Dünyada qadın olmaqdan böyük
xoşbəxtlik yoxdur...” - müsahibə
Pərvin: Tək yazı üslubumda yox, həyatın
hər sahəsində qadın olmağa
çalışıram
- Pərvin, “Samir üçün”, “Professional”, “Şərq şirniyyatı”, “Eee... dayan!” və s. hekayələrini oxumuşam. Son vaxtlarda “Balerina” kinopovestin MKM ikincisi oldu, ayrıca kitab şəklində işıq üzü gördü, ona görə istəyirəm əsasən bu əsərdən danışaq. Ümumiyyətlə, “Balerina”da hekayələrindən fərqli olaraq nasiranə üslubdan şairəanə üsluba keçid etmisən, poetik nəsr nümunəsi yaratmısan. Bilmək maraqlı olardı ki, bu keçid nədən və necə yarandı?
- Əslində, bu
keçid də deyil bəlkə. Əvvəla onu deyim ki,
“Balerina” sırf assosativ yanaşmadan yaranıb. Məhz,
assosativ düşüncə, ətrafımda olanları,
gördüklərimi fərqli, bəlkə bir az da qəribə
analizim hələ uşaq vaxtlarımdan xarakterimdə var idi.
Hətta ailəmizdə zarafatla deyirdilər ki, bir yerə
yarım saat gedib-gəlirsən, iki saat danışırsan. Yəqin
gördüyüm hər hansı hadisənin
yaratdığı assosasiyalar o qədər çox olurdu ki,
bölüşməklə bitmirdi. Bu mənada “Balerina”ya
hazırlıq uşaqlıqdan gedib, məncə. Amma onu yazmaq
üçün müəyyən bir təcrübə
lazım idi. Hekayələri, esseləri buna hazırlıq
hesab etmək olar bəlkə də.
- Yenə
bu üslubda yazmaq planlaşdırırsanmı?
- Bilirəm ki, bu
cür nə çox yazmaq nə də çox oxumaq olar. Hərdən zarafatla desert
adlandırıram “Balerina”nı. Amma həmin üslubda yazmağı
planlaşdırmaq olmur. Bəzən tamam
başqa formada, fərqli təhkiyə ilə
yazdığım essedə həmin təsvirlər olur, bu məndən
asılı deyil. Məhz o povestdə
assosasiyaların o şəkildə üzə
çıxmağı bəlkə də beynimdə
hansısa oyanış, böyümə prosesi idi. Həmişə
avqust və oktyabr ayları arası yaşa dolduğumu ruhən
hiss edirəm. “Balerina”nı da həmin
aylarda başlamışam yazmağa.
- Kinopovestdə
belə bir məqam diqqətimi çəkdi; hər insan gərək
öz yerində, öz peşəsinin sənətkarı ola. Düzmü müşahidə
etmişəm?
- Maraqlı müşahidədi. Bəlkə də burda peşədən də
çox, insanın daxili, mənəvi ehtiyaclarından
söhbət gedir. Müşahidə elədiyim
bir məqam var idi ki, bəzən insan istədiyinə
çatmayanda o pis adama çevrilir. Ancaq
söhbət böyük istəklərdən gedir. Yəni insanın nəyisə bütün ruhu,
düşüncəsi ilə arzulamasını, ona can
atmasını nəzərdə tuturam. Povesti
yazmaq ideyası da məhz bu müşahidədən
yarandı. Düşündüm ki, bir
insanın simasında üç obraz olsun, əvvəlcə
çox yaxşı, sonra çox pis, sonra yenə
yaxşı. Sadə bir süjeti adi təhkiyə
ilə yazsaydım, maraqlı olmazdı. Ona
görə də belə bir poetik üslub seçdim.
- Bəs
ana xəttlə, əsas ideya ilə paralel ideyalar da var burda?
