“Dönüb getdi Kür üstünə“
Əliağa Kürçaylının
xatirəsinə
XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylı çoxcəhətli yaradıcılığı ilə "şeirimizin ən uca və barlı-bəhərli budaqlarından" (Rəsul Rza) biri idi. Yaşadığı 52 il ərzində çox məhsuldar işləmiş, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atmışdı. Əliağa Kürçaylı elə bir dövrdə bədii yaradıcılığa başlamışdı ki, ədəbi mühitdə Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi sərt tənqidçilərlə bərabər məşhur şairlər ordusu var idi. Lakin yaradıcılıq dünyasına dərindən bələdçilik, anadangəlmə istedad, geniş dünyagörüş, daim öz üzərində işləmək Əliağa Kürçaylını çoxundan fərqləndirə bildi. Tənqidçilər indi də onun haqqında məhəbbətlə yazırlar ki, Əliağa Kürçaylı bir şair kimi dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daima yaşayacaqdır.
Əliağa Vəliyev (Kürçaylı onun ədəbi təxəllüsü idi) 1928-ci ilin fevralında Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gəlmişdi. Sonralar doğma ocaqla bağlı bir sıra maraqlı şeirlər yazan Əliağa Kürçaylı "Kəndimiz haqqında düşüncələr" şeirində öz hisslərini belə qələmə almışdı:
Mənə elə gəlir bütün dünyanın
Yolları bu kənddən başlanıb gedir.
Torpağa bağlansın sənin
ad-sanın,
Torpaqsız, əcdadsız bir insan nədir?!
Əyil,
öp bu yeri, baba yurdunu,
Əyilsən o səni qaldırar,
oğul!
İkinci Dünya müharibəsinin
ağır izləri onun da taleyindən
keçməli olub. Şairin ilk qələm
təcrübələri də
məhz həmin dövrə təsadüf
edir. Hələ orta məktəbdə
oxuduğu illərdə
arxa cəbhədə
çalışan insanların
ağır həyatı,
vahiməli günləri,
yaşayış tərzinin
çətinliyi və
bir sıra təzadların mövcudluğu
onun uşaq qəlbində dərin yaralar salmışdı.
Şair yazdığı
xatirələrində belə
deyirdi: "Qarşılaşdığım
çətinliklərdən, sarsıntılardan doğan
ilk şeirlərim qələmsiz,
kağızsız qəlbimə
həkk olunurdu". Məhrumiyyət və ehtiyac
üzündən orta
məktəbi bitirməmiş
dəmiryol idarəsində
işləməyə məcbur
olmuş gənc Əliağa sonralar Bakı Dəmir Yolu Texnikumunda təhsil almışdı.
Bir müddət Salyan Dram Teatrında mühasib vəzifəsində çalışmışdı.
İlk şeiri
1946-cı ildə "Azərbaycan
gəncləri" qəzetində
dərc edilmişdi. "Sənin gözlərin"
adlanan bu şeirin qədəmi sayalı olub. Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri
Səməd Vurğunun
yazdığı məktuba
əsasən Əliağa
Kürçaylını 1947-ci ildə gənc yazıçıların birinci
respublika müşavirəsinə
dəvət edirlər.
Bu hadisə gənc
şairin həyat və sənət yolunun istiqamətini dəqiq müəyyənləşdirir.
Əliağa Kürçaylının "Səməd
Vurğun taleyimizdə"
adlı yazısından
görünür ki, Səməd Vurğun ədəbi gəncliyin böyük xeyirxahı, müdrik hamisi olub. Təkcə Əliağa Kürçaylının
deyil, o dövrün bir sıra şairlərinin
ilk şeirlər kitabının
nəşr olunmasında,
Yazıçılar İttifaqına
üzv qəbul edilməsində, Bakıda
yataqxana və mənzillə təminatında
Səməd Vurğunun
əvəzsiz xidməti
var idi. Əliağa
Kürçaylı özünü
xoşbəxt şairlərdən
hesab edirdi ki, o, həyatda da, sənətdə də Səməd Vurğunun qayğısını
görmüşdü. Sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olan Əliağa Kürçaylı
Səməd Vurğunun
yaxından köməyi
ilə Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunda
da təhsil alıb.
