Edqar Alan Po
Ağzıyırtıq ürək
(hekayə)
Hə, doğrudu! Əsəbiyəm,
özü də ağlasığmaz dərəcədə
əsəbiyəm; ama niyə elə
fikirləşirsiniz ki, dəliyəm? Bu xəstəlik duyğularımı nəinki
korşaldıb məhv etdi, əksinə daha da kəskinləşdirdi.
Hər şeydən əvvəl, ən çox
da eşitmə qabiliyyətimi. Mən yerdə,
göyün yeddi
qatında baş verən hər şeyi eşidirdim. Cəhənnəmdən
də çox şeylər eşitməyə
başlamışdım. Bundan sonra da mənə dəli
deməyə diliniz necə gəlir? Elə
isə, dinləyin! Görün bütün hekayəni sizə əvvəldən
axıra olduğu kimi,
özü də necə sakit
danışıram.
Heç
özüm də bilmirəm ki, bu ideya ağlıma necə gəlib;
ama bir dəfə başıma girməyini gördüm, ondan
sonra, gecə-gündüz məndən əl çəkmədi.
Deyim ki, əlimdə
heç bir səbəb
yox idi. Qudurub-eləməmişdim
də. Mən bu qocanı sevirdim.
O,
haçansa məni nə incitmişdi, nə də təhqir
etmişdi. Var-dövlətində qətiyyən gözüm yox idi. Düşünürəm ki,
problem onun gözüydü! Bəli, gözü!
Gözlərindən biri, sanki
üzərinə lent çəkilmiş,
açıq-mavi leşyeyən qartal
gözünə bənzəyirdi. Nə vaxt
mənə baxsa, qanım donurdu.
Mən də tədricən, yavaş-yavaş
qocanı aradan götürmək qərarına
gəldim. Beləliklə, özümü
həmişəlik o gözdən xilas edəcəkdim.
İşin canı da elə
budur. Sizcə, məgər mən dəliyəm?
Dəli hırnan-zırı nə qanır? Amma
siz keşkə məni görəydiniz.
Necə ağılla hərəkət elədiyimi – necə
diqqətlə, gizlin-gizlin, ehtiyatla işi bitirdiyimi görməliydiniz. Qocaya,
heç vaxt onu öldürməmişdən əvvəlki
həftəyə kimi bu
qədər xeyirxah olmamışdım. Və
hər gecə, təxminən gecə yarısı
qapısının qıfılını çevirib
açardım. Ah, necə də nəzakətlə!
Sonra, başımın ancaq
girə biləcəyi aralıqdan içəri, üstü örtülü
fənər tutardım. Elə örtülü
ki, çölə azca
da olsa işıq
saçmazdı, sonra başımı
içəri soxardım. Hansı vəziyyətdə
uzandığmı görsəydiniz gülərdiniz!
Qocanı oyatmamaq üçün
çox yavaş-yavaş
hərəkət edərdim. Başımı qapı
arasından, onu yatağında görə
biləcək qədər soxmaq, düz bir saatımı
alırdı. Dəlinin başı bu qədər
yaxşı işləyə bilərmi? Başım otağa girəndən sonra,
fənəri ehtiyatla yandırardım – çox diqqətlə (millər
cırıldadığına görə) – sadəcə, nazik bir şüanın
leşyeyən qartal gözünə
düşə biləcəyi qədər. Bütün
bunları, yeddi uzun
gecə boyu, hər gecə, düz gecə yarısında etdim.
Amma o göz həmişə
bağlıydı; buna görə işə
davam eləmək qeyri-mümkün
idi, çünki məni
təngə gətirən qoca deyildi, ancaq onun Yaman Gözüydü.
Yenə də hər səhər, gün
aydınlananda otağa gedər, onunla cəsarətlə danışardım.
Səmimi səs tonuyla adını deyər,
gecəni necə keçirdiyini
soruşardım. Bax, görürsünüz,
mənim hər gecə, düz on ikidə, onu yatarkən
müşahidə etdiyimdən şübhələnməsi üçün hissiyyatı çox
güclü olmalı idi.
Səkkizinci
gecə qapını açarkən həmişəkindən
daha tədbirliydim. O qədər ki,
saatın əqrəbi məndən daha tez hərəkət edirdi.
