Görüş – novella
Əbdüləli müəllim sifətinə tuşlanmış qızmar yay günəşinin şüalarına oyandı. Yarıyuxulu halda ona elə gəldi səhər yenicə açılıb. Körpə uşaqtək gözlərini ovdu. Birdən yadına düşdü ki, nahar yeməyindən dərhal sonra çarpayıda necə uzanıbsa, eləcə də yuxuya gedib. Nə düşündüsə, çevik tərzdə başını qaldırıb divardan asılmış kəfgirli saata nəzər yetirdi. Dördə iyirmi yeddi dəqiqə işləyirdi. Sevindi. Nəzərdə tutduğu görüş vaxtına hələ qalırdı. Ağır-ağır çarpayıdan qalxdı, stulun üzərindəki pambıq xalatı əyninə keçirib əl-üzünü yudu. Vərdiş etmişdi, yaş barmaqlarıyla bir neçə dəfə gümüşü saçlarını arxaya daradı. Bu an necə oldusa güzgüdə azacıq solmuş yanaqları göründü. Bir anın içində əhvalı pozuldu. Həqiqətə inanmaq istəmədi. Yenidən güzgüyə diqqət yetirdi, reallığı özündən uzaqlaşdırmağa çalışsa da, buna müvəffəq ola bilmədi. Qeyri-ixtiyari olaraq içindən ağır bir təəssüf hissi keçdi. Həyacandan alnında soyuq tər damcıları göründü . Bir anlıq nevroz adamları xatırladı . Amma düşdüyü vəziyyətdən çıxmağı da bacardı. Özündən qat-qat yaşlı görünən həmyaşıdlarını gözlərinin önündə canlandırdıqca, beynində dolaşan qara fikirlər sabun köpüyütək heçə döndü. Öz-özünə:”Təbii haldır, adam yaşa dolduqca onda dəyişikliklər də baş verir. Şükürlər olsun, özümdə bu günə kimi elə bir ciddi şey hiss etməmişəm” dedi.
Əbdüləli müəllimin altmış yeddi yaşı iki ay bundan öncə tamam olmuşdu. Tənha yaşayırdı. Ötən ildən onu çətin, ağrılı günlər rahat buraxmırdı. Ömür-gün yoldaşı Validə xanım uzun sürən xəstəlikdən həyatını dəyişmişdi. Övladdan isə bircə qızı vardı. O, da ailə həyatı qurmuşdu, Rusyanın Rostov vilayətində yaşayırdı. Doğrudur, qızı Aytən xanım onunla tez-tez telefon əlaqəsi saxlasa da, bu tənhalığı aradan götürmək üçün heç nə vəd vermirdi.
Əbdüləli müəllim dərin düşüncələr içində keçib çarpayıda oturdu. Nədənsə qərarı tutmadı. Yenidən ayağa durdu. Boğazında azacıq quruluq hiss etdi. Ötən həftə cənub bölgəsindən ona pay göndərilmiş çaydan dəmə qoydu. Bu vaxt telefon zəng çaldı. Tələsik dəstəyi götürdü, qızı Aytən xanım idi.
-Salam ata, necəsən?
-Sağ ol qızım, yaxşıyam. Bəs siz necəsiz,
Elxan bala dil açıbmı?
-Hə
ata, elə ilk sözü də ,,baba” olub.
Sevincdən Əbdüləli müəllimin gözləri
doldu. Bir anlıq nitqi qurudu, danışa bilmədi.
Bunu Aytən xanım açıqca hiss etdi.Atasına
yazığı gəldi. Kövrəldi, səsi titrəyə-titrəyə
soruşdu:
-Nə
oldu, ata, ağlayırsan?
-Yox,
qızım, niyə ağlamalıyam ki? Əksinə,
ürəyim sevincdən dağa döndü. Çox qəribədir,
adətən körpə dil açanda, ya ,,ana”,
ya da “ata,, kəlməsi işlədir. Elxan bala
isə...Görünür, bu da Allahın izniylə baş
verib.
Aytən
xanım:
-Əlbəttə,
hər şey Ulu Tanrının əlindədir, - dedi. O, bir qədər
sözünə ara verib, əsas məsələyə
keçdi. –Ata, bilirəm ki, tənha yaşamaq sənin
üçün çox ağırdır. Gəlsənə,
razılıq verib bizimlə yaşayasan. Qoy,
mən də rahat nəfəs alım.
Əbdüləli
müəllim etiraz etdi:
-Nə
danışırsan, qızım, əvvalla, narahatlığa
əsas yoxdur. Digər tərəfdən,
qürbətdə yaşamaq mənə cəhənnəm əzabından
daha betərdir. Sən ki, xasiyyətimə
yaxşı bələdsən.