Əliağa Kürçaylının kitabları
müntəzəm işıq
üzü görürdü,
mətbuatda müxtəlif
yazılarla çıxış
edirdi. "Kommunist",
"Ədəbiyyat və
incəsənət" qəzetlərində,
"Azərbaycan", "Literaturnu Azerbaydjan" jurnallarında müxtəlif
vəzifələrdə çalışan
Əliağa Kürçaylı
Azərbaycan Dövlət
Nəşriyyatında redaktor
olmuş, Yazıçılar
İttifaqında Dramaturgiya
bölməsinə rəhbərlik
etmişdi. O, 1978-ci ildən
ömrünün sonuna
kimi "Yazıçı"
nəşriyyatında baş
redaktor vəzifəsində
çalışmışdı.
Əliağa Kürçaylı "Arifin bacısı",
"Gözəllik", "Cavabsız məktublar",
"Durnalar cənuba uçur", "Yollarda
axtar məni",
"Dünya ovcumdadır",
"Bütövlük", "Ülkər" (ölümündən
sonra nəşr olunub) adlı kitabların müəllifidir.
Onun şeirlərini
oxuyanda dövrün, zamanın tələbindən
doğan nümunələrə
də rast gəlirsən. Bu, təbiidir.
Sovet dövründə yaşayıb-yaradan
şairlərin çoxu
quruluşun diktəsindən
kənar düşə
bilməyib. Buna görə onları qınamaq, ittihama çəkmək də düz deyil. Əsas odur ki, Əliağa
Kürçaylı kimi
şairlər nə yazırdılarsa, gözəl,
oxunaqlı alınırdı.
Əliağa Kürçaylı həmişə şeirə,
sənətə, poeziyaya
məsuliyyətlə və
ciddi yanaşırdı.
Tərifi sevməzdi. Çox təvazökar insan idi. Qələm dostları danışırlar
ki, Əliağa Kürçaylı bir fikri tez-tez işlədərmiş:
"Hökmən ən
yaxşı şeirimi
yazacağam". Şeirə münasibəti
aydın idi. Poeziyanı taleyi sanırdı. Yaradıcılığının yetkin çağında belə yazırdı:
Bir quru adınla könlüm sevindi,
Nə çörək
olmusan, nə şöhrət mənə.
Başqa
bir peşəni seçsəydim indi,
Bəlkə qismətim idi var-dövlət mənə.
Bütün bunlardan sonra isə şair ilhamının məhsulu olan şeirlərinə təşəkkürünü belə bildirir:
Sən nəsən
mənim üçün?
Vətən, su, torpaq.
Nə qədər
sən varsan, demək varam mən.
Şeirim,
ona görə hamıdan qabaq
Sənə minnətdaram, minnətdaram
mən!
Əliağa Kürçaylı Muğana,
Milə, Kürə müraciət edərək
silsilə şeirlər
yazmışdı. Onun bütün
şeirləri düşündürücüdür.
Hətta
məzmununa görə
ithaf şeirlərinin
özündə də
belə orijinal təşbehlər, canlılıq,
konkret bir fikrin ifadəsi var.
50 illik yubileyində qələm dostu Bəxtiyar Vahabzadə yazırdı: "Kürçaylı
oxucuların ürəyinə
yol tapmış xoşbəxt sənətkarlardandır.
Bu yol çətin yoldur: mətanət, sədaqət, məhrumiyyətlərə
dözüm yoludur, ömrünü poeziyaya həsr edənlərin yoludur".