- Deyə bilmərəm ki, nələrisə
qəsdən qurmuşam, düzəltmişəm. Əsəri yaza-yaza hadisələr film kimi
canlanırdı gözümün önündə. İçimdən necə gəlirdisə, elə də
yazırdım. Amma sonra oxuyanda
gördüm ki, gizli, yaxud qəsdən gizlədilmiş
nüanslar çoxdur. Məsələn, birini deyə
bilərəm: dərd insanı böyüdür, bu ideya var.
Bunu uşağın çəkdiyi videolarda göstərməyə
çalışmışam. Əsərin əvvəlindəki
videolarda uşaqsayağı qüsurlarla danışır, bəzi
hərfləri deyə bilmir, amma sonda böyük adam kimi qüsursuz. Anasının
təzadlı halları, incitmələri böyüdür
uşağı.
- “Balerina” sanki bir nəfəsə
yazılıb, özü də qısa müddətə. Hər halda mən
oxuyarkən belə düşündüm.
- ¬Əsas hissəsi qısa
müddətə yazılıb. Çünki bunun
üçün xüsusi ovqat lazım idi. Həmin aurada isə uzun müddət qalmaq
olmazdı. Amma xeyli aylar üzə
çıxarmağa çəkinmişəm və
ara-sıra işləmişəm üzərində.
- Deyim
ki, əsərdə şeytani məqamlar da hiss olunur, bəlkə
də bu düşüncəyə gəlməyim sənə
görə yanlışdır, amma həmin məqamları
duymuşdum. Ümumiyyətlə, kişinin
qadın xarakterinə təsirinə nə dərəcədə
inanırsan?
- Əvvəla şeytani məqamlarla
bağlı deyə bilərəm ki, bu fikir həqiqətən
də var povestdə. Əsərin qəhrəmanı
arzuladığını edə bilməyəndə, dəyişilir,
içindəki iblis baş qaldırır. Amma onun halına sakit baxıb, bunu sadəcə
psixoz da adlandırmaq olar. Sualınıza gəldikdə
isə, məncə, insanın xarakterinə, hisslərinə,
davranışına qarşı tərəf mütləq təsir
edir. Bunsuz olmaz bəlkə də. Bəzən soruşurlar ki, Feministsən? Məncə, qətiyyən femenist deyiləm, əksinə.
Ona görə ki, Qadını böyük
qüvvə, güclü varlıq hesab edirəm. Qadın istəsə, arzulasa kişini yaxşı
adama, müsbət obraza çevirər, yaradar onu, istəməsə,
tənbəllik eləsə də heç. Eyni zamanda da kişi bacarsa, qadını ilahi bir
varlığa, istəsə mətbəxt əşyasına
döndərə bilər. Bu barədə isə
ən yaxşı sözü Təhminə “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanında deyib.
- Povestində
bədii çalarlardan biri də rənglərdir. Rənglərə marağın və əsərində
əks etdirmək istəyin nədən yaranıb? Ümumiyyətlə, rəssamlığa meylin
varmı?
- Deyim ki, rəssamlığa həvəsimlə
ədəbiyyata olan həvəslə paralel gedib həmişə.
Rəsm çəkmək qabiliyyətim olmasa
da, Azərbaycan və dünya rəssamlarının əsərlərinə
baxmağa, yaranma tarixçələrini öyrənməyə,
ordakı rəngləri hiss eləməyə çoxdu meylim.
Mütaliə etməyim nə qədər
vacibdirsə, rəsmlərə baxmaq da o qədər vacibdir.
Fortepiano dərslərinə gedəndə -
müəlliməm bu sahəni gözəl bilirdi – o mənə
rəssamlıqdan, rəssamlardan, boyalardan
danışırdı. Jurnallar göstərirdi,
rəssamlıq cərəyanlarından bəhs edirdi. Hətta bir müddət əvvəl rəssamlıqla
bağlı layihə də planladırırdım.
İndi vaxt qıtlığından alınmır, gələcəkdə
ola bilər, sevdiyim rəsm nümunələrini
“sözə çevirməyə” çalışacağam.
