Özünüifadənin təsdiqi, yaxud imzanın izi

 

Ötən əsrin 70-80-ci illərində bizim jurnalistika fakültəsində təhsil alan bütün tələbələrin hamısı sanki eyni kursda oxuyurdu. Bir də görürdün ki, I kursa yenicə qəbul olunmuş İlqar Həsənov 2-ci, 3-cü, 4-cü, hətta 5-ci kursun tələbələri ilə elə danışıb-gülür, elə mübahisə edir ki, elə bil yüz ilin tanışlarıdır. Müxtəlif kurslarda oxuyan tələbələr arasındakı fərq, xüsusi ilə tənəffüslər zamanı hiss olunmurdu. Auditoriyalardan geniş və işıqlı dəhlizə atılan tələbələr bir andaca öz düşüncə və maraq dairələrinə uyğun qruplar formalaşdırır və müzakirələrə, mübahisələrə, diskussiyalara başlayırdılar. Ağız deyəni qulaq eşitmirdi. Mövzudan korluq çəkmirdik: kimi həvəslə, ehtirasla bəlkə də, dərsdə son nöqtəsini qoyduğu şeirini oxuyur, kimi qəzetdə yenicə dərc olunmuş məqaləsindən danışır, kimi son günlərdə ədəbi mühitdə əks-səda doğuran hekayə, povest, yaxud roman haqqında fikirlərini bölüşür, kimi çayxanada, kinoda, yaxud baş çəkdiyi redaksiyada vaqe olan maraqlı əhvalatı nəql edir, kimi də məhəbbət, yaxud ona bənzər macəralarından söz açırdı. Düşünürəm ki, jurnalistika fakültəsinin tələbələri arasındakı isti ünsiyyətin, mehriban münasibətin formalaşması bir tərəfdən onların öz təbiətindən, xarakterindən, yaradıcılığa meyl-məhəbbətindən qaynaqlanırdısa, digər tərəfdən də fakültədəki mövcud mühit bu əlaqələrə zəmin yaradırdı.

Dəhlizin divar qəzeti vurulan qisminin daimi sakinləri də vardı. Onlardan biri, bəlkə də birincisi, səhv etmirəmsə, bizdən bir kurs yuxarı oxuyan «Gənc jurnalist» adlı divar qəzetinin redaktoru Məzahir Süleymanzadə səliqəli geyimi, sakit, təmkinli davranışı, səbirli, məntiqli nitqi ilə diqqəti çəkirdi. M.Süleymanzadə nəinki fakültənin, bütün Universitetin ictimai həyatında fəallıq göstərir, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edirdi. Bir sözlə, Məzahir Süleymanzadə hələ tələbə ikən istedadı və zəhməti sayəsində özünü həm fəal ictimaiyyətçi, təşkilatçı kimi tanıtmış, həm də imzasını təsdiq etmişdir.

Universiteti bitirdikdən sonra da o, tez-tez diqqət mərkəzinə düşürdü: müxtəlif janr və mövzularda qələmə aldığı dərin məzmunlu, maraqlı, cəsarətli yazılarla, prinsipial, qətiyyətli mövqeyi ilə seçilən M.Süleymanzadə də bu keyfiyyətlərin əlamətləri özünü erkən yaşlarından göstərməyə başlamışdı. Şamaxıda – Sultan Məcid Qənizadə adına 1 nömrəli orta məktəbdə oxuyanda gündəlik (!!) divar qəzetinə redaktorluq edir, radio qovşağı üçün verilişlər hazırlayır, rayon və respublika qəzetlərinə məqalələr yazır, rəssamlıqda, şairlikdə özünü sınayır, idmanla məşğul olurdu. Hələ şagird ikən respublikanın «Kommunist», «Sovet kəndi», «Azərbaycan gəncləri» kimi nüfuzlu mətbu orqanlarında yazıları dərc olunan M.Süleymanzadə haqqında onu tanıyanların təsəvvüründə yenilikçi, istedadlı, məhsuldar, parlaq jurnalist-naşir-redaktor obrazı yaranırdı. Öz üzərində yorulmadan, həvəslə, tükənməz enerji və fədakarlıqla çalışan yeniyetmə bu obrazın ştrixlərini formalaşdırırdı… Onun tərcümeyi-halını qəzetdən, yazı-pozudan, qələmdən ayrı nəinki yazmaq, heç təsəvvür etmək belə çətindir. Orta məktəbdə, hərbi xidmətdə, ali məktəbdə, ona qədər və ondan sonrakı əmək fəaliyyətində Məzahir Süleymanzadə qələminə vəfalı, imzasına sədaqətli olmuşdur. İstedadlı jurnalistin məhsuldar və coşqun fəaliyyəti ölkəmizin tanınmış ziyalıları, şair, yazıçıları, eləcə də həmkarları tərəfindən yüksək dəyərləndirilmişdir. Yazıçı, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadə onu «istedadlı, bacarıqlı, başqa tələbələrdən fərqlənən» kimi xarakterizə etmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə Məzahir Süleymanzadənin naşiri və redaktoru olduğu qəzet barədə bunları söyləmişdi: «Mən «Səhər» qəzetinin ölüsüyəm. Bu balaca qəzet mənim həyatıma elə daxil olub ki, onsuz darıxıram. Mənim hər səhərim sözün həqiqi mənasında «Səhər»lə açılır. O, mənim başdan-ayağadək oxuduğum yeganə qəzetdir». Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, görkəmli şair Fikrət Sadıq M.Süleymanzadənin imzasını o, hələ şagirdkən tanıdığını qeyd edir və onu «yaradıcı, duyğulu adam» adlandırır. Xalq şairi Nəbi Xəzri M.Süleymanzadəyə ünvanladığı məktubda onda «poetik duyğuların və yeni fikir söyləmək bacarığının» olduğunu xüsusi vurğulayır. Tanınmış yazıçı-publisist Məzahir Süleymanzadənin tələbə yoldaşı, müasir jurnalistikamızın istedadlı və cəfakeş xanımlarından biri Flora Xəlilzadə isə Əməkdar mədəniyyət işçisi, bədən tərbiyəsi və idman xadimi olan həmkarını «sözlə tikilən sənət mülkünün ən halal sahiblərindən biri» adlandırır və dərhal da epitetini şərh edir: «Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib. İllər saçlarına bəyazlıq, ömrünə yaş gətirsə də, həmişə qələminə etibarlı çıxıb. Çalışıb ki, sözünün ağası olsun. Bu səbəbdən də dilimizin şirinliyindən, zənginliyindən, zərrə-zərrə toplayaraq kəlmə-kəlmə hördüyü söz mülkü bu məhəbbətin və qayğının müqabilində onu peşman etməyib. Şöhrətə, şana çatdırıb, ünvanına təbriklər, minnətdarlıqlar, təltiflər, mükafatlar, fəxri adlar… gətirib. Adı çəkiləndə fərəhlənmişik, uğuruna sevinmişik, hər dəfə ürəyimizdən xəbər verən yazılarını oxuyanda «Əhsən, Məzahir» söyləmişik».