Əbdüləli müəllimin
inadkarlığından sonra nədənsə ata-bala xeyli
susdular. Elə bil sözləri tükənmişdi
onların. Nəhayət, cansıxıcı sükutə
Aytən xanım son qoydu:
- Ata, onda
gəl, belə edək də...
Əbdüləli
müəllim qızının yenidən bu məsələyə
qayıdacağını düşünüb deyəcəklərini
yarıda qoydu:
-Nəyi
nə edək?
-Gəlsənə,
özünə bab olan bir qulaq
yoldaşı tapasan.
Qoca qızının nəyə işarə etdiyini
çoxdan gözləyirmiş kimi ucadan bir qəhqəhə
çəkdi.
Gözləri yaşaranacan güldü.
Handan-hana:
- Hə,
bu başqa məsələ,-deyə xalatın cibindən dəsmalı
çıxarıb islanmış yanaqlarını sildi.- Elə yenicə görüşə
hazırlaşırdım ki, zəng vurdun.
Aytən
xanım təəccüblə:
- Bəs
bizə niyə xəbər etmirdin, xanım kimlərdəndir?
- Soruşdu.
Əbdüləli müəllim özünü gülməkdən
zorla saxladı. Səsinin tonunu ustalıqla dəyişdi.
Dedi:
- Əvvalla, xanımı məndən də
yaxşı tanıyırsan. Qaldı xəbər
verməməyimə, həmişə mənə elə gəlib
ki, siz bunu çoxdan bilirsiz.
Aytən
xanım işin nə yerdə olduğunu indi anlayıb
gülə-gülə dedi:
- Oyunun
olsun, ata, səni başa düşdüm. Ancaq bununla kifayətlənmək
olmaz axı...
Telefon
söhbəti bitəndən sonra Əbdüləli müəllimin
burnuna xoşa gəlməyən qoxu dəydi.
Ani olaraq yadına düşdü, qaz piltəsinə
tərəf boylandı. Dəmə qoyduğu çay ”öz işində idi”-
pıqhapıqla qaynayırdı.Təəssüfləndi. Çaydan içmədi. Soyuducudan
götürdüyü “Sirab,,dan
iki-üç qurtum qəbul etməklə kifayətləndi. Birdən səksəkəli halda kəfgirli saata
baxdı. Başını buladı .
Deyəsən görüşə gecikirdi.
Qəribə tərzdə, şifonerin
qapısını açdı. Vaxtıyla
Validə xanımın ən xoşladığı boz rəngli
kostyumunu götürüb geyindi. Havanın
hərarəti yüksək olmasına baxmayaraq, elə Validə
xanımın seçdiyi qalstuku boynuna taxmağı da
unutmadı. Güzgüdə
üst-başını bir daha nəzərdən keçirib,
hətta ətirləndi də. Və
yaşına uyğun olmayan tərzdə həyətə
düşdü. Hər gün
böyük həvəslə qulluq etdiyi tər çiçəklərdən
tələsik qucaq dolusu toplayıb küçəyə
çıxdı. Xoş təsadüfdən
onunla üz-üzə gələn taksiyə əl etdi. Sürücü əyləci necə sıxdısa,
asfalt yolun sinəsini cırmaqlayan təkərlərin səsi
ətrafa yayıldı. Maşına
yaxınlaşdı, qabaq oturacaq boş olsa da,
çoxdanın adətkarıydı, keçib arxada cavan bir
oğlanla yanaşı oturdu. Yerini rahatlayandan sonra
üzünü sürücüyə tutub:
-Bacı
oğlu, Həzi Aslanov küçəsinin girəcəyində
düşəcəyəm,-dedi.
Maşın yerindən yenicə tərpənmişdi ki,
sürücü radionu işə saldı. Həzin bir nəğmə
salonu bürüdü. Respublikanın xalq artıstı
Ağadadaş Ağayev “Yarı səndə, yarı məndə,, mahnısını oxuyurdu:
İkimizdə
bir ürək var,
Yarı səndə,
yarı məndə, yarı səndə,
Sevgi
adlı bir ağacı,
Budaq məndə,
budaq məndə, narı səndə…
Görünür, musiqi Əbdüləli müəllimin
ürəyini yerindən oynatmışdı. Müğənni
mahnını bitirər- bitirməz, o, özündən
aslı olmayaraq ucadan: “İfaçıya da əhsən,
sözləri qələmə alan da!”
dedi. Bu ara cavan oğlanın mobil telefonu
cingildədi. “Hövsələn olsun, beş-on
dəqiqəyə çatıram”. Bu sözləri cavan
oğlan dedi. Və özündən razı
halda telefonu qapadı.
Yol yoldaşının danışıq tərzi
Əbdüləli müəllimin heç xoşuna gəlmədi. Elə bu səbəbdən
çox qəribə tərzdə onu başdan ayağacan
süzdü. Oğlanın əlindəki
gül dəstəsini yenicə görürmüş kimi
oturduğu yerdə bir neçə qurcalandı. Əvvəlcə susmağa qərar versə də,
amma buna nə səbri çatdı, nə də hövsələsi.