- Cərəyanlardan
danışdın, hansı rəssamlıq cərəyanını
daha çox bəyənirsən?
- Hər bir cərəyana aid
ayrı-ayrı əsərlər var ki onları çox sevirəm.
Amma ruhən İmpressionizm və Sürrealizm cərəyanlarının
nümunələri daha yaxındı mənə.
Monenin, Renuarın, Deqanın, Salvador Dalenin əsərlərini
misal çəkə bilərəm.
- Rəsul Rzanın “Rənglər”
silsiləsi haqda essen də var. Bu əsər
nə qədər təsir edib sənə?
- Çox təsir edib. Həmin
dediyin məqalədə “Rənglər”ə münasibətimi
az-çox ifadə etməyə çalışmışam.
Amma hər halda fikirlərim, aldığım təəssürat
o qədər zəngindir ki, bir yazıya
sığışdırmaq çətin olardı. Bu əsər hər yaşda bir cür təsir edib
mənə. Uşaq vaxtı bəlkə də çox az başa düşürdüm onu. Amma böyüdükcə daha yaxşı
anladım. Povesti yazanda isə ara-sıra,
yenidən oxuyur, təzə nələrsə tapırdım.
Rəsul Rza unikal bir intellektual poeziya nümunəsi
yaradıb, bəzən bunu beyni işlətmək, itiləmək
üçün də oxuyuram.
- Balerinanı
bir də yazmaq istərdinmi?
- Yazdığın əsəri bir də
yazmaq bilmirəm nə qədər alınar, nə qədər
düzgündü... Amma hər halda, tam səmimi deyirəm,
“Balerina”nı yazdığım vaxtlar
üçün darıxıram, məmnuniyyətlə yenidən,
bəlkə daha yaxşı yazaram. Hər halda
özümün gördüyüm, ədəbi zövqünə
inandığım adamların dedikləri bəzi
qüsurları təkrarlamaram.
- Bu əsəri
rəssamlığın, musiqinin və ədəbiyyatın
sintezi adlandırmaq olarmı?
- Bəlkə kimsə adlandıra bilər.
Amma özüm səmimi və təvazökarlığı
immitasiya etmədən deyirəm, mənim üçün rəssamlıq
da, musiqi də, ədəbiyyat da elə bir ilahi yerdədi ki, “Balerina”nı orda, özü də
üçünü özündə cəmləşdirən
əsər kimi görə bilmərəm. Mən
hələ öyrənirəm və sənət nümunəsi
yaratmışam deməyim sadəcə primitivlikdən və
naşılıqdan xəbər verər. Əslində,
sənətdən xəbəri olmayan adamlar öz
cızma-qaralarını şedevr hesab edirlər. Bundan daha yaxşı, daha peşəkar yazmaq
arzulayıram və bunun üçün sözün həqiqi
mənasında gecə-gündüz çalışıram.
- Və
“Balerina”ya aid son sualım. Uşaqlıqda
balerina olmaq istəməmisən?
- Yox, belə bir istəyim olmayıb. Uşaqkən elə müəllim olmaq istəyirdim,
universitetdə dərs demək arzulayırdım. İndi Azərbaycan Pedeqoji Universitetinin “Azərbaycan
ədəbiyyatı tarixi” kafedrasında müəllimə
işləyirəm. Başqa bir arzum da əsərlərini
bəyəndiyim sənət, ədəbiyyat adamlarından
müsahibələr almaq, bəlkə də sadəcə
onlarla ünsiyyətdə olmaq idi.
- Yeri gəlmişkən, “Pərvinin həmsöhbəti”
layihəsində daha çox sual vermək yox, sadəcə
söhbət etmək prinsipin hiss olunur.
- Doğrudur. Bir müddət,
hələ bu söhbətlərə başlamamış
saytlardan, qəzetlərdən müsahibələri izləyirdim.
