Tək özünü yox, özümüzü sevmək mümkünmü?.. - esse

 

Adını yazar qoyan bir çox qələm əhli mətbuat səhifələrində bəzi xalqlardan söz açdıqda pis bir qüsur kimi onların millətçi olduğunu yazıb, sonra datolerantbrendi altında xalqımızın ürəyinin genişliyindən ağızdolusu bəhs edirlər. Əslində bu heç də “sinə böyüklüyündən” deyil, araşdırsaq başqa səbəblər çıxacaq ortaya. Fikrimcə özgəni özü qədər sevən, fərq görməyən xalq, deməli özünü də özgə gözü ilə sevər. Başqasına özümüzdən artıq önəm verməyimiz də yəqin ki, bu səbəbdəndir. Daha doğrusu, biz cəm halında özümüzü xoşlamırıq, amma, tək halda isə özündən qeyri kimsəni sevmirik. Hər şeydən əvvəl əsasən öz cibimiz, mədəmiz, şöhrətimiz üçün çalışırıq. Bu istəklərimizi bəzən sonsuz hərisliklə istədiyimizdən ətrafımızdakı hər kəsə bir rəqib, maneə, gərəksiz canlı kimi baxırıq. Əksəriyyətimiz xalqı, milləti mənsub olduğumuza görə yox, özümüz üçünxeyrmiz və əmlakımız üçün sevirik. İlk növbədə alacağımızı düşünürük: dostluqda, eşqdə, ailədə..Alacağımız alınmayanda sifətimiz çönür... Mənəm-mənəmliyimiz hər kəsin uğuruna paxıllıq yaradır. Biz niyə beləyik?..Hardan gəlib bu gen canımıza? Nəticədə öz qanımızdan olanlardan zəhləmizin getdiyini etiraf etmək istəməyib, eyibimizi örtmək səbəbindən başqalarına qucaq açıb oluruq - tolerant.

Mən ingilisin, fransızın. ya da italyanın öz millətlərini necə sevməsindən danışmıram. Həyatımda nə qədər gürcü görmüşəm onlarda olan milli qürur hissinə daim heyran qalmışam. Dəfələrlə bizim televiziyalarda Borçalıdakı azərbaycan dilli orta məktəblərin bağlanmasından, torpaqların yalnız gürcülərə paylanmasından şlkayət dolu xəbərlər səsləndirilir. Haqsızlıq sayılsa da, mən gürcülərə öz aləmimdə müəyyən mənada haqq verirəm. Onlar nə edirlərsə öz millətlərinin gələcəyinə görə narahat olub edirlər, daha bizimkilər kimi aldıqları vəzifənin mayasını çıxartmaq dərdindən pulun quluna dönmürlər...

Və yaxud, bir həqiqətdir ki, osmanlı türklərinin bizdən ən böyük üstünlüyü onlarda vətən, millət hisslərinin yetərincə olmasıdır. O sevgidəndir ki, osmanlı sultanları yüz illərlə damarlarında yad xalqların qanı axsa belə, nə dinlərindən, nə də dillərindən dönmədilər. Bizim şahlarımız sayaq öz dərilərini qorumaq naminə milləti təriqətlə bölmədilər, özgə xalqın dilində danışmadılar. Onların bizim üçün dedikləri “azərbaycanlının vətəni evinin qapısında qurtarır” istehza dolu atmacaları nə qədər acı həqiqət olsa da utandırıcıdır...

Özümüzə sayğısızlıqda kimdir günahkar? Çapqınçılığı (rüşvət almağı) bacarmayana qız vermək istəməyən kişilərimiz, yoxsa insanlığı əsas sayıb, milliyətə önəm verməyən, firavan həyat esqinə özgələşməyə hazır qadınlarımız? (Son vaxtlar xaricilərə ərə gedənlərin sayı durmadan artır, baxmayaraq ki, bir-neçə illik ailə həyatından sonra belə nigahların bir çoxunun sonu boşanmaya bədbəxt hadisələr ilə tamamlanır.)

Bu əsnada hələ o zaman məni heyrətləndirən bir hadisəni xatırlatmaq istəyirəm. Atəşkəsdən çox yox, bir-neçə il ötmüşdü. Başımıza gələn faciələrdən aldığımız sarsıntılar hələ köhnəlməmişdi. Dələduzluq üstündə həbs edimiş bir erməni qadınına cəza kəsilmişdi. Cəza evinin rəhbərliyi ona azərbaycanlı qadın məhkumlar arasında xətər toxunalacağından bərk ehtiyatlanırdı. Ancaq, gözlənilənin əksi baş verdi. Yeri gələndə öz xeyirlərindən ötrü bir-birilərinin saç yoldusuna çıxan bizim qadınlar: “erməni olandaolar, o da insandır”, - deyib “qərib” qonağı heç özlərindən ayırmadılar.

Təsəvvür edin ki, belə analoji hal İrəvanda olsaydı, o qadını erməni qadınları necə pis günə qoyardılar...

Nə etməli? Neyləyək ki, özümüzü də layiqincə sevək? Anaların tərbiyədə əsas rol oynadığını nəzərə alsaq, belə çıxır ki, qadınlarımızda milli hiss güclənməsə, onlardan törənənlər də anaları kimi millətinə etinasız olacaqlar. Elə isə qadınlarımızda milli ruhu necə yüksəldək ki, sözün yaxşı anlamında millətçi olsunlar...

Həyatda hər şey qarşılıqlıdır. Onlardan milləti sevməyi tələb etməkdən əvvəl, biz kişilərə də bir məsələni çözmək qalır: bizöz növbəmizdə başqa xalqlardan olan qadınlara laqeyd qala bilərikmi?..

Çətin sual da olsa, tək özü üçün, “ bir boğazı, bir ... ” üçün yaşamaq yox, özümüzü – bizdən olanları sevmək mümkünmü?

Əgər bunu bacara bilsəydik...

 

Rövşən Yerfi

Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.20.