O gecədən əvvəl heç vaxt gücümün və
fərasətimin dərəcəsini bu qədər
hiss etməmişdim. Qələbə sərməstliyindən
özümü güc-bəlayla saxlaya bilirdim. Artıq ordaydım,
qapını yavaş-yavaş
açırdım. O isə mənim gizli
hərəkətlərimi və fikirlərimi hətta yuxusunda belə görə bilməzdi. Bütün bu fikirlərə
istehza ilə güldüm
və o, bəlkə də məni eşitdi, diksinmiş kimi qəfildən yatağında tərpəndi.
İndi fikirləşə bilərsiz ki, geri çəkildim, ama yox. Otaq
zülmət qaranlıqdı (qoca oğrulardan qorxduğuna
görə pəncərələri bərk-bərk
bağlayardı), buna görə də
qapının arasını görmədiyini bilirdim,
eyni aramla
qapını itələməyə davam etdim.
Nəhayət,
başımı içəri soxub düz fənərin
üstünü açmağa çalışırdım
ki, baş barmağım tənəkə çəngəlin
üstündən sürüşdü və qoca
çarpayısında dikəlib qışqırdı: “Orda
kim var?”
Dilimi udub sakit dayandım. Düz bir saat bircə əzələmi də tərpətmədim, onun da uzandığını eşitmədim. O, hələ də çarpayıda oturub, eynən mənim də gecələr boyu etdiyim kimi, dörd divarın məzar sükutunu dinləyirdi...
Bir az sonra yüngülvari inilti eşitdim, bilirdim ki, bu,
ölümcül dəhşətin iniltisidi. Ağrının, ya
da dərdin deyil, - ah, yox! - bu,
dəhşətin əsir aldığı ruhun
dibindən gələn boğuq səs idi. O səsi yaxşı tanıyıram. Gecələr
boyu, düz gecə
yarısı, bütün dünya
yatarkən bağrımdan qopub gəlirdi,
dəhşətli əks-sədasıyla dayanmadan
dərinləşərkən, qorxu bütün mənliyimi sarırdı. Dedim axı, bu səsi
yaxşı tanıyıram. Qəlbimin dərinliyində ona istehza ilə gülsəm
də, qocanın nə hiss etdiyini başa düşür və ona
yazığım gəlirdi. Birinci
tıqqıltını eşidib yataqda çevriləndən bəri gözü açıq
yatdığını bilirdim. Ta o vaxtdan
bəri qorxuları onun qanına işləməyə
başlamışdı. Səbəbsiz olduğunu
fikirləşməyə çalışır, ama bacarmırdı. Öz-özünə
danışırdı: “Bacadakı küləkdən başqa heç nə deyil – yəqin siçandı, döşəmədə
qaçır”, ya da “Bu sadəcə, balaca
böcək civiltisidi”. Bəli, bu fərziyyələrlə özünü
sakitləşdirməyə çalışırdı, amma hamısı boş-boş
şeylərdi. HAMISI BOŞDU, çünki
qara kölgəsiylə yavaş-yavaş
ona yaxınlaşan ölüm
qurbanını toruna salmışdı. Tam olaraq dərk edə
bilmədiyi kölgənin onu kədərləndirən
təsiri - görülməsə, eşidilməsə də
- otaqdakı varlığımı hiss
etməsiydi.
Onun
uzandığını eşitmədən, böyük səbirlə
gözlədikdən sonra, fənərdə balaca, bapbalaca bir
yarıq açmaq qərarına gəldim. Açdım, - təsəvvür
etməzsiniz, necə sakit, oğrun-oğrun, - o yarıqdan
bayıra çıxan hörümçək sapı kimi
nazik, tutqun şüa leşyeyən qartal gözünün
üstünə düşənə qədər...
Açıqdı,
geniş-geniş açılmışdı, baxdıqca qəzəblənirdim.
Onu incəliyinəcən görə
bilirdim – donuq mavi və üzərində məni
sümüklərimə qədər ürpərdən çox iyrənc bir örtük; ama qocanın
üzünü, ya da bədəninin başqa
heç bir yerini görə bilmirdim. Sanki instinktiv olaraq işığı dübbədüz o lənətə gəlmiş nöqtəyə
yönəltmişdim.