Hardasa, 20-30 sual var, hamıya verilir bu suallar.
Onda qərara aldım ki, özümü sınayım, həmsöhbətlərimə
bir az fərqli yanaşmağa, onların
yaradıcılığında indiyə kimi açılmayan
məqamlara toxunmağa çalışım. Hələ
heç vaxt musahibimin fəaliyyətini,
yaradıcılığını öyrənməmiş
söhbət etməmişəm. Və bu
söhbətlər sayəsində xeyli bilgilər əldə
etmişəm.
- “525-ci qəzet” də
“Yüz gözəl sevgi şeiri” adlı layihə
aparırsan. İstərdim ki, şeirlərin seçilməsi prinsipindən
danışasan.
- Burda hər hansı prinsip, məsələn
xronoloji, yaxud başqa qayda qoymaq düzgün olmaz. Hər həftə sevgidən danışmaq asan
deyil. Mövzu birdir, bu barədə
özünü təkrarlamadan yazmaq çətindir. Seçim belədir ki, hansı şeir mənə təsir
edirsə, assosasiya yaradırsa, onun haqqında yazıram.
Bəzən sual verirlər ki, Nizaminin şeirindən
yazmamış niyə müasir bir şairdən yazırsan,
axı Nizami daha böyük şairdir. Burda
hansı şairin böyük, hansının daha zəif
olması haqda danışmaq və bu prinsiplə şeirləri
seçmək düzgün deyil. Əsas
olan şeirin özüdü, ordakı hadisədi, oxuyarkən
yaratdığı ovqatdı. Ola bilər
ki, çox məşhur şeir heç bir fikir yaratmasın.
Belə olub da. Şeiri kənara
qoyub başqasından yazmışam. Amma
növbəti həftələrdə yenidən oxumuşam,
alınıb. Elə mövzudu ki, burda məcburiyyət
heç keçməz...
- Hekayələrində bir məqama
fikir verdim ki, təhkiyən qadın təhkiyəsidir. Bu normaldır, belə olmalıdır. Bəla
orasındadır ki, bir çox xanım yazarlar kişi
intonasiyasında yazırlar və bu ton nəsr əsərlərində
müəllifin qadın olduğunu biləndə bir oxucu kimi məni
bezdirir. Sən yuxarıda sadaladığım
problemlərdən qəsdən yayınırsan, yoxsa hər
şey öz-özünə normal gedir?
- Ümumiyyətlə mən tək
yazı üslubumda yox, həyatın hər sahəsində
qadın olmağa çalışıram. Pafossuz
deyirəm ki, məncə, dünyada qadın olmaqdan
böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliyi
Allah mənə nəsib edibsə, niyə kişi
kimi davranmağa çalışmalıyam ki?!
- Mənə de görüm “Pyer
Duş” necə məhşurlaşdı? Bu sualımı
zarafat kimi qəbul et və öz məhşurlaşmağından
danış...
- Özümü məşhur adam hesab eləmirəm və buna can atmıram.
Heç vaxt arzulamamışam ki, küçəyə
çıxanda hamı məni tanısın, başıma
yığışsınlar. İndi ola
bilsin ki, kimsə yazılarımı oxuyur, kimsə bəyənir,
kimsə bəyənmir və bu adamların yaddaşında
qalıram. AYB-nin, Gənc Ədiblər Məktəbinin
böyük rolu oldu. Gənc Ədiblər Məktəbindən
“525-ci qəzet”ə açılan qapı, bu qəzetin
nüfuzu sayəsində yazılarımın oxunmağı,
tədbirlər, qalibi olduğum müsabiqələr və s.
Mən sadəcə yazıram... Fikirlərimi,
özümü ifadə eləmək üçün məkandı
ədəbiyyat, nəyəsə nail olmaq, məşhurlaşmaq
üçün vasitə deyil.
