhkəməsinin sədri və Azərbaycan SSR Ədliyyə Naziri vəzifəsinə irəli çəkildi. Onu da qeyd edək ki, Ayna Sultanova ilk azərbaycanlı qadını idi ki, Ümum İttifaq Kommunist (bolşevik) Partiyasının Zaqafqaziya ölkə partiya komitəsində məsul vəzifəyə təyin edilmişdir.

Ömrü boyu marksizm-leninizim ideyalarına sadiq qalan bir xanımı sadiq əsgəri olduğu bir partiya niyə görəsən şəxsiyyətə pərəstişin qurbanı etdi?! Çünki artıq istədiyini ondan almışdır!

Ayna xanımın həm ömür-gün yoldaşı, həm də silahdaşı Həmid Sultanov haqqında Azərbaycan Sovet Ensiklopediyasının 10-cu cildində yazılıb: “Müsavat hökumətinə qarşı silahlı üsyanın təşkilatçılarından olmuş Sultanov 1920-ci il aprelin 27-də AK(b)P MK, RK(b)P Qafqaz Ölkə Komitəsinin Bakı Bürosu və Mərkəzi fəhlə konfransı adından müsavat hökumətinə və parlamentinə hakimiyyətin... bolşeviklərə verilməsini tələb edən ultimatum təqdim etmişdi”. Mərkəz üçün elə bu bəs idi. Bundan sonra Həmid Sultanov daha böyük vəzifələrlə mükafatlandırıldı...

Məqaləni sona yetirərkən Azərbaycan xalqının mədəni inkişafı, azadlığı yolunda canını fəda edən Firidun bəy Köçərlinin ölümü haqqında Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasından (bax:s.85) oxuduqlarımı xatırladım. Orada yazılıb: “1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini “xalqa xəyanətdə” ittiham edərək həbs edirlər. Qazax İnqilab Komitəsi Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən, ədibi həbs etmiş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi şöbəsində dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir”.

1993-cü ilin əvvəlləri idi. Mətbuatımızın “canlı ensiklopediyası” adlandırılan tədqiqatçı alim Qulam Məmmədlidən müsahibə görürürdüm. Söhbət 37-ci ildən, onun qurbanlarından biri olan Firidun bəydən düşəndə Qulam müəllim dərindən ah çəkərək dedi: “Həmid Sultanov o zaman Fövqəladə komissar idi. Bolşeviklər arasında yaxşı nüfuzu da var idi. F.Köçərlinin güllələnməsi qərarına tələm-tələsik qol çəkib, yerinə yetirdiyi üçün Nərimanov onu yaman məzəmmət edərək “Sən bilirsənmi Firidun bu xalq üçün nələr etmişdi?”-deyə qapını onun üzünə çırpmışdı”.

Hörmətli tədqiqatçı alim Ataxan Paşayev “Açılmamış səhifələrin izi ilə” adlı əsərində Mirzə Cəlilin Həmidə xanımla bağlı Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinə göndərdiyi bir ərizədən bəhs edərək yazır ki: “...Ərizənin üzərinə 1927-ci il yanvarın 9-da Azərbaycan SSR MİK-in katibi Həmid Sultanov belə bir dərkənar qoymuşdur: “Təcili, tam məxfi. Bu xahişlə əlaqədar Əliheydər Qarayev yoldaşın fikrini öyrənməli” (Bax: A.Paşayev. Açılmamış səhifələrin izi ilə. Bakı, 2001, 437).

Arxiv sənədlərindən və Ataxan müəllimin əsərində ki, faktlardan bəlli olur ki, Əliheydər Qarayev, Həmid Sultanovdan fərqli olaraq bu məsələni Mirzə Cəlilin və xanımının lehinə həll etmişdir...

(Onu da qeyd edim ki, mövzu ilə bağlı arxiv sənədlərinin çox cüzü bir hissəsindən istifadə etdim. Belə faktlar yüzlərlədir. Oxucu üçün maraq doğurarsa davam etdirərik).

... Nə yaxşı bu dünyada tarix gec-tez kimin-kim olduğunu, xalqı, milləti üçün nələr etdiyini bəyan edir. Biz istəsək də, istəməsək də bir gün gənclik bu tarixi biləcək və qiymətin verəcək! Qoy o qiymət bu gün verilsin!

 

Qərənfil Dünyamin qızı

Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti

Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.8.