Dəlilik mövzusunda yanılmalarınızın hisslərin həddindən artıq kəskinliyi olduğunu deməmişdimmi sizə? İndi, deyirəm ki, eynən pambığa bürünmüş saatın səsi kimi zəif, boğuq və cəld səslər gəldi qulağıma. Bu səs də mənə yaxşı tanışıydı. Qocanın ürək döyüntüləriydi. Eynən çalınan təbilin əsgərləri cəsarətləndirdiyi kimi, bu səs məni daha da qəzəbləndirirdi.
Yenə
də özümü saxlayıb, tərpənmədim. Güclə
nəfəs alırdım. Fənəri tərpənməz tutdum. İşığı gözün
üstündə saxlamağa
çalışırdım. Bir yandan da, bərbad ürək
döyüntüləri artırdı. Daha
tezləşir və yüksəlirdi. Qocanın qorxusu dəhşətli olmalıydı.
Yüksəlirdi, dediyim kimi,
daha da yüksəlirdi!
Əsəbi olduğumu demişdim:
bəli, eləyəm. Və indi, gecənin
ölü saatında, bu
köhnə evin dəhşətli
sakitliyində elə bir səsin məndə
nəzarət olunmaz dəhşət istəyi
oyandırması çox qəribəydi.
Yenə də bir neçə dəqiqə
ərzində özümü ələ
alıb hərəkət eləmədim. Ama
döyüntülər yüksəlir, durmadan
yüksəlirdi! Ürəyimin bu dəqiqə
partlayacağını düşündüm.
İndi də içimi
başqa bir
narahatlıq bürüdü - səsi qonşulardan biri eşidə
bilərdi! Qocanın vaxtı gəlmişdi! Qulaqbatıran səslə
fənərin üstünü
açdım və otağa tullandım.
O, bir dəfə bağırdı - sadəcə,
bir dəfə. Onu
dartıb dərhal döşəməyə endirdim
və ağır çarpayının üstünə itələdim.
Sonra, sevinclə gülümsədim, işin indiyə qədər yaxşı getmiş olmasına... Amma
daha bir neçə dəqiqə,
ürək boğuq səslə vurmağa davam etdi. Yenə də, bu, məni
narahat etmədi: divarın o
biri tərəfində eşidilməzdi. Onsuz, bir az
sonra o da
kəsildi. Qoca ölmüşdü.
Çarpayını qaldırıb cəsədə
baxdım. Bəli, daş kimi
cansızdı. Əlimi ürəyinin üstünə qoyub dəqiqələrlə çəkmədim.
Vurmurdu. Gözü daha məni narahat etməyəcəkdi.
Əgər,
hələ də dəli olduğumu fikirləşirsinizsə,
cinayəti gizlədərkən gördüyüm ehtiyat tədbirlərini
eşidəndən sonra elə fikirləşməyəcəksiniz.
Hava yavaş-yavaş
aydınlanır, mən tələsirdim, amma
səssiz. Əvvəl cəsədi parçaladım.
Başını, qollarını, ayaqlarını kəsdim.
Sonra,
otağın döşəməsindən üç taxta
sökdüm, kəsdiyim parçaları da
doğradıqlarımın
arasına yığdım. Taxtaları yerinə
yerləşdirdim, çox diqqət və
ağılla, elə ki, heç
bir göz - onunku belə - nə isə aşkar
edə bilməzdi. Ortada təmizlənəcək
bir şey
qalmamışdı - heç bir ləkə - qan, ya da başqa
bir şey. Bunun üçün həddindən
artıq ehtiyatlı davranmışdım.
Bütün
işləri bitirəndə saat dörd olmuşdu -
düzü, hava hələ də gecə yarısı kimi
qaranlıqdı. Zəngli saat çalanda, küçə
qapısının da döyüldüyünü
eşitdim. Heç bir narahatlıq keçirmədən
qapını açmağa düşdüm - nədən qorxacaqdım ki? Özlərini çox
nəzakətlə polis məmuru kimi təqdim edən üç
adam içəri daxil
oldu. Gecə yarı qonşulardan
biri bağırtı eşidib;
kiminsə öldürüldüyündən şübhələnib
polisə məlumat verib, onlar
da mənzili axtarmaq üçün göndərilmişdilər.