- Ədəbi mühitə
qaynayıb-qarışmamağın nə ilə
bağlıdır? Tədbirlərdə,
məclislərdə az-az görünürsən, sosial şəbəkələrdə
ümumiyyətlə yoxsan. Bu mükafatlar
almış, ədəbi uğurları olan birinin “qalib tək
qalır” prinsipidir, yoxsa xarakterindir?
- (gülür) Qətiyyən! Hansı qalibiyyətdən danışırsan?
Məgər bir-iki müsabiqədə qalib gəlmək,
mükafat almaq nəyisə dəyişir? Qaliblik duyğusu insanı inkişafdan salır.
Əgər idmançıların həyatına
fikir vermisənsə, bir-iki qalibiyyətdən sonra heç nə
edə bilmirlər, yalnız ən iradəliləri davam eləyə
bilir. Mənimçün bu duyğu
çox qorxuludu və onu özümə yaxın
buraxmıram. Özünü zirvədə hesab edib
yerində addımlaya bilərsən... “Qızıl kəlmə”
mükafatının təqdimatında da yadındadırsa
dedim ki, bu mükafat yazılarıma görə verilən bir
avansdır, mənə inanan insanların etimadını
doğrultmalıyam. Ona görə Milli
Kitabxanadan çıxanda axşam yazacağım yazı barədə
düşünürdüm sadəcə. Qaldı ki, ədəbi
mühitə qaynayıb-qarışmamaq məsələsinə;
ünsiyyətə ciddi ehtiyacı olan adam
deyiləm ümumiyyətlə. Bəzən
10-12 saat bir otaqdan çıxmadan yazıb oxuya bilərəm
və təklikdən qətiyyən darıxmaram. Amma
şübhəsiz ki, bununla yanaşı sevdiklərimə, əzizlərimə
həmişə ehtiyacım var... Bir də
qapalılıq yəqin qadın xarakterimdən gəlir.
Düşünürəm ki, Qadının ətrafında, həyatında
çox adam olmamalıdır. Bəlkə də kiminçünsə bu
düşüncə yanlışdı. Mənimsə
müəyyən mənada tərbiyəmdən də gəlir.
Qapalı olmaq insanlara yuxarıdan
aşağı baxmaq deyil. Amma düzü, istəmərəm
ki, facebook ünvanım olsun və hər adam
istədiyi vaxt bir düyməni vurub ürək sözlərini
yazsın mənə, hətta ən xoş sözləri belə.
- Yazılarında bir daxili senzor
varmı, yazarkən kimisə oxuyub-oxumamağı səni
düşünüdürüb nələrisə yazmaqda mene
olurmu? Hər halda Şərq qadını üçün
müəyyən məhdudiyyətlər olmalıdı...
- Əlbəttə var. Amma
bu sadəcə Şərqdən yox, ailəmdən gəlir. Daxili senzor hissi cəmiyyətdən
də öncə, ailəmə görədi, heç vaxt
düşünmürəm ki, axı müsəlmançılıqdı,
axı camaat nə deyər, belə yazmayım və s. Ancaq
düşünürəm ki, bu yazını böyüklərim
oxuyacaq... Bəlkə də yaradıcı adam
üçün bu, yaxşı hal deyil. Kimsə
deyə bilər, sən necə yazıçısan ki,
özünü min cür çərçivəyə
salırsan. Axı biz dünyaya
çıxmalıyıq... (gülür) İnsan əməli ilə, işi ilə ən
yaxınını, doğmalarını belə sevindirə
bilmirsə, o hansı böyük işlərdən
danışa bilər? Bu mənada
içimdə müəyyən senzura var. Çalışıram heç bir əməlim,
yaxud yazımla utandırmayım ailəmi. Bir
də səmimi desəm, elə ciddi bir çərçivə
də hiss eləmirəm. Əsas nə yazmaq deyil, necə
yazmaqdı... Yazı, mövzu məcbur edirsə,
açıq da yaza bilərəm... Amma necəsə gizlədilmiş
“açıq”...