Məzahir Süleymanzadənin mətbuat tarixində iz qoymuş əməllərinin hər biri bir kitablıqdır. Yenidənqurma və aşkarlıq dövründə – XX əsrin 80-ci illərinin ikinci yarısında mərkəzi – Moskva mətbuatında, xüsusi ilə «Literaturnaya qazeta»da dərc olunan kəskin süjetli, problematik məqalələrin bənzəri respublikada Məzahir Süleymanzadənin qələmindən çıxırdı. 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya təcavüzü zamanı törədilən cinayətin, vəhşiliyin isti-isti və bütün təfərrüatı ilə tarixə həkk olunması M.Süleymanzadənin payına düşdü. Sovet hərbi senzurasının mövcud olduğu dönəmdə bu addımın atılması, rejimin və ideologiyanın açıq-aydın ifşa olunması Azərbaycan mətbuat tarixində yeni mərhələnin başlandığından xəbər verirdi. Bir-iki cümlə ilə qeyd olunan bu əməllərin arxasında istedadlı, qətiyyətli, prinsipial, sarsılmaz, səmimi, əqidə və məsləyinə sədaqətli jurnalistin gecə-gündüz bilmədən, «yoruldum, usandım» demədən, problemlərin çoxluğundan, ağırlığından sınmadan, şikayətlənmədən işləməsi, fədakar, ağrılı-acılı axtarışları, çətin, gərgin, lakin şərəfli əməyi durur. Bütün bunlar mətbuatda «Məzahir Süleymanzadə» imzasını izləyənlərə yaxşı məlumdur. Bu gün də Məzahir Süleymanzadənin ömür və yaradıcılıq yolunun böyük hissəsi ilə tanışlıq mümkündür. «İzim qalmasa da, sözüm qalacaq» (Bakı, «Nurlan», 2009, 560 səh.), «Ocaq başında» (Bakı, «Nurlan», 2009, 221 səh.), «Jurnalist ömrünün naxışları» (Bakı, «Nurlan», 2010, 240 səh.) adlı nəfis tərtibatlı kitabları M.Süleymanzadənin ömür yoluna işıq salır, onun yaradıcılığı haqqında geniş təəssürat yaradır…

Mübaliğəsiz deyirəm ki, bir sıra ərəb və fars kəlmələri mətbuatımızın sayəsində dilimizdə əbədiyaşarlıq statusu qazanmışdır. Əgər XX əsrin əvvəllərində eyni adlı qəzetlər olmasaydı, heç şübhəsiz ki, kəşkül (qab, çanta), irşad (doğru yol göstərmə), dəbistan (ibtidai məktəb), füyuzat (fayda, xeyir-cəmdə), məzhər (təzahüretmə, yetişmə), zənbur (arı), iqbal (bəxt, tale, irəli çıxma), bəsirət (gözüaçıqlılıq, diqqətlilik), ittihad (birləşmə, birlik) və sair kimi sözlər klassik ədəbiyyatımızda olan yüzlərlə digər sözlər kimi çoxdan arxaikləşmişdir.

Yeri gəlmişkən, «Məzahir» sözü də ərəb kəlməsi olan «məzhər»in cəmidir – yəni hansısa keyfiyyətlərin yetişdiyi, aşkar olduğu, üzə çıxdığı, təzahür etdiyi yerlər. Dediklərimin mistik təfəkkürün məhsulu kimi qəbul olunması tərəfdarı deyiləm. Lakin qələmin, fırçanın, gücün təzahür etdiyi Məzahirə – düz 62 il əvvəl – dekabrın 22-də dünyaya göz açan körpəyə bu adı qoyanlar qətiyyən yanılmamışlar.

 

Abid Tahirli

Kaspi. - 2013.- 4 dekabr.- S.10.