Soruşdu:
-Deyəsən
görüşə gesikirsən, eləmi?
Cavan
oğlan nəzərlərini maşının açıq pəncərəsindən
ayırmadan:
-Hə,- dedi.
-İlk
görüşünüzdür, yoxsa...
Növbəti sual oğlanı açmadı. Yarıciddi,yarızarafatla
suala sualla cavab verdi:
-Dayı,
birdən müstəntiqdən-zaddan olarsan ha, eləmi?
-Müstəntiq
niyə oluram, oğul, sözdür, soruşuram.
Oğlan
istehza ilə gülümsədi:
-Hə,
ilk görüşümüzdür.
-Bəs,
niyə gecikirsən?
-Nə
olacaq, qoy gözləsin də.
-Bax, bu
olmadı, oğul.Görünür, sevdiyin qız çox sadəlövh
xanımdır. Bundan sui-istifadə etmək ən
azı günahdır. Bir də unutma ki,
ilk görüş insan həyatında ən unudulmaz hadisələrdəndir.
Bəlkə də birincisidir. Ümumiyyətlə, görüşə
etinasız, barmaqarası yanaşmaq heç birimizə yaramaz.
Çünki o, ömrümüzün sonuna
kimi bizlər üçün əhəmiyyət kəsb edir.
Cavan oğlan dinmədi. Bu anlarda xəyal
Əbdüləli müəllimi çox-çox uzaqlarda
qalan Validə xanımla görüş gününə
caladı. Onda o, hündürboy, enlikürək,
qaraqaşlı bir oğlan idi.
Universitetin üçüncü kursunda oxuyurdu, Lenin təqaüdü
alırdı.
Qızların əksəriyyətinin
gözü onda olsa da, ən çox yaxınlıq etdiyi qrup
yoldaşı Validə xanım idi.
İlk görüşləri Dənizkənarı
bulvarda baş tutmuşdu onların. Həmin gün Validə
xanım olduqca yaraşıqlı geyinmişdi. Paltar onun gözəlliyini daha da
artırmışdı. Hətta ,
Əbdüləli müəllim bu gözəlliyin
qarşısında aciz qalaraq heç cürə
özünü toparlaya bilməmişdi. Söhbət
əsnasında o, qəflətən Validə xanımı sinəsinə
sıxaraq gözlərindən öpmüşdü. Nə yaxşı, Validə xanım inciməmişdi
bundan. Əksinə
xoşhallanmışdı. Ani olaraq
içindən maraqlı bir sual da yaranmışdı.
-Nəyə
görə məhz gözlərimdən
öpdün?-soruşmuşdu.
Əbdüləli
müəllim tutduğu gözlənilməz hərəkətindənmi,
ya nədənsə nəzərlərini yerə dikərək
cavab vermişdi:
-Əzizim, özümü ilk dəfə bu gözlərdə
tapdığım və duyduğum üçün. Ona görə də
bütün həyatım boyu...
-Deyəsən
sən də görüşə tələsirsən? –deyə donba gözlərini Əbdüləli
müəllimin qucağındakı gül dəstəsindən
ayırmayan cavan oğlan şirin bir xatirəni yerə
çırpılmış büllur qabtək
çilik-çilik etdi.
Əbdüləli müəllim əvvəlcə diksinən
kimi oldu. Bir qədər
köks ötürüb , handan-hana cavab
verdi:
-Hə,
düz tapmısan, oğul.
Cavan
oğlan qocanın sözlərinə elə şaqqanaq
çəkdi ki, az qala rol
sürücünün əllərindən
çıxacaqdı. Əbdüləli müəllim
heç nə olmamış kimi soruşdu:
-Qəribədir,
hə?
Oğlan
başını bulaya-bulaya dedi:
-Həm qəribədir,
həm də gülməli. Atalar çox gözəl deyib:
“Utanmasan oynamağa nə var”.
Əbdüləli müəllim əsəbləşsə
də, birüzə vermədi. Bığaltı gülümsəyərək:
-Oğul,
atalar həm də deyib ki, anlayana çibin sazdı, anlamayana
zurna-qaval da azdı. Yolboyu tam əmin oldum ki, elə sən
ikincilərdənsən!- Sonra
üzünü sürücüyə tutub: - Hə, bacı
oğlu, maşını əylə, mən çatası
oldum,- dedi.
O, sürücünün pulunu verib, taksidən düşdü. Yeyin addımlarla qəbristanlığın açıq mavi rəngli qapısından içəri keçdi. Cavan oğlan isə heyrətdən hər iki əlilə sifətini örtmüşdü...
İyul
2013–cü il
Qardaşxan Fərzi
Kaspi.-2013.-31 avqust-2 sentyabr.-S.19.