- AYB-nin
üzvülüyündən çıxanlar barədə və
ümumiyyətlə, o prosess barədə nə
düşünürsən?
- Hansı prosess?
Burda elə bir qeyri-adi heç nə baş verməmişdi.
Hansısa təşkilata aid olmaq, yaxud sonra ordan
çıxmaq hər kəsin öz işidi... Sadəcə mətbuat
bu məsələni şişirtdi və dediyin kimi “prosess”
düzəltdi bundan. AYB heç kimi yazıçı eləmir,
heç kəsə də yazmaqda mane olmur, müasir dildə
desək, klaviaturanı əlindən almır. AYB gənclər
üçün layiq olduqlarından da çox iş
görür. Bunu da danmaq olmaz. Lakin bir daha deyirəm ki, ordan
çıxmaq hər kəsin öz şəxsi
seçimidir.
- Sən
özün də nə vaxtsa belə seçim edə bilərsən,
yaxud fikrin dəyişilə bilər?
- Məni idarə edən hisslərdən biri də yaxşılığı unutmamağımdır. İnsan həyatımın hansısa mərhələsində mənə kiçik bir yaxşılıq edibsə, sonradan ən böyük pislikləri də eləsə, incitməyə də çalışsa, yenə səbrlə yanaşıram ona... AYB-nin gənclərlə bağlı gördüyü işlərdən danışarkən daha çox təqaüdü vurğulayırlar. Mən də təqaüd almışam, əlbəttə bu yaradıcı adam üçün böyük stimuldu, həm də bəlkə xırda maliyyə çətinliklərindən azad olmaq üçün dəstəkdi... Amma doğrusu onu nə zaman, hara xərcləməyim yadımdan çıxıb. Lakin AYB-nin, ordakı mühitin, GƏM-nin sayəsində qazandığım mənəvi qazancı illərlə xərcləsəm, bitən deyil. Gəl razılaşaq ki, ilk yazılar çap olunanda gözün adamların üzündə olur, çünki inamsızsan, komplekslisən hələ... Yazıçılar Birliyi məhz o inamı yaradıb bizdə, kompleksdən azad edib. Daha başqa məsələlərdən, tədbirlərdən, kitablarımızın çapından, təqdimatlardan danışmıram. Ona görə məhz bu yaxşılıqları unutmamağım istənilən qərarıma təsir edər.
- Gələcək planlarından danışmağını istərdim...
- Planlar
çoxdur. Qarşıdakı aylarda bir uşaq pyesi yazmalıyam,
artıq başlamışam. Apardığım layihələr,
“Yüz gözəl sevgi şeiri”, “Dahilərin
qadınları” davam edir... Amma ən əsas olan elmi işdir.
İlin sonuna kimi dissertasiyamı yazıb bitirmək istəyirəm,
inşallah.
- Bildiyimə
görə dissertasiya mövzun Anar nəsri haqdadı... Anar
müəllim haqqında çox yazılıb. Sən yeni nə
yazmaq barədə düşünürsən?
- Anar müəllimin yaradıcılığı haqqında yazmaq istədiklərim o qədər çoxdur ki, bilmirəm dissertasiyanın mövzusu buna tam imkan verəcək, yoxsa nələrsə kənarda qalacaq. İlk mərhələ indiyə kimi yazılan kitabları oxumağım idi. Demək olar çoxunu oxudum və gördüm ki, Anar nəsrinin bir çox məqamları hələ araşdırılmayıb. Əvvəlcədən bir söz deyə bilmərəm, amma hər halda onun nəsrini, yaradıcılığını necə görürəmsə, hiss edirəmsə, o cür də yazmağa çalışacam. Şübhəsiz, müəyyən tələblər çərçivəsində. Elmi işin özünəməxsus yazılma qaydaları var ki onlara riayət olunmalıdı.
Fərid
Hüseyn
Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.15-17.