Gülümsədim - niyə qorxmalıyam ki? Polisləri içəri dəvət etdim. Bağırtını, qorxulu yuxu gördüyümə görə mənim çıxardığımı, qocanın isə kənddə olmadığını dedim. Ziyartəçilərimə bütün evi gəzdirdim. Evi axtarmalarını - yaxşıca axtarmalarını təklif etdim. Axırda da onları qocanın otağına apardım. Əşyalarının yerli yerində olduğunu göstərdim. Özümə elə güvənirdim ki, otağa stul gətirib çox yorulduqlarını və onlara dincəlmələrini istədiyimi söylədim, mən də öz stulumu, qələbəmin verdiyi cəsarətlə cəsədin olduğu yerin düz üzərinə qoydum.
Polislər kifayətlənmişdi. Mənim davranışım onları inandırmışdı. Mənsə olduqca rahat idim. Onlar oturdular, mən suallarına sevinclə cavab verərkən onlar da ordan-burdan danışırdılar. Amma çox keçmədi ki, özümü yorğun hiss etməyə başladım, getsələr yaxşı olacaqdı. Başım ağrımağa, qulaqlarıma səslər gəlməyə başladı: onlar hələ də oturub söhbətə davam edirdilər. Səslər qulaqlarıma daha da qüvvətlə gəlməyə başladı: - davam edir və dayanmadan artırdı: bu hissdən qurtulmaq üçün daha çox danışmağa başladım. Amma o artır, daha çox hiss edilirdi - ta ki, səsin əslində qulaqlarımdan gəldiyini anlayana qədər.
Şübhəsiz,
o vaxt mənim rəngim ağardı; - yenə də
güclü səsimlə dayanmadan danışmağa davam
etdim. Səs yüksəlirdi - nə edə bilərdim?
Qısıq, anlaşılmayan, qarma-qarışıq səsdi
- eynən pambığa bürünmüş
saatınkı kimi. Nəfəsim kəsildi
- yenə də polislər bir şey eşitmirdi. Daha sürətlə danışmağa
başladım - daha hərarətli; ama o səs inadla yüksəlirdi. Ayağa
qalxdım, mənasız şeylər haqqında şişirdə-şişirdə
danışdım; səs hələ də yüksəlirdi.
Niyə getmirlər? Adamların dedikləri məni qəzəbləndirirmiş
kimi ağır addımlarla döşəmədə
o tərəf bu tərəfə
var-gəl etdim - səs yüksəlməyindəydi.
Aman Tanrım, daha neyləyə
bilərdim? Hirsimdən partlayırdım –
qışqırıb-bağırdım, söyüş
söydüm. Oturduğum
stulu döşəməyə sürtdüm, ama o səs hamısının səsini
batırır və dayanmadan yüksəlirdi.
Yüksəlir, yüksəlir, yüksəlirdi! Adamlar hələ də şirin-şirin
söhbətləşir, gülümsəyirdilər.
Eşitməmələri mümkün idi mi? Böyük
Tanrım! Yox, yox,
eşitdilər, şübhələndilər! Bilirlər! Qorxumu lağa qoyurlar! – belə fikirləşirdim, hələ
də elə fikirləşirəm. Heç
nə o əzabdan daha
dəhşətli ola bilməzdi! Heç nə belə lağa
qoymalardan daha
dözülməz ola bilməzdi! Bu ikiüzlü təbəssümlərə
artıq dözə bilməzdim! Hiss etdim ki, ya
çığırmalıyam, ya da ölməli! Və indi
- indi yenidən! Qulaq
asın! Yüksəlir! Yüksəlir! Yüksəlir!
YÜKSƏLİR!
“Yaramazlar!”
deyə dəhşətlə bağırdım, “Bəsdir, məni
lağa qoydunuz. Günahımı etiraf
edirəm! - Döşəmələri qaldırın! Burada! Burada! - Bu onun lənətə gəlmiş
ürəyinin döyüntüsüdür!
Redaksiyadan: “Ağzıyırtıq ürək” (The Tell-Tale Heart) ilk dəfə 1843-cü ilin Aprelində Ceyms Rasl Louelin (James Russel Lowell) “Pioner” dərgisində çap olunub.
İngilis dilindən tərcümə
etdi: Nilufər Nil Muğantürk
Qaynar.info
Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S..23.