“Tamaşaçılarımı razı salmaq üçün var gücümlə çalışıram”
Bəyimxanım Vəliyeva: “Dekabrın 18-də bütün sevənlərimi Heydər Əliyev Sarayında görmək istəyirəm”
3 yaşından musiqiyə
böyük marağı
olan,
Azərbaycan Dövlət Televiziyasında
“Bənövşə” və “Nargilə” mahnıları
ilə
böyük səhnəyə qədəm qoyan, I Muğam televiziya müsabiqəsinin qalibi Bəyimxanım Vəliyeva
uzun müddətdən
sonra solo-konsert proqramı ilə tamaşaçıları qarşısında çıxış etməyə hazırlaşır.
Belə ki, sənətçinin konserti dekabrın 18-də
Heydər Əliyev Sarayında baş tutacaq.
Gənc ifaçı konsertinə
ona daha çox uğur gətirən “Yollara yağış yağır”
mahnısının adını
qoyub. Konsertə hazırlaşan ifaçı
paytaxtımızda verəcəyi
ilk konserti barədə
təəssüratlarını “Kaspi”yə bölüşdü.
İfaçı əmindir ki,
konsertə gələn
tamaşaçılar onun
sərgilədiyi performansdan
razı qalaraq salonu tərk edəcəklər.
Əlimdən bu gəlirdi
- Konsertin hazırlıqları necə
gedir?
- Hazırda konsertdə ifa edəcəyim mahnılar üzərində işləyirik. Allahın izni ilə dekabrın 18-i Heydər Əliyev Sarayında məni sevənlərlə konsert proqramı ilə görüşüm olacaq. Çalışıram ki, konsertdə rəngarəng mahnılar ifa edim ki, hər kəsin könlünü oxşaya bilim. İndi repertuarımdan sevilən mahnılarım üzərində çalışıram. Konsertdə muğam və xalq mahnıları ilə bərabər, sevilən bəstəkar mahnılarımı da ifa edəcəyəm. Düşünürəm ki, bu konsert məni sevən tamaşaçılar üçün maraqlı olacaq. Tamaşaçılarıma xoş anlar yaşatmaq üçün mən də öz növbəmdə var gücümlə çalışıram.
- Bildiyimiz
qədər, biletlərinin qiyməti 10-60 manat
arasındadır. Qiymətlərin bu qədər
ucuz olmasına səbəb nədir?
Axı belə konsertlərin qiyməti 100 manatdan
başlayır...
- Bəli. Biletlərin qiymətinin 10-60 manat arasında olmasına özümüz qərar vermişik. İstəyirəm ki, ürəyi istəyən insanların hamısı konsertimdə iştirak edə bilsin. Bunun üçün hər kəsin imkanı çata biləcək məbləğ müəyyənləşdirmişik. Elə insan var ki, konsertə gəlmək istəyir, ancaq bileti almağa imkanı, gücü çatmır. Bir ifaçı olaraq işin bu tərəfini də düşündüm. İstədim elə olsun ki, ürəyi istəyən hər kəs o konsertdə iştirak etsin. Mənim də əlimdən bu gəlirdi.
-
Maraqlıdır, konsertə sənət dostlarınızdan
kimləri dəvət edəcəksiniz?
- Dəvətnamələri yeni almışam. Nəzərinizə çatdırım ki, Heydər Əliyev Sarayı tərəfindən mənə verilən dəvətnamələr çox az saydadır. Çalışacam ki, ilk növbədə ustadlarım o konsertdə iştirak etsin. Təbii ki, başda xalq artisti Ağaxan Abdullayev olmaqla, müəllimlərimin hamısını dəvət edəcəm. Biletlərin sayından asılı olaraq sənət yoldaşlarımı da çağıracağımı düşünürəm. Bu barədə hələ bir qərar verməmişəm. Bacardığım qədər çalışacam ki, heç kim məndən incik getməsin. Bu məsələyə xüsusi diqqət yetirəcəm.
İlk təklif onlardan
gəlib
- Bu,
sizin vətənimizdə verdiyiniz
ilk konsertinizdir. 3
yaşından səhnədə olan bir ifaçı üçün
ilk konserti indi vermək bir az gecikmiş deyilmi?
- Mənim ilk solo konsertim İsraildə olub. Orada “Qafqaz və Ivrit dağları arasında” adlı Beynəlxalq Musiqi Festivalında da çıxış etmişəm.
İsrail musiqiçilərinin müşayiəti ilə
iki saatlıq solo konsert verdim. Bundan əlavə, Türkiyədə
də konsert proqramı ilə çıxış etmişəm.
Bu, mənim vətənimdə
ilk konsertim olacaq.
Bunun üçün
ciddi-cəhdlə çalışıram
və işimin məsuliyyətini hiss edirəm.
Burada konsert verməyimə gəlincə isə, konsert proqramı ilə çıxış
etmək təklifi mənə ilk olaraq Heydər Əliyev Sarayından gəlib.
Onlar söylədilər ki, sizin ifanızda konsert proqramı təşkil etmək istəyirlər. Biz də razılaşdıq.
- Konsertdə neçə mahnı ilə çıxış
edəcəksiniz?
- İfa edəcəyim
mahnıların sayı
çoxdur. Onların hamısının adını dəqiq deyə bilmərəm.
Hazırda “Bayatı Şiraz”
dəsgahının üzərində
çalışıram. Qalan mahnıların adlarını
tam dəqiqləşdirməmişik.
Təxminən deyə bilərəm
ki, konsertdə 15-20 mahnı ifa edəcəm.
- Konsert neçə saat davam edəcək?
- Konsertin 2 saat ərzində gerçəkləşəcəyini
nəzərdə tutmuşuq.
- Hansısa muğam ifaçısı
ilə duet gözlənilirmi?
- Bəli. Tanınmış və sənətinə
hörmət etdiyim bir ifaçı ilə duetim olacaq. Ancaq onun adını
açıqlamaq istəmirəm.
Müraciət etdiyim mahnını
da söyləməyəcəm.
Bunu konsertə gələn tamaşaçılara sürpriz
edəcəyik. Onu da qeyd edim ki,
konsertdə yeni mahnılarım da olacaq.
- Bəyimxanım,
“Ağ ölüm” layihəsini yekunlaşdıra
bildinizmi?
- O layihəni hələ tam yekunlaşdırmamışıq. Araya bu konsert düşdü
deyə, layihəni bir az gözlətməli olduq. Konsertdən sonra “Uçurum” adlı mahnıya klip çəkmək istəyirik. Mahnının sözləri Sona Vəliyevaya, musiqisi Novruz Aslana məxsusdur.
Konsertdən sonra da yeniliklərimlə tamaşaçılarımı
sevindirməyə çalışacam.
Qeyd edək ki, Bəyimxanım Vəliyeva
ilk dəfə Azərbaycan Dövlət Televiziyasında
böyük səhnəyə qədəm qoyub. O, hansı
müsabiqədə iştirak edibsə, hər zaman qələbə
qazanıb. B.Vəliyeva “Ananın səsi”, “Yeddi on yeddi”,
“Pöhrə-97”, “İstedadlar axtarırıq”, “Kainat” kimi
müsabiqələrin də qalibidir. 2002-ci ildə respublika
muğam müsabiqəsinin “Qran-pri” mükafatını
qazandıqdan sonra xalqın sevimlisinə çevrilib.
Xəyalə Rəis
Kaspi.- 2013.- 5 dekabr.- S. 13.