Sözün böyüklüyünə, şərəfinə,
əzəmətinə nail olmaq Əliağa Kürçaylı yaradıcılığının
səciyyəvi xüsusiyyətləridir. Kitabdan-kitaba parlaq
yaradıcılıq yolu
keçən şairin
həyat həqiqətlərinə
sadiqliyi, estetik fikir və baxışlarının
aydınlığı bütün
şeirlərində büruzə
verirdi. Əliağa Kürçaylı yaşıdları arasında
ən istedadlı və tanınmış şairlərdən birinə
çevrilmişdi.
Dramaturgiya ilə də məşğul olan müəllifin əsərləri
teatrların diqqətini
çəkirdi. "Nənəmin
şahlıq quşu",
"Ləpələr", "Boşanaq, evlənərik"
musiqili librettoları tamaşaçılar tərəfindən
maraqla qarşılanırdı.
Bu əsərlər uzun illər Musiqili Komediya Teatrının repertuarından
düşməyib. "Qoruqlar" pyesi də müəllifin uğurlu dram əsərlərindən
biridir.
Əliağa Kürçaylı tərcümə ilə də məşğul olan qələm sahiblərindən biri olub. Bu sahədə onun xidmətləri çox böyükdür. Əliağa Kürçaylı kimləri tərcümə etməyib: A.Dante (İtaliya), Yesenin, Nekrasov, Mayakovski, Lermontov, Simonov, Tixonov, Marşak, Şipaçov (Rusiya), D.Qulia, K.Kaladze (Gürcüstan), M.Şeyxzadə (Özbəkistan), Y.Xappalayev (Dağıstan), F.Xalvaşi (Macarıstan), Nazim Hikmət (Türkiyə), M.Süleyman (Livan), K.Mayeresku (Rumıniya) və başqaları.
Əliağa Kürçaylı 25 poemanın
müəllifidir. Yüzlərlə ədəbi
tənqidi, elmi-publisistik məqaləsi var. Əliağa Kürçaylı
yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının
ən parlaq güzgüsüdür.
Ədəbiyyatşünaslar haqlı olaraq
yazırlar ki, Əliağa
Kürçaylının yaradıcılığı olmadan XX əsr Azərbaycan ədəbiyyatını
tam və bütöv
halda tədqiq etmək çətin
olardı.
Ağır
xəstəliyə düçar olmuş Əliağa
Kürçaylı cəmi 52 il ömür
sürmüşdü. Fevralda dünyaya gəlmişdi, elə həmin ayda da gözlərini əbədi
yumdu. Bu gedişin ən ağır məqamlarından
biri də şairin sevimli qızı Ülkərin atasının
vaxtsız ölümünə dözməyərək özünü Xəzərin sularında qərq
etməsi oldu. Övlad
sevgisinin bu dəhşətli
sonluğu bir əfsanəyə
çevrildi. Əgər Ülkəri keçirdiyi sarsıntıdan
qorumaq mümkün
olsaydı, bəlkə də o indi məşhur nasirlərdən biri idi. Çünki
o zaman mən «Azərbaycan
müəllimi» qəzetinin ədəbiyyat şöbəsində
çalışırdım. Ülkər də
redaksiyamıza tez-tez kiçik
hekayələr göndərərdi. Bir
hekayəsinin adı indi də
yadımdadır: «Tərs Nicat». Təəssüf
ki, ədəbi ictimaiyyət onu bir yazıçı kimi tanıya bilmədi. Fələyin
yazdığını kim poza
bilib ki…
Şairin son gedişi ilə bağlı Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndələri müxtəlif yazılar və şeirlər qələmə aldılar. O dövrdə ən dərdli nəğmələrdən birini də Məmməd Araz dilə gətirdi. Nəğməsində Kür harayı, nəfəsində Muğan düzü olan, söz yolunun əliqabarlı fəhləsi - Əliağa Kürçaylı şairin təbirincə desək:
Dönüb getdi Kür üstünə,
Qondu qərib bülbül kimi
Boynu bükük gül üstünə.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.16.